10 Mart 2021 12:10
1127
Qəbullar
A- A+

Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət nazirini videoformatda qəbul edib  YENİLƏNİB 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, macarıstanlı naziri salamlayan Prezident İlham Əliyev dedi:

-Cənab nazir, xoş gəlmisiniz. Sabahınız xeyir. Sizi görməyə çox şadam. Bu vaxt ölkəmizə səfər etməyiniz müsbət haldır və bizim söhbət aparmaq üçün imkanımız olacaq. Bilirəm ki, bir neçə ay əvvəl siz həmkarınızla ikitərəfli iqtisadi komissiyanın işi ilə əlaqədar məsələləri müzakirə etmisiniz. Mənə bu barədə məlumat verilib və hesab edirəm ki, işlər düzgün istiqamətdə gedir.

Əlbəttə, strateji tərəfdaş olan Azərbaycan və Macarıstan müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirməlidir. Biz Avropa Komissiyası ilə əlaqələrimizdə sizin dəstəyinizə görə minnətdarıq. Bildiyiniz kimi, biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq. Əlbəttə, ikitərəfli gündəliyimiz çox vacibdir. Dost ölkələr olan Azərbaycan və Macarıstan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırmalıdır. Xüsusilə də, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur. Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq.

Digər sahələrdə də imkanlar mövcuddur. Bilirəm ki, kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var. Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görüləcək işlərin həcmi böyükdür və əminəm ki, səfəriniz çərçivəsində həmkarlarınızla bu məsələləri ətraflı müzakirə edəcəksiniz. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto dedi:

-Sizinlə videokonfrans vasitəsilə görüşmək imkanına görə təşəkkür edirəm. Cənab Prezident, bildiyiniz kimi, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır. Son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq. Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik. Cənab Prezident, ölkəmizin Baş naziri Sizə salamlarını çatdırmağı tapşırıb.

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video