04 Mart 2019 12:49
1569
Qəbullar
A- A+

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, İbrahim bin Əbdülrəhman əl-Ömər İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini qeyd edərək, Azərbaycanda gördükləri inkişaf proseslərinin, mədəniyyət və arxitektura nümunələrinin, xüsusilə Heydər Əliyev Mərkəzinin gözəlliyinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda gedən böyük quruculuq işlərinin, ən müasir infrastrukturun yaradılmasının iqtisadiyyatın bütün sahələrinə, o cümlədən turizmin inkişafına böyük təkan verdiyini vurğuladı.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq əlaqələrinin genişləndiyi, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, hökumətlərarası komissiyanın əməkdaşlığın inkişafı işinə töhfə verdiyi qeyd edildi.

Söhbət zamanı, həmçinin bildirildi ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlıdır. Məmnunluq ifadə olundu ki, bir il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı dəfələrlə artıb.

Görüşdə ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, energetika, investisiya, bərpa olunan enerji mənbələrinin yaradılması, turizm və turizm infrastrukturu, sənaye, kənd təsərrüfatı, neft-qaz, alternativ enerji, nəqliyyat və digər istiqamətlərdə əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi, ticarət dövriyyəsinin artırılmasının və bunun üçün logistik və nəqliyyat imkanlarının araşdırılmasının vacibliyi qeyd olundu.

Dövlətimizin başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və vəliəhdə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video