19:31 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağın dirçəlişi abad yollardan başlayır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 18.07.2021

 

Çox çəkməyəcək, ermənilərin işğal zamanı viran qoyduqları yollardan əsər-əlamət qalmayacaq

 

Məlumdur ki, bütün müharibələr böyük dağıntılara səbəb olur. Atılan mərmilər, raketlər illərlə insan zəhməti ilə qurulub-yaradılanları bir anda məhv edir, cənnəti cəhənnəmə çevirir. Bu, döyüşlərin acı nəticəsidir. Erməni vandalları isə üstəlik heç bir müharibə qaydalarına sığmayan vəhşiliklə də fərqləniblər. Onlar dağıda bilmədiklərini tarmar ediblər, buna macal tapmayanda isə yandırıblar.

Təsadüfi deyil ki, müharibədən sonra həmin ərazilərə gedən, hətta ermənilərə rəğbət bəsləyən diplomat və jurnalistlər belə, “mədəni” və “qədim” xalqın törətdiyi vəhşiliklərdən dəhşətə gəliblər. Çünki yaşayış evləri, tarixi və mədəni abidələrlə yanaşı, sosial infrastruktur da dağıdılmış, yerlə yeksan edilmişdi.

Odur ki, Prezident İlham Əliyev döyüşlər başa çatan kimi məhv olunmuş infrastrukturun bərpa edilməsi ilə yanaşı, yeni layihələrin icrası barədə də göstəriş verdi. Ardınca həmin layihələrin icrası üçün vəsait ayırdı, xarici şirkətləri bu quruculuq işlərinə dəvət etdi. Qarabağa sərmayə qoymaq istəyən həm yerli, həm də xarici şirkətlərsə az deyildi. Çünki Azərbaycan etibarlı tərəfdaş olduğunu çoxdan sübut etmişdir.

 

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir

 

Hazırda işğaldan azad edilmiş ərazilərdə bir neçə yol layihəsi icra olunur. Həmin layihələr işğaldan azad olunan rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə fərqlənir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.

Yol başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Uzunluğu 124 kilometr olan bu yol dövlət başçısının tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla, 6 və 4 hərəkət zolaqlı olmaqla, I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsi 3 gediş - 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş - 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Yol boyunca zəruri yerlərdə ümumi uzunluğu 3400 metr olan tunellər, körpülər, yol ötürücüləri, yeraltı və yerüstü keçidlər inşa ediləcək. Bu işlərin müəyyən hissəsi artıq icra olunur.

Onu da qeyd edək ki, hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

 

“Zəfər yolu”nun asfaltlanmasının sentyabrda başa çatdırılması planlaşdırılıb

 

Şuşanın düşməndən azad edilməsinin və qələbəmizin simvolu olan “Zəfər yolu”nun inşası da davam edir. Ötən il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilmiş, qısa müddətdə görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunmuşdur.

Xatırladaq ki, uzunluğu 101 kilometr olan “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınaraq, 2 hərəkət zolaqlı olmaqla, ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Hazırda yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı salınır. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da davam edir. Bununla avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.

“Zəfər yolu”nun cari ilin sentyabr ayınadək tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır. Bu yol işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə, Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

 

Bərdə-Ağdam avtomobil yolunda da işlər səngimir

 

Başlanğıcını Bərdə şəhərindən götürən və uzunluğu 44,5 kilometr olan bu yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı və I texniki dərəcəyə uyğun tikilir. Hazırda işlər 14-40-cı kilometrlər arasında gedir.

Qeyd edək ki, Ağdam şəhərinə qədər uzanacaq yol bütövlükdə sözügedən rayonların

20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.

 

Tərtərin Vətən müharibəsində dağılan yol infrastrukturu bərpa olunur

 

Düşmən hücumları nəticəsində Tərtərin yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılmasına da start verilib. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.

Məlumat üçün bildirək ki, düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində

1 respublika və 6 yerli əhəmiyyətli avtomobil yollarına, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ciddi ziyan dəymişdi. İndi həmin ziyanın aradan qaldırılması üçün genişmiqyaslı işlər görülür. Artıq respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun 4,1 kilometrlik hissəsində frezlənmə işləri yekunlaşıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu çıxarılaraq kənara daşınıb, torpaq yatağının bərpası üçün kipləşdirmə işləri görülüb. Həmin işlərin davamı olaraq əraziyə yeni asfalt-beton örtüyü də döşənib. Bundan əlavə, respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun təmirinə də başlanılıb.

Eyni zamanda yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılır. Artıq Kovdadıq-Rəcəbli, Seydimli və Düyərli, həmçinin Buruc-Gülabatlı və Bəyim-Sarov yolları təmir olunub. Növbəti mərhələdə Qaraqoyunlu-Küçərli yolunun təmiri planlaşdırılıb.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM