29 Sentyabr 2021 01:16
1089
SİYASƏT
A- A+

Qalib sərkərdə

 

Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ötən il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi tarixi ədalətin bərpası, dövlətimizin və xalqımızın qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə vətənimizi bütün dünyaya həm də döyüş meydanında qalib dövlət kimi tanıtdı.

Sentyabrın 27-də Azərbaycan xalqı bu qələbəni xalqımıza qazandıran  şəhidlərimizin xatirəsini yad etdi.  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım günü ilə əlaqədar xalqa müraciəti, dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən anım yürüşü, ölkə üzrə bir dəqiqəlik sükut elan edilməsi, Bakı şəhərinin ən gözəl yerlərindən birində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması xalqımızın şəhidlərimizə olan əbədi ehtiramını göstərdi.

 

Xalqımız ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmadı

 

Torpaqlarımız 30 ilə yaxın işğal altında qalsa da, Azərbaycan xalqı heç vaxt ümidlərini itirmədi. Günlərin birində doğma torpaqlarımızın işğaldan azad ediləcəyinə inandı. Bu inamı daha da gücləndirən, əminliyi artıran isə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs idi. Onilliklər boyu üzləşdiyimiz ikili standartlara, dünya erməniliyinin təzyiqlərinə baxmayaraq, Azərbaycan rəhbərliyi heç vaxt prinsipial mövqeyindən geri çəkilmədi, öz ərazilərində ikinci erməni dövlətinin qurulmayacağını daim dünyaya bəyan etdi. Hələ 2004-cü ildə  BMT baş məclisi 59-cu sessiyasının ümumi müzakirələrində Prezident İlham Əliyev demişdi: “Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç zaman barışmayacaqdır”.

İlham Əliyevin həyata keçirdiyi kompleks inkişaf siyasəti bu qələbəni sürətlə yaxınlaşdırdı və reallığa çevirdi. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ərazi bütövlüyümüzün bərpa olunmasının konturlarını cızdı.

İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan, ilk növbədə, ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparıldı. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi.  Dövlət başçısı Ali Baş Komandan kimi ordumuz qarşısında dayanan bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi.

Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olmasını yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiqləyirdilər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü ordulara malik ölkələr sırasında yer alır. Ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət ordumuzda baş verən keyfiyyət dəyişikliklərini hərbi paradlarda, o cümlədən 2016-cı ilin Aprel döyüşlərində  görmüşdü. Təsdiq olunmuşdu ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir.

Ötən illər ərzində Prezident İlham Əliyev davamlı siyasi-diplomatik fəaliyyəti ilə   Ermənistanın ifşasına nail oldu. Dövlət başçısının həyata keçirdiyi hücum diplomatiyası dünya erməniliyinin yalanlarının, tarixin saxtalaşdırılmasının qarşısında etibarlı sipərə çevrildi, əsassız erməni iddialarının yayılmasının qarşısını aldı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr işğal olunmuş ərazilərimizin azad edilməsi zamanı mühüm beynəlxalq hüquqi baza rolunu oynadı.

 

Ermənistanın təxribatları müharibəni qaçılmaz etdi

 

Cəbhə xəttində aktiv yeni hərbi əməliyyatların başlaması birdən-birə baş vermədi. 2019-cu ilin avqust ayından sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslərin məntiqi yekunu hərbi əməliyyatların bərpa olunmasına gətirib çıxardı. Belə ki, hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlara zidd olan açıqlamalar verən, formatın dəyişdirilməsindən, danışıqlara separatçı rejimin cəlb olunmasından dəm vuran Ermənistanın baş naziri Nikol Paşinyan daha sonra tarixin ironiyası nəticəsində tutduğu vəzifənin eyforiyasından ruhlanaraq regional siyasətdə köklü dəyişikliklər etmək eşqinə düşdü. Hakimiyyətini möhkəmləndirdikdən sonra onun verdiyi bəyanatlar göstərdi ki, Ermənistanın həyata keçirdiyi siyasət ümumiyyətdə danışıqların mahiyyətinə və məzumuna uyğun deyil. “Qarabağ Ermənistandır” bəyanatı, Azərbaycanın qarşısında qoyulan 7 şərt, “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürülməsi kimi sərsəm addımlar və nəhayət ötən ilin iyulunda Tovuza hücum edilməsi bu ölkə ilə sivil danışıqları tamamilə mənasız hala gətirdi. Bunların davamı kimi avqustda Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, Ermənistanda könüllü hərbi birliklərin yaradılması təsdiqlədi ki, işğalçı ölkə problemin həllində bütün konstruktiv yanaşmalardan uzaqdır. Üstəlik, cəbhə xəttinə yeni hərbi qüvvələr cəmləməsi Ermənistanın yeni işğalçılıq niyyətlərindən xəbər verirdi. Paşinyanın sərxoş olub Şuşada yallı getməsi, qondarma rejimin andiçmə mərasiminin Şuşada keçirilməsi, habelə bu rejimin “parlamentinin” Şuşaya köçürülməsi göstərirdi ki, Ermənistan danışıqlar prosesində, sadəcə, imitisiya edir.

Ermənistanın yeni hərbi təxribatları və müharibə planları barədə Prezident İlham Əliyev ötən il BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı beynəlxalq ictimaiyyəti xəbərdar etmişdi. Dövlət  başçısı bildirmişdi ki, Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları bu ölkənin Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir. Bundan cəmi üç gün sonra - sentyabrın 27-də Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başlaması cənab İlham Əliyevin nə qədər haqlı olduğunu göstərdi. Bir neçə gün əvvəl Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibə verən Prezident İlham Əliyev bu barədə dedi: “Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq. Mənim Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi barədə beynəlxalq qurumlara bütün çağırışlarımın məqsədi bu olub. Çünki əgər belə olsaydı, Ermənistan işğal etdiyi əraziləri tərk etməyə məcbur olar və müharibə baş verməzdi. Lakin təəssüf ki, belə olmadı. Son dövrdə Ermənistan rəhbərliyi açıq təxribatlara əl atdı. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları əslində danışıqlar prosesindən çıxmaq demək idi. Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi. Buna görə hər şey bu istiqamətdə gedirdi”.

 

İlham ƏLİYEV: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”

 

Hərbi əməliyyatların başlanması vasitəçilik missiyasını üzərinə götürənlərin Prezident İlham Əliyevin çağırışlarına səssiz qalmasının, beynəlxalq təşkilatların susqunluğunun, Ermənistana qarşı təsirli mexanizmlərin tətbiq olunmamasının nəticəsi idi.  Amma Prezident İlham Əliyev başqa bir xəbərdarlığını da etmişdi. Prezident İlham Əliyev döyüşlərin başlanmasından cəmi 2 gün əvvəl, sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən demişdi: “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”.

Beləliklə, sentybrın 27-də səhər saatlarında düşmənin hərbi təxribatından sonra Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərinin həyata keçirilməsinə başladı. Elə hərbi əməliyyatların ilk günündən düşmən sözün əsl mənasında peşman edildi.

 Vətən müharibəsinin hər günü müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Elə bir cəbhə olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın.

Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başlatdığı hücum əməliyyatları nəticəsində Ermənistanın 30 ilə yaxın idi işğal altında saxladığı rayonlarımızı, şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi. Əməliyyatlar başlanandan qısa müddət sonra Cəbrayılda, Füzuldə, Zəngilanda, Qubadlıda,  xalqımızın milli kimliyinin təsdiqi olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanmağa başladı. İranla dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarət tam təmin olundu. Laçın, Xocavənd və Tərtər rayonlarının kəndləri də daxil olmaqla, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan təmizləndi.

Prezident İlham Əliyev müsahibələrinin birində demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır. Əgər 1992-ci ildə Azərbaycanda mərkəzi hakimiyyət güclü olsaydı, siyasi çəkişmələr baş verməsəydi, Şuşa heç vaxt işğal olunmazdı. Bu baxımdan Vətən müharibəsində Azərbaycan ictimaiyyəti Şuşanın azad edilməsini böyük səbirsizliklə gözləyirdi.

2020-ci il noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisə oldu. Təsadüfi deyil ki, cənab İlham Əliyevin həmin gün Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi Azərbaycanın hər yerində  böyük coşqu ilə qarşılandı.

Öz ərazilərini işğaldan təmizləməklə Azərbaycan Ermənistanı, ilk növbədə, BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etdi. Öz xoşu ilə vaxtilə qətnamələrin tələblərini yerinə yetirməyən işğalçı indi qəhrəman ordumuz tərəfindən cəzalandırılaraq torpaqlarımızdan qovuldu.

 

Ermənistana diplomatiya və informasiya cəbhəsində də zərbə vuruldu

 

Bu qələbənin əsas mühüm tərəfi Prezident İlham Əliyevin 44 gün ərzində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi oldu. Haqlı olaraq Azərbaycan ictimaiyyəti İlham Əliyevin qətiyyətini zəfərimizin ən əsas şərtlərindən biri kimi qəbul edir.

Azərbaycanın bu müharibəni qələbə ilə başa vuracağı hərbi əməliyyatların ilk günlərindən aydın idi. Lakin biz həm də beynəlxalq təzyiqlərin qarşısını almalı idik.  Döyüşlərin ilk günündən dünya erməniliyi Azərbaycana qarşı təzyiq rıçaqlarını işə saldı. Bu mənada İlham Əliyev Ali Baş Komandan olaraq yalnız döyüş meydanında mübarizə aparmadı. İlham Əliyev dövlət başçısı kimi həm də siyasət meydanında, diplomatiya cəbhəsində erməni təəssübkeşlərinə və dünya erməniliyinə qarşı qətiyyətlə mübarizə apardı. Azərbaycana qarşı döyüşlərin ilk günlərindən başlayan və bu gün də davam edən haqsız reaksiyaların şahidi olduq. Hətta Fransa prezidenti bütün siyasi normaları aşaraq Ermənistanın müdafiəçisinə çevrildi, ölkəsinin neytrallığını unudaraq tamamilə ermənipərəst mövqe tutdu. Amma heç kim Azərbaycan Prezidentini öz yolundan dayandıra bilməzdi.

Fransanın təşəbbüsü ilə BMT-dən Azərbaycana qarşı qətnamənin də qəbuluna cəhd edildi.  Lakin İlham Əliyev bütün bu təzyiqlərə sərkərdə qətiyyəti ilə cavab verdi, ermənipərəst siyasətçiləri yerlərində oturtdu, o cümlədən BMT-də məlum qətnamənin qəbulu baş tutmadı. ATƏT-in Minsk qrupunun üzvləri, əsasən də Fransanın hazırladığı bu layihədə Ermənistanın milli maraqları ifadə olunmuş, BMT-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə istinad edilməmişdi. Lakin Azərbaycan Prezidentinin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan dövlətlər həmin layihənin qəbul edilməsinə imkan vermədilər. Bunun da nəticəsində ordumuz uğurlu hərbi əməliyyatlarını inamla davam etdirdi, hər gün yeni yaşayış məntəqələri işğaldan azad edildi.

 

Müharibədə iştirak etmiş hər bir şəxs qələbəmizin bir parçasıdır

 

Azərbaycan Ordusu bu müharibədə qüdrətini nümayiş etdirdi, peşəkarlıq nümunəsi ortaya qoydu. Ermənistanın 30 il ərzində hərbiləşdirdiyi, mürəkkəb müdafiə mövqeləri qurduğu torpaqlarımızın cəmi 44 gün ərzində azad edilməsi dünya hərb tarixinin ən möhtəşəm hadisələrindən birinə  çevrildi. Ordumuz böyük şücaət göstərərək, çətin iqlim və ağır relyefdə hər qarış torpağımız uğrunda qəhrəmancasına mübarizə apardı, bütün növ döyüş qabiliyyətinə hazır olduğunu nümayiş etdirdi.  Bütün dünya Ali Baş Komandan başda olmaqla, Azərbaycan hərbçilərinin qəhrəmanlıqlarından bəhs etdi.

Bu müharibədə strateji və taktiki hərbi əməliyyatlarımız dünya hərb tarixində yeni bir səhifə açdı. Təsadüfi deyil ki, Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların strategiyası və taktikası tanınmış ekspertlər tərəfindən araşdırılır, dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunur.

Bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı  hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar. Prezident İlham Əliyevin dediyi kimi,  bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir. Onu da qeyd edim ki, İlham Əliyev əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə, şiddətli döyüşlərin getdiyi bir vaxtda - sentyabrın 29-da Mehriban xanım Əliyeva ilə birlikdə yaralanmış hərbçilərlə görüşmüşdü. Döyüşlər bitəndən dərhal sonra da Ali Baş Komandanın Mehriban Əliyeva ilə birlikdə ilk qələbə təbrikini çatdırdığı insanlar hərbçilər oldu. Bu Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibətinin, onlara yüksək diqqətinin növbəti təcəssümüdür.

İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailələri, valideynləri, yaxınları, həmçinin hər iki müharibədə əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin dövlət başçısı olduğu dövrdən bu kateqoriyadan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas siyasi xəttini təşkil edir. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin olunur, digər problemləri aradan qaldırılır. Bu ənənə Ümummilli Liderin müzəffər davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Tarixi Qələbəmizin təmin olunduğu Vətən müharibəsi başa çatandan dərhal sonra Azərbaycan Prezidenti şəhid ailələri, qazilər, müharibə iştirakçıları, həmçinin müharibədən ziyan çəkmiş insanlarımız barədə göstərişlər verdi, onlar tamamilə dövlətin qayğısı altına alındı. Ölkə Prezidentinin sərəncamları ilə müharibə iştirakçıları medallarla təltif edildilər, layiq olduqları statusu qazandılar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin onlara diqqətinin göstəricisidir.

Xalqımız şəhidlərimizi böyük ehtiramla anır, xatirələrini əziz tutur, qazilərimizə hörmətlə yanaşır. Çünki müharibədə iştirak etmiş hər bir şəxs qələbəmizin bir parçasıdır. Bu həm də bizim vətəndaşlıq borcumuzdur. Onlar Vətənimizin birliyi, suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını belə əsirgəmədilər.

Onu da xüsusilə qeyd etmək istərdim ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin ardıcıl və planlı şəkildə həyata keçirilməsi cəmiyyət tərəfindən təqdir olunur. Son olaraq avqustun 26-da - hələ müharibənin başa çatmasından bir il keçməmiş şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına dövlət tərəfindən 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olundu.  Həmin mərasimdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən iştirakı onların bu məsələyə nə qədər xüsusi diqqət yetirdiklərinin bariz nümayişidir. Dövlət başçısı şəhid ailələri ilə, qazilərlə şəxsən görüşdü, hərbçilərimizin qəhrəmanlıqlarından bir daha söz açdı. Görünən odur ki, dövlətimiz həmişə onların yanındadır, bütün problemlərinin həlli istiqamətində əlindən gələni edir. 1997-ci ildən bu günə kimi şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi bu cür sosial layihələrin icrasına diqqət yetirilmir. Bu, dövlətimizin humanist xarakterli siyasi fəaliyyətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. Belə ki, 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.

Dövlətimizin diqqət və qayğısı bununla məhdudlaşmır, şəhid ailələri və veteranlar işlə təmin olunur, özünüməşğulluq proqramına, ictimai işlərə cəlb edilir, onlara reabilitasiya xidmətləri göstərilir, həmçinin yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir, yeni nəsil protezlərlə təmin edilir.

 

Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işləri ölkəmizin iqtisadi qüdrətindən xəbər verir

 

 Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə abadlıq və quruculuq işlərinə başlayıb. Yeni avtomobil yolları çəkilir, hava limanları tikilir, müasir kənd və qəsəbələr salınır. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə şəxsən özü nəzarət edir. Mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, görülən işlərin gedişi ilə maraqlanır, yeni infrastruktur layihələrinin təməlini qoyur. Bu, Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərimizə nə qədər önəm verdiyinin təzahürüdür.

Dövlət başçısının hər dəfə işğaldan azad olunan ərazilərimizə səfərləri xalqımız üçün yeni müjdələrdən xəbər verir. Bu səfərlər zamanı açılışı olan və təməli qoyulan layihələr Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin kompleks miqyasından xəbər verir. Çətin keçilən relyefə malik ərazilərimizdə müasir standartlara cavab verən yolların çəkilməsi, tunellərin inşası uzun zaman və böyük məbləğdə maliyyə vəsaiti tələb etsə də, dövlətimiz bunların öhdəsindən uğurla  gəlir.

İşğaldan azad olunan ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur. Bir fakta diqqət çəkmək istəyirəm. Biz hələ də tam sovuşmayan pandemiya şəraitində yaşayırıq. Bilirik ki, pandemiya bütün dövlətlərin iqtisadi əsaslarını laxlatdı, sosial vəziyyəti ağırlaşdırdı. Həm də biz müharibədən çıxmış bir dövlətik. Müharibə aparmaq və bu müharibədə qalib gəlmək böyük iqtisadi güc tələb edir. Azərbaycan iqtisadiyyatı hər iki sınaqdan üzüağ çıxdı. Eyni zamanda müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə başlanması dediklərimizi bir daha təsdiq edir. Bütün bu uğurların önündə Prezident İlham Əliyevin düzgün qurulmuş iqtisadi siyasəti dayanır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu da işğaldan azad olunmuş ərazilərimizin bərpasına verilən çox böyük bir institusional töhfədir. Bu fonda məbləğindən asılı olmayaraq, böyük həvəslə vəsait köçürən hər bir azərbaycanlının işğaldan azad edilmiş ərazilərin bərpasına töhfəsi olacaq. Bu, əlbəttə ki, bizim milli-mənəvi birliyimizi möhkəmləndirir, Vətən, torpaq, yurd sevgisini daha da artırır. Fondun yaradılması ilə ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti özünü daha qabarıq şəkildə göstərir. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edir, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirir. Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, fondun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür. Əminliklə demək olar ki, məhz bu siyasətin məntiqi nəticəsi olaraq, ən qısa zamanda ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər salınacaq, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək.

44 günlük Vətən müharibəsindəki Zəfər tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Bu Zəfərin memarı  Prezident İlham Əliyevdir. Respublikamızın yüksəlişini, inkişafını təmin edən Prezident İlham Əliyev Azərbaycanın yeganə ağrılı probleminə də qətiyyətlə son qoydu.  Azərbaycan həm də Ermənistanın boş, utopik işğal planlarını və xülyalarını puç etdi. Əgər erməni faşizmi baş qaldırmağa cəhd etsə, başının üstündə “dəmir yumruğ”u görəcək. Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günü münasibətilə xalqımıza müraciətində dedi: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Artıq regionda yeni reallıqlar hakimdir. Ermənistanın bu reallıqların tələblərinə əməl etməkdən başqa yolu yoxdur. Çünki əks-təqdirdə Azərbaycanın “dəmir yumruğ”unu hiss edəcək.

 

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video