26 Avqust 2012 12:08
510
Oxucu məktubları
A- A+

Qədim qala Naxçıvanın mübarizə simvoludur

 

Tarixin dolaylarından məğrurluqla çıxıb bu günümüzə qədər yaşayan qalalar, müdafiə məqsədli istehkamlar bu gün də bütün əzəməti ilə mübarizə simvolu kimi ucalmaqdadır. Naxçıvan şəhərinin cənub-şərqində salınmış, el arasında "Köhnəqala", "Torpaqqala" adları ilə məşhur olan Qədim qala da belə abidələrdən biridir.

Onun dəqiq yaşı bəlli olmasa da, 1957-1959-cu illərdə burada aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılan saxsı qab fraqmentləri, daş gürzülər qala ərazisində hələ tunc dövründə (e.ə III-II minilliklər) yaşayış olduğunu ehtimal etməyə imkan verir. Həm də onun  elmi mənbələrdə Yəzdəgird qalası kimi tanınması qalanın III Sasani hökmdarı Yəzdəgirdlə bağlı olması ehtimalını artırır. Məşhur türk səyyahı Övliya Çələbi qeydlərində qalanı monqolların dağıtdığını bildirir. XIII əsrə aid "Əcaib əd-dünya" ("Dünyanın qəribəlikləri") adlı əsərdə Naxçıvan şəhəri və onun yaxınlığındakı qalada çoxlu saray, köşk və eyvanın olduğu bildirilir: "Qalada mədrəsə və məscid vardır... Bütün binalar gəcdən və bişmiş kərpicdən inşa edilmişdir". Şübhəsiz ki, burada söhbət Qədim qaladan gedir. Tarixi mənbələrdə istehkamın XVIII əsrədək istifadə olunduğu göstərilir. Naxçıvan şəhərinin 1827-ci ildə hazırlanmış baş planında qalanın Kiçikqala (Bəzi yerlərdə Narınqala kimi də qeyd olunur) və Böyükqala adlanan iki hissədən ibarət olduğu aydın olur. "Naxçıvan Abidələri Ensiklopediyası"nda Kiçikqalanın yaşayış, Böyükqalanın isə müdafiə qalası kimi istifadə edildiyi bildirilir. Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalsa da, orta əsrlərdə bərpa edildiyi məlumdur. Bu qala yerləşdiyi yüksəkliyin relyefinə uyğun, şimal-şərq və şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziqzaqvari formada inşa edilmişdir. Onun salamat qalan divarlarının eni 1 metrdən çox, hündürlüyü isə əksər yerlərdə 5 metrə çatır. Qədim  qalanın ikinci hissəsi Narınqala isə əsasən, 10 metr diametri olan dairəvi qüllələrin birləşməsindən ibarət olmuşdur. Qalanın qərb divarları salamat qalsa da,  Şimal-şərq səmtindəki yuxarıya doğru getdikcə nazilən dairəvi qüllələr qismən zədələnmişdir. Narınqaladan cənub-qərbdə 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq tipli mağara var. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol çox güman ki, Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın, üçüncüsü isə mağaranın içərisindədir.

Böyükqala və Narınqala arasındakı dar dəhliz mühasirə zamanı "tələ" kimi istifadə olunurmuş. Düşmən buraya buraxılır, sonra isə mühasirəyə alınaraq asanlıqla məhv edilirmiş. Alınmaz qala kimi məşhurlaşan Qədim qala Naxçıvan regionundakı qalaların ən böyüyüdür. Ümumi ərazisi təqribən 12 min kvadratmetr sahəni əhatə edir. Rəvayətə görə, Nuh peyğəmbərin məzarı da bu qalanın yaxınlığında yerləşirmiş.

Qədim qalada iki ildir ki, bərpa işləri aparılır. Özümüzü dərk etmək üçün  tarixi abidələrimizin bərpası vacibdir. Keçmişini aydın görənlərin gələcəyə gedən yolu asan olur.

 

Əzəmət HƏSƏNOV,

Naxçıvan şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video