28 Oktyabr 2021 02:39
978
SİYASƏT
A- A+

“Qardaşların qürur günü”

 

 

İki prezidentin Füzuli və Zəngilana səfəri qardaş ölkə mediasının əsas gündəm mövzusu oldu

 

Möhkəm özüllər üzərində qurulmuş Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda ölkə prezidentləri  İlham Əliyevin və  Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük sevinclə qarşılanır və bunlar bütün sahələr üzrə sıx əməkdaşlıq əsasında daha da möhkəmlənir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın respublikamıza son səfəri də qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yeni təkan verən  mühüm hal kimi qiymətləndirilir.

İki liderin Qarabağdakı son görüşü Türkiyənin bütün qəzetlərinin manşet mövzusu olub. Aparıcı televiziya şirkətləri, internet portalları Füzuli Beynəlxalq Hava Limanının açılışı və Zəngəzur dəhlizinin təməlqoyma mərasimlərindən materiallar yayıblar.

“Milliyət” qəzetinin “Regionda parlaq gələcək” başlıqlı xəbərində yazılır ki, hər iki dövlət başçısının səyləri nəticəsində bu gün dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Qeyd olunur ki, Azərbaycanın işğaldan azad edilən bölgələrinin qısa müddət ərzində necə dirçəldiyi, sürətlə inkişaf etdiyi aydın görünür. Rəcəb Tayyib Ərdoğanın “Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır” fikirlərinin yer aldığı xəbərdə Azərbaycanın bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətinin davam etdiyi vurğulanır.

“Sabah” qəzeti “Qardaşların qürur günü” başlıqlı məqaləni manşetdən verib. Prezident İlham Əliyevin “Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” fikirlərinin yer aldığı məqalədə qeyd olunur ki, artıq quruculuq və bərpa dövründə də Türkiyə tərəfindən Can Azərbaycana hərtərəfli dəstək nümayiş olunur.

“Türkiyə” qəzetinin “Qarabağa türk möhürü” başlıqlı xəbərində yazılır ki, İlham Əliyev R.T.Ərdoğanla birlikdə  Zəngilan rayonunda ilk özəl sərmayə layihəsinin təməlini qoydu. “Türkiyə və Azərbaycanın birgə layihəsi olan sərmayə bir daha onu göstərir ki, hər iki ölkə işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də çiyin-çiyinə bir yerdə irəliləyir” deyə məqalədə qeyd olunur.

“Akşam” qəzeti “Əliyevdən Ərdoğana tərif” başlıqlı  xəbərində vurğulanıb ki, Azərbaycan hansı sahədə ehtiyac duyarsa, Türkiyə hər cür dəstəyi verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Azərbaycan Prezidentinin “Öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Biz bunu qiymətləndirməliyik. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir” fikirlərinin yer aldığı məqalədə müəllif bunu əsl qardaşlıq, dostluq nümunəsi kimi qələmə alıb.

“Yeni akit” qəzeti “Qardaşlıq dəhlizi” başlıqlı xəbərində Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması mərasiminə geniş toxunub. Qeyd olunub ki, Zəngəzur dəhlizi yolunda Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir. Yolun üzərində toplam uzunluğu 3610 metr olan 3 tunel var.

“Yeni Şafak” qəzeti  isə “Qarabağ dünyaya açıldı” başlıqlı xəbəri manşetdən təqdim edib. İlham Əliyev və R. T. Ərdoğanın birgə açılışını etdikləri Füzuli Beynəlxalq Hava Limanının  rəmzi açarlarının prezidentlərə təqdim edildiyini diqqətə çatdıran nəşr yazır ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.

“Diriliş Postası” qəzeti “Qarabağ Füzuli ilə dünyaya açıldı” başlıqlı xəbərində yazır ki, Türkiyə Prezidenti Füzuli Beynəlxalq Hava Limanının ilk rəsmi sərnişini oldu. Vurğulanır ki, hava limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkündür. Sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

“Karar” qəzeti “Azad Zəngilan görüşü” başlıqlı xəbərində şəhər barədə məlumat verir. Bildirilir ki, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. Tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

“DHA” xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışı mərasimindəki iştirakı barədə silsilə materiallar verib. Oxuculara təqdim olunan materiallarda hər iki dövlət başçısının Zəngilana səfərləri barədə məlumatlar yer alıb.

“AHaber” kanalı dövlət başçılarının görüşünü “Ağalı kəndində Ərdoğana böyük diqqət” sərlövhəsi ilə çatdırıb. Bu xəbərdə Prezident İlham Əliyevin postmüharibə dövründən sonra işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işləri ilə  bağlı, eyni zamanda, Türkiyənin ədalətli və qardaşlıq mövqeyinə dair fikirləri yer alıb. Kanal Türkiyə Prezidentinə istinadla yazır: “Emənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür”.

Qəzetlərdən “Posta” “Hava limanında anlamlı açılış”, “Yeniçağ” “İlk rəsmi sərnişin Ərdoğan oldu”, “Hürriyet” “Qalıcı barışa ən əlverişli ortam” və “Türkgün” “Qardaşlar görüşdü” başlıqlı xəbərləri oxuculara çatdırıb.

“Haber Global”, “Habertürk” kanallarında, “sondakika.com”, “haberle.com” və digər xəbər agentliklərində dərc edilən yazılarda R.Ərdoğanın Qarabağa səfəri xüsusi olaraq qeyd edilib. Bildirilib ki, azad Qarabağ qısa müddət ərzində qurulacaq və 28 illik həsrətdən sonra məcburi köçkünlər yenidən doğma torpaqlarına qayıdacaqlar. Bütün bunların fonunda isə Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir.

 

Elçin CƏFƏROV,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video