28 Yanvar 2018 12:01
1112
Oxucu məktubları
A- A+

Qaz idarəsi işçiləri qanunlara məhəl qoymurlar

 

“Azərbaycan” qəzetinin daimi oxucusuyam. “Rəsmi dövlət qəzeti” statuslu bu mətbu orqanda yazılan hər kəlməni rəsmi dövlət mövqeyi kimi qəbul edirəm. Ölkədə gedən prosesləri, dövlət siyasətini, eləcə də qanunvericiliyi - qayda-qanunları qəzetiniz vasitəsilə öyrənirəm. Müşkülə düşəndə də qətiyyətlə “Azərbaycan” qəzetinə istinad edirəm. Təəssüf ki, bəzən qanunların tələbinə, mətbu orqanın sözünə məhəl qoymayanlar da tapılır. Belə təşkilatlardan bir “Azəriqaz”ın Lənkəran Regional Qaz İstismarı İdarəsidir. 

Qızım Yeganə Kərimova həyat yoldaşı və 3 uşağı ilə Lənkəran şəhəri, Nərimanabad-1 qəsəbəsində yaşayır. Ürək xəstəsi, II qrup əlildir. Ötən ilin yayında - iyunun 19-da onların yaşadıqları evin qazını xəbərdarlıq etmədən kəsib, küçədəki sayğacı çıxarıb aparıblar. Səhəri gün qızım idarəyə gedəndə ona deyiblər ki, sayğacın ekranı sındırılıb, cihaza müdaxilə var. Abonentin tələbi ilə sayğac ona göstərilib, əslində, ekran şüşəsinin çatladığı bəlli olub. Bu, qaz idarəsində çəkilmiş şəkildə də aydın görünür. Belə olan halda, çat üzərindən sayğaca necə müdaxilə etmək olar və ya bu, sayğacın işinə hansı dərəcədə mane ola bilər? Ən əsası: qanunla abonent çöldə - evindən kənarda, özü də qapısından xeyli aralıda quraşdırılmış sayğaca görə məsuliyyət daşımadığı halda, niyə qanunvericiliyin bu tələbinə məhəl qoyulmur? Kimsə (qəsdən və ya təsadüfən) evdən, həyətdən aralıdakı - küçədəki qaz sayğacına xələl gətirəcək və ya plombunu qıracaqsa, bunun əziyyətini abonentlər niyə çəkməlidirlər?
2015-ci ilin yanvarında “Azərbaycan” qəzetində analoji hadisə ilə bağlı Bərdədən olan bir vətəndaşın məktubu dərc edilmişdi. Müraciətə redaksiya şərh vermiş, hüquqşünas tərəfindən qanunların tələbi izah olunmuşdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7 və 4.8-ci bəndlərinə əsasən “Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır”.
Mən bu qanunu, eləcə də “Azərbaycan” qəzetində bununla bağlı dərc edilmiş hüquqi şərhi Lənkəran Regional Qaz İstismarı İdarəsinin əməkdaşlarına göstərib onlardan məsələyə ədalətli yanaşmalarını istəmişəm. Bununla bağlı idarəyə rəsmi müraciətlərim də olub. Təəssüf ki, hər dəfə qanuni tələbə məhəl qoymadan bizə məhkəmənin yolunu göstəriblər. Öz qanunsuz əməllərindən də əl çəkməyiblər: sayğaca görə məsuliyyəti abonentin üzərinə qoyublar, yenisinin quraşdırılması üçün haqq tələb ediblər. Axı, niyə vətəndaş günahsız olduğunu sübut etmək üçün məhkəməyə müraciət etməlidir? Əslində, əksinə - ittiham edən məhkəməyə müraciət edib qərarını əsaslandırmalı deyilmi?
Xəstə və uşaqlı ailənin qazsız yaşaması çətin olduğundan məcbur qalıb (tələb qanunsuz olsa da) yeni sayğacın pulunu ödəməyə razılıq vermişik. Lakin bundan sonra da yeni “sürpriz”lə qarşılaşmışıq - “itirilmiş qazın bərpası məqsədilə” abonentin hesabına 492 kub (98,40 manat) əlavə borc yazılıb. Maraqlıdır, nəyə əsasən? Əgər abonent real olaraq ayda orta hesabla 50-60 kub qaz işlədirsə, qısa müddət üçün bu boyda rəqəm haradan götürülüb? Şübhəsiz, qaz idarəsi işçilərinin buna da özünəməxsus cavabı vardır. Amma istənilən halda, əgər çöldəki sayğacın başına gələnlərə görə fiziki şəxslər məsuliyyət daşımırsa, abonentə qarşı belə “hesab-kitab” tətbiq olunması da qanunsuzdur.
Hörmətli redaksiya! Son istinad və ümid yeri olaraq sizə müraciət edirəm. Xahiş edirəm, bu haqsızlığa və qanunsuzluğa son verilməsi üçün maddi imkanları məhdud, sosial qayğıya ehtiyacı olan qızımın ailəsinə həyan durasınız.

 

Hafiz ƏLİYEV,
Lerik sakini

 

Redaksiyadan: Son zamanlar qaz idarələrinin fəaliyyəti ilə bağlı “Azərbaycan” qəzetinə edilən müraciətlər xeyli artıb: Bakı və əyalət sakinləri hər həftə (və ya ay) bir və ya bir neçə gün qazın tamamilə kəsilməsindən gileylənirlər. Ay ərzində ümumilikdə 3-5 gün qaz təchizatının dayandırılması halini elektrik enerjisindən istifadəyə məcbur edir. Beləcə, aylıq limit istər-istəməz aşılır, nəticədə vətəndaşlar əlavə maddi ziyana düşürlər. Bu hal bir ildən çoxdur ki, davam edir.
Bir sıra rayonlarda, məsələn, Ağsuda kəndbəkənd düşüb sərfiyyat olmayan evlərin sayğaclarını sökür, qazını bağlayıb gedirlər. Özü də heç bir xəbərdarlıq etmədən. Halbuki, hüquqi sənədlərdə, qayda və qanunlarda belə bir maddə, bənd, tələb yoxdur! Vətəndaşın hüququdur - özü bilər, nə zaman qaz işlədər, yaxud işlətməz! Yox, əgər bu “əməliyyat” sayğacların yoxlanılması üçün aparılırsa, onda müdaxilə qeydə alınmayan sayğaclar niyə eyni mütəşəkkilliklə qaytarılıb yerinə qoyulmur, vətəndaşların idarələrə müraciəti gözlənilir?
Yaşayış evlərindən, mənzillərdən kənarda quraşdırılmış sayğaclara görə fiziki şəxs olan abonentlər heç bir məsuliyyət daşımırlar - bu, qanunvericilikdə birmənalı olaraq təsbit olunub. Buna rəğmən, məsuliyyətin vətəndaşların boynuna qoyulması, onlara cərimə kəsilməsi halları adiləşib.
Texniki şərt almaq, sənədləşdirmə aparmaq, qayda-qanunla qaz çəkdirib sayğac quraşdırmaq da hər igidin hünəri deyil! Özü də fərq etməz, müraciət edən uşaq bağçasıdır, məktəbdir, ya adi vətəndaş...
Təəssüf ki, bu kimi neqativ hallar, qaz idarəsi işçilərinin yalnız onlara bəlli “qanun”lara istinad etmələri əhali arasında narazılıq yaradır, dövlət-vətəndaş münasibətlərinə kölgə salır. Buna isə heç bir vəchlə göz yummaq və yol vermək olmaz! Dövlət əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi, eyni zamanda, respublikanın bütün yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi üçün xüsusi proqramlar həyata keçirir.
Odur ki, təbii inhisarçı təşkilatlar, o cümlədən “Azəriqaz” qanunvericiliyə, dövlət siyasətinə və hökumət qərarlarına uyğun olmayan addımlardan çəkinməli, narazılıqların minimuma endirilməsi üçün təxirə salmadan bütün zəruri tədbirləri həyata keçirməlidirlər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video