09 Aprel 2016 08:04
709
Tədbirlər
A- A+

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

 

- İlk növbədə, xahiş edirəm ki, Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsini bir daha sükutla yad edək.
Allah şəhidlərimizə rəhmət eləsin! Əyləşin. Allah onların yaxınlarına səbir, yaralı hərbçilərimizə şəfa versin.
Bildiyiniz kimi, bu ayın əvvəlində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Bunu deməyə bizdə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan, sadəcə olaraq, danışıqları sonsuz proses kimi görmək istəyir. Digər tərəfdən, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Son tarixin nümunələri bunu göstərir. 2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir. Hər iki tərəf görüşü müsbət qiymətləndirmişdir. Görüşdən sonra biz danışıqlarda daha da müsbət dinamikanı gözləyirdik. Ancaq o danışıqlardan iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda - Ağdam rayonunun ərazisində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan Silahlı Qüvvələri bu təxribata bir neçə gün cavab vermirdi, ancaq ondan sonra Ermənistan silahlı qüvvələri bizim mövqelərimizə hərbi helikopterlərlə hücum çəkmişdir. Azərbaycan Ordusu məcbur olub helikopterin birini vurmuşdur. Bu da Ermənistana bir bəhanə kimi lazım idi ki, yenə də Azərbaycanı təcavüzdə günahlandırsın. Ondan sonra, demək olar ki, bir ildən çox müddət ərzində danışıqlar, ümumiyyətlə, aparılmırdı. Minsk qrupunun xahişi ilə keçən ilin dekabrında Azərbaycan və Ermənistan prezidentləri görüşdülər, amma o görüşün heç bir nəticəsi olmamışdır. Vasitəçilər çalışırlar ki, məsələ öz həllini tapsın. Bilirsiniz ki, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa rəhbərliyi səylər göstərirlər, bəyanatlar verirlər. O cümlədən status-kvo haqqında çox dəyərli bəyanatlar verilir ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Ancaq Ermənistan buna məhəl qoymur.
Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr - ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.
Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik. Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın.

Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Azərbaycan həm siyasi, həm iqtisadi və bütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaqdır. Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir. Son illər ərzində iqtisadi və siyasi sahələrdə əldə edilən uğurlar onu göstərir ki, biz düzgün yoldayıq. Hər zaman olduğu kimi, birinci rübdə də bizim çox fəal xarici siyasətimiz olmuşdur. Ancaq hesab edirəm ki, biz birinci rübdə daha da fəal işləmişik. Mən birinci rübdə bir çox xarici səfərlərdə olmuşam - həm rəsmi, həm işgüzar səfərlərdə. Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya dəstək konfransında iştirak etmişəm. Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına səfərlərim olubdur. Bütün bu səfərlərin coğrafiyası özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan çox fəal və çoxşaxəli xarici siyasət aparır, bizim dostlarımızın sayı artır. Hətta bir-biri ilə o qədər də yaxın münasibətlərdə olmayan ölkələrlə Azərbaycan çox səmərəli, qarşılıqlı hörmət və maraqlar üzərində iş qurubdur.
Beləliklə, bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam artır. Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır. Onu da qeyd etməliyəm ki, birinci rübdə Azərbaycana 10 xarici dövlət və hökumət başçısı səfər etmişdir. Onların arasında rəsmi səfərlər olubdur və IV Qlobal Bakı Forumunda iştirak etmək üçün dövlət və hökumət başçıları gəlmişlər.
Bir daha demək istəyirəm ki, bu, bizim uğurlu xarici siyasətimizi göstərir. Bu siyasət davam etdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, dünya birliyi Azərbaycana böyük hörmətlə və rəğbətlə yanaşır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, o vaxt da bizim üçün təsadüfi deyildi və bu gün də əldə edilən uğurlar bunu bir daha göstərir.
Bununla bərabər, yeni regional əməkdaşlıq formatı yaranır, formalaşır. Azərbaycan-İran-Rusiya regional formatı, xarici işlər nazirləri görüşmüşlər. Ondan bir-iki gün əvvəl İranda Azərbaycan-İran-Türkiyə xarici işlər nazirləri görüşmüşlər. Digər üçtərəfli formatlar var. Azərbaycan-Gürcüstan-Türkiyə formatı var. Yəni, bütün bu üçtərəfli təşəbbüslər regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacibdir. Gördüyünüz kimi, Azərbaycan hər bir formatda iştirak edir.
Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmışdır. Ümumiyyətlə, mən bildirməliyəm ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır. İlin əvvəlindən biz bu istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanmış və qəbul edilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Maliyyə nizam-intizamı, şəffaflıq - demək istəyirəm ki, bundan sonra da bu istiqamətdə əlavə tədbirlər görüləcək.
Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir. Beləliklə, bizim gəlirlərimiz artacaq və artmalıdır, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hələ də çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxa biləcəyik.
Birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil. Ümumi daxili məhsul aşağı düşübdür. Bu da təbiidir. Biz bunu gözləyirdik. Ancaq hesab edirəm ki, il ərzində ümumi daxili məhsul artmalıdır. Hər halda, biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artmışdır. Bu, onu göstərir ki, ümumi daxili məhsulun azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyət ilə bağlıdır. Əlbəttə ki, bizim gəlirlərimiz azalıbdır. Dövlət tərəfindən yatırılan investisiyalar azalıbdır. Əlbəttə, biz bu vəziyyəti nəzərə alırıq.
Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun.
Birinci rübdə 37 min yeni iş yeri yaradılmışdır. Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri bağlanmışdır. Biz burada da müsbət balans görürük. Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. Bu da mənim göstərişimlə öz həllini tapan məsələdir. Çünki tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara düşüb. Belə olan halda, işsizlik səviyyəsini aşağı səviyyədə saxlamaq üçün mən qərar qəbul etdim ki, dövlət şirkətləri, dövlət qurumları yeni iş yerlərini açsınlar. İctimai işlər açılır və birinci rüb ərzində bu qədər iş yerlərinin açılması, əlbəttə ki, insanların sosial müdafiəsinə hesablanıb.
Sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar.
İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir. Adətən, hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq biz dünyada hökm sürən bu böhrana baxmayaraq, maaşları və pensiyaları artırmışıq. Digər sosialyönümlü addımlar atılır, o cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaqdır.
Beləliklə, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir. Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaqdır.
Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir. Nəzərdə tutduğumuz layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaqdır. Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin edilməlidir. Hər halda, biz qarşıya bu hədəfi qoymuşuq. Çalışmalıyıq ki, bu hədəfə çata bilək. Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaqdır.
Biz birinci rübdə digər sahələrdə də çox fəal işləmişik. Nəqliyyat sektorunda. Qeyd etdiyim kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün çox fəal işləmişik. Bu dəhlizin yaradılması üçün Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı əsas şərtdir. Bildiyiniz kimi, həm İran Prezidenti, həm Rusiya Prezidenti ilə görüşlərdə bu məsələlər mənim tərəfimdən qaldırılmışdır, müzakirə edilmişdir və deyə bilərəm ki, burada ümumi razılıq var. Bu nəqliyyat dəhlizi həm iqtisadi cəhətdən, həm təhlükəsizlik, həm turizm baxımından bizə çox lazımdır. Beləliklə, biz digər böyük ölkələr üçün öz tranzit imkanlarımızı təqdim edəcəyik və Azərbaycan xəzinəsi, büdcəsi bundan çox böyük iqtisadi mənfəət götürəcək. Çünki bu, nəinki üç ölkə arasında olan və ola biləcək ticarəti sürətləndirəcək, eyni zamanda, Pakistan, Hindistan, Şimali Avropa ölkələri bu dəhliz vasitəsilə birləşəcəklər və bizim ərazimizdən keçən yüklərin həcmi böyük dərəcədə artacaq.
Əlbəttə ki, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün bütün işlər görülür. Biz burada da yenə də üçtərəfli, amma digər formatda işləyirik - Azərbaycan-Gürcüstan-Türkiyə formatında. Mənim keçən ilin sonunda Gürcüstana, bu il Türkiyəyə səfərlərim bu dəhlizin yaradılması üçün çox faydalı olmuşdur. Baxın, Azərbaycan yenə də iki dəhlizin ortasındadır. Əgər bizim qonşu ölkələrlə çox müsbət dostluq, tərəfdaşlıq əsasında qurulmuş münasibətlərimiz olmasaydı, bu layihələrin heç biri reallaşmazdı. Mən həmişə demişəm ki, qonşularla münasibətlərimiz bizim üçün çox önəmlidir. Bizim Ermənistandan başqa heç bir qonşu ölkə ilə problemimiz yoxdur. Əksinə, bizim qonşularla əlaqələrimiz gündən-günə artır, güclənir və bu, həm təhlükəsizlik, həm sabitlik, iqtisadi inkişaf, əməkdaşlıq üçün əsas şərtdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə oynadığı rol yüksək qiymətləndirilir və artıq gözəl nəticələr var.
Bununla bərabər, bizim bütün ölkələrlə, beynəlxalq qurumlarla əlaqələrimiz inkişaf edir. Bilirsiniz ki, birinci rübdə Avropa Komissiyasının yüksək vəzifəli şəxsləri, iki vitse-prezident Azərbaycana gəlmişlər. Burada həm energetika, həm siyasi, iqtisadi və digər təhlükəsizlik məsələləri müzakirə edilmişdir. Keçən il Avropa Komissiyasının prezidenti Azərbaycana səfər etmişdir. Biz indi yeni əməkdaşlıq formatı üzərində işləyirik. Mənim Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakım özlüyündə bir göstəricidir. Orada 50-dən çox ölkə iştirak edirdi, o cümlədən Azərbaycan. Nəzərə alsaq ki, Azərbaycan nüvə dövləti deyil, Azərbaycanda atom elektrik stansiyası yoxdur, demək olar ki, nüvə sənayesi hələ inkişaf etməyib, Azərbaycanın bu mötəbər tədbirə dəvət edilməsi ABŞ hökuməti, Prezidenti tərəfindən bizə olan hörmətin təzahürüdür və bizim bu bölgədə oynadığımız rolu əks etdirir. Çünki bu da qeyd edilir ki, Azərbaycan nüvə materiallarının qanunsuz trafikinin qarşısının alınması məsələlərində çox etibarlı tərəfdaşdır.
Səfər zamanı ABŞ-ın siyasi rəhbərliyi ilə çox yaxşı, səmərəli və səmimi söhbətlərim, danışıqlarım olmuşdur. Bu danışıqlar bir daha onu göstərir ki, bizim aramızdakı əlaqələr hər iki tərəf üçün çox önəmlidir. Biz bir çox sahələrdə birgə işləyirik və bu əlaqələr hər iki tərəf üçün yeni imkanlar açır. Burada həm siyasi əlaqələr, həm də energetika sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələləri və ticarət, iqtisadi məsələlər də gündəliyin əsas məsələləridir.
O ki qaldı enerji siyasətimizə, birinci rübdə Bakıda “Cənub qaz dəhlizi”nin ikinci Məşvərət Şurası keçirilmişdir. Artıq ikinci dəfədir ki, bu tədbir Bakıda keçirilir. Bu da bizim təşəbbüsümüzlə mümkün olmuşdur. Biz iki il bundan əvvəl təşəbbüs göstərmişdik ki, belə bir toplantı keçirilsin və indi bu, artıq ənənəvi xarakter daşıyır. İkinci Məşvərət Şurasının toplantısı çox böyük uğurla keçirilmişdir, çox vacib qərarlar qəbul edilmişdir. Qəbul edilmiş Bəyannamədə Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd olunmuşdur. “Cənub qaz dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir. Əminəm ki, bu strateji layihə vaxtında icra ediləcək.
Birinci rübdə IV Qlobal Bakı Forumu keçirilmişdir. forumda 50-dən çox ölkənin təmsilçisi, fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçıları iştirak etmişlər. Bu forum artıq dünyanın aparıcı beynəlxalq forumları arasında yer alan gözəl bir müzakirə meydançasıdır. Bu forumların Bakıda keçirilməsi, əlbəttə ki, bizim önəmimizi daha da artırır. Bu ayın sonunda isə Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Hesab edirəm ki, bu da Azərbaycanda multikulturalizm, sivilizasiyalararası dialoqun aparılmasında əldə edilmiş uğurların nəticəsidir. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu sahədə əldə olunmuş uğurlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.
Birinci rübdə, əlbəttə ki, digər önəmli hadisələr baş vermişdir. İndi onların hamısı haqqında danışmağa, sadəcə olaraq, vaxt yoxdur. Bir sözlə, baxmayaraq ki, bu gün dünyada iqtisadi-maliyyə böhranı davam edir, gəlirlərimiz azalıbdır, ancaq çox operativ addımlar, dərin iqtisadi islahatlar və düşünülmüş müdrik xarici siyasət nəticəsində biz bütün riskləri minimum səviyyəyə endirdik. Mən ümid edirəm ki, müsbət dinamika 2016-cı ildə davam edəcək. İkinci rübdə iqtisadiyyat daha da sürətlə inkişaf edəcək və biz ilin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələləri həll edəcəyik.
* * *
Sonra energetika naziri Natiq ƏLİYEV ilin birinci rübündə ölkənin energetika sektorunda görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Qeyd etdi ki, regionun və Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən Azərbaycanın enerji siyasəti 2016-cı ilin birinci rübündə də mühüm nailiyyətlərlə müşayiət olunub, tarixi əhəmiyyətli bir sıra məqamlarla yadda qalıb. Nazir bildirdi ki, Xəzər regionunun qaz təchizatı infrastrukturunu Avropa bazarlarına birləşdirməklə, bütün regionun enerji xəritəsini dəyişəcək, enerji dəhlizlərinin şaxələndirilməsində, Avropa regionunun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq “Cənub qaz dəhlizi” layihəsinin icrası istiqamətində görülmüş işlər, bu baxımdan, xüsusilə müstəsna əhəmiyyət kəsb edir. 2016-cı ilin ilk rübündə bu layihə üzrə həyata keçirilən ən mühüm tədbirlərdən birinin fevralın 29-da Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurasının ikinci iclasının keçirilməsi olduğunu söyləyən Natiq Əliyev dedi:
- İlk növbədə, onu qeyd edim ki, məhz Sizin təşəbbüsünüzlə yaradılmış Məşvərət Şurası çərçivəsində keçirilən bu cür iclaslar layihənin həm siyasi müzakirəsi, həm də tranzit ölkələrdə onun reallaşdırılması zamanı yaranan problemlərin nəzərdən keçirilməsi və müvafiq həll yollarının birgə axtarılması baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndə heyətlərinin Məşvərət Şurasının ikinci iclasında ən yüksək səviyyədə iştirakı bir tərəfdən “Cənub qaz dəhlizi”nin qlobal əhəmiyyətinin və ona olan beynəlxalq marağın, digər tərəfdən isə Sizin layihəyə bu qədər böyük maraq və dəstək cəlb etmiş məqsədyönlü xarici enerji siyasətinizin təzahürü idi.
Məşvərət Şurasının iclasında Sizin tərəfinizdən şura üzvlərinə layihənin icrası ilə bağlı verilən tövsiyələr, tapşırıqlar və göstərişlər iştirakçı ölkələrin öhdəliklərinin yerinə yetirilməsi, gələcək istiqamətlərin və hədəflərin birgə maliyyələşdirilməsi üçün son dərəcə səmərəli bir platforma oldu. İclasda Avropa Komissiyasının vitse-prezidentləri Federika Moqerini və Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn kimi yüksək səlahiyyətli təmsilçilərin iştirakı “Cənub qaz dəhlizi” layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verməklə yanaşı, Azərbaycanla əlaqələrə də böyük diqqət kimi qiymətləndirilib.
Bu iclasın növbəti dəfə Bakıda keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılmasında həlledici rol oynayır, həmçinin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz sahibidir. Layihənin reallaşdırılması işinə lazımi dəstəyin bundan sonra da davam etdiriləcəyinin iştirakçı ölkələr tərəfindən bir daha qəti şəkildə bəyan olunması da ən mühüm məqamlardan biridir. Sizin iclasda ifadə etdiyiniz qətiyyətli mövqeyin hamı tərəfindən yekdilliklə qəbul edilməsi bir daha sübuta yetirdi ki, Azərbaycan enerji siyasətini heç kimin maraqlarına xələl gətirmədən düzgün formalaşdıraraq həyata keçirməkdədir. Bu iclasın nəticələri, eyni zamanda, Azərbaycanla Avropa Komissiyasının “Cənub qaz dəhlizi” layihəsi üzrə maraqlarının tam üst-üstə düşdüyünü, layihənin Azərbaycan qədər Avropa üçün də böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərdi.
“Cənub qaz dəhlizi” layihəsinin son icra vəziyyəti ilə əlaqədar məruzə edərək bildirmək istərdim ki, layihənin əsas elementlərindən olan “Şahdəniz Mərhələ 2” və “Cənub Qafqaz qaz boru kəmərinin genişlənməsi” üzrə işlərin mühüm hissəsi qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl yerinə yetirilib. Hazırda layihə üzrə işlər sürətlə davam etdirilir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığındakı tikinti sahəsində, Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca irimiqyaslı tədbirlər həyata keçirilir, istehsalat sahələrində platformanın üst modulları və dayaq blokları qurulur. İlkin qazın əldə olunması üçün nəzərdə tutulmuş işlərin 66 faizi artıq yerinə yetirilib.
İlin birinci rübündə “Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Genişləndirilməsi” layihəsi çərçivəsində işlər də Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin əhatə etdiyi marşrut üzrə uğurla davam etdirilib, Azərbaycanda boru kəməri boyunca torpaq sahələrinin əldə olunması 99 faiz başa çatdırılıb. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının, habelə təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam etdirilməkdədir.
Ölkədə “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə tikinti işlərinə 15 mindən çox insan cəlb olunub ki, onların da 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır. Ümumilikdə, Azərbaycan və Gürcüstan ərazisində bu işlərə 22 mindən çox işçi cəlb edilib.
Möhtərəm cənab Prezident. Təməli Sizin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Qars vilayətində qoyulan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə 2015-ci ilin mart ayından başlanmış tikinti işləri də fasiləsiz şəkildə davam etdirilir. Qaz kəmərinin 1350 kilometr hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işləri başlayıb. İndiyədək TANAP-ın tikintisi üzrə ümumi işlərin 20 faizdən çoxu yekunlaşdırılıb. Hazırda 3 lot halında inşa edilən layihə üzrə tədbirlər qrafikə uyğun şəkildə tam sürətlə davam etdirilir.
Məhz Sizin yüksək iradəniz sayəsində “Trans-Adriatik” (TAP) layihəsi beynəlxalq aləmin lazımi dəstəyini qazanıb, layihənin reallaşdırılmasındakı çətinlikləri aradan qaldıran “Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi” kimi mühüm bir sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri tərəfindən qəbul olunub. Eyni zamanda, TAP layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib.
Martın sonlarında Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakınız zamanı keçirdiyiniz yüksək səviyyəli görüşlərdə də enerji məsələlərinə, “Cənub qaz dəhlizi” kimi meqalayihəyə xüsusi diqqət yetirilməsi, bu layihəyə böyük xarici dəstəyin ifadə olunması və bu sahədə ölkəmizə güclü dəstək verilməsində Sizin böyük əməyiniz vardır.
Neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan qlobal böhranın ən şiddətli xoşagəlməz dövründə belə mühüm nailiyyətlər qazanıb. 2016-cı ilin birinci rübü ərzində respublikada 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib. Bu da nəzərdə tutulandan 600 min ton artıqdır. Hasil olunan neftin 82 faizi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının payına düşür. Bu dövrdə 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu konsorsiuma və 220 min tonu SOCAR-a aiddir. Rüb ərzində respublikada 7,5 milyard kubmetr qaz hasil edilib və bu da müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur.
* * *
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim MÜSLÜMOV 2016-cı ilin birinci rübündə görülən işlərlə bağlı məlumat verərək bildirdi ki, əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident İlham Əliyev bu ilin birinci rübündə 25-dən artıq fərman və sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2016-cı ilin büdcəsində müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub. Bunun çox riskli, çətin, eyni zamanda, düşünülmüş ciddi sosial addım və Azərbaycan Prezidentinin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını hər şeydən üstün tutduğunun göstəricisi olduğunu vurğulayan nazir Səlim Müslümov dedi:
- Cari ilin birinci rübündə, ilkin məlumata görə, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 milyon manat artaraq 756 milyon manat olub ki, bu da yanvar və fevral ayları üzrə pensiyaları qrafikdən əvvəl, mart ayında isə Novruz bayramınadək maliyyələşdirməyə imkan verib.
Fondun 762 milyon manat həcmində xərclərinin 98,4 faizini pensiya və müavinət xərcləri təşkil edib. Pensiyaların baza hissəsinin fevralın 1-dən 10 faiz artırılması nəticəsində fevral-mart aylarında bu məqsədə əlavə olaraq 26,5 milyon manat vəsait yönəldilib. Həmçinin əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılıb. Bundan əlavə, bəzi kateqoriya hərbi qulluqçuların vəzifə maaşlarında baş vermiş artımlarla bağlı hərbi pensiyalar orta hesabla 23 manat artıb.
Bütün bunların nəticəsində pensiyaların orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 210 manat olub.
Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi qurulub, ünvanlı sosial yardım üçün istər kağız üzərində, istərsə də elektron formada olunan müraciətlərin “bir pəncərə” prinsipi ilə qəbulu və həmin müraciətlər üzrə tələb olunan arayış və məlumatların sistemə müvafiq dövlət qurumlarından elektron formada ötürülməsi əsasən təmin edilib. Fevralın 15-dən istifadəyə verilmiş sistemə ötən müddətdə 42500 ərizə-bəyannamə daxil olunub, sistem onlardan 21500-nə imtina verib, 20960-ı isə emal mərhələsindədir.
Eyni zamanda, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi yaradılıb, əlilliyin qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı verilib. Bu məqsədlə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul olunmuş qərarlar barədə məlumatların elektron formada real vaxt rejimində sistemə ötürülməsi və vətəndaşlar tərəfindən eyni rejimdə əldə edilməsi imkanı yaratmaq məqsədilə müayinə olunan şəxslərin, işəgötürənlərin və bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə sistemə çıxışı təmin edilib. Eləcə də sistem tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlillik müddətsiz müəyyən edilib, ikinci və üçüncü dərəcə əlilliklərin müddəti 5 ilə qədər uzadılıb. Nəticədə hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə ehtiyac qalmayıb.
İlin birinci rübü ərzində 112730 ailəyə və ya onların 492 min üzvünə, yəni ölkə əhalisinin 5,1 faizinə ünvanlı dövlət sosial yardımı verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb. Cari ilin 1 aprel tarixinə hər ailəyə düşən orta aylıq yardım məbləği ötən ilə nisbətən 5,6 faiz artaraq 151 manat olub.
Hesabat dövründə 395 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 55 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Ümumilikdə, sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən rüb ərzində 84 milyon manat vəsait xərclənib.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərə və şəhid ailələrinə son 3 ay ərzində 53 mənzil, 41 fərdi ev verilib. Bu müddətdə 3 min 120 nəfərə protez-ortopedik xidmət göstərilib, əlilliyi olan şəxslər 553 ədəd əlil arabası və 158 ədəd eşitmə aparatı ilə təmin edilib.
Respublikada fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərində cari ilin birinci rübündə 1690 əlil bərpa müalicəsi alıb.
Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədilə rüb ərzində dövlət şirkətləri ilə birgə səmərəli fəaliyyət həyata keçirilib. Bu şirkətlər tərəfindən qısa müddətdə məşğulluq orqanlarına 18 minə yaxın yeni vakansiya barədə məlumat təqdim edilib və işaxtaran kimi qeydiyyata alınmış şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub. Bundan əlavə, məşğulluq orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb. İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib.
Fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb. Bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilib.
Əmək münasibətlərinin şəffaflaşdırılmasını təmin edən və əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazası formalaşdıran əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətlərinə birbaşa və operativ nəzarətin həyata keçirilməsinə imkan yaradıb. Bu sistemin məlumatına əsasən, 2016-cı ilin 1 yanvar tarixinə nisbətən muzdla işləyənlərin sayı 3 ay ərzində 6,6 min nəfər artaraq 1 aprel tarixinə 1256,7 min nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib.
Möhtərəm cənab Prezident. Ünvanlı dövlət sosial yardım proqramı 2006-cı ildən ölkəmizdə tətbiq olunmağa başlanılmış passiv sosial müdafiə tədbiridir və aztəminatlı ailələrin üzvlərinin minimum maddi tələbatlarının ödənilməsi məqsədi daşıyır. Mövcud statistika yardım təyin olunmuş ailələrin 73 faizinin təkrar müraciət edən ailələr olduğunu göstərir. Başqa sözlə, bu yardım ailələrin yoxsulluqdan çıxarılmasını şərtləndirmir. Fikrimizcə, ailələri yoxsulluqdan çıxarmaq üçün, ilk növbədə, onların məşğulluq imkanları araşdırılmalıdır və təhlillər göstərir ki, sosial yardım alan ailələrin əksəriyyətinin məşğulluq imkanları mövcuddur. Belə ki, 2016-cı ilin birinci rübündə sosial yardım alan ailələrin 70 faizi Bakı şəhərindən kənarda olmaqla, onların 75 faizinin pay torpağı var və eləcə də yardım təyin olunmuş ailələrin üzvlərinin 50 faizindən çoxu yaşı 18-dən yuxarı olan insanlardır.
Sizin müvafiq tapşırığınıza əsasən, belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədilə özünüməşğulluq proqramlarına start verilib. Artıq bu məqsədə Ehtiyat Fondunuzdan 6 milyon manat vəsait ayırmısınız və bu vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması təmin ediləcək. Bununla da biz aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid edirik.
Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının rolu və onun cəmiyyətin inkişafında əhəmiyyəti artmaqdadır. Bu texnologiyalar iqtisadiyyatda stimullaşdırıcı faktorla yanaşı, cəmiyyətin müxtəlif sahələrində, o cümlədən sosial sahədə də stabilliyin və şəffaflığın yaranmasına şərait yaradır. Cari ilin birinci rübündə “Elektron hökumət” portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 1 milyon 437 min dəfə istifadə olunub ki, bu da ölkə üzrə həmin portal vasitəsilə bütün elektron xidmətlərdən istifadənin 49,3 faizini təşkil edir.
* * *
Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın ƏLİYEV çıxış etdi. Komitə sədri bildirdi ki, son bir ildən artıq müddət ərzində dünyada baş verən maliyyə-iqtisadi böhran qlobal iqtisadiyyata sıx inteqrasiya olunan Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Mövcud şəraitdə milli valyutanın devalvasiyası idxal mallarının qiymətinə müəyyən qədər öz təsirini göstərib. Lakin dünyada davam edən arzuolunmaz iqtisadi proseslərə, maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda yerli məhsul istehsalı bolluğu yaratmaq üçün məqsədyönlü tədbirlər və ardıcıl iqtisadi islahatlar aparılır. İstehlakçıların tələbatının idxalı əvəzləyəcək yerli məhsullar hesabına tam ödənilməsinə və qeyri-neft məhsullarının ixracının təşviqinin stimullaşdırılmasına hesablanan və dövlətimizin başçısı tərəfindən imzalanan müvafiq sərəncamlarda qeyd olunan tapşırıqların vaxtında yerinə yetirilməsi üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdıran komitə sədri Aydın Əliyev dedi:
- Bu baxımdan Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda investisiyanın təşviqi sənədini almış şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunub. 2016-2020-cı illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizi və mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun dövlət büdcəsindən əlavə vəsaitin sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında sahibkarlığın inkişaf strategiyasının nəinki ölkəmizin iqtisadi tərəqqisində xüsusi rola malik göstəricisidir, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin inkişafında nümunəyə çevrilir.
Möhtərəm cənab Prezident. Qeyd olunan prinsiplərə əsaslanaraq ölkəmizdə həyata keçirilən idxal-ixrac əməliyyatlarının aparılmasında şəffaflığın tam təmin olunması, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulu, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində müasir texnologiya və avadanlıqlardan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması ilə əlaqədar “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamından irəli gələn tapşırıqların icrasına başlanılıb.
Sərəncamın müvafiq bəndlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 7 mart tarixli müvafiq Sərəncamına əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid olan malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə vahid siyahısı işlənərək tərtib edilib, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinə göndərilib. Siyahıların hazırlanmasında sadələşdirilmə prinsipi nəzərdə tutulub, beynəlxalq təcrübə nəzərə alınıb.
Qısa idxal bəyannaməsi və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatların və mülki dövriyyəyə verilən xüsusi icazənin əvvəlcədən yoxlanması və gömrük ərazisinə buraxılışını tənzimləyən prosedur qaydaları müəyyən edilir və qaydalara uyğun olaraq qısa idxal bəyannamələrinin elektron qaydada təqdim edilməsi ilə əlaqədar “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi həyata keçiriləcək. Sərəncama əsasən, başqa ölkələrin gömrük orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi işinin təşkili məqsədilə bir sıra ölkələrlə müqavilələr imzalanıb və bu proses davam etdirilir.
Aprel ayının 4-dən etibarən malların və nəqliyyat vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim edilməsinin pilot layihəsinə başlanılıb, may ayının əvvəlində isə bütün gömrük orqanlarında bəyannamənin elektron formada qəbuluna keçiləcək.
Eyni zamanda, biznes nümayəndələrinin məlumatlandırılması məqsədilə görüşlər də keçirilir. Belə ki, 2016-cı il martın 14-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda Ticarət Palatasının, martın 30-da isə Türk İş Adamları Birliyinin (TUSİAB) nümayəndələri ilə görüşlər keçirilib, gömrük qanunvericiliyi, gömrük rəsmiləşdirilməsi, gömrük bəyannaməsinin tətbiq edilməsi məsələləri barədə işgüzar müzakirələr aparılıb.
Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Prezidentinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi hazırlanıb və razılaşdırılması üçün Daxili İşlər və Ədliyyə nazirliklərinə, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinə təqdim edilib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 244.2-ci maddəsinə uyğun olaraq, gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd-buraxılış məntəqələrində poçt şöbələrinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin nümayəndəsi də daxil olmaqla işçi qrupu yaradılıb və qısa zamanda gömrük sərhəd buraxılış məntəqələrində poçt şöbələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılacaq.
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanununa əsasən, Dövlət Gömrük Komitəsi üçün ötən illə müqayisədə 20 faiz artımla 1 milyard 810 milyon manat büdcə öhdəliyi nəzərdə tutulub. 2016-cı ilin ilk üç ayı ərzində idxalın həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faizə qədər azalmasına baxmayaraq, bu müddət üçün proqnozlaşdırılan 363 milyon 260 min manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 416 milyon 920 min manat məbləğdə gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Proqnoza 114,77 faiz, yaxud 53 milyon 660 min manat artıqlaması ilə əməl edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 75 milyondan artıq vəsait köçürülüb.
2016-cı ilin birinci rübü ərzində qaçaqmalçılığa qarşı mübarizə tədbirləri gücləndirilib, 468,7 kiloqramı heroin olmaqla, ümumi çəkisi 474,6 kiloqram olan narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Hesabat dövründə gömrük qaydaları əleyhinə 2177 inzibati xəta faktı üzrə 92 hüquqi şəxs, 2088 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib və onlara qarşı 170 min manat cərimə tətbiq olunub.
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının tələblərini pozan şəxslərdən 391 min ABŞ dolları, 27,5 milyon rus rublu, 133 min manat, 224 min manat dəyərində 5,5 kiloqramdan artıq qızıl aşkar olunub. Hesabat dövründə beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsi də prioritet məsələlərdən biri olub.
* * *
Dövlət başçısı iclasda yekun nitqi söylədi.

 

Prezident İlham Əliyevin yekun nitqi

 

- Bir daha qeyd etmək istəyirəm və şübhə etmirəm ki, ilin sonuna qədər ölkə qarşısında duran bütün vəzifələr icra ediləcək. Azərbaycan uğurlu inkişaf yoluna davam edəcək.
O ki qaldı qarşıda duran növbəti vəzifələrə, ilk növbədə əlbəttə ki, biz ordu quruculuğuna daha da böyük diqqət göstərməliyik. Son illər ərzində bu istiqamətdə çox böyük addımlar atılmışdır, böyük işlər görülmüşdür. Ordumuzun maddi-texniki bazası möhkəmlənmişdir. Bu gün Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Əlbəttə, belə olan halda, ilk növbədə, ordu quruculuğuna daha da böyük diqqət göstərilməlidir, göstərilir və göstəriləcəkdir.
Əlbəttə ki, buna nail olmaq üçün iqtisadiyyat daha da sürətlə inkişaf etməlidir. Ona görə, dediyim kimi, iqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən edir. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Biz bu gün müstəqil xarici siyasət aparırıq. Qeyd etdiyim kimi, bu siyasət xoşməramlıdır. Biz istəyirik ki, dünyada münaqişələr aradan götürülsün, qarşıdurma ocaqları olmasın, sabitlik yaransın, xüsusilə bizim bölgəmizdə. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dünya miqyasında uğurlu, müstəqil xarici siyasət aparan ölkələrdən biridir. Əlbəttə ki, bunun da təməli, əsası həm iqtisadi müstəqillik, həm də xalq-iqtidar birliyidir. Ona görə, iqtisadi sahədə lazım olan bütün tədbirlər görüləcək və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcəkdir.
Qeyd etməliyəm ki, biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, yoxlamalarla bağlı mənim göstərişlərim yerinə yetirilir. Qeyd etməliyəm ki, 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilmişdir. Bu il isə 34. Bu rəqəmlərə şərh verməyə ehtiyac yoxdur. Beləliklə, Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun başlanğıcındayıq. Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcəkdir. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi olmalıdır və qanunun aliliyi təmin edilməlidir. Əgər biz başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, sürətli inkişaf yoluna qədəm qoymuş ölkələr bu yolla gediblər və beləliklə, öz ölkələrini xarici sərmayə üçün çox cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb etməyə çalışır, hətta böyük maliyyə resurslarına malik olan ölkələr. Çünki bu, həm əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik.
İnvestisiyaların təşviqi üçün addımlar atılmışdır. Bu ilin yanvar ayında müvafiq fərman imzalanmışdır. İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman yanvar ayında imzalanmışdır. Əminəm ki, bu fərman əsasında Azərbaycana qoyulacaq sərmayələrin həcmi böyük dərəcədə artacaq.
Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə də çox önəmli addımlar atılmışdır. Maliyyə nəzarəti haqqında, digər istiqamətlər üzrə önəmli addımlar atılmışdır. Hesab edirəm ki, bu, bank sektorunun inkişafına xidmət göstərəcək. Əmanətlərin tam sığortalanması haqqında qərar qəbul edilmişdir. Bu, həm sosial xarakter daşıyır, həm də əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır. İndi bütün əmanətlər sığortalanıb. Hesab edirəm ki, gələcəkdə dollarlaşma meyillərinin qarşısı da alınacaq. Əfsuslar olsun ki, indi əmanətlərin böyük hissəsi dollarla saxlanılır. Bu da əlbəttə ki, ölkə iqtisadiyyatı üçün müsbət hal deyil.
Manatın məzənnəsi sabitləşib. Hesab edirəm ki, tədricən bu istiqamətdə də vəziyyət müsbətə doğru inkişaf edəcək. Ancaq bu, təbii prosesdir. Əlbəttə ki, yerli valyutaya inam daha da artdıqca insanlar özləri öz qərarlarını verəcəklər. Burada heç kim heç kimi məcbur edə bilməz. Sadəcə olaraq, dövlət və hökumət elə addımlar atmalıdır ki, insanlar öz əmanətlərini manatla saxlamaqda daha da maraqlı olsunlar.
Qeyri-neft sektorunun sürətli inkişafı bundan sonra da təmin edilməlidir. Mən giriş sözümdə qeyd etdim. İki milyard manata yaxın dəyəri olan layihələr tərtib edilib. İndi iş adamları bu layihələri icra etməlidirlər. Burada, əlbəttə ki, özəl bankların rolu da kifayət qədər böyükdür. Ümumiyyətlə, bank sektorunun sağlamlaşdırılması konkret olaraq bu məsələyə də xidmət göstərəcəkdir. Banklar indi kreditlər vermək üçün layihələr axtarırlar ki, o layihələr özlüyündə gəlir gətirsin. Ona görə, burada dövlət və özəl sektor tərəfdaşlıq şəraitində işləyir. Biz bir məqsədi güdürük ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin.
Yerlərdə sahibkarlara tam şərait yaradılmalıdır. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Yerli icra orqanları bu şəraiti yaratmalıdırlar. Yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətini ilk növbədə o bölgələrdə, o rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcəkdir. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq.
Mənə verilən məlumata görə, rayonlarda kifayət qədər istifadəsiz torpaq sahələri var. Biz bu məsələ ilə də ciddi məşğul olmalıyıq. Burada həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər görülə bilər. Torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlar özlərini daha da məsuliyyətlə aparmalıdırlar. Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir. Biz imkan verə bilmərik, - hələ ki, özümüzü ərzaq məhsulları ilə tam təmin etməmişik, - bu torpaqlar uzun illər istifadəsiz qalsın. Mən bu vəzifəni də qarşıya qoyuram. Burada həm yerli, həm mərkəzi icra orqanları birgə işləməlidirlər.
Sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəkdir. Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır.
Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaqdır. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır.
İş yerlərinin yaradılması üçün əlavə tədbirlər görüləcək. Mən giriş sözümdə qeyd etdim ki, biz operativ tədbirləri görməklə qısa müddət ərzində 31 min daimi iş yeri yaratmışıq, daha çox dövlət sektorunda. Özəl qurumlara da tövsiyə olundu ki, çalışsınlar ixtisarlara yol verməsinlər. Burada biznesin sosial məsuliyyəti ön plana çıxır. Eyni zamanda, əlavə tədbirlərin görülməsi nəticəsində, xüsusilə özəl sektorda minlərlə, on minlərlə yeni iş yeri yaradılmalıdır, qeyd etdiyim kimi, inşaat və kənd təsərrüfatı sektorlarında. Kənd təsərrüfatı ilə bağlı planlarımızı mən bir qədər sonra bildirəcəyəm.
Burada qeyd olundu, ünvanlı dövlət sosial yardımı ilə bağlı məsələlər öz həllini tapır. Ancaq biz elə şərait yaratmalıyıq ki, insanlar işlə təmin olunsunlar. Düzdür, ünvanlı dövlət sosial yardımı çox mühüm sosial təşəbbüsdür və biz bunu icra edirik. Ancaq bəzi hallarda bu, ələbaxımlıq meyillərini də gücləndirir. Ona görə də biz burada çox ciddi və düşünülmüş siyasət aparmalıyıq ki, insanlar işləyib pul qazansınlar. Bu məqsədlə biz rayonlarda, Bakı şəhərində, böyük şəhərlərdə ictimai işlər açırıq. Bu məqsədlə dövlət şirkətlərinə göstəriş verilmişdir ki, minlərlə yeni iş yeri açsınlar. Ancaq bəzi hallarda biz görürük ki, vətəndaşlar o iş yerlərindən istifadə etmək istəmirlər, daha çox dövlətdən ünvanlı yardım almaq istəyirlər. Ona görə, burada çox dəqiq siyasət aparılmalıdır. Doğrudan da kimin ehtiyacı varsa, ona dövlət daim diqqət göstərəcəkdir. Amma əmək qabiliyyətli vətəndaşlar, gənc vətəndaşlar əgər iş varsa getsinlər o işlərdə işləsinlər, maaş qazansınlar və beləliklə, gələcəkdə öz həyatlarını qursunlar. Çünki ələbaxımlıq, ümumiyyətlə, yaxşı hal deyil. Azərbaycan artıq yoxsulluğa qarşı mübarizədə böyük uğurlar əldə edibdir. Azərbaycanda yoxsulluq aşağı səviyyədədir. Əlbəttə ki, işləmək üçün iş yerləri olmalıdır, bunlar da yaradılır. Həm dövlət, həm özəl sektorlarda özünəməşğulluğun təmin olunması üçün vəsait ayrılıb. Ona görə, bu, çox ciddi məsələdir və öz həllini tapmalıdır.
Dövlət xətti ilə infrastruktur layihələrinin icrası davam etdirilir. Qazlaşdırma, elektrik təchizatı, su təminatı, kənd yollarının tikintisi. Bu il 40-dan çox kənd yolu layihəsi icra ediləcəkdir. Bu məqsədlə təqribən 250 milyon manat vəsait nəzərdə tutulur. Bütün bölgələrdə kənd yollarının tikintisi bu il daha da geniş vüsət alacaq.
Bu, həm sosial layihədir, iqtisadi layihədir, eyni zamanda, o layihələrin icrasında minlərlə, on minlərlə yeni iş yeri açılır ki, vətəndaşlar da iş yerləri ilə təmin olunsunlar. Ümumiyyətlə, inşaat sektorunun canlandırılması üçün biz çox ciddi işləməliyik. Bakı şəhərində qəzalı vəziyyətdə binalar kifayət qədər çoxdur. İndi pilot layihələri icra edilir. Birinci layihə Sabunçu rayonunda icra edilməyə başlanmışdır. Vətəndaşlar da bundan çox razıdırlar. Onlar müvəqqəti olaraq başqa yerlərə yerləşdirilirlər. O evlər sökülür, onların yerində gözəl, müasir binalar tikilir. Onlara köhnəlmiş, qəza vəziyyətində olan mənzillərdən canlarını qurtarmaq üçün imkan verilir. Onlar yeni evlərdə, mənzillərdə yaşayacaqlar. Orada onların yaşayış sahəsi daha da geniş olacaq və iqtisadi cəhətdən bu, çox əhəmiyyətlidir. Amma, ilk növbədə, biz bunu sosial layihə kimi icra etməyə başlamışıq. İndi bu proses digər rayonlarda, Qaradağ rayonunda, hər bir rayonda başlanıbdır. Bakının hər bir rayonunda qəzalı vəziyyətdə olan binalar var. Onlar, əlbəttə ki, sökülməlidir və orada yaşayan insanlar ya dövlət, ya da özəl sektor tərəfindən daha yaxşı evlərlə təmin edilməlidirlər. Burada həm dövlət, həm özəl sektor birgə işləyə bilər. Buna nail olmaq üçün, sadəcə, şərait yaradılmalıdır və yaradılır. Hesab edirəm ki, bu il bu proses çox kütləvi xarakter alacaq. Sosial mənzillərin tikintisi, eyni zamanda, qəzalı vəziyyətdəki bu evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcəkdir.
Mən giriş sözümdə qeyd etdim ki, nəqliyyat sektorunda Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılması istiqamətində işlər gedir. Şərq-Qərb dəhlizinin yaradılması üçün Azərbaycan qonşu ölkələrə bir təklif də irəli sürdü ki, biz burada daha da böyük həcmdə yükləri cəlb etmək üçün vahid tarif siyasəti aparaq. Həm gürcüstanlı, həm də türkiyəli həmkarlarımızla bu məsələ müzakirə olundu. Mənim keçən ilin sonlarında Çinə dövlət səfərim çərçivəsində bu məsələ geniş müzakirə edildi. Qədim İpək Yolunun bərpası layihəsi çox böyük önəm daşıyır. Biz, sadəcə olaraq, dəmir yollarının tikintisi, yaxud da ki, birləşdirilməsi ilə öz işimizi bitmiş hesab etməməliyik. Biz elə bir düzgün və razılaşdırılmış tarif siyasəti aparmalıyıq ki, bütün yüklər bizim ərazimizdən keçsin. Bunu biz təkbaşına edə bilmərik. Halbuki biz bunu edirik və bilirsiniz ki, biz yükləri operativ qaydada, bəzi hallarda 40 faiz güzəştlə daşıyırıq. Ancaq bunu bu dəhlizdə iştirak edən bütün ölkələr etməlidir. Əgər biz tarifləri endirsək, digər ölkələr endirməsə, qaldırsa, onda sadəcə olaraq, biz itirəcəyik. Ona görə, biz Əlaqələndirmə Şurasının yaradılması, vahid tarif siyasətinin aparılması təşəbbüsünü irəli sürdük ki, yük göndərən bilsin bu yolun haqqı, qiyməti nə qədərdir. Artıq yenə də Azərbaycanın təşəbbüsü əsasında bu prosesə də təkan verildi.
Bu il Ələt Beynəlxalq Dəniz Limanının yaradılması istiqamətində əlavə işlər görülməlidir. Bilirsiniz ki, biz bunu mərhələ-mərhələ edirik. İndi birinci mərhələnin birinci hissəsi başa çatıb, amma tezliklə birinci mərhələ tam şəkildə icra edilməlidir. Əlavə vəsait ayrılmalıdır ki, bizim burada infrastruktur və logistika imkanlarımız artan tələbatla uzlaşsın. Çünki bütün bu yolların, dəhlizlərin yaradılması bunu diktə edir. Çox yaxşı ki, vaxtilə biz bu layihəyə start vermişik. Ələt limanı Xəzər dənizinin ən böyük ticarət limanı olacaqdır. Bildiyiniz kimi, Xəzəryanı qonşu ölkələrdə də limanların tikintisi gedir və burada da əlaqələndirmə çox vacibdir. Biz bu istiqamətdə də lazımi tədbirlər görürük.
Ekoloji tədbirlərin davam etdirilməsi çox önəmlidir. Son illər ərzində həm Bakı şəhərində, həm bölgələrdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Hesab edirəm ki, Bakı şəhərinin sakinləri bunu hər gün hiss edirlər. Bakının havası təmizləndi. Bakıda indi havanın meyarları yüksək səviyyədədir. Bunu hər bir vətəndaş hiss edir. Bəziləri unudurlar ki, əvvəlki vəziyyət necə idi. Ancaq biz bunu xatırlayırıq. Bir neçə strateji layihə öz həllini tapmışdır. Onların içərisində mən, əlbəttə ki, Balaxanı zibilxanasının ləğvini və burada böyük zibilyandırma zavodunun tikintisini xüsusilə qeyd etmək istəyirəm. Vaxtilə şəhərimizin havasını ən çox zəhərləyən elə Balaxanı zibilxanası idi. Yanırdı, şəhərimizi tüstü bürüyürdü və o zonada havanın çirklənməsi həddindən artıq yüksək idi. Bu, çox böyük ekoloji və sağlamlıq layihəsi oldu. Şadam ki, bu, öz həllini tapdı, orada bütün yerlər təmizləndi. Sahə abadlaşdı və gözəlləşdi. İndi orada Balaxanı Texnologiya Parkı yaradılır.
Böyükşor gölünün təmizlənməsi layihəsinin birinci mərhələsi keçən il başa çatmışdır. O da Balaxanı zibilxanasına yaxın olan bir ərazidə yerləşir. Onilliklər ərzində buraya lay suları, neftlə çirklənmiş sular, kanalizasiya suları axıdılırdı. Ora bir ekoloji fəlakət zonası idi. İndi köçəri quşlar o gölə qonur. Ətrafında gözəl bulvar yaradılıbdır. Abadlıq işləri aparılır, insanların sağlamlığı, istirahəti üçün çox gözəl bir məkana çevrilib. İndi Böyükşor gölünün təmizlənməsinin ikinci mərhələsi də gündəlikdədir.
Bibiheybət buxtasının təmizlənməsi də uğurla başa çatdı. Vaxtilə bu da bir ekoloji fəlakət mənzərəsi idi. Bu gün orada gözəl parklar salınıb. Birinci Avropa Oyunları yarışlarının bir hissəsi orada keçirilibdir. Böyük Su İdmanı Sarayı, digər idman qurğuları tikilibdir. Bayraq Meydanından ta Bibiheybət buxtasınadək yaşıllıq zonaları, bulvar salınıbdır. Bu da, əlbəttə ki, şəhərimizi çirkləndirirdi - Balaxanı bu tərəfdən, Qaraşəhər başqa tərəfdən. Orada da böyük təmizləmə işləri aparılmışdır, torpaq qatları götürülmüşdür. Orada vaxtilə neftayırma zavodunun bütün tullantıları yığışırdı. İndi biz Qaraşəhəri Ağ Şəhərə çeviririk. Yəni, bunlar doğrudan da nəhəng layihələrdir. İndi biz Bakıda möcüzələr yaradırıq ki, şəhərimiz gözəlləşsin, ekoloji vəziyyət yaxşılaşsın, insanlar sağlam olsunlar. İçməli su layihəsi həyata keçirilibdir. Dünyanın ən böyük ultrasüzgəcli sutəmizləmə qurğusu Azərbaycanda tikilib və istifadəyə verilibdir. İndi əhalimizin böyük hissəsi Dünya Səhiyyə Təşkilatının normalarına uyğun su ilə təmin olunur. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyan layihələrdir.
Bakıda yerləşən yod zavodunun bütün qalıqları çıxarılıb. O da bir tərəfdən ekologiyanı zəhərləyirdi. Baxın, bunlar insanların sağlamlığına nə qədər ziyan vururdu. İndi bunların heç biri yoxdur. Hamısını qısa müddət ərzində biz etmişik. Böyük vəsait xərcləmişik, nəyə görə? Çünki insanlar sağlam olsunlar, hava təmiz olsun, ekoloji vəziyyət yaxşılaşsın. Həm Bakıda, həm regionlarda milyonlarla ağac əkilib və bu proses davam etdirilir.
Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Mən şadam ki, ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - 2,7 faiz. Ərzaq təhlükəsizliyi məsələsi əsas prioritetdir və ümid edirəm ki, yaxın zamanlarda biz özümüzü ərzaqla tam şəkildə təmin edəcəyik. Bu məqsədlə son illər ərzində böyük işlər görülür və daha da böyük işlər görülməlidir. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Əminəm ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda, kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək.
Biz kənd təsərrüfatı məhsullarının ixracını daha da sürətləndirməliyik. Bu məqsədlə təşviq sistemi işə salınır. Bu, bizim üçün birinci təcrübədir. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcəkdir. Baxaq, bu sistem necə işləyəcək. Bir çox ölkələrdə bu, özünü doğrultdu və hesab edirəm ki, bizdə də özünü doğrultmalıdır. Ancaq yenə də bu, bizim üçün bir sınaqdır. Biz bu təşəbbüsü etdik ki, ixracı stimullaşdıraq və ümid edirəm, buna nail olacağıq.
Ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olubdur, bu gün də prioritetdir. Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik. Ulu öndər Heydər Əliyevin zamanında - 1970-ci illərdə Azərbaycanın ümumi daxili məhsulunda neft amili çox aşağı faiz təşkil edirdi. İndi mənə məlumat verilir, məsələn, yüngül sənaye 23 faiz təşkil edirdi, kənd təsərrüfatı, maşınqayırma bəlkə ondan da daha böyük faiz təşkil edirdi.
Biz o vaxt kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarını inkişaf etdirməliyik, ilk növbədə pambıqçılığı. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Xüsusilə son vaxtlar sanksiyalarla əlaqədar müəyyən bazarlar bəzi məhsullar üçün bağlanıb. Əlbəttə ki, bunun bizə aidiyyəti yoxdur. Ancaq indi biz öz kənd təsərrüfatı məhsullarımızı başqa bazarlara çıxarmaq üçün gərək səylər göstərək. Ancaq pambıq məhsulunu birjalarda satmaq üçün heç bir problem yoxdur. Vaxtilə yenə də ulu öndər Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır. O, 1969-cu ildə hakimiyyətə gələndə, indi mənim dəqiq yadımda deyil, təqribən 100 min, 200 min ton pambıq istehsal olunurdu. Sonralar isə bir milyon, ildə orta hesabla 800 min, 900 min ton pambıq istehsal edilirdi.
Keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılıbdır. Bir milyon hara, 35 min hara?! Özəl qurumlar bunu təkbaşına edə bilməyəcəklər. Pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır, ikinci yerli icra orqanları və ondan sonra özəl qurumlar. Ona görə, göstəriş verilmişdir ki, vəziyyət təhlil edilsin və təhlil edilib. Mənə artıq təkliflər verilibdir. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilibdir. Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik. 1970-1980-ci illərdə 200-250 min hektar pambıq əkilirdi, keçən il 18 min hektar. Ona görə, məhsuldarlığın artırılması və əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, toxumla təminat məsələləri öz həllini tapmalıdır və biz bu il 100 min ton pambıq gözləyirik. Ancaq bir il ərzində, gələn ilin əkininə qədər bütün lazımi tədbirlər görülməlidir ki, 2017-ci ildə, - mən indi rəqəm demək istəmirəm, - Azərbaycanda 100 min tondan bir neçə dəfə çox pambıq yığılmalıdır. Pambıq satılacaq, ölkəmizə lazım olan valyuta gələcəkdir.
Bununla bərabər, baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsini də itirmişik. Əlbəttə, burada qiymətlər çox önəmli rol oynayır, bu, zəhmətkeşlərdən hansı qiymətə alınacaq. Pambıqçılıqda da biz bunu artırmışıq, lazım olarsa, bir daha artıracağıq və şərait yaratmalıyıq. Həmçinin baramaçılıq sektoru da inkişaf etməlidir. Sovet vaxtında bir sıra rayonlarda bu sahə çox uğurla inkişaf edirdi, bol məhsul əldə olunurdu və insanlar yaxşı pul qazanırdılar. Mən digər sahələr üzrə konkret tapşırıqlar vermişəm, o cümlədən tütünçülük, çayçılıq sürətlə inkişaf etməlidir.
Üzümçülük. Son illər ərzində dövlətin dəstəyi hesabına bu sahə inkişaf edir, üzüm bağları salınır, genişləndirilir. İri fermer təsərrüfatlarının fəaliyyəti xüsusilə taxılçılıq sahəsində dönüşə gətirib çıxaracaq ki, biz taxıl idxalından asılı olmayaq. Mən hesab edirəm ki, buna nail olmaq mümkündür. Bununla bərabər, aqroparklar salınır, yeni emal müəssisələri yaradılır. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır. Qarşıya bu vəzifə qoyulub və əminəm ki, biz bu məqsədə çatacağıq.
Bir sözlə, bu il biz gərgin işləməliyik ki, bütün vəzifələr icra edilsin, Azərbaycan iqtisadiyyatı inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar. Sağ olun.

AZƏRTAC

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video