25 Aprel 2020 01:55
2596
SİYASƏT
A- A+

Prezidentə xalq məhəbbəti


Pandemiyaya qarşı mübarizə - karantin dövründə dövlət başçısının "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədi xalq-hakimiyyət vəhdətində özünün təsdiqini bir daha tapdı.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqının və dövlətinin ona inamı və güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, "gözə görünməz bəla” hesab edilən koronavirus pandemiyasından xilas olmaq üçün qətiyyətlə mübarizə aparır, "soyuq müharibə”nin gətirdiyi fəsadlardan az itki ilə çıxmaq yollarını arayır.

Bütün bunları xalq görür və əlbəttə, yüksək dəyərləndirir. Məhz bunun nəticəsidir ki, dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətləri cavabsız qalmadı. Bu da xalq-hakimiyyət vəhdətinin növbəti təcəssümüdür ki, dünya ictimaiyyəti də gördü və hətta bunu təqdir edərək nümunəyə çevirdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın bütün bölgələrindən gələn təşəkkür dolu məktublar səmimiyyətin etirafı ilə yanaşı, həm də dövlət başçısının hər sözünün xalq üçün daim qanun kimi ciddi olmasından soraq verir. Məktublar bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır ki, bu bəladan da tezliklə çıxacaq, birlikdə həmrəylik nümayiş etdirərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dəyən zərəri aradan qaldıracaq.


"Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur”


Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə respublikanın hər kiçik yaşayış məntəqəsindən belə gəlməkdə olan minnətdarlıq məktublarından da bu görünür və hiss edilir.

Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından Əbdül Əhməd oğlu Oruclu yazır: "Möhtərəm cənab Prezident, icazə verin, ailəmiz üçün ən çətin anlarda - atam Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çıxılmaz vəziyyətdə bizə etdiyiniz yardıma, göstərdiyiniz dəstək və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildirək.

Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə aparılan bu gərgin şəraitdə bizə göstərdiyiniz xüsusi diqqət, müxtəlif siyasi baxışlara məhəl qoymadan atdığınız nəcib addım Sizin ən yüksək insani keyfiyyətlərə malik əsl lider olduğunuzu bir daha təcəssüm etdirir. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük. Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq. Tanrı Sizi qorusun, cənab Prezident!”

Belə təşəkkür dolu məktublardan birini Zərdab rayonunun Qoruqbağı kəndindən ömrünün səksəninci fəslində koronavirus pandemiyasının dünyanı vahiməyə salmasına baxmayaraq, Azərbaycanda dövlət başçısının təşəbbüs və qətiyyətli addımları ilə həyata keçirilən qabaqlayıcı tədbirlərin bəhrəsinə inanan Mustafa Mustafayev yazıb. Məktubdan oxuyuruq: "Hörmətli cənab Prezident! Mənim 80, həyat yoldaşımın isə 68 yaşı var. Karantin rejiminə əməl edərək evdən çıxmırıq. Təqaüd və müavinətlər almaqla yanaşı, bu günlərdə xüsusi diqqət və qayğı ilə də əhatə olunuruq. Tez-tez ərzaq yardımı, müxtəlif hədiyyələr verirlər.

Cənab Prezident, dövlətimizin qərarları bizim üçün qanundur. Allah tezliklə bu bəlanı ölkəmizin başının üstündən yox etsin. Sizin xalqsevərliyiniz qarşısında baş əyirik. Ölkəmizin vətəndaşları Sizin bu zəhmətinizi heç vaxt unutmayacaq. Bilirəm ki, bu əməyi, bu zəhməti unudan Allahı unudar. Allah Sizi Azərbaycan xalqına çox görməsin, amin!”

Masallı rayonunun ağsaqqalları adından Azərbaycan Prezidentinə məktub ünvanlayan Ələşrəf Niftiyevlə Füzuli Abdullayev yazırlar: "Möhtərəm Prezident! Sizi Masallı rayonunun ağsaqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bildiririk.

Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Dünyanı bürüyən amansız düşmənə - koronavirusa qarşı uzaqgörən siyasətinizlə xilaskarlıq missiyasını davam etdirirsiniz.

Cənab Prezident, Siz daim xalqla birlikdəsiniz! Xalqımız da çağırışlarınıza və tövsiyələrinizə əməl edir. Yaxşı bilirik ki, Sizin yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli addımlarınızı bəyənir və tezliklə pandemiya üzərində qələbə çalacağımıza əminik”.


"Cənab Prezident! Siz dünya liderləri arasında əvəzolunmaz şəxsiyyət, biz gənclərin isə idealısınız”


"Möhtərəm cənab Prezident! Mən bir azərbaycanlı gənc, eləcə də tələbə kimi bu məktubu yazmağı özümə borc bildim. Hər şeydən əvvəl onu qeyd edim ki, biz gənclər, eyni zamanda, bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyuruq”.

Bu sətirlərin müəllifi Orxan Fərmayıl oğlu Vəliyev Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, "UNEC Könüllüləri” Təşkilatının sədridir. Qaradağ rayonunda yaşayan Orxan yazır: "Möhtərəm Prezident! Biz hər zaman Sizin bütün qərarlarınızı dəstəkləyir və fəaliyyətimizdə onları rəhbər tuturuq. Biz bilirik ki, hər zaman bizim arxamızda Sizin kimi qüdrətli liderimiz dayanıb. Əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcək. Şəxsən ailəmiz və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin "UNEC Könüllüləri” adından Sizə dərin minnətdarlığımızı bildiririk. Məlumdur ki, dünyanı çənginə almış yeni növ koronavirus pandemiyası Azərbaycanımızdan da yan keçmədi. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi güclü liderimiz var. Dünyanın bir çox inkişaf etmiş ölkələri virusun qurbanına çevrilsə də, Azərbaycan bu gün tale əhəmiyyətli sınaqdan uğurla çıxmaqdadır. Təbii ki, bu, Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir.

Cənab Prezident! Sizə hər zaman xalqınızın yanında olduğunuz üçün bütün gənclər adından təşəkkürümüzü bildiririk. Var olun. Allah Sizi xalqımıza çox görməsin. Siz dünya liderlərinin arasında əvəzolunmaz şəxsiyyətsiniz və biz gənclərin idealısınız. Biz Sizinlə fəxr edirik”.


"Biz qüdrətli Azərbaycanın vətəndaşıyıq”


İlin-günün bu çağında, xüsusən bahar fəslində cənnəti xatırladan Zaqatala rayonu gənclərindən biri kimi özünü təqdim edən Famil Rəhimovun məktubunda isə qeyd edilir ki, yaxşı və çətin gündə xalqımızın, o cümlədən gənclərimizin yanında olan dövlət başçısı pandemiyanın tüğyan elədiyi dövrdə bir daha təsdiqlədi ki, Prezidentimiz bizim qayğımızı, sağlamlığımızı hər şeydən öndə bilir, dəyərləndirir, təhlükəsizliyimizin təmin olunmasında var qüvvəsini əsirgəmir. Məktubda deyilir: "Cənab Prezident! Sizin xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhvali-ruhiyyə yaradıb. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!” çağırışını biz Zaqatala rayonu gəncləri də yekdilliklə dəstəkləyirik. Tərəfinizdən koronavirus pandemiyası ilə bağlı görülən bütün tədbirlərə, vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut edirsiniz. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Bu gün biz inamla və fəxrlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu, cənab Prezidentimizin inkişaf etdirdiyi qüdrətli və müstəqil Azərbaycanın vətəndaşıyıq. Zaqatala rayon gəncləri adından xalqımızın, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram”.

Şabran şəhərindən şair təbli Zakir Bayramlının yazdığı məktub da dövlət başçısının pandemiyaya qarşı mübarizənin önündə getdiyi üçün minnətdarlıq məzmunludur. Məktubda qeyd edilir ki, dövlət başçısının rəhbərliyi və təşkilatçılığı ilə respublikamızda koronavirusla bağlı xüsusi karantin rejimi üzrə görülən tədbirlər xalq, o cümlədən şabranlılar tərəfindən də alqışlanır: "Hörmətli Prezident! Sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə bu qorxulu və dəhşətli pandemiyanın yayılması sürətini xeyli aşağı salmaq mümkün olmuşdur.

Karantin müddətində əhalinin normal yaşaması və sosial rifahının təmin edilməsi üçün operativ və təxirəsalınmaz işlər həyata keçirilmişdir. Bütün bunlar Sizin baş verəcək hadisələri qabaqcadan görmək bacarığınızdan, çətin və qorxulu situasiyaları qiymətləndirmək səriştənizdən, siyasi çevikliyinizdən və xalqa olan dərin məhəbbətinizdən irəli gəlir. Bütün sanitar-gigiyenik tədbirlərin görülməsini, insanların hərəkətinin məhdudlaşdırılmasını, cərimələrin tətbiqini və s. respublikamızda koronavirusdan qorunmağın yeganə yolu kimi dəyərləndiririk. Var gücünüzlə, qəlbən respublika əhalisinin qorxunc bəladan qurtulmasına çalışdığınıza görə, hörmətli Prezident, Sizə öz minnətdarlığımızı bildiririk”.


Siyasi çeviklik və xalqa dərin məhəbbətin nümunəsi


Kürdəmir rayonunda yaşayan Elmir Həsənovdan gələn məktubda da xalq-hakimiyyət birliyindən, dövlət başçısının bu ağır günlərdə ölkəmizin hər bir vətəndaşının sağlamlığının qayğısına qalmasından söz açılır. Qeyd edilir ki, hazırda bütün dünyanı hərəkətə gətirmiş yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq bəşəriyyət böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli virus ilə əlaqədar var güclərini səfərbər ediblər.

Lakin dünyada bəzi inkişaf etmiş dövlətlər belə bu cür təhlükənin qarşısını almaq üçün zamanında ciddi tədbirlər görmədilər. Bunun nəticəsi kimi bəzi ölkələrdə böyük miqyasda insan tələfatı baş verir. Ancaq çox az sayda bu cür təhlükəli virusa qarşı çevik reaksiya verən dövlətlər də oldu. Onlardan biri də və bəlkə də birincisi bizim Azərbaycandır: "Hörmətli Prezident! Bu çevik addımların atılmasında Sizin tapşırıqlarınız və rolunuz danılmazdır. Azərbaycan xalqı uzun illər boyu bundan da böyük çətinliklərə qalib gəlib, çünki dözümlüdür. Onu da qeyd edim ki, bu xalqın Sizin kimi əvəzsiz lideri, güclü, demokratik siyasətçisi var. Mən bir gənc, tələbə olaraq dünyada gedən prosesləri diqqətlə izləməyə çalışıram və Sizin hər zaman dərin mənalı çıxışlarınıza baxaraq qürur duyuram. Allah hər zaman Sizi qorusun, cənab Prezident!”

Dünya Quliyeva, Almaz Verdiyeva, Sədaqət Şərifova, Mirux Cəfərova Zərəngiz Məmmədovanın imzaları ilə Azərbaycan Prezidentinin ünvanına Göygöl rayonundan gələn məktubda deyilir: "Son zamanlar bütün dünyanı lərzəyə gətirmiş koronavirus pandemiyası Azərbaycanda da müəyyən narahatlıqlar yaratdı, xalqımızı və dövlətimizin başçısını ciddi qayğılandırdı. Lakin, cənab Prezident, Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin televiziya kanallarındakı çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqlarındakı müraciətləriniz, tapşırıq və tələbləriniz bunun bariz nümunələridir”.

Məktub müəllifləri daha sonra yazırlar: "Cənab Prezident, məlum vəziyyətlə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim sağlamlığımızın qorunması üçün atılmış addımlardır. "Evdə qal!” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri heç nədən korluq çəkmədi. Bu cür qayğı və diqqətə görə Sizə təşəkkür edirik. Hörmətli Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər”.


"Biz qayğıkeş, qətiyyətli Prezidentimizlə bu "düşmən”ə qalib gələcəyik”


Maraqlı cəhətlərdən biri də budur ki, dövlət başçısına yazılan məktubların müəllifləri sosial və yaş baxımından müxtəlifdir. Onların arasında məktəbli, tələbə, evdar qadın, müəllim, həkim, bir sözlə, müxtəlif sahələrdə çalışan insanlarla yanaşı ömrünün ixtiyar çağlarında belə bu bəla ilə üzləşəcəklərini xəyallarına gətirməyən, dünyagörmüş el ağsaqqalı və ağbirçəkləri də az deyil. Cəlilabad rayonunun Üçtəpə və Suluçeşmə kəndlərindən Azərbaycan Prezidentinə məktub yazan Yaqut Abuzər qızı Baxışova ilə Əliməmməd Ağamoğlan oğlu Qürbətov da ahıl yaşlarındadır. Məktubda göstərilir ki, son zamanlar bütün dünyanı çənginə alan koronavirus pandemiyasına yoluxmayan ölkə qalmayıb. Pandemiya bizi həyat tərzimizi dəyişməyə vadar etdi. Ölkəmizdə hazırda epidemiyaya qalib gəlmək üçün genişmiqyaslı tədbirlər görülür: "Cənab Prezident, Siz dəfələrlə vəziyyətin çox ciddi olduğunu, bizim həmrəylik və birlik nümayiş etdirdiyimiz təqdirdə bu yoluxmaya qalib gələcəyimizi vurğulamısınız. Biz həm də bu qələbəni güclü, qayğıkeş, qətiyyətli Prezidentimiz olduğunuza görə Sizinlə qazanacağıq”.

Məktub aşağıdakı minnətdarlıq ifadə edən fikirlərlə bitir: "Cənab Prezident, Sizin bu çətin günlərdə necə gərgin iş rejimində işlədiyinizin şahidiyik. Vermiş olduğunuz hər bir tapşırıq vətəndaşların sağlamlığına xidmət edir. Biz ahıllar "Evdə qal” aksiyasına qoşularaq karantin rejiminin qaydalarına riayət edirik. Karantin rejimində olmağımıza baxmayaraq, daim Sizin və dövlət qurumlarının diqqət mərkəzindəyik. Hər gün bizə qayğı göstərilir və tələbatlarımız ödənilir. Biz ahıllar da göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq”.

Paytaxt Bakıdan, daha doğrusu, Suraxanı rayonundan Kamil Bayraməli oğlu Mənsimov yazır: "Möhtərəm cənab Prezident, neçə ildir ki, Azərbaycan öz torpaqlarını azad etmək, Vətənimizin bütövlüyü uğrunda xain, təcavüzkar, mənfur bir düşmənlə mübarizə aparır. Sizin rəhbərliyinizlə görülən bütün işlər Azərbaycanı qələbəyə yaxınlaşdırır. Bir neçə aydır ki, ölkəmiz gözəgörünməz daha bir düşmənlə üz-üzə qalıb. Lakin Sizin qətiyyətiniz, yüksək təşkilatçılıq qabiliyyətiniz bu bəla üzərində qələbəni qaçılmaz etdi. Sizin müdrik rəhbərliyinizlə hər iki cəbhədə minimum itkilərlə qələbə qazanacağımıza əminik”.

Məktubda ölkə başçısının koronavirus pandemiyası ilə mübarizə üçün bütün imkanları səfərbər etdiyi məmnunluqla xatırlanır. Qeyd edilir ki, dünyanın inkişaf etmiş ölkələrini diz çökdürən pandemiya Azərbaycanda uğurla həyata keçirilən qabaqlayıcı və səmərəli tədbirlər qarşısında təslim olaraq geri çəkilməyə başladı: "Biz hamımız inanırıq ki, Azərbaycanın gələcəyi Sizinlə daha da parlaq olacaq. Xalqımız Sizinlə qısa vaxtda bu bəlanın da öhdəsindən gələcək. Tanrı Sizi və ailənizi hifz eləsin, amin!”


"Çətin günün ömrü az olar!”


Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş Laçın rayonu əhalisinin xeyli hissəsi Ağcabədinin Taxtakörpü yaşayış məntəqəsində məskunlaşıb. Süleyman Səməd oğlu Şahverdiyev, Sənani İzzət oğlu Əhmədov, Nüsrət Məhərrəm oğlu Fərzəliyev, Mirzə Qənbər oğlu Kərimov, Ədalət Kərim oğlu İbrahimovun da ailələri bu ərazidə müvəqqəti sığınacaq tapıb. Onların Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladıqları məktub-müraciətdə deyilir: "Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq, cənab Prezident, Ali Baş Komandan! Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar "Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz. Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunmuşdur. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin müvəqqəti bağlanmasına baxmayaraq, övladlarımız təhsildən kənarda qalmır, televiziyalarda təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür. Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayırıq. Allah yardımçınız olsun. Tanrı Sizi qorusun, tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin!”

Sevinc Daşdəmir qızı Mirzəyeva, Fərid Vaqif oğlu Tanrıverdiyev, Ülviyyə Hümbət qızı Əliyeva Gəncə şəhərindəki Yeni Gəncə qəsəbəsinin sakinləridir. Onların sözlərinə görə, bütün dünyanı çənginə almış koronavirus Azərbaycandan da yan ötməyib. Ancaq dövlət başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması, onun miqyasının məhdudlaşdırılması istiqamətində çox mühüm addımlar atılıb: "...Pandemiyaya qarşı kompleks mübarizə tədbirləri ilə yanaşı, bu bəlanın iqtisadi təsirlərinin azaldılması, xüsusilə aztəminatlı ailələr tərəfindən onun fəsadlarının hiss olunmaması üçün dövlətimiz tərəfindən iqtisadi və sosial sahələrdə də mühüm təşəbbüslər irəli sürülüb. Bir sözlə, dövlətimizin bütün imkanları epidemiyanın qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına yönəlib. Bu isə bir daha onu sübut edir ki, cənab Prezident, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavanlığı dayanır”.

Məktub dövlət başçısına aşağıdakı minnətdarlıqla bitir: "Cənab Prezident, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizinlə fəxr edirik”.


Horadizdən Olqa Stepanovna yazır ki…


Azərbaycanın işğal altında olan ərazilərinin müəyyən hissəsi ordumuzun və Ali Baş Komandanın qətiyyəti ilə azad edilib və orada həyat davam edir. Belə ərazilərimizdən biri də Füzuli rayonunun Horadiz şəhəridir. Orada yaşayanların arasında milliyyətcə rus olan, Azərbaycanı özünə doğma vətən bilib onun inkişafında əməyini əsirgəməyən Olqa Stepanovna Nəsirova da var.

Azərbaycan Prezidentinin koronavirus pandemiyasına qarşı göstərdiyi inamlı, qətiyyətli mübarizədən xalqımızı salamat çıxaracağına əminliyini ifadə edən Olqa Nəsirova yazır: "Möhtərəm cənab Prezident! Koronavirus epidemiyasının respublikamızda yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Sizin və Mehriban xanım Əliyevanın virusun qarşısının alınması, insanlarımızın sağlam qalması üçün necə gərgin və əzmlə çalışdığınızı görürəm və bundan qürur duyuram.

Milliyyətcə rus olsam da, Azərbaycan Respublikasının vətəndaşıyam, cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Horadiz şəhərində yaşayıram. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, daim insanların yanında olduğunuzu görürəm. Sizin tapşırığınızla karantin dövründə aztəminatlı ailələrə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Biz füzulililər də hər zaman olduğu kimi, yenə də Sizin yanınızdayıq, Sizi dəstəkləyirik. İnanırıq ki, Sizin uzaqgörən və müdrik qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Allah Sizi və Mehriban xanımı qorusun!”


"Biz sizinlə qalibik, cənab Prezident!”


Qəbələdən Pərviz Sabirlinin məktubundan oxuyuruq: "Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət başçısının atdığı inamlı addımlar, qətiyyətli mövqe, əzmkar mübarizə vətənini sevən hər kəs kimi, məni də qürurlandırdı. Əziz Prezidentimiz, belə çətin bir dövrdə ölkə vətəndaşlarının qayğısına qalaraq və əhalinin sağlamlığını düşünərək atdığınız addımlara, o cümlədən sahibkarlara verilən dövlət dəstəyinə, vergi güzəştlərinə, əhalinin həssas təbəqəsinə edilən yardımlara görə sonsuz minnətdarlığımızı bildiririk.

Biz də apardığınız şərəfli mübarizədə Sizin ətrafınızda sıx birləşərək bu çətin sınaqdan ən az zərərlə çıxmaq üçün əlimizdən gələni edir, vətəndaşlıq mövqeyimizi nümayiş etdiririk.

Hörmətli cənab Prezident, ölkəmiz, xalqımız, dövlətçiliyimiz üçün əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirir, Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirik”.

Bu gün bütün dünyanı az qala işğal edən, on minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyasının qarşısının alınması istiqamətində ölkəmizdə məqsədyönlü şəkildə aparılan mübarizə respublika əhalisinin sağlamlığının qayğısına qalınması deməkdir. Bu, birmənalı şəkildə artıq xalq tərəfindən anlaşılır və karantin qayda-qanunlarına əməl etmək vətəndaşların borcuna çevrilib.

Azərbaycan Prezidentinin ünvanına axın-axın gələn səmimi ürək sözlərindən ibarət məktublarda da bu öz əksini tapır. Füzuli rayonunda anadan olmuş Ceyhun Bahadur oğlu Məmmədovun yazdığı məktubdan bəzi sətirlərə diqqət yetirək: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və sistemli tədbirləri, dövlətin bütün resurslarının epidemiyanın təsirinin azaldılması üçün səfərbər edilməsini Füzuli rayonunun əhalisi də alqışlayır. Cəbhə bölgəsində yaşayan Füzulinin məcburi köçkünləri inanır ki, cənab Prezident, Sizin və Mehriban xanım Əliyevanın gecəli-gündüzlü yorulmaz fəaliyyətiniz, müdrik və düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik.

Sizin bu ağır və çətin günlərdə yorulmadan işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, hər zaman olduğu kimi, indi də insanların yanında olduğunuzu bilirik və Azərbaycan vətəndaşları olaraq bundan qürur duyuruq. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün böyük məbləğdə vəsait ayırmağınız, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni tibb ocaqlarının, tibbi maska və qoruyucu vasitələr istehsalı müəssisələrinin istifadəyə verilməsi, atdığınız bir çox digər addımlar xalqımızı sevməyinizin, ona xidmət etməyinizin bariz nümunələridir”.

Məktubda daha sonra qeyd edilir ki, yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımlarının göstərilməsi, işsiz və aztəminatlı insanlara karantin dövründə 190 manat vəsaitin ödənilməsi sübut edir ki, dövlət başçısının yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır: "Əziz və möhtərəm Prezidentimiz, Siz şəfqət, mərhəmət, humanizm kimi yüksək insani keyfiyyətlərə sahibsiniz.

Sizin və Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətinizin ali məqsədi - ana xətti Azərbaycanın daha gözəl, qüdrətli olmasına, insanlarımızın isə xoşbəxt və firavan yaşamasına xidmət edir.

Biz füzulililər çox şadıq ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi çox sevirik, Sizə inanırıq və Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!”

Cəmalə İsmayılova ilə Yaşar Rəşidov Kürdəmirdən yazırlar: "Biz Kürdəmir rayonunda çalışan bütün müəllimlərin adından öncə təhsilə göstərdiyiniz qayğıya, sonra isə koronavirus pandemiyasına qarşı görülən tədbirlərə görə, cənab Prezident, Sizə təşəkkürümüzü bildiririk. Təhsil işçiləri daim Sizi dəstəkləyir. Xalqımıza olan diqqət və qayğınız üçün Sizə minnətdarıq!”


Dünyanın "başağrısı”nın dərmanı tapılacaq


Şəkidən Vüsal Baxışovdan Azərbaycan Prezidentinin ünvanına yazılan məktubda göstərilir ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun dönməzliyinin təmin edilməsi, iqtisadi qüdrətinin artırılması, mədəni tərəqqiyə nail olmaq istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasət vətəndaşlar tərəfindən daim yüksək dəyərləndirilib: "Biz bu siyasətin müsbət nəticələrini hər birimiz demək olar ki, öz həyatımızda hiss edirik. Möhtərəm Prezident, son aylarda dünyanın 200-dən çox ölkəsinə yayılaraq 2 milyondan çox insanı yoluxduran koronavirusa qarşı Sizin rəhbərliyinizlə Azərbaycanda aparılan ardıcıl siyasət nəticəsində bu gün demək olar ki, ölkəmizdə xəstəliyin yayılmasının nəzarət altına alınmasına nail olunub. Təbii ki, bütün bu nailiyyətlər Sizin qətiyyətli və ciddi iradəniz, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşmanız, ən əsası isə kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarlarınız sayəsində əldə edilib.

Pandemiyaya qarşı mübarizənin tərkib hissəsi kimi sosial cəhətdən həssas qruplardan olanlara, eləcə də sahibkarlara, aztəminatlı insanlara yönələn və hər gün miqyası genişlənən humanist siyasətiniz vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir.

Möhtərəm cənab Prezident, Sizə dəstəyimizi ifadə edir, minnətdarlığımızı bildiririk”.

Dünyanın "başağrısı” olan koronavirusla cihad aparmağın, ona qalib gəlməyin asan olmadığı artıq hamıya məlumdur. Burada insan qətiyyəti, iradəsi, onunla necə mübarizə aparılmasından çox şey asılıdır. Hazırda yaşadığımız dövr tarixə pandemiyanın dünyanı çalxalaması kimi yazılacaq. Bütün bunlardan öncə isə unutmayaq ki, koronavirus dövlətlərin hansı iqtisadi, sosial vəziyyətdə, həmçinin hakimiyyət-xalq münasibətlərində olduğunu da bir daha ortaya qoymuş oldu. Dünyanın inkişaf etmiş Avropa ölkələri ilə Azərbaycan arasındakı qalibiyyət fərqi isə bir daha dövlət başçısı İlham Əliyevin xalqımızın bu bəladan az itkilərlə çıxması üçün mübarizənin ön cəbhəsində olduğunu təsdiqlədi.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video