28 Oktyabr 2021 16:03
972
Qəbullar
A- A+

Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını salamlayan səfir Kayrat Osmonaliyev dedi: Zati-aliləri, cənab Prezident, Qırğız Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməyimlə əlaqədar etimadnaməmi Sizə təqdim etməyi özümə şərəf sayıram. Mənə epoxal əhəmiyyətli hadisələr dövründə Bakıya gəlmək şərəfi nəsib olub. Bu hadisələr nəticəsində tarixi ədalət və tarixi həqiqət zəfər çaldı. Qırğız Respublikası, Qırğızıstan Azərbaycanın çətin günlərində həmişə bu çətinliklərə şərik olub, Azərbaycanın uğurlarına və nailiyyətlərinə sevinib.

İcazə verin, Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarovun səmimi salamlarını çatdırım, ötən il və bu il pandemiya dövründə göstərdiyiniz köməyə görə təşəkkürünü bildirim. Sadır Nurqojoyeviç Sizi Qırğızıstana dövlət səfərinə dəvət edir və Sizinlə ən yaxın vaxtda görüşməyə çox şad olacaq. Təşəkkür edirəm.

Səfir Kayrat Osmonaliyev etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdi.

Prezident İlham Əliyev: Sizi Azərbaycanda salamlayıram. İşinizin uğurlu olmasını, vaxtınızı yaxşı keçirməyi arzu edirəm. Mən də Qırğız Respublikasının Prezidentinə salamlarımı və ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm və onu da özü üçün münasib olan istənilən vaxtda Azərbaycana dəvət etmək istəyirəm.

Bizim xalqlarımızı ortaq köklər bağlayır və Türk Şurası çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq. Bildiyiniz kimi, Azərbaycanın rəhbərlik etdiyi Türk Şurasının dövlət başçılarının yaxın bir ayda növbəti Zirvə görüşü keçiriləcək. Biz sədrliyi Türkiyəyə ötürəcəyik. Əlbəttə, bu sammit ölkələrimizi daha da yaxınlaşdıracaq. Türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlər və əməkdaşlıq çərçivəsində həllini tələb edən məsələlər çoxdur. Bildiyiniz kimi, Azərbaycan bizim Şuranın üzvləri olan ölkələrin yaxınlaşması üçün həmişə böyük səy göstərib.

İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik. Bundan əlavə, bildiyiniz kimi, Azərbaycan ölkənin hüdudlarından kənarda fəal sərmayə qoyur. Biz Qırğızıstanda investisiya layihələrini ətraflı müzakirə edə bilərik və əlbəttə, beynəlxalq arenada qarşılıqlı dəstək ölkələrimizi həmişə yaxınlaşdırıb. Əminəm ki, biz gələcəkdə də BMT məkanında, İslam Əməkdaşlıq Təşkilatı və əlbəttə, Türk Şurası, MDB və digər təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik. Vətəndaşlardan çoxlu müraciətlər olurdu, həmrəylik hissləri bildirilirdi, biz bunu çox yüksək qiymətləndiririk. Hazırda Azərbaycanın dağıdılmış ərazilərinin bərpası dövrüdür və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq.

Azərbaycanda vaxtınızın yaxşı keçməsini arzu edirəm. Əminəm ki, bizim ölkəmizlə yaxından tanış olacaqsınız. Bildiyimə görə, siz artıq işğaldan azad edilmiş ərazilərdə olmusunuz, lakin qarşıda hələ yeni səfərlər olacaq. Özü də təkcə oraya yox, Bakıdan digər istiqamətlərə də. Buna görə düşünürəm ki, ölkəmiz haqqında tam təsəvvürünüz olacaq və bu, işinizdə sizə kömək edəcək. Sizə uğurlar arzu edirəm.

Səfir Kayrat Osmonaliyev: Cənab Prezident, ilk növbədə, Qırğızıstanın ünvanına səmimi sözlərinizə görə sağ olun. Bizim dövlətlərarası münasibətlərin təməli Sizin atanız, beynəlxalq miqyaslı görkəmli xadim tərəfindən qoyulub. Onun xatirəsini qırğızıstanlılar daim ehtiramla yad edirlər. Gələn il biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 25-ci ildönümünü, 2023-cü ildə isə diplomatik münasibətlər yaradılmasının 30 illiyini qeyd edəcəyik.

Siz düzgün olaraq deyirsiniz ki, biz beynəlxalq məkanda, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı çərçivəsində, Türk Şurası məkanında, həmçinin mənzil-qərargahları Bakıda yerləşən TÜRKPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu formatında fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Təəssüf ki, həqiqətən əldən buraxılmış imkanlar dövrü olub. Bu mənada biz çox şeyin əvəzini çıxmalıyıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video