21:25 06 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qalib Azərbaycan Qarabağın dirçəldilməsi ilə məşğuldur

ANA SƏHİFƏ / SİYASƏT
00:49 22.01.2021

 

Məğlub Ermənistan isə əhalisinin xaricə növbəti köçünün qarşısını almaq üçün yollar axtarır

 

Xəbər verildiyi kimi, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri baş tutub. Görüşlərin yekunu ilə bağlı üçtərəfli bəyanat imzalanıb.

Bəri başdan deyək ki, üçtərəfli görüş ermənilərin son ümidlərini də puç etdi. Sirr deyil ki, onlar Rusiya paytaxtında keçirilən görüşlə bağlı “bəlkə də qaytardılar” xülyasına düşmüşdülər. Ümid edirdilər ki, hərb meydanında itirdiklərini bəlkə diplomatiya cəbhəsində qaytara bildilər. Ancaq belə olmadı. Mətbuata açıqlanan birgə bəyanatdan məlum oldu ki, N.Paşinyanın qaldırdığı Dağlıq Qarabağın statusu məsələsi barədə görüşlərdə heç bir söhbət getməyib. Bununla belə, Paşinyan bildirib ki, bu məsələni həmsədr dövlətlər olan ABŞ və Fransa ilə müzakirə edəcək.

Birincisi, Fransanın xarici işlər naziri bu yaxınlarda bəyan etmişdir ki, onun hökumətinin əsas məqsədi Azərbaycanla korlanmış münasibətləri düzəltməkdir. ABŞ-ın başı isə seçkilərdən sonra baş verən qarşıdurmanın aradan qaldırılmasına qarışıb.

İkincisi, bu görüşdən sonra bir daha aydın oldu ki, Nikol Paşinyan siyasətdə piyadadır. O hələ nəyin baş verdiyini başa düşməyib. Anlasaydı, bilərdi ki, onun gözlədiyi qatar iki aydan çoxdur gedib.

O ki qaldı əsirlərin dəyişdirilməsinə, Paşinyan bu məsələdə də haqsızdır. Çünki Azərbaycan noyabrın 26-da, yəni məlum saziş imzalanandan sonra Ermənistandan ölkəmizə göndərilən silahlıları beynəlxalq qanunlara görə terrorçu hesab edir və onlar törətdikləri konkret cinayətlərə görə cavab verməlidirlər.

Ümumiyyətlə, ermənilərin bütün məğlubiyyətləri onların “Böyük Ermənistan” qurmağa hesablanmış, əsrləri aşan millətçilik ideologiyası ilə bağlıdir. Onlar bu ideologiyanı bir zamanlar sığındıqları Türkiyədə həyata keçirməyə cəhd göstərdilər. Osmanlı imperiyasının süqutunu tarixi fürsət bilib Türkiyəyə qarşı xəyanət etdilər. Lakin istədiklərinə nail ola bilmədilər.

Əvəzində tarixi Azərbaycan torpaqlarına köçərək öz qanlı əməllərini davam etdirməyə qərar verdilər. Amma bu dəfə istədikləri alındı. Çar və sonradan bolşevik Rusiyasının köməyi ilə əzəli Azərbaycan torpağında özlərinə Ermənistan dövləti yaratdılar. Ancaq bununla kifayətlənmədilər. Azərbaycanla Ermənistan SSRİ-nin tərkibində olduğu illərdə onlar Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə çıxış etdilər. Təbii ki, onlara bu cəsarəti verən SSRİ-nin rəhbəri Qorbaçov idi.

Məhz onun sayəsində cəzasız qalan ermənilər Dağlıq Qarabağ və ətraf rayonları işğal edib yerli əhalini doğma yurdlarından qovdular. Və bununla Azərbaycanın 20 faiz ərazisinin təxminən 30 illik işğal dövrü başladı.

Ta keçən il sentyabrın 27-dək. Həmin gün növbəti erməni təcavüzündən sonra işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatı başlandı. 44 günlük döyüşlərdə işğalçı Ermənistan ordusu darmadağın edildi, tarixi Zəfər qazandıq. Bununla ermənilərin Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılması iddiasına son qoyuldu.

Hazırda Ermənistan bu acı məğlubiyyətdən sarsılmış vəziyyətdədir. Qələbəmiz Ermənistan cəmiyyətində məyusluq və parçalanmaya səbəb olub. İndi ermənilər “firavan vətən” axtarışına çıxmağa hazırlaşırlar. Koronavirus pandemiyasının başa çatmasını gözləyirlər, sərhədlərin açılmasının intizarındadırlar.

Ermənistana rəhbərlik edənlər də bunu yaxşı başa düşürlər. Onlar böyük köçün qarşısını almaq üçün müxtəlif üsullara əl atırlar. Dünyada may ayında koronavirus təhlükəsinin azalacağı barədə qəti fikir mövcud olsa da, Ermənistanda indidən cari il iyulun 11-dək karantin rejiminin davam etdirilməsi barədə qərar verilib. Bunun iki səbəbi var. Birincisi, N.Paşinyan bu yolla kütləvi etiraz tədbirlərinin qarşısını almaq istəyir. İkincisi isə, Ermənistan iqtidarı bununla ölkədən başlanacaq böyük köçün qarşısını almağa çalışır.

Bu gün Ermənistanda əhali arasında ən çox müzakirə olunan mövzu ölkədən mühacirət etməkdir. “Böyük Ermənistan” yaratmaq xəyalları puç olub, işğal etdikləri Azərbaycan torpaqlarından birdəfəlik qovulublar, Ermənistanda yaşanılası deyil. Daha nə etməlidirlər ki?!

Şübhəsiz ki, bu köçhaköçə Qarabağda yaşayan ermənilər də qoşulacaq. Onların əlində “müharibədən ziyan çəkmiş tərəf” kimi bəhanə də var. Bu, onlara inkişaf etmiş Avropa ölkələrində məskunlaşmaq üçün yaxşı fürsətdir. Onsuz da bu vətənsizlər dünyaya səpələnməyə adətkardırlar.

Moskvada üç ölkənin rəhbərlərinin görüşü Azərbaycanın qalib, Ermənistanın isə məğlub ölkə olduğunu bir daha göstərdi. İmzalanan bəyanatda əksini tapan 4 bəndin hər birində ölkəmizin iqtisadi və siyasi maraqları nəzərə alınıb. Bu bəyanatın bəndlərinə diqqət yetirdikdə görürük ki, Prezident İlham Əliyev hələ Rusiya paytaxtına getməmişdən əvvəl ölkəmizin maraqlarının nədən ibarət olduğunu demişdisə, onlar həmin sənəddə öz əksini tapıb. Naxçıvan Muxtar Respublikasına dəhlizin açılması böyük istəyimiz idi. Bu, həm də region ölkələrinin marağındadır. Mehri yolunun açılması ilk növbədə Azərbaycanla Türkiyə arasında bağları daha da möhkəmləndirəcək və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın nəqliyyat blokadasına son qoyacaq.

44 günlük müharibədən sonra üç ölkə arasında iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan Moskva bəyanatının qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi yalnız perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM