09 Oktyabr 2011 11:10
446
İQTİSADİYYAT
A- A+

Qədim Lənkəranın yeni növrağı

 

Müstəqilliyimizin ilk illəri digər rayonlar kimi, Lənkəran üçün də çətin olmuşdur. Uzun illərdən bəri böyük zəhmət və vəsaitlə tikilən, qurulan nə vardısa, hamısı məhv edilmişdi. Təsərrüfatlar, infrastruktur bərbad hala düşmüşdü. Gün ərzində cəmi 3-4 saat elektrik enerjisi verilirdi. Hətta tez-tez baş verən qəzalar zamanı bəzən günlərlə işıq olmurdu. Təbii qazdansa söhbət belə, gedə bilməzdi.

Bu gün isə Lənkəran başqa bir aləmdir. Keçən 20 il ərzində şəhər sürətlə inkişaf etmiş, abadlaşmışdır. Görülən işləri sadalamaqla qurtarmaq mümkünsüzdür. Bu cənub şəhərini gəzərkən hər addımda yeni tikililərlə qarşılaşırsan. Heydər Əliyev memorial parkı lənkəranlıların ən çox xoşladıqları istirahət yeridir. Parkda ulu öndərin əzəmətli tunc heykəli ucalır. Xalqımızın böyük oğlunun həyat və fəaliyyətini, habelə Lənkərana səfərlərini özündə cəmləşdirən, onları gənc nəslə çatdıran muzey də burada yerləşir. Fəvvarələr, güllər, çiçəklər , akasiya, dəmirağac parka gözəllik verir. Axşamlar bu məkan daha qələbəlik olur. Hər bir qayğıdan uzaq olan uşaqların gülüş səsləri ətrafa yayıldılqca valideynlər, baba və nənələr də sevinirlər. Ümumiyyətlə, Lənkəranda son illər istirahət guşələrinin, park və xiyabanların sayı xeyli çoxalıb. Hər biri də milli memarlıq üslubuna uyğun yaradılıb və biri o birini təkrarlamır. Onlardan biri də Qala xiyabanıdır. Müasirliklə yanaşı, keçmişi də özündə yaşadan xiyabanda addımladıqca adamın ürəyi açılır. Şəraitə uyğun tikilmiş, damı qırmızı kirəmidli yaşayış evləri də təmir-bərpa işlərindən sonra daha baxımlı, cazibədar görünür. 2004-cü ildə əsaslı şəkildə yenidən qurulan Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı, akademik Zərifə Əliyeva adına Uşaq Sağlamlıq Mərkəzi, ticarət, mədəni-məişət obyektləri də şəhərə yaraşıq verir. 2006-cı ildə istifadəyə verilmiş Sahil parkı isə adından bəlli olduğu kimi, dəniz sahilində yerləşir. Burada Xəzərdən əsən xəfif meh yayın istisində ürəyə məlhəm kimi yapışır. Parkın çayxanasında dəmlənən Lənkəran çayının da başqa tamı var.

Amma Lənkərana gələnlər ilk növbədə şəhərin girişində inşa olunmuş xalq sənətkarlığı mərkəzi ilə rastlaşırlar. Mərkəz qədim insan məskəni olan bu yerin koloritini, adət-ənənəsini özündə əks etdirir. Samovar yanındakı armudu stəkan, təndir ətrafına yığılan çırpı isə bu yerlərin qonağı qarşılamağa hazır olduğunun simvoludur. Sənətkarlıq şəhərciyindəki kiçik evlərdə qədim zamanlardan istifadə olunan əmək alətləri, xalça, palaz, həsir və s. nümunələr nümayiş etdirilir.

Tarixin müəyyən dövrlərində Vətənimizin, torpaqlarımızın azad edilməsi, dövlətçiliyimizin müdafiəsi uğrunda qurban gedənlərin xatirəsi Lənkəranda həmişə əziz tutulur. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun möhtəşəm abidəsi, buradakı xatirə parkı, qəhrəmanın ev muzeyi, soyqırımı qurbanlarının, Qarabağ müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış xatirə kompleksləri də yenidən qurulmuşdur.

Hər bir qala, tikili nəsildən-nəslə keçən yadigardır. Gənc nəslin öz el-obasının tarixini öyrənməsində onların müstəsna əhəmiyyəti var. Buna görə də rayon ərazisindəki abidələr qayğı ilə hifz olunur. Bu baxımdan Zindan qalasının əsaslı şəkildə təmir olunması, italiyalı memar tərəfindən tikilmiş, hazırda tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Lənkəran xanının sarayının çox həssaslıqla qorunması təsadüfi deyil.

Qədimlik öz yerində, lakin bu gün Lənkəranı gəzərkən hər küçədə, döngədə, məhəllədə yeniliklərlə qarşılaşırsan. Regional müalicə diaqnostika mərkəzi 2006-cı ildə açılmışdır. Bölgənin əhalisi müxtəlif xəstəliklərlə bağlı əvvəllər Bakıya və digər yerlərə gedirdilərsə, indi bu mərkəzə müraciət edirlər. Müasir standartlara cavab verən müalicə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Regionlar içində açıq ürək əməliyyatı ilk dəfə burada aparılıb. Lənkəran Müalicə Diaqnostika və uşaq poliklinikasından əlavə, ötən illər rayonda 23 həkim və tibb məntəqəsi istifadəyə verilmiş, köhnələr təmir edilmiş, müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur.

Lənkəranın sənaye potensialı getdikcə genişlənir. Son illər burada tikiş, süd, eləcə də meyvə-tərəvəz emalı zavodları, çay emalı fabriki və digər müəssisələr istifadəyə verilmişdir. Həmin müəssisələrin bəzisində istehsal olunan məhsullar artıq bir neçə ildir dünya bazarına çıxarılır.

Hər yerdə olduğu kimi, Lənkəranda da təhsil və mədəniyyət ocaqlarının tikintisi, onların təmiri diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda 23 məktəb binası inşa edilib. Lənkəran Uşaq Evi isə əsaslı təmir edilərək lazımi inventarlarla təchiz olunub. Osman Mirzəyev adına Qarışıq tipli internat məktəb də yenidən qurulmuşdur.

Mədəniyyət sahəsinə gəldikdə isə qeyd edək ki, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Teatrı keçən il qardaş Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq teatr festivalında iştirak etmiş, Naxçıvanda qastrol səfərində olmuşdur. Teatr həmçinin Fransa, İspaniya, Gürcüstan, Ukrayna və Rusiya Federasiyasının teatr xadimləri ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Uşaq musiqi məktəblərinin bədii özfəaliyyət kollektivləri isə Bakıda baxış müsabiqələri və dövlət tədbirlərində, muğam müsabiqələrində uğurla iştirak etmişlər.

Məlum olduğu kimi, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı təsdiq olunmuşdur. Həmin proqrama əsasən, 2011-ci il üçün Lənkəran şəhəri "Azərbaycanın folklor paytaxtı" elan edilmişdir. Bununla əlaqədar Lənkəranda nominasiyalara uyğun təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, "dəyirmi masa", konsert, müsabiqə, festival, sərgi və s. tədbirlər keçirilir. Bu tədbirlərdən "Tarixin canlı şahidləri", "Bayatı axşamları", "Nənələr və nəvələr", Lənkəran mətbəxi festivalı və digərlərini göstərmək olar.

Maraqlı və səmərəli tədbirlər "Turizm ili" ilə əlaqədar da keçirilir. Yaradılmış turizm informasiya mərkəzinin köməyi ilə sahənin inkişafına nail olmaq üçün investorlar, donor təşkilatlar, yerli və beynəlxalq turizm təşkilatları ilə əlaqələr yaradılır. Yeri gəlmişkən qeyd edək ki, Lənkəranda 11 turizm obyekti fəaliyyət göstərir. Onların demək olar ki, hamısı lisenziya almışdır. Keçən il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə xüsusi hazırlıq kursları keçirilmiş və onlara sertifikatlar verilmişdir.

Bunlardan savayı, Nazirlər Kabinetinin qərarı ilə Lənkəranda 87 tarix və mədəniyyət abidəsi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür. Həmin abidələrin turizm üçün istifadəsi məqsədilə marşrut xəritəsi hazırlanmışdır. Eyni zamanda, tarix və mədəniyyət abidələrinin yenidən siyahıya alınması ilə bağlı Lənkəran rayon ərazisindəki abidələrin adları, tarixləri, ünvanları və koordinatları dəqiqləşdirilmiş, onlar haqqında məlumatlar toplanılaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmuşdur.

Rayonda ekoturizmin inkişafı istiqamətində də müəyyən işlər görülür. Yaxın vaxtlarda kəndlərdə müvafiq şəraitə malik olan evlərin aşkarlanması və sahiblərinin razılığı əsasında tələb olunan şəraiti, habelə xidməti reallaşdırdıqdan sonra turistlərin qəbulu gerçəkləşəcəkdir. Ümumiyyətlə, Lənkəranda aeroport, dəniz limanı, dəmir yol vağzalı və avtovağzalın olması, Hirkan Milli Parkının, Qızılağac qoruğunun gözəl təbii şəraiti və mənzərəsi burada turizmin inkişafı üçün münbit şəraitin olduğunu göstərir. Həmçinin balıq və quş ovu ilə məşğul olmaq istəyən turistlər üçün razılaşdırılmış ərazilərdə ov mövsümünün təşkil edilməsi nəzərdə tutulur. Artıq Hirkan Milli Parkında xüsusi ekoturizm marşrutları əsasında gəzintilər təşkil olunur.

Turizmin inkişafına göstərilən diqqət və qayğı nəticəsində Lənkərana gələn turistlərin sayı ildən-ilə artır. 2010-cu ildə rayona gələn turistlərin sayı 8 min nəfərə çatmışdır ki, bu da 2006-cı ildəkindən 50 faiz çoxdur. Gələn turistlərin 35 faizi əcnəbilərdir. Yaxın günlərdə Lənkəranın turizm imkanlarını əks etdirən bələdçi kitabının, turizm marşrutu xəritəsinin və videoçarxın hazırlanması gözlənilir. Onu da bildirək ki, rayonun turizm potensialının təbliği ilə əlaqədar Azərbaycan, inglis və rus dillərində internet saytı fəaliyyət göstərir.

Ölkəmizdə ilk olimpiya idman kompleksi 2003-cü ildə Lənkəranda tikilib istifadəyə verilmişdir. Xəzərin kənarında, palıd meşəsi qoynunda yerləşən kompleksdə hər gün məşqlər, yarışlar keçirilir. "Xəzər-Lənkəran" futbol klubunun 15 min tamaşaçı tutan və örtülü tribunaları olan stadionu isə UEFA-nın standartlarına tam cavab verir. Burada uşaq futbolu bölməsi də fəaliyyət göstərir. Lənkəranda həmçinin ixtisaslaşdırılmış regional boks mərkəzi fəaliyyət göstərir. Zəruri avadanlıqlarla təchiz edilən mərkəzdə vaxtaşırı olaraq rayon, habelə bölgə üzrə boks yarışları keçirilir.

...Bax, beləcə inkişaf edir, yeniləşir, gündəlik həyat ritmi ilə yaşayır qədim Lənkəran.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video