09 Oktyabr 2021 00:38
589
Səhiyyə
A- A+

Qaydalara əməl edilsə, koronavirusa qalib gəlmək olar

 

İki ilə yaxındır dünyada tüğyan edən koronavirus pandemiyasının ilk günündən Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən mübarizə tədbirləri sayəsində COVID-19 Azərbaycanda ciddi nəzarət altına alınmışdır.

Dövlət səviyyəsində pandemiya ilə mübarizə, ölkəmizdə insanların sağlamlığına qayğı beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə kimi dəyərləndirmişdir.

Payızın gəlişi, havanın dəyişkənliyi, nəhayət, Bakı küləklərinin intensivliyi həm də COVID-19 pandemiyasının geniş yayılmasına səbəb ola bilən amillərdəndir. Odur ki, insanlar qəfil gələn və ölümcül virusla bağlı gözlənilməz hallara qarşı mübarizədə daim ayıq-sayıq olmalıdırlar. Məsələnin aktuallığı ilə əlaqədar bir neçə gün bundan öncə Milli Məclisin Səhiyyə komitəsində ənənəvi “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmələr keçirilib. COVID-19-la mübarizədə dərmanların qeydiyyatı məsələsinin aktuallığı,  koordinasiyanın və kommunikasiyanın təkmilləşdirilməsinin zəruriliyi, dezinformasiyaların qarşısının alınması və maarifləndirmə işlərinin artırılması vurğulanıb. Fikir mübadiləsi zamanı bir çox məqamlara aydınlıq gətirilib, insanları narahat edən suallara cavab verilib və bu faydalı dinlənilmənin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Hazırda ölkəmizin bütün şəhər və rayonlarında Nazirlər Kabinetinin sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  koronavirus əleyhinə peyvəndləmə və dezinfeksiya işləri yeni mərhələyə qədəm qoyub. Bu günlərdə ölkəmizdə 12-15 yaşlı yeniyetmələrə də vaksin vurulmasına başlanılıb. Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası bu qərarı qəbul edib. Beləliklə, yaşı 18-dən kiçik olan 12-15 yaşlı uşaqlar da peyvənd olunacaqlar. Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Təəccüblü görünən odur ki, bəzi  valideynlərin uşaqların vaksinasiyası ilə bağlı fikirləri birmənalı deyil. Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Şöhrət Qasımov bildirir ki, COVID-19-la mübarizədə vaksinin vacibliyi barədə dünyada modern tibbə və bunu müdafiə edən həkimlərin fikirlərinə inanmaq lazımdır. “Bu bəladan az itki ilə qurtarmağın yeganə yolu peyvənd edilməkdən - istər uşaq olsun, istərsə də böyük, həkim tövsiyələrinə və Operativ Qərargahın irəli sürdüyü qaydalara ciddi əməl etməkdən keçir. Mən də, övladlarım da, hətta nəvələrim də vaksinin hər iki dozasını etdirmişik.

Fakt göz qabağındadır: COVID-19-un geniş yayıldığı ilk mərhələdə risk qrupuna daxil olanlar və yaşı 60-dan yuxarı vətəndaşlarda bu problem daha çox özünü büruzə verirdi. Süni tənəffüs aparatına qoşulanların 97 faizi, vəfat edənlərin isə 99 faizi peyvənd vurdurmayanlar idi. Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində ilkin mərhələdə yaşlılar arasında peyvəndləmə uğurla həyata keçirildiyindən bu kateqoriyadan olan insanlar arasında yoluxma və ölüm halları kəskin şəkildə azalmışdır. Yeniyetmələrin peyvənd olunması  təqdirəlayiq haldır.

Vaksin olmayanlara və ümumilikdə ona qarşı çıxan valideynlərə deyirəm ki, vaksinə qarşı hansı motivlə çıxıb-çıxmamağınız şəxsi fikrinizdir. Amma xatırladım ki, illər bundan öncə pensilin və müxtəlif peyvəndlər ortaya çıxanda da onlara qarşı olanlar da çox idi. Sonra vəziyyət elə gətirdi ki, insan özündə, eləcə də övladında hansısa narahatlıq hiss edəndə pensilin vurdururdu. Bu gün uşaqlarını peyvənd etdirənlər mütləq mənada çoxluq təşkil edirlər. Bu, düzgün yoldur. İnanıram ki, tərəddüd edənlər çox qısa vaxtda vaksin üçün tibb mərkəzlərinə və poliklinikalara tələsəcəklər”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov COVID-19-la mübarizə tədbirlərinə diqqətin artırılmasına dair mətbuata açıqlamasında demişdir: “Üçüncü dozanın vurulmasından başqa seçimimiz yoxdur. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster (üçüncü) doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və onun əhəmiyyəti böyükdür. Əlbəttə ki, bunlar birmənalı olaraq dünya səhiyyə qurumlarının apardıqları tədqiqatların nəticəsi olaraq ortaya qoyulmuş həqiqətlərdir”.

Deputatın fikrincə, hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamlarına yoluxma riski var: “Ona görə də buster dozanın alınması sürətləndirilməlidir. Dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticisimlər koronavirusun ştamlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. ABŞ Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin və Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozanın istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir”.

Rəşad Mahmudov bildirib ki, bu faktlar rəsmi məlumatlar olduğundan inanmaqdan başqa yol yoxdur: “Necə ki ilkin başlayanda normal peyvəndlərin də risk qrupuna və yaşlı insanlara vurulması ön sırada tövsiyə olunurdusa, indi hamı üçün labüddür. Eləcə də buster dozanın da peyvənd olunan bütün insanlara vurulması tövsiyə olunacaq. Cəmiyyətin bəzi üzvləri bunu qəbul etməkdə çətinlik çəksə də, bundan başqa seçim etmək imkanımız yoxdur. Hər kəsə pandemiya şəraitində ortaya çıxan fərziyələrin, əsassız məlumatların yerinə, rəsmi qurumların vermiş olduğu məlumatlardan yararlanmağı tövsiyə edirəm”.

Ekspertlərin fikrincə, yoluxmaların artmasının daha bir səbəbi maskanın taxılmaması və ya ondan düzgün istifadə edilməməsi ilə bağlıdır. İctimai nəqliyyatda, iaşə və ticarət mərkəzlərində, qapalı məkanlarda mütləq maskadan istifadə edilməsi və ara məsafəsinin gözlənilməsi vacibdir. Maska taxılmırsa, deməli, virusa yoluxma qaçılmazdır. Hər gün neçə-neçə xoşagəlməz hallarla üzləşən, məyusedici xəbərlər eşidən insanlar artıq görür və inanırlar ki, yoluxma artır, ölüm halları var. Maskanın kütləvi taxılmasına əməl edilsə, vaksinasiya sürətlə aparılsa, təbii ki, yoluxmada azalmalar olacaq.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video