15 Fevral 2020 16:25
1334
Səfərlər
A- A+

Prezident İlham Əliyevin Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşü olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Münxendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Dünya Bankının icraçı direktorunu salamlayan Prezident İlham Əliyev dedi:

-Bu görüş gələcək əməkdaşlığımız haqqında danışmaq üçün yaxşı fürsətdir. İndiyədək tərəfdaşlığımız çox uğurlu olmuşdur. Uzun illərdir ki, bizə göstərdiyiniz dəstəyə görə sizə minnətdarıq. Bildiyiniz kimi, iqtisadiyyatımız indi transformasiya dövrünü yaşayır və əsas prioritet iqtisadiyyatın şaxələndirilməsidir. Buna görə də biz indi sizinlə çox önəmli özünüməşğulluq layihəsi üzərində və digər layihələr üzərində işləyirik. Ümidvarıq ki, bu məhsuldar əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək.

İcraçı direktor Aksel van Trotsenburq:

-Çox sağ olun, cənab Prezident. Əvvəlcə, Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının donor ölkəsi olduğu üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Siz də bildiyiniz kimi, əvvəllər Azərbaycan bizim güzəştli maliyyələşmə pəncərəsindən faydalanmışdır. Hesab edirəm ki, bir ölkənin burada aparıcı rol oynaması, sonra isə yoxsul ölkələrlə həmrəy olan ölkələr klubuna qoşulması bir uğur hekayəsidir. Sizin 5 milyon dollar məbləğində töhfəniz çox yüksək qiymətləndirilmişdir. Çünki hesab edirəm ki, bununla biz sonda bəzi ölkələrin hələ də uzun yol qət etmək məcburiyyətində olduqlarına işarə etməsini unutmamalıyıq. Lakin ölkənizin timsalında siz artıq bu fazanı geridə qoymusunuz və ölkəniz yeni çağırışlarla üz-üzədir. Biz çox məmnunuq ki, Sizinlə bu məsələlər üzərində işləmək imkanına malikik. Hesab edirik ki, gələcək əməkdaşlıq üçün xüsusilə Mərkəzi Asiya önəmli bir bölgədir.

Prezident İlham Əliyev: Çox sağ olun. Hesab edirəm ki, müstəqilliyin ilk illərində Dünya Bankından və başqa beynəlxalq maliyyə təşkilatlarından çoxlu maliyyə dəstəyi əldə etmiş Azərbaycanın indi donor ölkəyə çevrilməsi çox rəmzi xarakter daşıyır. Hesab edirik ki, bu, indi bizim öhdəliyimizdir, çünki biz də hazırda dəstəyə ehtiyacı olanların vəziyyətində olmuşuq. Biz pul, resurs olmadıqda, təqribən 50 faiz ətrafında yoxsulluq olduqda bunun nə qədər çətin olduğunu bilirik. Buna görə də həyata keçirdiyimiz islahatların əsas hədəfi iqtisadi inkişaf vasitəsilə əhalinin sosial rifah halını artırmaqdan ibarətdir. İndi isə əhalimiz arasında yoxsulluq həddində yaşayanların sayının 5 faizdən aşağı olması, düşünürəm ki, bəzi digər ölkələr üçün də yaxşı nümunədir. Bu, onu göstərir ki, yoxsulluq bununla barışaraq ömürlük yaşayacağınız bir şey deyil. Əgər siz xarici investisiyalar üçün açıqsınızsa, əgər siz maliyyə institutları ilə konstruktiv şəkildə işləyirsinizsə, əgər sizin inkişafa dair aydın baxışınız varsa bir gün siz bunun öhdəsindən gələcək və donor ölkəyə, iqtisadi və sosial vəziyyəti sabit olan bir ölkəyə çevriləcəksiniz. Buna görə bir daha sizə davamlı dəstəyinizə, nəinki Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan "Cənub Qaz Dəhlizi” layihəsinin icrasına göstərdiyiniz dəstəyə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz ümidvarıq ki, gələcəkdə bir çox digər sahələrdə məhsuldar əməkdaşlığımız davam edəcək.

X X X

Söhbət zamanı qeyd olundu ki, Azərbaycan yoxsulluğun əsaslı şəkildə azaldılmasına görə dünyada aparıcı ölkələrdən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video