20 Oktyabr 2021 00:50
2717
SİYASƏT
A- A+

QARABAĞIN HAVA QAPISI

 

İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını cəmi 8 aya inşa etdirdi

 

Yolumuz Şuşayadır...

İşğaldan azad olunmuş ərazilərə daxil oluruq. Nəzarət-buraxılış məntəqəsini keçib “Zəfər yolu” ilə irəliləyirik. Bir neçə kilometrdən sonra maraqlı və modern dizaynda inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanına yetişirik. Bura “Zəfər yolu”nun ilk ünvanıdır. Böyük sevinc və fəxarət hissi ilə aeroportun ərazisinə daxil olub görülən işlərlə maraqlanırıq.

Hava limanı ilə tanışlığımız Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuliyə səfərlərindən bir gün öncəyə təsadüf edirdi. Oktyabrın 17-də dövlət başçısı səfər çərçivəsində hava limanına da baş çəkib görülən son tamamlama işləri ilə tanış olmalı idi.  Ona görə də bütün işçi qüvvəsi səfərbər olunmuşdu.

 

“Zəfər yolu”nun ilk ünvanı

 

Hava limanında böyük izdiham var idi. Ərazidə bekar qalan işçi qüvvəsi görmək mümkün deyildi, hər kəs öz işi ilə məşğul idi.

 Kənardan müşahidə aparıb həm işlərin gedişatını izləyir, həm də məlumat toplayırdıq.

İlk baxışdan aydın olurdu ki, liman beynəlxalq standartlara uyğun infrastrukturla tam təchiz edilib.

Ərazidə yüksək səviyyəli yaşıllaşdırma işləri yekunlaşıb, kompleksi elektrik enerjisi ilə təmin etmək üçün əsas transformator yarımstansiyasının inşası və elektrik xətlərinin çəkilməsi, həmçinin qazanxana və digər köməkçi binaların tikintisi də başa çatıb. Fasiləsiz su təminatı məqsədilə artezian quyusunun qazılması, həmçinin su rezervuarlarının, bundan əlavə, qazanxana və köməkçi binaların tikintisi yekunlaşıb.

Məlumat verilir ki, baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VİP zalların, mağazaların, restoranların işə salınması nəzərə alınmaqla, saatda ən azı 200 sərnişin buraxılış qabiliyyəti olan terminalın tikintisi artıq başa çatıb. Sərnişin terminalı qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq tikilib.

Hava limanında uzunluğu 3000, eni 60 metr olan uçuş-enmə zolağı istismara tam hazırdır. Uçuş-enmə zolağı  instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, radiolakasiya sistemləri ilə tam təchiz edilib. Bu, hava limanına istənilən tip təyyarəni qəbul etməyə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

 

Bakıdan Füzuliyə cəmi 35 dəqiqəyə...

 

Azərbaycanda “Müəllifi İlham Əliyevdir” brendi daşıyan yüzlərlə müasir infrastruktur var. Onların xeyli hissəsi təkcə ölkə səviyyəli deyil, həm də beynəlxalq miqyaslı layihələrdir. Vətən savaşında qazanılan şanlı Zəfərdən sonra isə bu silsilədə artımlar baş verib. Onlardan biri də məhz Füzuli Beynəlxalq Hava Limanıdır.

Hava limanının təməli bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu hava limanını işğaldan azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli layihə adlandıran Prezident qeyd edib ki, aeroportun əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Xarici qonaqlar bu hava limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Xatırladaq ki, sentyabrın 5-də hava limanına ilk uçuş reallaşıb. Yəni təməlqoymadan 8 ay sonra limana təyyarələr enib. Bakıdan uçan  “Azərbaycan Hava Yolları”na məxsus “Qarabağ” adını daşıyan ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək  35 dəqiqəyə Qarabağın ilk hava limanında eniş icra edib. Bundan əlavə, həmin gün Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də həmin gün hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Hava limanının əsas məqsədi Prezidentin söylədiyi kimi, xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. İstənilən qonaq bu hava limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa və ya Ağdam şəhərinə gedə biləcək.

 

Füzuli hava limanı beynəlxalq uçuşlar üçün də açıqdır

 

Oktyabrın 17-də Füzuliyə səfəri çərçivəsində aerokomplekslə tanış olan İlham Əliyev beynəlxalq miqyaslı layihəni belə dəyərləndirib: “Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir”.

Bu da o deməkdir ki, Qarabağı 44 günə düşmən tapdağından azad edən Qalib Sərkərdə dünya tarixində daha bir ilki reallaşdırdı - illərlə minalanmış ərazilərin təmizlənmə prosesi daxil olmaqla, cəmi 8 aya beynəlxalq hava limanı inşa etdirdi. 

Bu günlərdə Füzuli hava limanına beynəlxalq status verilib. Bu statusun verilməsi haqqında qərar hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib. Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət “FZL” kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır.

Beləliklə, aerokompleksdəki müşahidələrimizə, aldığımız son məlumatlara əsaslanaraq deyə bilərik ki, İlham Əliyevin Qarabağın dirçəlişi istiqamətində reallaşdırdığı beynəlxalq miqyaslı növbəti layihə Azərbaycana həm iqtisadi dividendlər gətirəcək, həm də Qarabağın turizm potensialının inkişafına böyük töhfə verəcək.

Tezliklə Bakıdan havaya qalxacaq təyyarələrdə 35 dəqiqədən sonra bu məlumat səslənəcək: “Əziz sərnişinlər, Qarabağa xoş gəlmisiniz. Füzuli aeroportu sizi salamlayır”...

Elə bu xoş təəssüratlarla da hava limanı ilə tanışlığımızı yekunlaşdırıb “Zəfər yolu” ilə Şuşaya doğru irəliləyirik.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Bakı-Füzuli-Şuşa-Bakı

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video