02 Mart 2020 16:01
1214
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub


Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanasının yanında Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parka gəldi.

Dövlətimizin başçısı heykəlin önünə gül dəstələri qoydu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov burada görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, tarixi şəxsiyyət Şah İsmayıl Xətainin heykəli iki magistral yolun ortasında yerləşirdi. Bu isə insanların ziyarət etmək üçün heykələ yaxınlaşmasını çətinləşdirirdi, eyni zamanda, yolda tıxacın yaranmasına səbəb olurdu. Bununla bağlı əhali tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilib. Bütün bunlar və Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb və burada yeni park salınıb. Parkda əhalinin istirahəti üçün lazımı şərait yaradılıb, o cümlədən oturacaqlar qoyulub və ətraf abadlaşdırılıb. Bu addım şəhər sakinləri və paytaxtımızın qonaqlarına heykəli rahat ziyarət etməyə şərait yaradır.

Heykəlin postamenti də yenilənib. Heykəlin köçürülməsi prosesi abidəyə heç bir xələl gətirilmədən həyata keçirilib.

Paytaxt Bakının abadlaşdırılması, yeni istirahət məkanlarının salınması, tarixi irsimizin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şah İsmayıl Xətainin heykəlinin uyğun yerə köçürülməsi və burada parkın yaradılması bu istiqamətdə atılan növbəti addımdır. Bu layihə sakinlərin istirahətinin təmin olunması üçün böyük rol oynayır. Abidəni ziyarət edənlərin rahatlığı üçün yaxınlıqda 36 yerlik avtomobil dayanacağı da tikilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dövlətimizin başçısına bu ərazidə yol-nəqliyyat infrastrukturu barədə məruzə etdi.

Prezident İlham Əliyev yeni yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tapşırıq və göstərişlərini verdi.

Qeyd edək ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi paytaxtımızda yol-nəqliyyat infrastrukturuna mühüm töhfə olacaq. Belə ki, bu, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılmasına şərait yaradır. Bu isə öz növbəsində, bu ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video