20 Aprel 2018 05:04
1313
Tədbirlər
A- A+

Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bakı Metropoliteninin “İçərişəhər” stansiyasına gəldi.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına metronun konseptual inkişaf sxemi və yeni metro qatarları barədə məlumat verdi. Son illərdə digər sahələrdə olduğu kimi, Bakı Metropolitenin ən müasir avadanlıqla təchiz edilməsi və sərnişinlərin rahatlığının təmin olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər həyata keçirilir. Bu işlərdə əsas məqsəd paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının rahat hərəkət etmələri, onların mənzil başına təhlükəsiz çatmalarıdır.

Bu gün Bakı Metropoliteni ən çox sərnişin daşıyan nəqliyyat növü olmaqla, şəhər sakinlərinə və paytaxtımızın qonaqlarına yüksək səviyyədə xidmət göstərir. Yeni vaqonların alınması isə bu xidməti daha da yüksəltməyə geniş imkan yaradır.

Prezident İlham Əliyev yeni metro vaqonlarına baxdı.

2018-ci ildə Rusiyanın “Transmaşholdinq” şirkətinin “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyətində istehsal olunan bu vaqonlar müasirliyi ilə seçilir. Yeni qatarın sürəti saatda 90 kilometrdir. Qatarın baş vaqonu 38 oturacaqlı olmaqla, ümumilikdə, 315 yerlik, orta vaqonu isə 44 oturacaqlı olmaqla, ümumilikdə, 328 yerlikdir. Yeni vaqonların mühərriklərinin gücü 170 kilovatdır.

Qəza, sürüşmə, yanğın əleyhinə yeni sistemlərin tətbiqi qatarda hərəkət təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb. Vaqonlardakı sərnişinlərin təhlükəsizliyi daxili və xarici videomüşahidə sistemləri əsasında təmin edilir. Bu sistem nəinki maşinistə müraciət edən sərnişini, həmçinin onun ətrafında olan vəziyyəti qiymətləndirməyə imkan verir. Bundan əlavə, videotəsvirin videomüşahidə mərkəzinə ötürülməsi də nəzərə alınır. Maşinist kabinəsi maşinistin sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. İdarəetmə sistemlərinin optimallaşdırılması, yerləşdirilməsi və pult üzərində əksolunması bir qrup maşinistlə aparılan müzakirələrdən sonra işlənib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib. Maşinist kabinəsinin sahəsi də 15 faiz artırılıb.

Prezident İlham Əliyev yeni qatarla metronun “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına getdi.

Qatarda vaqonlararası birbaşa keçidin təmin edilməsi ilə onun konstruksiya tutumu sələfləri ilə müqayisədə 15 faiz çoxdur. Vaqonlararası keçidin olması bütün qatar boyunca sərnişinlərin bərabər paylanmasını, sərnişinlərin yerləşmə sahəsini genişləndirməklə onların rahat daşınmasını və təhlükəsizliyini təmin edir. Vaqon qapıları əvvəlki nümunələrlə müqayisədə 12 faiz enlidir. Qapıların açılıb-bağlanma sürəti aşağı olduğundan və qapı arasında qalmaq təhlükəsinə qarşı sistemin mövcudluğu sərnişinlərin təhlükəsizliyini artırır. Qapıların yanlarında onların bağlanması barədə sərnişinlərə xəbərdaredici işıq indikatorları quraşdırılıb. Tambursuz konstruksiya istilik izolyasiyasının yüksək məhsuldarlığını təmin edir ki, bu da öz növbəsində, havanın bütün qatarda bərabər paylanmasına şərait yaradır. Vaqonlarda mükəmməl istilik, salonda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur.

Yeni konstruksiyalı səsboğucu ilə təmin edilmiş təkərlərdən istifadə olunduğu üçün qatarlar səssiz və rəvan hərəkət edir. Bunun hesabına vaqonlarda sərnişinlərin rahatlığı təmin olunur. Yeni gətirilən vaqonların çəkisinin az olması qatarın yola təsirini azaldır ki, bu da səs-küyün səviyyəsinin minimuma endirilməsi ilə nəticələnir. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, o cümlədən iri yüklər, uşaq arabaları üçün hissələr nəzərdə tutulub, sürahilər sərnişin sıxlığı da nəzərə alınaraq layihələndirilib, onların sayı 30 faiz artırılıb.

İstifadə olunan diodlu lampalar vaqonlarda salonun işıqlandırılmasını tənzimləməyə, həmçinin rəng çalarlarının dəyişməsinə imkan verir. İşıq diodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyatını 50 faiz azaldır, onların istismar müddətini isə 75 faiz artırır. Qatarın istehsalında müasir materiallardan istifadə olunduğu üçün onun uzun müddət açıq xətlərdə belə istismarını mümkün edir.

Dövlətimizin başçısına metronun konseptual inkişaf sxemi barədə məlumat verildi.

Son dövrlərdə görülən işlərin nəticəsidir ki, qatarların əsaslı təmiri əvvəllər xarici ölkələrdə həyata keçirilirdisə, hazırda bu işlər “Nərimanov” elektrik deposunda yüksək standartlara cavab verən Qatarların Əsaslı Təmiri Sahəsində icra edilir. Depo ərazisində mexaniki və digər sahələrin bir yerdə olacağı yeni zonanın yaradılması da nəzərdə tutulur ki, burada da bir çox ehtiyat hissələri və avadanlıqları istehsal ediləcək. Deponun infrastrukturu və hərəkətin idarəolunması sistemləri müasir tələblərə cavab verən texnologiyalarla təchiz edilib.

Onu da deyək ki, Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlar bu gündən sərnişinlərin ixtiyarına verildi. Yüksək tələblərə cavab verən yeni qatarlar mütərəqqi texnologiya ilə təchiz olunmaqla müasir idarəetmə sisteminə malikdir. Belə qatarların alınması Bakı Metropoliteninin qatar parkının yenilənməsi istiqamətində atılan mühüm addım olmaqla yanaşı, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin etmək baxımından da böyük rol oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video