22:59 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qara günlər və arxada qalan illər...

ANA SƏHİFƏ / SİYASƏT
03:00 20.01.2021

 

İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Unudulub gedəni olur,  əbədi yaddaşlara yazılıb daim xatırlananları da. Xalqımızın qan yaddaşına həkk olunan hadisələrdən biri də 20 Yanvar faciəsidir. Doğrudur, biz o qanlı-qadalı günlərdə onun faciələrini yaşadıq. Lakin onu da bilirik ki, “torpaq, uğrunda ölən varsa Vətəndir”. Həmin hadisəyə ən dəqiq qiyməti Ulu Öndər Heydər Əliyev verib: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Artıq həmin Qara Yanvardan bizi aylar yox, illər ayırır. Ulu Öndərin dediyi kimi, həmin hadisənin tariximizdə tutduğu yeri zaman keçdikcə daha aydın dərk edirik. 20 Yanvar Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi adlandırılır. Aradan illər keçməsinə baxmayaraq, hər şey göz önündən sanki kino lenti kimi gəlib keçir: təlatümlü Bakı, gecənin qaranlığında işıq saçan güllələr, tankların və zirehli hərbi texnikaların uğultusu, küçələrə səpələnmiş cəsədlər, yaralılarla dolu xəstəxana palataları...

O gecənin tükürpədici səhnələri fotoobyektivin yaddaşına həkk olunaraq xalqın faciəsini, azadlıq mücadiləsinin tarixi məqamlarını zamandan-zamana daşıyır. Onlara diqqətlə baxanda kədər və hüznün içərisindən baş qaldıran ümid və inamı, yenilməzliyi, xalqın birlik və vəhdətini də görmək olur.

20 Yanvar artıq özünün bədii təcəssümünü də yaşayır və yeni nəsillərə fotoların “lal dilləri” ilə “danışır”. 20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. O, öz başlanğıcını 1980-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələrdən götürmüşdü. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin səriştəsizliyi, mütiliyi və milli mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dalğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, paytaxtın baş meydanında xalqın azadlıq və müstəqillik istəyini əks etdirən şüar və plakatlar görünməyə başlayırdı. Beləliklə, əldən gedən torpağı uğrunda mübarizə tədricən ümumxalq hərəkatına çevrilirdi.

Sovet imperiyasının rəhbərliyi  gündən-günə genişlənən və möhtəşəmliyi ilə artıq Kremlin sütunlu sarayını belə silkələməyə başlayan fasiləsiz mitinqləri dağıtmaq, xalq hərəkatını yatırmaq üçün hərəkətə keçdi. İlk dəfə olaraq paytaxt küçələrində tanklar və əsgərlər görünməyə başladı. Lakin xalq yenə meydandan çəkilmədi. Vəziyyəti belə görən mərkəzi rəhbərlik 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə mitinqləri zor gücünə dağıtmaq əmri verdi.

Həmin vaxtlar Ermənistanda bir nəfər də azərbaycanlı qalmadığı halda, Bakıda ermənilər  hələ də yerli xalqın imkansızlarını kirayənişin saxlayırdı. Əlbəttə, bu da milli zəmində təxribatlara şərait yaradırdı. Digər tərəfdən, ölkədə hakimiyyət böhranı özünün pik həddinə yaxınlaşırdı. Azərbaycanı cəzalandırmağı qarşısına məqsəd qoyanlar buna zəmin hazırlayır, Bakı 20 Yanvara addım-addım yaxınlaşırdı...

1990-cı ilin 20 Yanvarına keçən gecə sovet ordusunun təpədən-dırnağadək silahlanmış hərbi birləşmələri beş istiqamətdən Bakıya yeridildi. Küçələrdə bağıran tanklar və zirehli maşınlar taxta parçalarından qalanmış ocaqları - “barrikadaları” dağıdıb keçir, əsgərlər dinc əhaliyə atəş açır, heç kəsə aman vermirdilər. Hətta təcili tibbi yardım maşınları, evlər gülləyə tutulurdu.

Həmin gecə ən böyük qırğın indiki “20 Yanvar” dairəsi ərazisində törədildi. Ümumiyyətlə, cəza əməliyyatının ilk saatlarında yüzlərlə dinc sakin öldürüldü və yaralandı. Yanvarın 20-də səhər hava açılar-açılmaz küçələrə axışan paytaxt sakinləri “20 Yanvar” dairəsində və ona yaxın yerlərdə dəhşətli mənzərələrlə qarşılaşdılar: tankların əzib keçdiyi avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki qan izləri... və s. Şəhərin mərkəzi küçə və meydanları tanklarla, avtomatlı hərbçilərlə dövrəyə alınmışdı...

O illərin fotoxronikasına baxmaqla bu gün həmin gecənin dəhşətlərini yenidən yaşayanların sayı azalsa da, tarix heç nəyi unutmur. Fotoşəkillərdə bu dəhşətli və qorxunc mənzərələr də əksini tapıb. Onlara baxarkən qanlı statistika bir daha yada düşür: öldürülənlər 146, yaralananlar 744, qanunsuz həbs olunanlar  841 nəfər.

O gecə yalnız  “barrikada”da keşik çəkənlər gülləbaran edilmədi, yaralananlar arasında dinc Bakı sakinləri  də az deyildi - 25 qadın və 20 uşaq vardı ki, onlardan bəziləri ömürlük şikəst oldu.

20 Yanvar faciəsi miqyasına, xarakterinə və mahiyyətinə görə keçmiş SSRİ rəhbərliyinin İkinci Dünya müharibəsindən sonra ölkə daxilində törətdiyi dəhşətli bir cinayət idi. Bu hadisələrdən bir müddət sonra - 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər  Heydər Əliyev faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm sovet ittifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra sovetlər ittifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.

Sonradan 20 Yanvar hadisələrini araşdıran “Şit” təşkilatının müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatında deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşlər, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.

Sovet ordusunun (bəzi məlumatlara görə, Azərbaycan paytaxtına yeridilmiş qoşun kontingentinə 65 min hərbçi daxil edilmişdi) Bakıya hərbi təcavüzünün, cəza əməliyyatının ağır nəticələrini əks etdirən fotoşəkillərin böyük əksəriyyəti ağ-qara rəngdədir.

O zaman tək-tək adamlarda fotoaparat vardı. Hərbçilər sayı çox az olan fotomüxbirləri hadisə yerinə yaxın buraxmırdılar. Bununla belə, bəziləri həyatlarını təhlükə qarşısında qoyaraq kütləvi qırğının ayrı-ayrı epizodlarını fotoplyonkaya köçürə bildilər. Onların arasında öz peşə və vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirən  hazırkı AZƏRTAC-ın (o zamanlar Azərinform idi) fotomüxbirləri, əlbəttə, daha çox idi. Nə yaxşı ki, o dəhşətləri gizli yolla olsa da, o zaman qəhrəman, cəsur fotomüxbirlərimiz lentə alıblar. Təbii ki, onların bəziləri (ələ keçənləri) həmin dəhşətləri çəkdiklərinə görə hərbçilərin qəzəbinə tuş gəlir, qorxudulur və hətta fotoaparatları əllərindən alınıb, özləri də həbs edilirdilər. Bütün bunlara baxmayaraq, o günlərin fotosalnaməsini yaradanlar az olmadı. Bu sırada məşhur fotoqraf  Rasim Sadıqovun adını da çəkməmək olmazdı.

Bu şəkil-sənədlər qanlı cinayəti törədənlərə qarşı bir ittiham aktı olaraq əsas sübut-dəlillər kimi də çox dəyərlidirlər. Çünki 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında aktuallığını bu gün də qoruyub saxlayırlar.

Xalqımız həmin gün ağır imtahana çəkildi.  Şükürlər olsun ki, bu sınaqdan şərəflə çıxdıq. Faciə insanları birləşdirdi, xalqı bütövləşdirdi: ötən il  27 sentyabrda başlayan Vətən müharibəsindəki kimi. Xalq öz şəhidlərini son mənzilə çiyinləri üstündə apardı, görünməmiş izdihamla yola saldı. Ona tuşlanmış top-tüfəngə məhəl qoymadı, bir addımlığındakı təhlükədən qorxub çəkinmədi. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər qürurverici idi.

Fotoşəkillər bizi 1990-cı ilin 22 yanvarına qaytarır. Bakının ən yüksək nöqtələrindən birində, “Dağüstü park” adlanan yerdə şəhidlər üçün məzarlar qazılırdı. Cənazələr indiki “Azadlıq” meydanına düzülmüşdü. Azadlıq meydanında iynə atsan yerə düşməzdi. Həmin anları əks etdirən fotolardan da göründüyü kimi, şəhidləri son mənzilə milyonlarla insan yola salırdı.

1990-cı ilin yanvarında Bakının xəritəsinə yeni bir ünvan yazıldı: Şəhidlər xiyabanı. Artıq bu məkan müqəddəs ziyarətgaha çevrilib. Çünki burada uyuyanlar həyatlarını Vətənin azadlığı naminə qurban verənlərdir. Onlar milyonlara fədakarlıq dərsi keçdilər.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Ulu Öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra qərarlar qəbul etmişdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir. Dövlət başçısının Sərəncamına əsasən, 2007-ci ildə Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən qurulub.

Şəhidlər xiyabanı Azərbaycan xalqının 1990-cı ilin Qanlı Yanvarında yaşadığı böyük faciədən xəbər verir. Özündə ümummilli kədəri ilə yanaşı, rəşadət və fədakarlıq nişanələrini də yaşadır. Bu ünvan xalqın öz qəhrəman oğul və qızlarına böyük hörmət və ehtiramının ifadəsidir, Vətən tarixinin qanla yazılmış önəmli səhifəsi, əyani dərs vəsaitidir.

Hər il yanvarın 20-də Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Şəhid məzarları önündən yüz minlərlə insan ötüb-keçir. Gördüyünüz bu fotolar müxtəlif illərdə çəkilib. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını nəinki azaltmır, əksinə, 31 il əvvəl baş verənlərin mənası, bu xiyabanda əbədiyyətə qovuşanların gördüyü işlərin mahiyyəti zaman keçdikcə daha aydın görünür, layiq olduğu qiyməti alır.

Şəhidlərin uğrunda can verdikləri Azərbaycan, qanlı hadisələrin cərəyan etdiyi Bakı ötən illər ərzində büsbütün dəyişib. Xalqımız öz azadlıq arzusuna qovuşub, Azərbaycanın üçrəngli bayrağı bu gün dünya ölkələrinin bayraqları sırasında dalğalanır. Baxıb qürur duyur, müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik.

Şəhid qanının ən dəqiq qiymətini də Ulu Öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

1990-cı ilin Yanvarında üçrəngli bayrağımızın yüksəlməsi də, müstəqillik də bir xəyal, lakin eyni zamanda xalqımızın arzusu idi. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzular həqiqət oldu.  Bu gün Şəhidlər xiyabanı   and və ziyarət yerimizdir!

 

Rəhman SALMANLI,

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM