15:42 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezidentdən xəbərdarlıq: Hər hansı təhdid yaransa, dərhal məhv ediləcək

ANA SƏHİFƏ / SİYASƏT
00:43 09.10.2021

 

Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni bir reallıq yaranıb.

Bu reallığın düzgün qiymətləndirilməsi, bölgədə dayanıqlı sülhün, yüksək rifahın, davamlı inkişafın təmin edilməsi üçün indi bütün region dövlətlərinin, eləcə də beynəlxalq qurumların görməli olduqları çox işlər var. Azərbaycan postmüharibə dövründə bu istqamətlərdə üzərinə düşən bütün vəzifələri yerinə yetirir. İşğaldan azad edilmiş ərzilərimizdə bərpa-quruculuq işlərinə başlanıb. Erməni vandallarının 30 il ərzində geniş miqyasda həyata keçirdikləri dağıntılardan sonra bu torpaqlarda müasir infrastruktur qurulur. Məcburi köçkünlərimizin mərhələ-mərhələ öz ata-baba yurdlarına qayıdışı, şəhər və kəndlərimizin normal həyatına dönüşü üçün ardıcıl işlər görülür. Azərbaycan yeni reallıqlar dövründə yaranmış nəqliyyat-kommunikasiya imkanlarından bölgədə marağı olan bütün subyektlərin yararlana bilməsi üçün lazımi addımları atır. Müvafiq layihələr həyata keçirilir. Qarabağdan, Zəngəzurdan keçəcək yollarla dünyanın müxtəlif ölkələri arasında yeni kommunikasiya imkanlarının yaradılması üçün xətlər bərpa olunur. Azərbaycan regionun yeni mənzərəsini, hər bir tərəfin bu mənzərədəki rollarını müəyyən edir. Cənubi Qafqazın inkişafına bölgədəki 6 qonşu ölkənin əməkdaşlığı formatında birgə nail olmaqdan ötrü aktual vəzifələr müəyyənləşdirir. 

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də Türkiyənin “Anadolu” Agentliyinə verdiyi müsahibə böyük maraq doğurdu.

 

Artıq münaqişə həllini tapıb

 

Müsahibənin ilk suallarında dövlət rəhbərimiz bir il əvvəl, Vətən müharibəsinin başlandığı günlərə tarixi ekskurs etdi. Ermənistanın işğalçı siyasəti, müharibə ərəfəsində Azərbaycana qarşı törətdiyi ardıcıl təxribatlar səbəbindən hərbi əməliyyatların başlanmasını şərtləndirən amilləri əsaslandırdı. Həmçinin təxminən 27 illik fəaliyyəti dövründə münaqişənin həlli istiqamətində ciddi bir nəticə əldə edə bilməyən, işğalçı Ermənistana bununla bağlı təzyiq göstərmək istəməyən, beləliklə, münaqişənin hərbi yolla həllini labüdləşdirən ATƏT-in Minsk qrupunun məsuliyyətini aktuallaşdırdı.

Həqiqətən, Qələbədən və Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən ötən bir il ərzində ATƏT-in Minsk qrupunun 27 illik fəaliyyətinin səmərəsizliyi indi daha aydın görünür. BMT-nin Təhlükəsizlik Şurasının 3 aparıcı üzvünün iştirakı ilə yaradılmış bu qrupun onilliklər ərzində edə bilmədiyini Azərbaycan hərbi yolla cəmi 44 gün içində bacardı. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə hücuma keçib bir neçə strateji yaşayış məntəqimizi, o cümlədən Şuşanı düşməndən azad etdikdən sonra Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Torpaqlarımızın böyük bir hissəsi - Ağdam, Kəlbəcər, Laçın bir güllə də açılmadan boşaldıldı. İşğalçılar bu ərazilərdən çıxmalı oldular. Minsk qrupu Azərbaycanın haqlı tələblərini nəzərə alaraq Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, tələbləri yerinə yetirməyəcəyi təqdirdə sanksiyalar tətbiq etsəydi, düşmən ölkə müharibəsiz də işğal edilmiş torpaqlardan çıxacaqdı. Bu halda hər iki tərəfdən insan itkilərinə, müharibənin vurduğu yaralara ehtiyac qalmayacaqdı.

Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu öz missiyasını layiqincə yerinə yetirmək əvəzinə, “nə hərb, nə sülh” prinsipi ilə müşahidəçi mövqe tutdu. Bu baxımdan, İkinci Qarabağ müharibəsinin başlanmasına görə ən böyük məsuliyyət daşıyan Ermənistanla yanaşı, işğalçı ölkəni vaxtında dayandırmayan, onun təcavüzkar addımlarına göz yuman böyük dövlətlərin də məsuliyyət payı var. Reallıq budur ki, Azərbaycan münaqişənin qan tökülmədən sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə etdi. Bununla yanaşı, ölkə rəhbərimiz hər zaman bəyan edirdi ki, Azərbaycan qarşı tərəfin status-kvonu qorumaq cəhdləri ilə barışmayacaq, torpaqlarımızı nəyin bahasına olursa-olsun işğaldan azad edəcək. Prezident İlham Əliyev hər zaman dediklərinin üstündə dayandığı kimi, bu sözünü də tutdu. Azərbaycan beynəlxalq hüquq normalarının verdiyi imkanlar çərçivəsində işğalçıya qarşı haqq savaşı apardı və torpaqlarının düşməndən təmizlənməsinə nail oldu.

Artıq münaqişə həllini tapıb. Azərbaycan Müzəffər Ordumuzun gücü ilə bu məsələni yoluna qoyub. Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi, qurum mövcud deyil. Bu günlərdə Azərbaycan Prezidenti BMT Baş Assambleyasının sessiyasındakı çıxışında da bütün ölkələrə müraciət edərək xahişini yetirdi ki, daha bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin: “Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır”.

 

Ermənistan öhdəliklərini yerinə yetirməlidir

 

Münaqişənin həllindən sonra indi qarşılıqlı etimad tədbirlərinin həyata keçirilməsi, ardınca yolların, dəhlizlərin açılması, sülh prosesinin dəstəklənməsi, Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsi, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanması aktual məsələlər kimi qarşıda durur. Minsk qrupunun bundan sonrakı fəaliyyəti də məhz bu istiqamətlərdə olmalıdır. Azərbaycan Prezidenti “Anadolu” Agentliyinə müsahibəsində ara-sıra müəyyən məkrli qüvvələrin gündəmə gətirmək istədikləri status məsələsi ilə bağlı da qəti mövqeyini bir daha ortaya qoydu: “Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə “Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, ya cümhuriyyət yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!”

Hazırda 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə uyğun olaraq erməni hərbi qüvvələrinin sülhməramlıların nəzarətindəki Azərbaycan ərazilərindən çıxması ən önəmli məsələlərdəndir. Azərbaycan Prezidenti bununla bağlı da qətiyyətli mövqeyini bir daha ifadə etdi. Eyni zamanda dəhlizlərin açılması məsələsinin də həll edilməli olduğunu bildirdi. Məlum olduğu kimi, 10 noyabr Bəyanatının müvafiq müddəasına əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı təmin edilməlidir. Ermənistan bununla əlaqədar üzərinə öhdəlik götürüb. Bu şərtin təmin edilməsi üçün 40 kilometr uzunluqda yolun açılmasından söhbət gedir. Amma bu istiqamətdə aparılan müzakirələr hələlik nəticəsizdir, Ermənistan 10 noyabr Bəyanatının şərtlərini kobudcasına pozur. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı da qəti danışdı: “Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”.

 

Azərbaycan bölgədə sülh tərəfdarıdır

 

Dövlət rəhbərimizin müsahibəsindəki bir sıra açıqlamalar Azərbaycanla Rusiya arasındakı əlaqələrin pozulmasına cidd-cəhd göstərən, bunun üçün hər cür təxribatlara əl atan, o cümlədən yalan məlumatlar yayan Ermənistanın rəsmi dairələrinin, ermənipərəst qüvvələrin bu əməllərinə də tutarlı cavab oldu. Prezident İlham Əliyev bəyan etdi ki, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Bütün məsələlər prezidentlər, müdafiə və xarici işlər nazirləri səviyyəsində açıq şəkildə müzakirə edilir: “Deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur. Çünki bu münasibətlər kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur”.

Azərbaycan Prezidenti Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı son günlər səsləndirilən fikirlərə də münasibət bildirdi və ölkəmizin bütün bölgədə sülh arzusunda olduğunu diqqətə çatdırdı. Dövlət başçımızın fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması bölgədə sülhü təmin etməyin ən gözəl yolu ola bilər. Ermənistan isə hələ ki, buna razılıq verməyib. “İndi bu, Türkiyə Prezidenti tərəfindən səslənir, Ermənistana şans verilir”, - deyən dövlətimizin başçısı onu da əlavə edib ki, Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan əleyhinə çıxdı: “Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Əgər normallaşdırmaq istəyirsənsə, sən, ilk növbədə, bu təklifə müsbət cavab ver. Əks təqdirdə, burada yenə təzad yaranır, yəni, anlaşılmazlıq yaranır. Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq”.

Azərbaycan Prezidenti Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası barədə müddəanın olduğunu diqqətə çatdırdı. Ermənistanın belə bir sərsəm iddiadan əl çəkməsinin, öz konstitusiyasını yenidən işləyib qəbul etməsinin zəruriliyini qeyd etdi. Dövlət rəhbərimizin fikrincə, Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkənin Türkiyə kimi nəhəng ölkəyə qarşı torpaq iddiasında olması psixi xəstəliyə bənzəyir: “Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər. Azərbaycanla olan münasibətləri normallaşdırmalıdırlar və mən əminəm ki, Türkiyə tərəfi hər zaman bölgədə sülhün və genişmiqyaslı əməkdaşlığın tərəfdarı olub. Bu gün də belədir və Türkiyədən çox müsbət siqnallar gəlir. Amma Ermənistanda bunu gərək çox düzgün dəyərləndirsinlər. Təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki il ərzində Azərbaycan tərəfindən verilən müsbət siqnallar orada yanlış anlaşıldı - bir zəiflik kimi, bir gücsüzlük kimi. Biz, sadəcə olaraq, qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı. İndi də hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda, əlbəttə ki, bölgədə genişmiqyaslı əməkdaşlıq mümkündür”.

Prezident İlham Əliyevin fikrincə, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün indi daha çox səy göstərməlidir. Çünki bu, bizdən çox onlara lazımdır. Daim münaqişədə olmaq, qonşularla saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan sərhədlər məsələsində mövcud reallığı dərk etməlidir. Tezliklə Azərbaycanın şərtlərinə əməl edib məsələni yoluna qoymalı, Ermənistanın sərhədinin harada yerləşdiyini hamı bilməlidir. Bu fikirlər müsahibədə geniş şəkildə səsləndirildi.

 

Legitim suallar

 

Prezident İlham Əliyev hazırda Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupunun fəaliyyətinin önəmini xüsusi qeyd etdi. Dövlət rəhbərimizin fikrincə, hələlik qrupun fəaliyyətində nəticə olmasa da, hər halda bir təmas var. İndiki şəraitdə təmas lazım olan vasitədir ki, bu müzakirələr əsnasında bir çox məsələlər həll oluna bilər: “Biz Azərbaycanda indi Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir. Ona görə hesab edirəm ki, biz öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik. Çünki burada işin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolunun və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, bir ilə, il yarıma çəkilə bilər. Yəni biz bunu gözləyirik”.

Azərbaycan Prezidentinin İranın yük avtomobillərinin qanunsuz olaraq Qarabağ bölgəsinə daxil olması barədə suala cavabları da qətiyyətli, təmkinli, eləcə də bu məsələdə kimin haqlı mövqedə olduğunu dərhal göstərən izahedici şərhlər idi. Ölkə rəhbərimiz bir daha göstərdi ki, Azərbaycan bütün davranışlarında, addımlarında məsuliyyətlidir, dostluq əlaqələrinin qorunması prinsiplərinə sadiqdir: “Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi?”

Dövlət rəhbərimiz İranın Azərbaycanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi məsələsinə də münasibət bildirdi. Hər bir ölkənin öz ərazisində istənilən hərbi təlimi keçirmək hüququna hörmətini ifadə edərək, eyni zamanda, 30 illik dövrdə, erməni işğalçılarının həmin ərzilərdə olduğu vaxtlarda belə təlimlər keçirməmiş İranın son davranışları ilə bağlı bir sıra legitim suallar da səsləndirdi. Eyni zamanda bir daha bəyan etdi ki, Azərbaycan bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir halın baş verməməsini istəyir: “Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır”.

 

Torpaqlarımızın dirçəlişi üçün bütün güclər səfərbər edilib

 

Azərbaycan Prezidenti qələbədən dərhal sonra işğaldan azad olan torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən də danışdı. Dövlətimizin müharibə bitər-bitməz vaxt itirmədən bu istiqamətdə dərhal hərəkətə keçdiyini və bununla da ölkəmizin gücünü göstərdiyini bildirdi. Qeyd etdi ki, bu işləri görmək üçün təkcə pul kifayət etməz. Bundan ötrü resurs, kadrlar olmalıdır, heyətlər, texniki imkanlar, səriştə vacibdir. Biz bütün gücləri səfərbər etdik. Prezident İlham Əliyev maraqlı bir faktı nəzərə çatdırdı ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb onların da bərpa-quruculuq işlərinə cəlb olunmalarını xahiş ediblər. Bu, orada işsizlik, səfalət və ümidsiz bir vəziyyətdə ac-yalavac qalmış insanların təbii davranışıdır və Azərbaycan Prezidenti vurğuladı ki, buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun.

Biz bir daha müharibənin olmasını istəmirik. Əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa, Azərbaycan müharibəyə başlamayacaq. Prezident İlham Əliyev bunu xüsusi vurğuladı: “Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur”.

 

Türkiyə-Azərbaycan örnəyi

 

“Anadolu” Agentliyinə müsahibəsində Azərbaycan Prezidenti İkinci Qarabağ savaşından sonra Türkiyə ilə daha yüksək pilləyə qalxmış münasibətlərdən danışdı və cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ilə bağlı maraqlı bir məqama toxundu: “Türkiyədə bunu bir çoxları bilir ki, mən savaş bitəndən sonra hörmətli Prezidenti Şuşaya dəvət etdim. O vaxt demişdim ki, O, Şuşaya gəlməyənə qədər oraya heç bir başqa ölkədən heç kim gəlməyəcək. Hətta Türkiyədən gələnlər olmuşdu, oraya getmək istəyənlər olmuşdu. Mən onlara dedim ki, sağ olun, amma gözləyin, Qardaşım gəlsin getsin, ondan sonra yolunuz açıqdır. Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı. Faktiki olaraq biz Şuşa Bəyannaməsinin imzalanması ilə de-fakto olan münasibətlərimizi de-yure səviyyəsinə qaldırdıq, yəni, müttəfiqlik səviyyəsinə. Onsuz da bu, hər sahədə müttəfiqlik əlaqələri idi. Ancaq biz bunu artıq rəsmiləşdirdik və bu, gələcək fəaliyyət üçün bir yol istiqamətidir”.

 

Kövrək məqamlar

 

Müsahibənin ən duyğusal anları isə Prezident İlham Əliyev azad edilmiş regionlara səfər edərkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın telefonun kamerası ilə çəkdiyi kadrlardan, o kadrlardakı qısa yölüstü söhbətlərindən danışarkən baş verdi və dedi: “...Onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”

Azərbaycan Prezidenti bu sözləri deyərkən özü də kövrəldi, ondan müsahibə götürən “Anadolu” Agentliyi əməkdaşını da, bu müsahibənin videogörüntülərini izləyən bütün Azərbaycansevərləri də kövrəltdi. Bu, sevinc, qürur, Vətənə, onun insanlarına sevgi dolu qəhər idi. Arzu edək ki, bundan sonra tarixboyu yalnız Azərbaycan xalqının, dövlətinin sevinc dolu günlərinə kövrələk, qürurlanaq, bu qürur qəlbimizi böyütsün. Acılar, ağır sınaqlar bu yurddan uzaq olsun.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM