17 Aprel 2021 00:33
3699
SİYASƏT
A- A+

Qalib dövlətin Zəfər simvolu

 

Hərbi Qənimətlər Parkı Böyük Qələbənin əbədiləşdiyi tarixi istinad mənbəyimizdir

 

300-dən çox eksponat - 150-dək ağır texnika, tank, döyüş maşını, artilleriya qurğusu, zenit-raket kompleksi, atıcı silah, hərbi nəqliyyat, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, istehkamlar, hərbi kazarmalar və daha nələr, nələr...

Beş ay öncə savaş meydanında irəliləyərək bağrıma basdığım Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocavəndin qanla yoğrulan torpaqlarında bu mənzərəyə canlı şahidlik etdikcə, yorulan ayaqlarıma təpər gəlirdi sanki...

Döyüş ruhum yüksəlirdi, bütün varlığımla qələbəyə, şanlı Zəfərə doğru irəlilədiyimizi hiss edirdim və ömrümün ən şərəfli, ən mənalı anlarını yaşayırdım həmin vaxtlar...

Aylar sonra həmin mənzərəyə yenidən tamaşa etmək, o anları yenidən yaşamaq isə ayrı bir sevinc hissi idi. Savaş günlərinə qayıtmışdım bir anlıq...

Amma bircə fərq var idi, əlimdəki silah yox, qələm idi. Bu dəfə döyüşçü kimi deyil, jurnalist kimi gördüklərimi qələmə alırdım Hərbi Qənimətlər Parkında...

 

Müharibəni xatırladan nadir məkan

 

Bu parkın yaradılması ərazi bütövlüyümüzün bərpası 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və ermənilər tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş etdirilməsi məqsədini daşıyır.

Tarixi Zəfərin əbədiləşdirilməsi üçün paytaxtın Xətai rayonunda ümumi sahəsi 5 hektar olan ərazidə açıq səma altında yaradılmış bu nadir məkanın elə yanından keçərkən ordumuzun qalibiyyət dastanı yada düşür, özünü döyüş bölgəsində hiss edirsən və savaş günlərində baş verənlər yenidən göz önündə canlanır.

Burada informasiya mərkəzi və suvenir satışı məntəqəsi də var. İnformasiya mərkəzində parkdakı bütün eksponat, kompozisiyalar haqqında məlumatlar var və hətta onların hansı sırada yerləşdiyi də göstərilir. Suvenir satışı məntəqəsi informasiya mərkəzi ilə üzbəüzdür. Parka təşrif gətirənlər buradan xatirə üçün Vətən müharibəsinə aid suvenirlər və hərbi geyim əşyaları da əldə edə bilərlər.

 

Avtomobil nömrələrindən ibarət lövhə

 

Burada sərgilənən qənimətlər müxtəlif istiqamətlidir. Parkda hərbi-zirehli texnikalarla yanaşı, bir-birindən maraqlı kompozisiyalar da quraşdırılıb.

 Buradakı hər bir element demək olar nadirdir. Parkı hazırlayanların kreativ ideyaları da diqqəti çəkir. Məsələn, oturacaqların alt hissəsi qənimət kimi götürülmüş mərmi yeşiklərindən düzəldilib. Ərazidəki işıqlandırma sistemi mərmilərin ərintilərindən  hazırlanıb. Zibil qutuları top gilizlərindən hazırlanıb.

Maraqlı lövhələrdən biri isə ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət kimi götürdüyü  avtomobillərin nömrə nişanından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” yazılan lövhədir. Bu lövhə Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. Burada həmçinin müharibənin gedişatını əks etdirən lövhə də diqqəti çəkir.

 

Texnikalar, boş qalmış dəbilqələr, rels üzərində hərəkət edən minaatanlar

 

Savaş günlərində bəlkə də ən çox rast gəldiyimiz əşya erməni əsgərinin boş qalmış dəbilqələri idi. Bizim onlara ehtiyacımız olmadığı üçün əksəriyyəti ayaqlar altında təpiklənə-təkiplənə əzilirdi, qırılırdı. Parkda yaradılan həmin kaskalardan ibarət kompozisiya dərin fəlsəfi mənası ilə diqqəti cəlb edir. Düşmən hərbçisinin boş qalmış dəbilqələri onu göstərir ki, erməni əsgəri nə qədər pulsuz silah-sursat, hərbi texnika ilə təchiz olunsa da, yenə Azərbaycan hərbçisi qarşısında aciz imiş. Vətən müharibəsində yüksək döyüş ruhu ilə savaşan Azərbaycan əsgəri qarşısında heç bir zireh tab gətirə bilməzdi. 

Parkdakı bütün texnikalar yararsız vəziyyətdə deyil.  Yəni saz vəziyyətdə olanları da var. Məsələn, buradakı 57 zirehli texnikanın 18-i, 30 artilleriya qurğusundan 11-i, 49 avtomobil texnikasından 11-i işlək vəziyyətdədir.

Silah-sursat eksponatlar sərgisi iki hissəyə bölünür və burada nasaz silah yoxdur. Birinci eksponatlarda 15, ikincisində isə 27 saz müxtəlif iriçaplı silahlar var. 

Hətta düşmənin KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika da saz vəziyyətdədir. Eləcə də bir neçə ağır texnika- T-72 tankları, piyadaların döyüş maşınları, 2 S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “OSA” zenit-raket kompleksi və digər eksponatları da bu sıraya daxil etmək olar. Hər texnikanın qarşısında quraşdırılmış məlumat lövhəsi imkan verir ki, gördüyün zirehli texnika, silah-sursatla bağlı ətraflı məlumat ala biləsən.

Düşməndən qənimət götürülmüş iriçaplı minaatanlar da diqqətdən yayınmır. Bu minaatanlar kustar üsulla hazırlanmış rels üzərində hərəkət edən silahlardır, hansı ki, savaş zamanı ordumuza qarşı onlardan istifadə olunurdu. Özəllik ondan ibarətdir ki, bu minaatanlar relslə arxaya doğru çəkilir, atəş açılır, daha sonra gizlədilirdi. Bu da atəş nöqtəsini müəyyən etmək üçün çətinlik yaradırdı. Amma ordumuzun artilleriya bölmələri onları da dəqiq atışlarla zərərsizləşdirə bilirdilər.

 

Düşmən bunkerləri - 10 elementdən ibarət mühəndis maneələr

 

Şanlı Zəfər tariximizin bir hissəsinə çevrilmiş parkın ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis maneələr sistemini ehtiva edən ərazidir.

Birinci sədd avtomobil və zirehli texnikaların keçə bilməməsi üçündür. Düşmən xəndəyi qazarkən torpağı öz tərəfinə tökürmüş ki, hücum edən bölmələr xəndəyi asanlıqla doldura bilməsin.  İkinci sədd tank əleyhinə mina sahəsi məqsədilə qurulur. Mina sahəsi 2-3 cərgəlidir, minalararası məsafə 4-5.5 metr, cərgələrarası məsafə isə 5 metrdir. Üçüncü səddəki tank əleyhinə dirəklər texnikaların hərəkətini məhdudlaşdırır. Dördüncü səddəki metal kirpilər isə texnikaların hərəkətini əngəlləmək üçündür. Beşinci sədd alçaq dirəklər üzərində tikanlı məftildən hazırlanmış tordur. Bu maneə 3 metr enində qurulur, canlı qüvvənin keçə bilməməsi üçün tətbiq olunur. Altıncı sədd  hündür dirəklər üzərində tikanlı məftildən hazırlanmış tordur. 1-1.5 metr hündürlükdə, dirəklərdə qurulur. Şəxsi heyətin və texnikanın keçə bilməməsi üçün əngəl yaradır, keçə bilmək qabiliyyətini azaldır. Yeddinci sədd piyada əleyhinə mina sahəsidir. Üç və daha çox cərgədə qurulur. Canlı qüvvənin tələfat verməsi məqsədilə tətbiq olunur. Səkkizinci sədd az nəzərəçarpan məftil maneədir. Bu, canlı qüvvənin hərəkətini əngəlləmək məqsədilə istifadə edilir. Doqquzuncu sədd isə tikanlı məftildir. Bu maneə 2-3 cərgəli qurulur və şəxsi heyətin hərəkətini əngəlləyir. Nəhayət, onuncu sədd isə səngər üzərində qurulmuş lent tipli məftil maneədir.

Düşmən bu maneələr sistemini əsasən Füzuli və Cəbrayılda 9 sədd, Tərtər-Ağdamda 6 sədd, Goranboy istiqamətində isə 3 sədd həddində quraşdırmışdı. Ancaq Azərbaycan əsgəri keçilməz adlanan bu sədləri yeni döyüş taktikası ilə adlayaraq düşmənə uzun müddət unuda bilməyəcəyi ağır zərbələr endirdi.

30 il ərzində möhkəmləndirilən bunkerlərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması yerləşirdi. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri var. Bunkerin içərisindəki əşyalar da vaxtı ilə düşmənə məxsus olan ləvazimatlardır- plakatlar da, şəkillər də, hətta yerə döşənən üzlük daşları da...

Yataq və komanda otaqlarında erməni hərbçilərinin müqəvva-maketləri də yaradılıb. Yaralı əsgərlərin üzlərindəki iztirab və qorxu, zabitlərin aciz vəziyyəti çox maraqlı formada təsvir edilib. Burada zəncirlənmiş erməni əsgərlərinin maketlərini də görmək olar. Bu da tam reallığı əks etdirir. Çünki savaş vaxtı erməni zabitləri əsgərlərin səngərləri tərk edib qaçmaması üçün bu rəzilliyə əl atırdılar. Özləri şərəfsizcəsinə döyüş meydanından qaçır, zəncirlənmiş erməni əsgərləri isə ağ bayraq qaldıraraq təslim olurdular.

Burada nəzarət sistemi də olduğu kimi qurulub. Erməni hərbçiləri məhz bu sistemlə işğal altında olan əraziləri kameralarla nəzarətdə saxlayırdı. Divardan asılmış xəritədə isə ordumuzun hərbi birləşmələrinin hücum istiqamətləri əks olunub.

Yeraltı yollar birbaşa səngərlərə çıxır. Səngərlərdə olan avtomobil təkərləri, beton qalıqları da döyüş bölgəsindən gətirilib və bütün elementlər orijinaldır. Düşmənin iriçaplı pulemyotları müxtəlif istiqamətlərə tuşlanıb. Burada eyni zamanda Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində xidmət və məişət şəraiti öz əksini tapıb. Düşmən ordusunun bölmələrinin döyüş mövqelərində təchiz edilmiş əsgər yataqxanası da olduğu kimi qurulub.

 

Dəmir yumruğun gücünü sübut edən məkan

 

Parkın ərazisində hərbi çadır altında qurulan “Kinozal” otağında Vətən müharibəsinə aid videoçarxlar və qısametrajlı filmləri izləmək mümkündür. Burada həmçinin fiziki qüsurlu vətəndaşlar üçün istirahət yerləri, sanitariya qovşağı, kofe və çay guşəsi də hərbi üslubdadır. Parkda müxtəlif  texniki və bələdçi fəaliyyəti ilə məşğul olan 80 nəfərdən yuxarı işçi heyəti mövcuddur.

Yay mövsümündə park həftənin bütün günləri səhər saat 10:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərəcək.

Ümumiyyətlə, bu park, əslində, dəmir yumruğun zərbə gücünü sübut edən məkandır. Parka gələcək insanlar burada yaradılan qurğuları gördükdən sonra həmin mövqeləri rəşadətli Azərbaycan Ordusunun necə yarması, necə böyük qəhrəmanlıq göstərməsi barədə təsəvvür ala biləcəklər. Çünki erməni hərbi texnikaları hərbi qənimət kimi bu parkda sərgilənir. 

Əminəm ki, qısa zaman ərzində bu park Bakının ən çox ziyarət edilən məkanlarından biri olacaq. Buraya təşrif buyuran insanların simasındakı qürur hissi, uşaqların sevinci könül oxşayır. Elə bu xoş təəssüratlarla da parkı tərk edirik.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video