04 Yanvar 2019 01:35
660
SİYASƏT
A- A+

Prezidentin amalı


Güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək


Geridə qalan 2018-ci il dövlətlərin tarixində müxtəlif hadisələrlə yadda qaldı. Lakin ili xoş ovqatla başa vurmaq ölkələrin hamısına nəsib olmadı. Aralarında müharibələrdən, sosial-iqtisadi tənəzzüldən, siyasi qarşıdurmalardan əziyyət çəkənlər çox oldu. Bəziləri isə uğursuzluq zolağından il boyu ümumiyyətlə xilas ola bilmədi.


2018-ci il Azərbaycan üçün uğurlu dövr oldu


Təbii ki, ili yüksək əhvali-ruhiyyə ilə başa vuranlar da az oldu. Əgər belə dövlətlərin adlarını bir-bir sadalasaq, Azərbaycan öncüllər sırasında yer tutar ki, bunun da kifayət qədər obyektiv səbəbləri var. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbrikinin əvvəlində 2018-ci ilin ölkəmiz üçün uğurlu dövr olduğunu bəyan etdi: "Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”.

Cənab İlham Əliyevin sözlərindəki həqiqəti daha yaxından anlamaq üçün ötən il ərzində Azərbaycanda cərəyan edən siyasi-iqtisadi proseslərə diqqət yetirmək kifayət edir. Cənab Prezident təbrikində bu məsələlərə qısa da olsa nəzər salır.

Başlayaq ondan ki, planetimizin real mənzərəsi ürəkaçan deyil. Əfsuslar olsun ki, son illərdə beynəlxalq münasibətlərdə özünü göstərən ziddiyyətlər aradan qalxmaq əvəzinə daha da dərinləşir. Söndürülən hansısa müharibə ocağının yerinə başqası alovlanır. Hərbi-siyasi, milli-dini toqquşmalar, ayrı-ayrı qütblərdə dayanan dövlətlərin intensivləşən siyasi çəkişmələri bitmək bilmir. Hər ötən gün geosiyasi mübarizənin və hərbi ritorikanın yüksəlməsi ilə yadda qalır. Azərbaycanda isə tamamilə fərqli ab-hava hakimdir. Dövlət başçısının təbrikində qeyd edildiyi kimi, Azərbaycan sabitlik məkanıdır və bunun əsas səbəbi xalq-iqtidar birliyidir.

Bəli, sabitlik və əmin-amanlıq dövlətimizin uğurları sırasında mühüm yer tutur. Sabitlik inkişaf, qeyri-sabitlik isə tənəzzül və anarxiya deməkdir. Azərbaycanda 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əsası qoyulan sabitlik Prezident İlham Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi ilə daha da möhkəmlənib. İndi bu sabitliyi heç bir qüvvə poza və ya sarsıda bilməz.


Siyasi-ictimai nailiyyətlərlə zəngin il


2018-ci ilin ölkəmiz üçün başqa bir özəlliyi isə həm də siyasi-ictimai hadisələrlə zəngin olmasıdır. İlin ən böyük siyasi hadisəsi, təbii ki, aprel ayında keçirilən prezident seçkiləri oldu. Aprelin 11-də keçirilən prezident seçkiləri bir daha təsdiq etdi ki, respublikamız demokratiya yolu ilə inamla irəliləyir. Ona görə də bu mühüm siyasi hadisə bütün parametrləri ilə Azərbaycanın tarixinə demokratik və azad seçkilərdən biri kimi düşdü. Seçkinin nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən populyar xarici KİV tərəfindən də yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin olduqca ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratik dəyərlər yolu ilə inkişaf etdiyi birmənalı şəkildə öz əksini tapdı.

Səsvermənin nəticəsi isə cəmiyyətimizin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən, ölkəmizi inkişaf yoluna çıxaran siyasi kursun alternativsizliyini bir daha sübuta yetirdi. Bu seçki də, əvvəlkilər kimi, xalqımızın müdrik və dəyişməz seçiminə əsaslandı. Ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, bu kursun davamçısı kimi ötən 15 ildə Azərbaycanın bütün uğurlarının müəllifi olan cənab İlham Əliyevə səs verdilər. Xalqımıza təbrikdə cənab İlham Əliyev bu barədə deyir: "Bu il ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

2018-ci il yubileylər dövrü kimi tarixə düşərək ölkəmizin ictimai həyatında mühüm hadisələrlə əlamətdar oldu. Azərbaycan xalqı ötən il ulu öndər Heydər Əliyevin 95 illik yubileyini böyük təntənə ilə qeyd etdi. İlin başqa bir hadisəsi isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi oldu. Azərbaycanın beynəlxalq mövqeyi və xarici siyasəti baxımından başqa bir mühüm hadisə isə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı konvensiyanın imzalanmasıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu, tarixi nailiyyətdir.


Regiona və dünyaya səs salan meqalayihələr


Təbii ki, yuxarıda sadalanan hər bir məsələ Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və nüfuzunun yüksəlməsi baxımından kifayət qədər mühüm əhəmiyyətə malikdir. Lakin bunlarla yanaşı, iqtisadiyyat, nəqliyyat və enerji təhlükəsizliyi sahəsində reallaşan layihələr 2018-ci ildə Azərbaycanın möhtəşəm uğurları kimi tarixə düşdü.

Bu layihələrdən ikisi may ayında başa çatdırılaraq istifadəyə verildi. Bunlardan biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Bu kompleksin istifadəyə verilməsi Azərbaycanın yerləşdiyi bölgədəki aparıcı rolunu bir qədər də yüksəltdi. Layihənin başa çatdırılması həm də onu göstərdi ki, ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla reallaşır.

Mayın 29-da rəsmi açılışı olan "Cənub qaz dəhlizi” isə Azərbaycanın enerji siyasətinin növbəti möhtəşəm uğuru kimi tarixə düşdü. "Cənub qaz dəhlizi”nin açılışı göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə layiqincə çatır. Bu hadisə ilə ölkəmizin həyatında və neft-qaz sənayesinin inkişafında yeni dövr başladı.

Bundan bir neçə gün sonra isə həyata keçirdiyi möhtəşəm neft-qaz layihələri ilə Avropanın enerji xəritəsinə dəyişikliklər etməyi bacaran Azərbaycanın növbəti qlobal təşəbbüsü həyata vəsiqə aldı. Təməli 3 il əvvəl, 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulan layihə üzrə bütün işlər həm Azərbaycanın, həm də Türkiyənin siyasi iradəsi ilə vaxtında icra edildi.

BTC neft və BTƏ qaz kəmərlərinin inşasının uğurla başa çatdırılmasına nail olan Prezident İlham Əliyev həm də ölkəmizin növbəti enerji layihələrinin müəllifidir. Reallıq ondan ibarətdir ki, həm "Cənub qaz dəhlizi”nin, həm də onun başa çatan seqmentlərinin həyata vəsiqə almasının təşəbbüskarı Prezident İlham Əliyevdir. Məhz İlham Əliyevin iradəsi, qətiyyəti, bu mürəkkəb layihənin ərsəyə gəlməsini diqqətdə saxlaması, prosesləri koordinasiya etməsi nəticə etibarilə Azərbaycandan Avropaya uzanan yeni qaz kəmərinin reallığa çevrilməsini şərtləndirdi.


Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir


Azərbaycanın həll olunmamış yeganə problemi ərazilərimizin işğal altında qalmasıdır. Lakin Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın yüksəlişi, əldə olunan siyasi-iqtisadi nailiyyətlər, ordumuzun qüdrətlənməsi, möhkəm beynəlxalq mövqelərimiz bizi sürətlə Böyük Qələbəyə aparır. Danışıqlar prosesində isə Azərbaycanın mövqeyi prinsipialdır.

2018-ci ildə Azərbaycan danışıqlar prosesində özünün diplomatik üstünlüyünü davam etdirdi. Bununla bərabər Azərbaycanda ordu quruculuğu daimi olaraq prioritetdir. Ötən il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə keçirilən hərbi paradlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi baxımdan dünyanın ən güclüləri sırasında yer almasının növbəti təsdiqi oldu. Azərbaycanın Naxçıvan istiqamətində həyata keçirdiyi uğurlu Günnüt əməliyyatı isə hələ də Ermənistanda iqtidarla müxalifət arasında mübahisə mövzusu olaraq qalır. Tərəflər Azərbaycanın bu uğuruna görə məsuliyyəti bir-birinin üzərinə atır. Prezident İlham Əliyev xalqa təbrikində bu məsələlərə toxunaraq deyib: "Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək”.

2018-ci il Azərbaycanda bütün sahələrdə uğurlarla əlamətdar oldu. O cümlədən iqtisadi sahədə ümumi daxili məhsul artdı, xüsusən qeyri-neft sektorunda bu göstərici 9 faizdən çox oldu. İxrac təxminən 40 faiz artdı, iqtisadiyyata 10 milyard dollar sərmayə qoyuldu. Bütün bunlar o reallığı təsdiq edir ki, islahatlar öz bəhrəsini verir. Bütövlükdə sadalanan bütün uğurlar cənab İlham Əliyevin Prezident kimi amalının və xalqa ləyaqətli xidmətinin nəticələridir. İllər isə bir-birindən uğurludur və 2019-cu ilin də möhtəşəm nailiyyətlərlə zəngin olacağı şübhəsizdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video