24 Oktyabr 2021 00:09
873
CƏMİYYƏT
A- A+

Qarabağın və Şərqi Zəngəzurun davamlı inkişafına elmi resurslar da səfərbər ediləcək

 

Tərtər rayonunun Şıxarx qəsəbəsində “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib. Seminar AMEA Biologiya və Tibb Elmləri Bölməsi və AMEA Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib. Bildirib ki, müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, bir texniki peşə və bir musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.

Tədbir iştirakçıları sonra Şəhidlər abidə kompleksi qarşısına tər çiçəklər düzüb, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şıxarx qəsəbəsi ərazisində keçirilən tarla seminarında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərində elmi tədqiqatların aparılmasına dəstək verilməsi” mövzusunda çıxış edib. O, Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış Qələbənin birinci ildönümü ərəfəsində Qarabağ iqtisadi rayonunun Tərtər rayonunda elmi və ictimai-siyasi əhəmiyyəti olan tarla seminarının keçirilməsini mühüm hadisə kimi qiymətləndirib, seminarın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, kənd təsərrüfatı rayonu olan Tərtərdə son illərdə əhalinin pambıq, şəkər çuğunduru yetişdirilməsinə marağı yüksəlib. Tərtər rayonu bu strateji kənd təsərrüfatı məhsulları üzrə orta məhsuldarlığa görə respublikada ön sıradadır. Əkin sahələrində suvarmanın normal təşkili üçün son 15 ildə rayonda 191 subartezian quyusu qazılıb.

Məlumdur ki, işğal nəticəsində uzun müddət ərzində Sərsəng və Suqovuşan su anbarlarından istifadə mümkün olmayıb. Artıq bir ilə yaxındır Suqovuşan su anbarı vasitəsilə ərazilərimizin suvarılması həyata keçirilir.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar elmin inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Akademik ölkə elmi və aqrar sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən seminarın AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin işğaldan sonra qədim Qarabağ torpağında keçirilən ilk tədbiri olduğunu qeyd edib.

Qarabağın təbiəti, landşaft örtüyü, torpaqları, iqlim şəraiti, əlverişli su təminatı və coğrafi mövqeyinin kənd təsərrüfatının inkişafı üçün hər zaman böyük imkanlar yaratdığı bildirilib, işğaldan əvvəl regionda təqribən 140 min hektar əkin sahəsinin istifadə olunduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, Qarabağ Elmi-Tədqiqat Bazası tərəfindən 1950-1989-cu illərdə təqribən 1700 hektar torpaq sahəsində mədəni bitkilərin və kənd təsərrüfatı heyvanlarının region üçün səciyyəvi genetik ehtiyatlarının, yerli ənənəvi xalq seleksiyası nümunələrinin toplanması, öyrənilməsi, seleksiyada istifadəsi, yeni bitki sortları və heyvan cinslərinin ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması həyata keçirilib. Aqrar elmin inkişafında xüsusi rolu olan bu regional mərkəzdə Azərbaycanın tanınmış alimləri, akademiklər - Cəlal Əliyev, İmam Mustafayev, İlyas Abdullayev, Ələkbər Quliyev və digər mütəxəssislər səmərəli fəaliyyət göstərməklə elmin inkişafına və alınan nəticələrin istehsalata tətbiqinə öz töhfələrini veriblər.

Hazırda Qarabağın davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan elminin bütün resurslarını səfərbər etmək, regionda müxtəlif istiqamətlərdə multidissiplinar elmi-tədqiqat fəaliyyətlərin bərpasına və intensivləşdirilməsinə nail olmaq istiqamətində tədbirlər görülür. “AMEA-nın “2020-2025-ci illər üzrə inkişaf strategiyasında” və “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” tədbirlər planında Qarabağın torpaq və su resurslarının, fauna və florasının öyrənilməsi, aqrar tədqiqatların bərpası və intensivləşdirilməsi məsələləri nəzərdə tutulub. AMEA, o cümlədən akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafı ilə bağlı bir sıra təkliflərlə çıxış edib. Bu təkliflərin arasında Qarabağ Elmi-Tədqiqat Bazasının bərpası məsələsi də xüsusi yer tutur. Belə ki, Azərbaycanda elmin koordinatoru funksiyasını yerinə yetirən AMEA-nın Qarabağda Elmi-Tədqiqat Bazası ən müasir tələblərə uyğun qurulmalı, burada aparılacaq elmi-tədqiqat işlərinin səviyyəsi dünya standartlarına cavab verməli, innovativ yanaşmalar tətbiq olunmalı, o cümlədən yüksəkixtisaslı kadr potensialı formalaşdırılmalıdır.

“Qarabağ Elmi-Tədqiqat Bazasının bərpası, tədqiqat imkanları və perspektivləri” mövzusunda çıxış edən AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərən Qarabağ Elmi-Tədqiqat Bazasının 1989-cu ildə erməni işğalına qədər 1694 hektar əraziyə malik olduğunu deyib. Bildirilib ki, bazada 30-dan çox yüksək məhsuldar sort və yüzlərlə hibrid yaradılaraq Qarabağ bölgəsində və ölkənin digər iqtisadi rayonlarının təsərrüfatlarında geniş ərazilərdə becərilmişdir. Bu, kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

İllərlə toplanmış zəngin genefondun, bütün əmlakın erməni işğalı nəticəsində talan edilərək məhv olduğu təəssüf hissi doğurur. 1992-ci ildə aparılan əks hərbi əməliyyat tədbirləri nəticəsində torpaq sahələrinin bir hissəsi geri alınıb, lakin nümunəvi bazanın bütün infrastrukturu məhv edilib. 2003-cü ildən bazanın əməkdaşları Tərtər rayonunda fermer təsərrüfatında tədqiqat işlərini davam etdirməyə başlayıb və torpaqların işğaldan azad olunmasından sonra istehsalata tətbiqi istiqamətində işlər aparıblar. Bölgəyə aid aparılan tədqiqat işləri nəticəsində 7 yeni buğda və 2 arpa sortu Dövlət Sort Sınağı Komissiyasına təqdim edilib.

Vətən müharibəsi böyük Qələbə ilə başa çatdıqdan sonra bazanın ərazisində bir ədəd subartezian quyusunun qazılaraq istifadəyə verilməsi tədqiqat işlərinin başlanılmasına, rayonlaşdırılmış sortların ilkin toxumçuluğunun təşkilinə və genişləndirilməsinə imkan verəcək.

Hazırda qarşıda duran ən mühüm vəzifə Qarabağ Elmi-Tədqiqat Bazasının yenidən bərpası və keçmiş ənənəsini, şöhrətini özünə qaytarmaqdır.

Tədbirdə həmçinin Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun “Rəqabətqabiliyyətli sortların yaradılmasında müasir innovasiyaların rolu”, AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Xanbala Rüstəmov və Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, AMEA Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi Abidin Abdullayevin həmmüəllifi olduqları “Qarabağ iqtisadi rayonunda ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkilərinin seleksiyası və toxumçuluğunun rolu” mövzusunda məruzələri təqdim olunub.

Daha sonra Qarabağ Elmi-Tədqiqat Bazasının fəaliyyətinin təşkili, gələcək istiqamətlərin müəyyənləşdirilməsi, yeni sortların yaradılması, elektron interaktiv xəritələrin hazırlanması və digər tədbirlərlə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib. Müzakirələrdə akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev iştirak ediblər.

Sonda Qarabağ bölgəsi üçün yaradılmış taxıl sortlarının sərgi nümunələri ilə tanışlıq olub və ilk toxumlar torpağa səpilib.

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video