23 Iyul 2021 01:41
592
CƏMİYYƏT
A- A+

Prezidentin dəstəyi mətbuata davamlı nailiyyətlər qazandırır

 

YAP Mərkəzi Aparatında 22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüş keçirilib

 

İyulun 22-də Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 22 İyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib. Görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan milli mətbuatının yaranmasının 146 ilinin tamam olduğunu deyən Tahir Budaqovun sözlərinə görə, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı cəmiyyətin güzgüsü olub, insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Ötən 146 ildə Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb.

YAP Sədrinin müavini qeyd edib ki, keçmiş sovetlər ittifaqı dövründə də Azərbaycan mətbuatı öz milliliyini qoruyub saxlamağa nail olub: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatımızın inkişafında yeni mərhələ başlayıb. Bu dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən milli mətbuatımıza dövlət qayğısının əsası qoyulub, senzura ləğv edilib, mətbuat haqqında qanunvericilik bazası yaradılıb, KİV-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.”

Tahir Budaqov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu  bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmaqdadır. Bildirilib ki, dövlət başçısının siyasəti nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyətində əhəmiyyətli uğurlar əldə olunub, eləcə də jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Cənab Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımızın daha da inkişafına xidmət edəcək.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsində də rolunu  xüsusi vurğulayıb. Qeyd edib ki, müharibə zamanı jurnalistlər döyüş bölgələrindən operativ informasiyalar verib, ordumuzun uğurları haqqında xalqa müfəssəl məlumatlar çatdırıblar. Eləcə də Ermənistanın hərbi cinayətlərinin yerli və dünya ictimaiyyətinə çatdırılmasında KİV nümayəndələrinin böyük əməyi var. Tahir Budaqov həmçinin müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olduğunu da diqqətə çatdırıb. Azərbaycan xalqı peşə borcunu yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini daim yad edəcək. Cənab Prezidentin şəhid jurnalistlərin ailələrini mənzillə təmin etməsi isə bir daha dövlətimizin şəhid ailələrinə qayğısının nümunəsidir.

Postmüharibə dövründə də informasiya müharibəsinin davam etdiyini deyən Tahir Budaqov Azərbaycan mediasının bu dövrdə də öz missiyasını uğurla yerinə yetirdiyini qeyd edib. Həmçinin bildirilib ki, 22 İyul-Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə keçirilən görüş ənənə halını alıb və Yeni Azərbaycan Partiyası mətbuatla əməkdaşlığa daim böyük önəm verir. Yeni Azərbaycan Partiyası bundan sonra da əməkdaşlığın güclənməsində maraqlıdır.   

Sonra görüşdə iştirak edən jurnalistlərə mükafatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video