07:38 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağın dünyanı heyran edəcək zəngin turizm potensialı var

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:56 18.04.2021

 

Bu yazın havası 30 illik erməni əsarətindən azad edilən Qarabağ torpaqlarına  başqa ovqat bəxş edib. O yerlərdən vaxtilə qaçqın, məcburi köçkün düşmüş insanların, doğma yurd-yuvasına qovuşmaq arzusu ilə ürəyi göynəyənlərin əhvali-ruhiyyəsini qələmə almaq da çətindir... Ötən 30 il ərzində erməni quldur birləşmələri tərəfindən xarabazarlığa çevrilmiş bu bölgə azadlığa çıxandan bəri yerin də, göyün də üzü gülür desək, yəqin ki, yanılmarıq.

Təbiət mənzərələri, tarixi abidələri, müalicəvi suları, gəzməli, görməli, bir sözlə, istirahət etməli əraziləri ilə öyündüyümüz Qarabağ sovetlər dönəmində də turizm bölgəsi kimi tanınırdı. Yəqin ki, yaşlı nəslin yadındadır, o vaxtlar Ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var idi. Son illər turizmin inkişafı istiqamətində Azərbaycanda irimiqyaslı işlər görülsə də, ən böyük potensiala malik olan Qarabağ və ətraf rayonlar ötən il noyabrın 10-dək işğal altında qaldığından bu bölgə proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan və 30 ilə yaxın yağı düşmən tapdağı altında inləyən bu diyar Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində artıq işğaldan azad edilmişdir. Məmnunluq doğuran odur ki, işğaldan azad olunmuş Qarabağ bölgəsində turizmin inkişafına xüsusi diqqət yetirilir. Ekspertlərin fikrincə, indi keçmişdəkindən də səviyyəli, müasir standartlara cavab verə biləcək yerlərimiz var. 

Qarabağın tacı olan Şuşa turizmin güclü inkişafı üçün xüsusilə böyük potensiala malikdir. Bu şəhərdə Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər diqqətçəkəndir.

Onlar erməni silahlı birləşmələri tərəfindən dağıdılsa da, yerli memarlıq abidəsi kimi tanınan bu ünvanlarda Azərbaycan Prezidentinin fərman və sərəncamları çərçivəsində bərpa işlərinə başlanılıb. Şuşa, həmçinin tarixi, sağlamlıq və mədəni turizm üçün də böyük imkanlara malikdir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edir. Turşsu şəfalı və müalicəvi suyu ilə sağlamlıq turizminin inkişafına hərtərəfli şərait yaradacaq. Şuşa həm də Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi böyük üstünlüklərə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya və Hadruta səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Azərbaycan xalqı buna inanır və öz rəhbərinin qurucu və yaradıcı lider olduğuna əmindir. İctimaiyyətdə belə bir yəqinlik var ki, bu yerlərə yaxın gələcəkdə böyük turist axını olacaq.

Dövlət başçımız hələ ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş videokonfransda demişdir: “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək. Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.

Ölkə rəhbərinin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Sözügedən sənədə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. İnvestisiyalar üçün artıq start verilmişdir.

Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Regionların ayrı-ayrılıqda turizm potensialında Şuşa yüksək qiymətləndirilir. Bu dəyərin bariz nümunəsindən biri də  Azərbaycan Prezidentinin sərəncamı ilə cari ilin əvvəllərində Şuşanın  Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsidir. Bu şəhərdə mədəni tədbirlərin təşkili, festivallar, turizm məhsullarının təqdimi, beynəlxalq sərgilərin və digər mədəni-kütləvi görüşlərin keçirilməsi gündəmdə olan məsələlərdir. Laçın-Kəlbəcər, Qubadlı-Zəngilanda təbiət, qış və sağlamlıq turizmi inkişaf etdiriləcəık, Füzuli-Ağdam-Cəbrayılda isə dağıdılmış mədəniyyət müəssisələri və işğalın nəticələrini göstərmək üçün bəzi tikililər  turistlərə nümayiş etdirilmək üçün qorunub-saxlanılacaq. Çünki turizmin iqtisadi tərəfi ilə yanaşı, siyasi-təbliğati tərəfi də var. Dünya turizm təcrübəsində bu, çox böyük təsir gücünə malikdir. Xatırladaq ki, ötən əsrin əvvəllərində Stalinin tapşırığına əsasən Rusiyada, Uzaq Sibirin yolu-izi bilinməyən meşələrindən birində yaradılmış “Kulak” ölüm kəndində rəhbərə qarşı çıxan insanlara zülm verilirdi. Burada qəddarlığı ilə seçilən erməni xislətli adamlar çalışırdı. 1920-ci ildən 1954-cü ilə qədər 2,4 milyondan çox insanın həyatına son qoyulduğu bu “kənd” indi dünyanın ən məşhur və maraqlı turizm ünvanlarındandır. Qarabağda erməni vandalizmini dünya ictimaiyyətinə  maddiliyi ilə tanıdan Vətən müharibəsində qənimət kimi götürülmüş zirehli texnika, silah və sursatlar, xüsusilə dinc əhaliyə tuşlanmış “İsgəndər” kimi ölüm saçan silahların qalıqlaının bəşəriyyətə nümayişini özündə əks etdirən muzeylərin yaradılması çox gərəklidir.

Qarabağın bütün bölgələrində, o cümlədən ölkəmizin cənub istiqamətində turist axını üçün əlverişli coğrafi şərait mövcuddur. Xudafərin vasitəsilə İran, Naxçıvan üzərindən isə Türkiyə turistlərinin gəlməsi gözləniləndir. İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını olacaq. Azərbaycan turizminin prioritet bazaları var ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən müəyyən qurumlar tərəfindən bu istiqamətdə də layihələr hazırlanır, zəruri tədbirlər həyata keçirilir.    

Dövlət səviyyəsində, özəl sektor və alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın sıfırdan başlanan həm təbii, həm də antropogen turizm resursları gündəmə gətirilir. Bölgədə turizmin inkişafı üçün yeni marşrutlar yaradılır. Dünya standartlarına uyğun magistral yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Bu yerlər dağlıq ərazi olduğundan dağ və alpinizm turizmi xüsusi diqqətdədir. Bundan başqa, gəzintilər, aktiv və ekstremal turizmin inkişafı üçün biri-birindən maraqlı layihələr işlənib.

Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Burada tarixi və dini abidələr, çinar meşəsi var. Odur ki, təbiətinin zənginliyinə görə Qarabağın gələcəyi daha çox ekoturizmlə bağlı ola bilər. Bundan səriştəli istifadə edilərsə, çox güman ki, Qarabağ dünyada mühüm ekoloji turizm məkanlarından birinə çevrilə bilər.

Xudafərin körpüsü, Azıx mağarası gələcəkdə ən populyar turist marşrutlarından hesab olunur. Mədəni-tarixi abidələrimiz dağıdılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili reallaşacaq. Müasir İpək yolu layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İqdır-Naxçıvan marşrutu yaradılacaq, İran ərazisindən dəmir yolu xəttinin çəkilməsindən sonra tur paketin maya dəyəri də aşağı düşəcək.

Qarabağda baş plana uyğun olaraq aparılan böyük tikinti və quruculuq işləri bölgədə daha çeşidli turizm xidmətlərinə səbəb olacaq. Hazırda əsas diqqət Qarabağın turizm potensialının inkişafına yönəldilib. Beynəlxalq səyahətlərə mərhələli şəkildə yenidən start veriləcək, dünya ölkələrində Azərbaycanın turizm potensialının təbliği  sürətləndiriləcək.

İşğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa olunduqdan sonra, ilk növbədə, Azərbaycan vətəndaşlarının həmin ərazilərə səfərləri gözlənilir. Çünki illərlə həsrətində qaldığımız yerləri gəzmək, görmək istəyəcənlərin sayı minlərlədir. İkinci böyük auditoriya potensialı xaricdə yaşayan Azərbaycan diasporu nümayəndələridir. On milyondan çox azərbaycanlı, elə bizim hamımız Azərbaycanın mədəni mərkəzinə çevrilmiş qədim Şuşanı görməkdə çox maraqlıyıq.

 

Rəhman SALMANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM