24 Aprel 2019 00:59
1867
SİYASƏT
A- A+

Prezident səxavəti, vətəndaş məmnunluğu


Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi davam edir


Bu gün Prezident İlham Əliyevin pensiyaların, sosial müavinətlərin, təqaüdlərin artırılması barədə cari il imzaladığı fərman və sərəncamlardan əhalinin əksər təbəqələri yararlanır.

Dövlət başçısının bu siyasətin davamı olan 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı isə 800 minə yaxın vətəndaşımızı çoxdan rahatsız edən probleminin həllinə yol açmışdır.

Bu proses uzun zaman tələb etsə də, dövlət başçısının tapşırığına əsasən, əlaqədar qurumların gərgin çalışması sayəsində qısa müddət ərzində - fərmanın imzalanmasından 2 ay keçməmiş problemli kreditləri olan vətəndaşlar kompensasiyalarını almağa başlamışlar.

Sözsüz ki, ödəniləcək kompensasiyaların hesablanması zamanı əhali ilə banklar arasında müəyyən suallar da ortaya çıxırdı. Bu problemin həlli də dövlət başçısının diqqətindən kənarda qalmadı. Prezidentin tapşırığına əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının yanında Apelyasiya Komissiyası yaradıldı. İndi vətəndaşlar onları maraqlandıran bütün suallara bu komissiyadan operativ cavab ala bilirlər.

Maliyyə Nazirliyindən verilən məlumata görə, fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün 350,8 milyon manat ilk tranş ayrılmışdır. Bu vəsait bankların və bank olmayan kredit təşkilatlarının, eləcə də ləğvetmə prosesində olan təşkilatların hesablarına köçürülmüşdür. Artıq aprelin 22-dən kompensasiya ödənilməsinə başlanılmışdır.

NBCBankdan verilən məlumata görə, problemli krediti olan müştərilərə kompensasiyanın ödənilməsi prosesi aktiv gedir. Bankda problemli krediti olan hər kəsə vaxt itkisi yaşamamaq üçün bütün tədbirlər görülüb. Vətəndaşlar həm dövlət başçısının bu humanist addımına, həm də banklarda yaradılan şəraitə görə məmnundurlar.

Təqaüdçü Zemfira Mütəllibova devalvasiyalardan əvvəl "MuğanBank”dan kredit götürmüşdü. Vaxtında krediti ödəyə bilmədiyi üçün faizləri yığılıb qalmışdı. Dövlət başçısının məlum fərmanından sonra onun yığılıb qalmış 725 manat borcu silindi. Z.Mütəllibova deyir ki, Prezident İlham Əliyev onu iki dəfə sevindirib - biri problemli kreditlərin həlli ilə bağlı, digəri isə minimum pensiyaların 160 manata çatdırılması ilə əlaqədar sənədlər imzalayanda.

Zümrüd Səlimova tikiş fabrikində işləyir. Evinin təmiri üçün Unibankdan müəyyən məbləğ kredit almışdı. Həmin kredit xarici valyuta - ABŞ dolları ilə olduğu üçün devalvasiya nəticəsində götürdüyündən xeyli artıq məbləğdə vəsait ödəmişdi. İndi artıq ödədiyi həmin vəsait özünə qaytarılır. Deyir ki, sevincinin həddi-hüdudu yoxdur: "Həmin vəsaiti məcburən ödədiyimizdən ailəmizin müəyyən maliyyə problemləri yaranmışdı. Artıq bu problemlər geridə qaldı. Dövlət başçısına ailəmiz adından minnətdarlığımı bildirirəm”.

Digər bir vətəndaş Ülviyyə Hacıyeva da Prezidentin fərmanından faydalananlardandır: "Çətin vəziyyətdə idik. Ailəmizin gəlirinin çox hissəsini yalnız kredit borcundan yaranan faizlərin ödənilməsinə sərf edirdik. Buna görə də ailəmizdə maddi sıxıntılar yaşanırdı. Dövlət başçısının fərmanından sonra biz nəinki vəsait ödəməkdən azad olduq, əksinə, devalvasiyaya görə artıq ödədiyimiz məbləği də geri aldıq. Buna görə Prezident İlham Əliyevə minnətdarıq”.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video