05 Oktyabr 2021 13:18
1780
Səfərlər
A- A+

Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin

çıxışı

-Əziz cəbrayıllılar, əziz dostlar, sizi səmimiyyətlə salamlayıram və “Cəbrayıla xoş gəlmisiniz” deyirəm.

Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.

Buna nail olmaq üçün əməli işlər aparılır və bu gün artıq bir neçə obyektin təməl daşı qoyuldu. Bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olacaqdır və fəal işlər başlamışdır. Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən, əlbəttə, görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular. Amma bu gün bütün dünya bunu görür və bunu görmək istəməyənlər də görməlidirlər. Çünki Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb. Cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər. Bundan başqa bütün binaları, bütün tarixi abidələri yerlə-yeksan etdilər.

Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi.

Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim - Cəbrayıl şəhəri azad edilmişdir! Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Fürsətdən istifadə edərək bir daha əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik. Mən demişəm, bir daha demək istəyirəm ki, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu.

Yəni bir neçə gün bizə lazım oldu ki, strateji əhəmiyyət daşıyan o kəndləri azad edək və ondan sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Deyə bilərəm ki, Zəngilan şəhərini Ermənistan ordusu demək olar ki, az müdafiə edirdi. Artıq onların gözlərini qorxu o qədər tutmuşdu ki, onlar silahları yerə qoyub qaçırdılar. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta yolumuz açıldı. Oktyabrın 9-da Hadrut qəsəbəsi azad edildi və Şuşaya yolumuz açıldı. Həm də Cəbrayıl əməliyyatının çox böyük əhəmiyyəti var idi və deyə bilərəm ki, həlledici əhəmiyyəti var idi. Çünki biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik.

Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. Düzdür ermənilər o vaxt bu qələbəni kiçiltmək istəmişdilər. Hətta bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və sanki Ermənistan tərəfi qalib gəlmişdi. Mən hələ o vaxt deyirdim ki, biz gəlmişik, onların qazdıqları səngərlərdə yerləşmişik, necə ola bilər ki, Ermənistan burada qalib gəlib?! Biz o vaxt böyük ərazini, əlbəttə ki, o vaxt üçün böyük ərazini - bir neçə min hektarı azad etmişdik və təqribən 9-10 min hektar əraziyə nəzarəti əlimizə keçirmişdik. Təkcə bu istiqamətdə yox, eyni zamanda, Ağdərə istiqamətində çox önəmli strateji yüksəklikləri biz o vaxt götürdük ki, İkinci Qarabağ müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur. O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı Qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. Mənim xatirimdədir, o vaxt Dövlətqaçqınkomun sədri Əli Həsənovdan soruşmuşdum ki, belə bir fikrim var, Cocuq Mərcanlı sakinlərini öz kəndinə qaytaraq. O vaxt orada bir ailə - Oktay Həziyevin ailəsi yaşayırdı. Dedim ki, siz öyrənin görün gəlmək istəyirlər, istəmirlər? Artıq uzun müddət keçib, bəziləri Biləsuvarda, bəziləri Bakıda işləyirlər, indi iş yerləri var, qayıtmaq istəyirlər, yoxsa yox? Bir müddət keçəndən sonra Əli müəllim mənə dedi ki, demək olar onların hamısı qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Çünki o vaxt müxtəlif fikirlər var idi ki, torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları o yerləri görməyiblər, onların uşaqları, nəvələri. Ancaq o sözlər bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır.

Dərhal göstəriş verdim və Dövlətqaçqınkom qısa müddət ərzində böyük bir qəsəbəni saldı və mən 2017-ci ildə o qəsəbənin açılışına gəlmişdim. O vaxt mərhələli şəkildə 150 evdən ibarət qəsəbə salındı, məktəb, tibb məntəqəsi tikildi. Şuşa məscidinin bənzəri olan məscid inşa edildi, iş yerləri üçün imkanlar yarandı. Mən Cocuq Mərcanlıda olarkən demişdim ki, bu gün Şuşa məscidinin – Gövhər ağa məscidinin bənzərini biz burada inşa etmişik, bu, rəmzi məna daşıyır. Şuşa işğaldan azad olunandan sonra ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Dörd il keçəndən, daha doğrusu üç il keçəndən sonra artıq bu sözlər həyatda öz yerini tapmışdır.

Yəni, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq.

Biz həm beynəlxalq hüququ, həm tarixi ədaləti, həm insani ədaləti bərpa etdik. Çünki bax, bu dağıntıları törədən insan deyil, buna insan demək olmaz. Bunu törədən Azərbaycan xalqına o qədər nifrət etməli idi ki, bax, bu çirkin əməllərə əl atsın. O Azərbaycan xalqına ki, ermənilərə vaxtilə qucaq açıb. O Azərbaycan xalqına ki, vaxtilə çar Rusiyası tərəfindən İrandan köçürülmüş ermənilərə burada yer verib. Düzdür, Cəbrayıl rayonunda ermənilər yaşamayıb, heç bir faiz də erməni əhalisi olmayıb. Mən arayışa baxdım, işğaldan əvvəl Cəbrayılda cəmi 10 erməni yaşayırdı. Ancaq Qarabağın digər yerlərində Azərbaycan xalqı onlara yer verdi. Sənə çörək verənə qarşı belə nankorluq, belə qəddarlıq, bu qədər vəhşilik hesab edirəm ki, dünya tarixində misli-bərabəri olmayan barbarlıq və vandallıqdır. Bu gün Ermənistanın havadarları, bax, bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər. Bütün dünya görür. Biz artıq kitablar nəşr etməyə başlamışıq. Biz təqdimatlar keçirməyə başlamışıq. Biz bütün dünyaya erməni vəhşiliyi ilə bağlı dolğun məlumatın verilməsinə nail olacağıq. Bu prosesə start verilib. Bütün dünya görməlidir ki, biz təkcə özümüzü müdafiə etməmişik, öz ərazimizi bərpa etməmişik, biz erməni faşizminin belini qırmışıq. Erməni faşizmi bu bölgədə qol-qanad açıb və xarici havadarlarının dəstəyinə arxalanıb bizim ərazimizi otuz il ərzində işğal altından saxlamışdı.

Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik. Baxın, görün, Ermənistan indi hansı bəyanatlar verir? Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bəs, haradadır onların “müzəffər” ordusu? Haradadır “yenilməz” erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki on min fərarisi olan orduda hansı şücaətdən, hansı qəhrəmanlıqdan söhbət gedə bilər? Heç kim “yenilməz Ermənistan ordusu” haqqında danışmır. Ermənistan ordusu yoxdur. Biz onu məhv etmişik, dibdən-kökdən məhv etmişik. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib.

Ona görə bu mifologiyaya son qoyuldu. Bizə qarşı olan bütün digər erməni iddialarına tədricən son qoyulmalıdır. Mən bunu demişəm və mən söz deyəndə elə-belə söz demirəm. Bu günə qədər nəyi demişəmsə, hamısını da etmişəm. Ona görə bundan sonra da Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur. Məcbur edəcəyik onları.

Əgər kimsə hesab edir ki, müharibə bitdi və indi hər şey necə deyərlər, əvvəlki məcraya düşəcək, səhv edir. Müharibə bitdi, biz qalib gəldik, yeni reallıq yaratdıq, hər kəs bu reallıqla hesablaşmalıdır və hesablaşacaq. Mən deyəndə ki, biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın, mən bunu nəzərdə tuturam. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar - bəziləri bəyanatlar verməklə, bəziləri başqa yollarla onlara praktiki kömək göstərməklə. Ancaq bunun heç bir xeyri olmadı, bundan sonra da olmayacaq.

Ona görə İkinci Qarabağ müharibəsinin bitməsi o demək deyil ki, region əvvəlki vəziyyətə qayıdacaq. Heç vaxt əvvəlki vəziyyət olmayacaq. Bunu hər kəs bilməlidir. Bilirəm ki, bəziləri bundan narahatdır. Bəziləri hesab edirlər ki, onlar indi gələcək proseslərdən kənarda qaldılar. Onların öz işidir. Biz hər halda bütün qonşu ölkələrə əməkdaşlıq platformasını təqdim etdik. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərmişdir. Əgər bu, kimisə qane etmirsə, o platforma bizə də lazım deyil.

Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam. Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik. Biz açıq demişik ki, biz bunu dəstəkləyirik. Hesab edirik ki, bu, region üçün lazımdır. Yəni, artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. Yəni, bizim üçün bu format kifayətdir - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir.

Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun.

Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var, İkinci Qarabağ müharibəsi bunu göstərdi. Görün, bu gün Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər, tapsınlar bir xarici vətəndaş var bu bölgədə?

Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Hansı əlaqələr var idi, bunu biz indi araşdırırıq. Yoxsa durduğu yerdə Azərbaycanı ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Biz bunu heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın.

O ki qaldı, regionun gələcək inkişafı ilə bağlı, biz əməkdaşlığa hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdülər. BMT Baş Assambleyasının sessiyası əsnasında, o cümlədən onların arasında ikitərəfli görüş olmuşdur. Mənə bizim xarici işlər naziri məruzə elədi və bildirdi ki, görüş konstruktiv keçib. Biz də elə bunun tərəfdarıyıq. Eyni zamanda, yəqin Azərbaycan ictimaiyyəti bilir, bu yaxınlarda mən demişdim ki, Ermənistan baş naziri ilə görüşməyə hazıram. O da demişdi ki, hazırdır. Yəni, bu, nəyi göstərir? Bu, onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olunur. Bəziləri yəqin ki, bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik. Sərhədlərin delimitasiyası həyata keçirilsin. Yoxsa, kimsə bizi ittiham edir ki, biz bölgədə sərhədləri dəyişdirmək istəyirik. Nəyin əsasında bizə qarşı bu ittiham səsləndirilir? Bizim sərhədlərimiz 30 il ərzində pozulmuş vəziyyətdə olanda nədənsə Ermənistana qarşı belə ittihamlar irəli sürülmürdü. O qəbul idi? Biz heç kimin sərhədini pozmamışıq. Biz Laçın və Kəlbəcər rayonlarında Ermənistanla həmsərhəd olan bölgələrə 30 ildən sonra gəlmişik. Qar əriyəndən sonra gəlmişik, may ayında. Qar tez ərisəydi, tez gələrdik. Yəni, 30 il ərzində bu sərhəd ermənilərin əlində idi. Əgər sərhəd oradan keçirdisə, qoruyardılar da bu sərhədi. Əgər biz sərhədi pozmuşuqsa, gəlib çıxarardılar da bizi oradan. Gəlib hücum edərdilər. Barışıblar axı onlar bununla, barışıblar. İndi Ermənistan bununla barışdığı bir dövrdə kimsə gəlir deyir ki, biz kiminsə sərhədini pozmuşuq. Biz heç kimin sərhədini pozmamışıq. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri. Gəlsinlər görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir. Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Hər halda Ermənistanla Azərbaycan arasındakı bu ədavət əbədi olmamalıdır. Bütün bu dağıntılara, barbarlığa, vəhşiliyə baxmayaraq, biz gələcəyə baxmalıyıq. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, hesab edirəm ki, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

Bu gün Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər öz həllini tapacaq. İlk növbədə, təhlükəsizliklə bağlı tədbirlər. Bu gün mən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını etdim. Orada nümayiş etdirilən ən müasir silahlar, sursatlar bizim sərhədlərimizi möhkəm, lazımi səviyyədə qorumaq üçün bizə imkanlar yaradacaq. Bu gün iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. Bu gün “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlib və mənimlə bərabər “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak etmişlər. Bu da çox önəmli hadisədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Bildiyiniz kimi, Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar. Bizim iki dost, qonşu ölkəmiz Azərbaycana bax, bu münasibəti bəsləyir. Azərbaycan da onlara eyni xoş münasibət bəsləyir. Eyni zamanda, sosial obyektlərin təməli qoyuldu. Xəstəxana, məktəb, bütün bunlar buraya insanların qayıdışı üçün əsas şərtlərdir.

Biz Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərini gördük. Bu gün Cəbrayıl yarımstansiyası istifadəyə verildi. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Mən tapşırıq vermişəm, ermənilər tərəfindən, - onlar qaça-qaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə, - dağıdılmış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik. Yəni, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Bu, əsasdır. Çünki bu olmasa heç nə etmək mümkün olmayacaq.

İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, nə gözəl yol çəkilir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi Cəbrayıla yol çəkmək istəyirdi. O da yarımçıq qaldı, onların bütün arzuları kimi. İndi biz Cəbrayıla yol çəkirik. Bizim haqqımız var. Ən gözəl yollardan biri olacaq. Mən xüsusi tapşırıq verdim ki, geniş olsun, həm Cəbrayıla gələn vətəndaşlar rahat gəlsinlər, həm də buradan keçən Zəngəzur dəhlizi də bu yoldan istifadə edəcək. Bu gün birinci yaşayış binasının təməli qoyuldu. Artıq bu binanın da inşasına start verilir. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Bu gün, eyni zamanda, Zəfər və İşğal muzeylərinin təməli qoyulacaq. Hesab edirəm, ən önəmlisi odur ki, Cəbrayıl şəhərinin baş planı siz cəbrayıllılara təqdim ediləcək. Biz bu plana bərabər baxacağıq. Əgər razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Bizim planlarımız bundan ibarətdir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq. Sizi ürəkdən salamlayıram. Sizin simanızda bütün cəbrayıllıları qucaqlayıram, öpürəm. Allah sizə cansağlığı versin. Bundan sonra cəbrayıllılar Cəbrayılda yaşayacaqlar. Sağ olun.

X X X

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Baş nazirin sabiq müavini Əli Həsənov dedi:

-Çox hörmətli cənab Prezident. Sizi bu gün Cəbrayıl torpağında görməkdən buradakıların qismində bütün cəbrayıllılar qürur və şərəf hissi keçirirlər. Siz 2003-cü il oktyabrın 1-də cəbrayıllılarla prezident seçkisi qabağı ilk seçicilərlə - cəbrayıllılarla görüşdünüz. Azad edilən ilk kənd Cəbrayıl kəndi, ilk şəhər - rayon mərkəzi Cəbrayıl olub. Deyə bilmərəm, bu təsadüfdür, ya təsadüf deyil, ancaq onu deyə bilərəm ki, Cəbrayıl əhalisi tarixən dövlətə sadiq olub, sadiqdir və bu sadiqlik daim davam edəcək. Yəqin ki, burada təsadüfi hal yoxdur. O ki qaldı, 44 günlük Vətən müharibəsinə, bu 44 günün hər biri möhtəşəm, hər bir saatı Qələbə saatıdır. Siz insanları elə öyrətmişdiniz ki, hamı gözləyirdi, hər dəqiqə nə isə deyilməlidir, hər saat nə isə deyilməlidir. Yəni, bir anlığa 28 illik həsrəti yaddan çıxarırdılar, unudurdular ki, 28 ildir biz həsrət içindəyik.

Cənab Prezident, Siz bu torpağın sahiblərinin, sakinlərinin 28 illik itirilmiş sakinliyini, sahibliyini özünə qaytardınız. Bu elə bir Qələbədir ki, bunun dünya tarixində bənzəri olmayıb və olmayacaq. O hərbi əməliyyatların dünya hərb tarixində də bənzəri yoxdur və olmayacaq. Olmayacaq ona görə deyirəm ki, bu gün dünyada 70-ə qədər belə münaqişə var. Əgər kimsə bunu edə bilərdisə, hansı dövlət başçısı bunu həll edə bilərdisə o münaqişələri həll edərdilər, çünki o cür dövlət başçısı, o cür dövlət rəhbəri hansı ki, o xasiyyət, o qabiliyyət, o bacarıq, o siyasət, o dünyagörüşü, o mərdlik, o cəsarət Sizdə var, onlarda yoxdur, olsaydı edərdilər. Bəlkə bundan sonra ola bilər kimsə həvəsə düşsün, amma düşməsin, uduzacaq, onların hər biri İlham Əliyev ola bilməz. Elə bilməsinlər ki, bu, asandır.

Siz hərb tarixinə yenilik gətirdiniz. Siz Azərbaycana çox yenilik gətirmisiniz, artıq çox Azərbaycan modelləri var, bütün o brendlər ki var, onların hamısının müəllifi Sizsiniz. Dünya hərb tarixinə yeni bir model - Azərbaycan modeli gətirdiniz. 44 günlük hərbi əməliyyatlar yeni hərbi brenddir, o, cənab İlham Əliyevin brendidir. Ona görə, böyük Qələbəmiz münasibətilə Sizi bir daha təbrik edirik, Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, qələbələr arzu edirik. Biz əminik ki, bu, belə də olacaq.

2003-cü ildəki görüşdə Siz dediniz ki, mənim bir arzum var, hesab edirəm, bu, hamının arzusudur. Torpaqları işğaldan azad edib, Cəbrayıla gəlib, sizin qonağınız olacağam. Düzdür, bu gün bir balaca fərqli oldu, biz Sizin qonağınız olduq. Görünür, belə də olmalı imiş.

O ki qaldı, 10 noyabr Bəyanatına, düzdür, onu siyasətçilər geniş təhlil edirlər, ancaq mən hesab edirəm ki, o da Sizin siyasətinizin gücü idi - üç ölkənin bir yerə gəlməsi, Rusiyanın vasitəçilik etməsi. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Sizin Şuşa Bəyannaməniz də tarixi hadisədir. Özünüz də qeyd etdiniz ki, həqiqətən son 100 ildə Türkiyə ilə Azərbaycan arasında belə milli birlik, qardaşlıq olmayıb. Bu, son 17 ildə Sizin, o cümlədən cənab Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətiniz dövründə daha yüksək zirvəyə qalxdı. Bu gün biz hər şeyi açıq deməliyik. Bu gün gənc nəsil bilməlidir ki, biz haradan haraya gəlmişik. Siz bu tövsiyələri həmişə edirsiniz. Çünki çox təəssüflər olsun, bugünkü gənc nəslin beynini korlayanlar da var. Ona görə də, nə olub, hansı nailiyyətlər olub, necə qazanılıb, Ulu Öndərin 1969-cu ildən gördüyü işləri hamı bilməlidir. Əslində, bu hazırlıq 50 ildir gedirdi, amma Siz onu 17 ildə bu zirvəyə çatdırdınız.

O nə millətdir ki, onun dini rəhbəri faşizm ideologiyasını təbliğ edir. Bundan millətmi olar? Dünyada bu cür ikinci millət harada var ki, gənclərinin beynini, ruhunu faşizm ideologiyası ilə korlasın. Siz bunların hamısını məhv etdiniz. Ermənilərin qaməti bundan belə heç vaxt düzəlməyəcək. Bizim əyilmiş qamətimizi düzəltdiniz. Biz başıaşağı gəzirdik, başımızı dikəltdiniz. Siz elə bir şöhrət qazanmısınız, elə bir Qələbə çalmısınız, Azərbaycan xalqına elə bir sevinc bəxş etmisiniz ki, onun əvəzi yoxdur, olmayacaq, bənzəri də dünya tarixində olmayacaq.

Var olun, sağ olun, Sizə möhkəm cansağlığı, yeni qələbələr, yeni uğurlar arzulayırıq.

Sonda mən öz sözümü deyirəm, bir cümlə deyəcəyəm, 10 saniyə vaxtınızı alacağam. 2001-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının II qurultayı idi. Orada çıxışımın sonunda bir cümlə işlətdim, qurultaya aidiyyəti də yox idi. Dedim, bütün Azərbaycan xalqı deyir ki, Şuşasız Qarabağ olmaz, Qarabağsız Şuşa olmaz, mən isə deyirəm ki, Əliyevlərsiz Azərbaycan olmaz və olmayacaq!

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Cocuq Mərcanlı kəndinin sakini, 1-ci dərəcəli “Əmək” ordenli Oqtay Həziyev dedi:

- Cənab Prezident, əvvəlcə mən Sizi bütün cəbrayıllılar adından salamlayıram. Bütün cəbrayıllılar adından Sizə böyük təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident.

Siz 2017-ci ildə Cocuq Mərcanlıya gələndə bizim ailənin qonağı oldunuz və dediniz ki, Qarabağ torpağı qarışına qədər azad olunacaq. Biz Sizin sayənizdə bunun bariz nümunəsini gördük. Sizin rəhbərliyinizlə yaradılmış yenilməz Azərbaycan Ordusu və Sizin dəmir yumruğunuz, Sizin qətiyyətiniz sayəsində torpaqlarımız işğaldan azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qazilərimizə şəfa diləyirik ki, onlar tez bir zamanda sağalıb həyata qayıtsınlar.

Çox sağ olun, cənab Prezident. Siz əsl sərkərdə, əsl Ali Baş Komandan kimi tarix yazdınız. Sizin bütün xidmətləriniz Azərbaycan xalqının gözü önündədir. Çünki işğaldan azad olunmuş bütün ərazilərdə ən yüksək səviyyədə quruculuq-abadlıq işləri gedir. Noyabrın 10-da mənim Şuşa şəhərində yaşamağımın bir ili tamam olacaq. Orada və Qarabağın bütün ərazisində böyük, möhtəşəm, bənzəri olmayan quruculuq işləri gedir. Bu, Sizin sayənizdədir. Yəni, müharibədən çıxmış bir ölkənin bu qədər genişmiqyaslı quruculuq işləri aparması dünya tarixində görünməyib.

Sağ olun, cənab Prezident. Sizin Azərbaycan xalqı qarşısında danılmaz, böyük xidmətləriniz var. Siz əsl sərkərdəsiniz. Siz əsl Ali Baş Komandansınız. Var olun. Sizə nə qədər təşəkkür etsək, azdır. Allah Sizin canınızı sağ eləsin. Ailənizlə, balalarınızla xoşbəxt yaşayasınız. Allah-Təala Sizi həmişə zirvədə saxlasın, Azərbaycan xalqının başı üzərində Ali Baş Komandan kimi, sərkərdə kimi qalasınız.

X X X

Prezident İlham Əliyev: Çox sağ ol, Oqtay, təşəkkür edirəm. Oqtay Həziyev o insanlardandır ki, heç nəyə baxmadan, heç kimdən qorxmadan təkbaşına öz ailəsi ilə Cocuq Mərcanlıda 20 ildən çox yaşayıb. Mən sonra xəbər tutdum. Biz Cocuq Mərcanlının ətrafını təmizləyəndən sonra mən Əli müəllimdən soruşanda, dedi ki, belə bir ailə var, orada yaşayır, heç yerə getməyib. Hətta orada böyük təsərrüfatla məşğuldur və ordumuza da kömək göstərir, ərzaq göndərir. Öz əlinin zəhməti ilə əldə etdiyi imkanları ordu ilə bölüşür. Dedim, gör nə qədər böyük bir şəxsiyyətdir. Cocuq Mərcanlıya gələndə o vaxt mən “Əmək” ordenini təzə təsis etmişdim və onu heç kimə vermirdim. Halbuki namizədlər var idi, dedim ki, yox, mən onu o kişiyə verəcəyəm. Mən birinci ordeni o kişiyə verdim və evində də təqdim etdim, qucaqladım, öpdüm. Doğrudan da Azərbaycan Oqtay kimi insanların üstündə dayanır. Sağ ol, Oqtay, sağ ol.

X X X

Milli Məclisin deputatı Ceyhun Məmmədov dedi:

-Çox hörmətli cənab Prezident. Mən də cəbrayıllılar adından Sizi salamlayıram. Biz çox sevinirik ki, bu gün Sizi Cəbrayıl torpağında qarşılayırıq. Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan öz tarixinin ən şərəfli, qürurlu günlərindən birini yaşayır. Son 200 ildə Azərbaycan ilk dəfə torpaq itirmədi, itirilmiş torpaqlarını bərpa etdi. Mən hesab edirəm ki, bunu yalnız Siz edə bilərdiniz. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Siz bu uzaqgörən və müdrik siyasəti davam etdirdiniz və Azərbaycanı xoş günlərə gətirib çıxardınız.

Bu gün dünyada çoxlu sayda ölkələr var. Eləsi var, onun 50-100 il müstəqillik tarixi var, ancaq onlar bu gün nə dövlət qura biliblər, nə də ordu qura biliblər. Amma Siz Azərbaycanda bütün sahələrdə böyük inkişafa nail oldunuz. Mən xatırlayıram, 1993-cü ilin iyun ayı idi. Biz hamımız televizorun qarşısında idik. Ulu Öndərin Azərbaycana qayıdışından söhbət gedirdi və hamı deyirdi ki, Azərbaycanın bir nicat yolu var, o da Ulu Öndərin Azərbaycana qayıdışıdır və həqiqətən də belə oldu. Ulu Öndər gəldi, Azərbaycanda sabitlik təmin olundu və sonra da Siz bu siyasəti davam etdirdiniz.

Eyni zamanda, bu gün mən bir məsələyə də toxunmaq istəyirəm. Siz Cocuq Mərcanlıda olarkən çox qəti şəkildə dediniz ki, zaman gələcək, biz Qarabağdakı məscidlərimizi də bərpa edəcəyik, tikəcəyik. Bu gün biz bunu Şuşanın timsalında görürük və inanırıq ki, bu siyasət Cəbrayılda da davam etdiriləcək. Şərq dünyasında belə bir söz var – fateh. Torpaqları işğaldan azad edən insanlara fateh deyirlər və mən hesab edirəm ki, Qarabağın fatehi Sizsiniz. Biz izləyirdik, Siz 44 günlük müharibədə informasiya cəbhəsində də çox uğurlu siyasət həyata keçirirdiniz. Siz mətbuata, televiziyaya verdiyiniz 26-dan çox müsahibə ilə bu müharibənin önündə gedirdiniz. Eyni zamanda, ordumuza rəhbərlik edərək bizi möhtəşəm Qələbəyə gətirib çıxardınız. Siz bunu daim qeyd edirsiniz ki, erməni faşizminin belini qırdınız, ümumiyyətlə, dünyada bu faşizmi məhv etdiniz.

Bu gün bir çox ölkələrdə münaqişələr var, ancaq onların heç biri həll olunmayıb. Sizin rəhbərliyinizlə Azərbaycan bu münaqişəni həll etdi və bu gün dünya dövlətləri Azərbaycana qibtə edirlər. Hesab edirəm ki, bu gün Ulu Öndərin ruhu bizimlədir, getdiyimiz bütün torpaqlardadır. Siz qeyd etmişdiniz ki, Ulu Öndərin ən böyük arzularından biri də torpaqlarımızın azad olunması idi. Çox şükür ki, torpaqlarımız azad olunub və biz Sizinlə bir yerdə bu günü qeyd edirik, Qələbə ilini qeyd edirik. Biz inanırıq ki, Sizinlə daha böyük uğurlara nail olacağıq. Mən Sizə cansağlığı, daha böyük uğurlar arzulayıram. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ ol.

X X X

Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Yaqut Abdullayeva dedi:

-Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan, dahi sərkərdə. Sizin siyasətiniz sayəsində biz bu gün gözəl Cəbrayıldayıq. Cəbrayıllılar Sizi çox istəyir, Allah da Sizi çox istəyir. Allah bizim bütün dualarımızı qəbul etdi. Siz Şuşada çıxış edəndə dediniz ki, Allah bizim dualarımızı eşitdi. Sizi hamı çox sevir, bütün Azərbaycan sevir. Biz Sizinlə fəxr edirik. Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Cənab Prezident, bütün cəbrayıllılar adından Sizə minnətdarlığımı bildirirəm. Allahdan Ulu Öndərimizə, şəhidlərimizə rəhmət diləyirəm. Bu gün Ulu Öndərimizin, şəhidlərimizin müqəddəs ruhları şaddır. Bütün şəhid analarının qarşısında baş əyirəm. Cənab Prezident, Allahım Sizi qorusun. Həmişə var olun, biz Sizi çox istəyirik, həmişə də çox istəyəcəyik. Siz bizim ürəyimizsiniz. Amma, nə olar, sözümü yerə salmayın, mənim bir il ərzində bir arzum var idi - Sizin dəmir yumruğunuzu öpüb gözümün üstünə qoymaq.

X X X

AZƏRTACn İdarə Heyətinin sədri Aslan Aslanov dedi:

-Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan. Bu gün həqiqətən həyatımızın ən xoşbəxt günlərindən birini yaşayırıq. Region üçün nümunə olacaq Cəbrayılın təməl daşlarını qoymağınız bütün cəbrayıllılar tərəfindən böyük rəğbətlə, hörmətlə, qürur hissi ilə qəbul olunur. Biz - bu gün buraya toplaşan cəbrayıllılar isə xoşbəxtik ki, - görünür bu da taleyin qismətidir, - bu cür tarixi hadisənin şahidiyik və həm də Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev ilə bir yerdəyik. Buna görə də, bu xoşbəxt günü bizə bəxş etdiyiniz üçün Sizə ürəkdən minnətdarıq. Tanrı Sizi qorusun, Siz Azərbaycan xalqının sözün həqiqi mənasında xilaskarısınız. Siz Cəbrayılın işğaldan azad olunması mesajını verəndən sonra qələbələr bir-birini əvəz etdi. Azərbaycan torpağı Sizin sözün həqiqi mənasında dahi sərkərdəliyiniz sayəsində 44 gündə dünyada, hərb elmində tayı – bərabəri olmayan Qələbə qazandı, Azərbaycan torpaqları işğaldan azad edildi, düşmən diz çökdürüldü və məcbur edildi ki, təslim aktına imza atsın. Bunlar bizim üçün, bütün Azərbaycan xalqı üçün böyük şərəf və qürurdur. Siz Azərbaycan xalqının qalib xalq, qəhrəman xalq olduğunu bütün dünyaya göstərdiniz. Bütün dünyaya dediniz ki, bu xalq ləyaqətli xalqdır, bu xalq qürurlu xalqdır, bu xalq döyüşməyi bacaran xalqdır, bu xalq torpağı uğrunda ölməyə, şəhid olmağa hazır xalqdır. Siz bütün dünyaya bunu göstərdiniz və bu, tarixdə əbədi qalacaq.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, bu, böyük bir tarixdir. Siz çoxəsrlik Azərbaycan tarixinə şanlı, şərəfli səhifələr yazdınız və bu səhifələr yeni quruculuq işləri ilə bundan sonra da davam edəcək.

Biz bütün cəbrayıllılar böyük fəxrlə demək istəyirik ki, bu işlərin görülməsində həm də xalqımızın sevimlisi olan Mehriban xanım Sizinlə çiyin-çiyinə, əsl silahdaş kimi Sizə dayaqdır, köməkdir. Müharibə dövründə Mehriban xanımın verdiyi mənəvi, siyasi dəstək, etdiyi çağırışlar, işğaldan azad olunan bölgələrə səfərləriniz tariximizin ən parlaq səhifələridir.

Cənab Prezident, xüsusi vurğulamalıyam ki, ulu öndər Heydər Əliyev xalqımızın ilk xilaskarı idi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Azərbaycana gəldi və dağılan, parçalanan, dünyanın gözü götürməyən Azərbaycanı yenidən qurdu, müasir müstəqil Azərbaycan dövlətinin banisi oldu. Cənab Müzəffər Ali Baş Komandan, biz fəxr edirik ki, Siz Heydər Əliyevin qurub yaratdığı Azərbaycanı dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevirdiniz. Siz Azərbaycanı qüdrətli dövlətə çevirdiniz. Bütün dünya Azərbaycan ilə hesablaşır, bütün dünya İlham Əliyev siyasəti ilə hesablaşır. Bütün dünya Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf yolu ilə, Sizin müdrik siyasətinizlə istər-istəməz hesablaşmağa məcburdur.

Cənab Prezident, Tanrı Sizi qorusun. İnanın ki, bütün cəbrayıllılar, bütün Azərbaycan xalqı hər səhər, hər axşam öz dualarına onunla başlayır ki, Müzəffər Ali Baş Komandan, Tanrı Sizi qorusun. Siz Azərbaycanın taleyini həll etdiniz.

Sağ olun, minnətdaram, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov dedi:

-Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan. Sizin Ali rəhbərliyiniz və sərkərdəliyiniz ilə qısa müddətdə - 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu. Bütün cəbrayıllılar Sizin hər bir çıxışınızı televizor qarşısında ayaq üstə alqışlayırdılar. Müharibənin hər günü cəbrayıllılar üçün demək olar ki, bir ilə bərabər idi. Niyə? Çünki ön cəbhədə gedən döyüşləri səbirsizliklə izləyirdilər və nəticəni də Allaha şükür, gördük. Bu gün bütün cəbrayıllılar Sizinlə öyünür, fəxr edir, həqiqətən, onların sevincinin həddi-hüdudu yoxdur.

Siz və Ordumuz bizim qamətimizi, qəddimizi düzəltdiniz. Ona görə də biz bu gün sevinirik, fərəhlənirik, Sizinlə fəxr edirik.

Cənab Prezident, mən Cəbrayıl ağsaqqallarının adından da bir söz deyəcəyəm. Çünki Cəbrayıl ağsaqqallarının dilində bu gün bir söz səslənir və o sözü onlar hər yerdə səsləndirirlər. Cəbrayıl ağsaqqalları istəyirlər ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident ölkəmizin daimi Prezidenti olsun. Ona görə də, böyük məmnuniyyətlə deyirik, cənab Prezident, Sizə eşq olsun. Cəbrayıllılar Sizi çox sevir, həqiqətən bütün Cəbrayıl Sizin arxanızdadır. Allah Sizi qorusun. Sağ olun.

X X X

Prezident İlham Əliyev dedi:

-Xoş sözlərə görə təşəkkür edirəm. Bu gün doğrudan da tarixi bir gündür. Birincisi ona görə ki, 4 oktyabr Cəbrayıl rayonunun tarixində Zəfər Günü, işğaldan qurtuluş günü kimi əbədi qalacaq. Digər tərəfdən, bu gün Cəbrayılın bərpası işlərinə bərabər start veririk. Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir. Çünki gücümüz olmasaydı, biz bu Zəfəri əldə edə bilməzdik. Mən Prezident kimi öz fəaliyyətimi bunun üzərində qurmuşdum. Çünki bizim əsas hədəfimiz Qarabağın işğaldan azad edilməsi idi. Bütün başqa addımlar - Regionların sosial-iqtisadi inkişafı Proqramı, neft-qaz, nəqliyyat sahələrindəki təşəbbüslərimiz, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fondunun valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə münasibətlərimiz, qonşu dövlətlərlə münasibətlərimiz - bütün bu işlərin fövqündə bu müqəddəs an dayanmışdı – Zəfər Günü. Biz bütün bu gücləri səfərbər edib xalqımızın zəhməti, qəhrəmanlığı hesabına istədiyimizə nail olduq.

Əlbəttə, Ulu Öndər haqqında burada deyildi. Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli O qoydu - ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına O istiqamətləndirmişdi. Əli müəllim yaxşı xatırlayır, Aşağı Ağcakənd kəndində, o yağışlı havada, yadınızdadır, biz bərabər idik, Ulu Öndərin arxasında durmuşduq. Aşağı Ağcakənd kəndinin yenidən qurulması çox böyük məna daşıyırdı. Çünki sovet vaxtında ona Şaumyan rayonu deyirdilər. Köçkünlər üçün birinci şəhərciyi məhz orada saldı, birinci vəsaiti oraya ayırdı. O vaxt bizim pulumuz yox idi, xəzinə boş idi. Neftin satışından ilk pul gəldi, dedi ki, onu da oraya verəcəyik. Mən də bu yolla getdim. 2003-cü ildə xalq mənə etimad göstərəndə dedim ki, atamın yolu ilə gedəcəyəm. Məcburi köçkünlər üçün nə qədər böyük işlər görüldü. Əli müəllim bu işlərin icraçısı idi, 100-dən çox şəhərcik salındı. Amma hər dəfə keçmiş köçkünlərlə görüşəndə deyirdim ki, - onlar da, əlbəttə, təşəkkürünü bildirirdilər, - bu, müvəqqətidir. Yadınızdadır, deyirdim müvəqqətidir. Torpaqlar azad olunandan sonra daha yaxşı evlər tikəcəyik. Bax, bu gün ediləcək təqdimat həmin sözlərin təsdiqidir. O evlər də yaxşı evlər idi. Xaricdən gələnlər, beynəlxalq təşkilatların nümayəndələri müharibədən əvvəl köçkünlərə baş çəkəndə məəttəl qalırdılar ki, siz burada köçkünlər üçün beşulduzlu otel səviyyəsində şəhərciklər salırsınız. Biz də deyirdik ki, bizim standartlarımız budur. Bizim üçün ən prioritet kateqoriya insanlar bunlardır. Bunlar əziyyət içində yaşayıblar, gərək ən yaxşı şəraitdə yaşasınlar. Deyirdim ki, daha yaxşı şərait yaradacağıq və yaradırıq.

Bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək. Mən bu işləri hər hansı bir başqa standartlarla müqayisə etmək istəmirəm, çünki o, şəhərsalma işlərində mövcud deyil. Bu praktika şəhərsalma işlərində birinci praktikadır və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik. Bütün işlər ən mütərəqqi texnologiyalar əsasında qurulacaq və bu işləri biz, necə deyərlər, özümüzə borc bilib görəcəyik.

Qayıdıram o sözlərə - əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Sadəcə olaraq, Azərbaycan xalqı müdriklik göstərib, 2003-cü ildə və ondan sonrakı illərdə onun siyasətinə səs verib. Bütün təzyiqlərə, hədə-qorxulara, təhqirlərə, yalanlara, uydurmalara baxmayaraq, biz bu yoldan dönmədik. Neçə dəfə bizi devirmək istəmişdilər? Bunu Azərbaycan xalqı yaxşı bilir, bunu mən yaxşı bilirəm, çünki bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər. Alınmadı. Nə üçün? Xalq dəstəkləmədi. Əgər xalq dəstəkləsəydi, əlbəttə, buna nail ola bilərdilər. Görün postsovet məkanında zor tətbiq etməklə nə qədər çevriliş baş verib. Buna indi inqilab deyirlər, çevriliş deyirlər, təkamül deyirlər. Amma fakt odur ki, hakimiyyət dəyişikliyidir. Elə götürün bu Ermənistanı. Əvvəlki Ermənistan rəhbərliyinə erməni xalqı o qədər nifrət edirdi ki, hətta müharibəni uduzmuş insana yenə də səs verdi, təki onlar qayıtmasınlar. Ona görə xalq dəstəkləmədi. Çünki xalq bilirdi, görürdü ki, bizim işimiz haqq işidir, biz ölkəmizi gücləndiririk.

Bizə edilən təzyiqlərin və təxribatların təməlində də bax, Qarabağ amili idi. Çünki prezidentlik dövründə, - mən bunu bir neçə dəfə demişəm, indi hələ vaxt tam yetişməyib ki, mən xalq qarşısında tam mənzərəni açım, - amma belə tezislər var idi ki, bəli, siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız, deməli, Ermənistanla barışasınız, əməkdaşlığa başlayasınız. Neçə dəfə təklif edilirdi ki, Azərbaycan güc tətbiq etməməklə bağlı öhdəlik götürsün öz üzərinə. Mən hər dəfə imtina edirdim, hər dəfə! Sonuncu dəfə Aprel döyüşlərindən sonra Vyana görüşündə. O vaxt məğlubiyyətdən sonra Ermənistanı dəstəkləmək üçün Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları Vyanada tələm-tələsik bu görüşü təşkil etmişdi. Mən o görüşə gələndə artıq orada Minsk qrupunun xarici işlər nazirləri əyləşmişdilər və mənə bir protokol, yəni, bir bəyanat mətnini verdilər. Mən elə orada dedim ki, əgər bunu siz hazırlamısınızsa, bunu bir gün əvvəl, iki gün əvvəl verəydiniz. Niyə məni fakt qarşısında qoyursunuz? Mən başladım orada oxumağa. Gördüm ki, burada bizə sərf etməyən müddəalar var, o cümlədən güc tətbiq etməməklə. Mən imtina etdim. Dedim ki, mən buna imza atmayacağam. Dedilər necə? Dedim belə. Siz özünüz nə istəyirsiniz qəbul edin, mən buna imza atmayacağam. Yəni, sözüm odur, bütün təzyiqlərin təməlində bu dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq, biz qoymayacağıq, qonşu ölkələr qoymayacaqlar. Bizi hədələyirdilər. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik. Ermənistanın oğurluğa görə bu gün həbsdə olan keçmiş müdafiə naziri bizi hədələyirdi. Amerika da hədələmişdi. Yəni, o, bunu özbaşına demişdi? Yox! Onun ağzına bu sözləri qoyanlar olub ki, biz bu vəziyyətlə barışaq, bu torpaqlardan əl çəkək, deyək ki, bəli, gəl indi Ermənistanla əməkdaşlıq edək. Mən demişdim ki, heç vaxt əməkdaşlıq etməyəcəyik, mən demişdim ki, nəyin bahasına olursa-olsun Ermənistanı iqtisadi cəhətdən çökdürəcəyik. Bütün neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu – hamısı Ermənistandan yan keçdi. Yəni, nəhayət Ermənistanı çökdürdük. İqtisadi cəhətdən artıq bizimlə rəqabət apara bilmədi, hərbi cəhətdən apara bilmədi, müftə alsa da, yenə də o istədiyi silahları ala bilmədi. Beləliklə, Ermənistanda daxili böhran artıq qaçılmaz idi, xalq qalxmışdı, nifrət etdiyi Sarkisyan rejiminə qarşı qalxmışdı və dəyişiklik oldu. Mən o vaxt demişdim, bəli, o dəyişiklikdə bizim əlimiz olub, əlbəttə ki, birbaşa yox. Biz yalan danışmamalıyıq. Bizim birbaşa yox, amma dolayısı ilə. Əgər Ermənistan inkişaf edən ölkə olsaydı, xalq ayağa qalxardı? Əlbəttə ki, yox. Ona görə, bu hakimiyyət dəyişikliyində bizim rolumuz kifayət qədər böyük idi. Mən deyirdim ki, bizim hədəfimiz nəyin bahasına olursa-olsun, torpaqların azad edilməsidir və biz ölüm savaşına çıxdıq, bunu hər kəs bilir. Çünki kim deyə bilərdi ki, hansı ölkə necə hərəkət edəcək. Mən bu qarantiyanı verə bilməzdim. Biz faktiki olaraq ölüm-dirim savaşına çıxmışdıq, yəni, ya ölüm, ya olum, vəssalam, qurtardı. Daha səbrimiz tükənmişdi.

Yenə də deyirəm, müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb və bəziləri bu reallıqları həzm edə bilmirlər. Baxın, Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası artıq başlamışdır. Bu, davam edəcək, biz buna hazır olmalı idik və hazır idik. Heç bir şey, hansısa məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstündə ola bilməz, heç bir məsələ bunu üstələyə bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik, kiminsə xoşuna gəlir, gəlmir, amma qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik.

Bir daha sizi ürəkdən təbrik edirəm. İndi isə bizə təqdimat ediləcək və baxaq görək Cəbrayılın yeni görkəmi necə olacaq.

X X X

Azərbaycan Televiziyasının əməkdaşı Mehriban Məmmədova: Cənab Prezident.

Prezident İlham Əliyev: Siz çıxış edirdiniz Jurnalistlər evində. Siz Cocuq Mərcanlıdansınız?

Mehriban Məmmədova: Bəli, cənab Prezident. Həmin görüş vaxtı mən Sizə bir jurnalist kimi, eyni zamanda, bir Cocuq Mərcanlı sakini kimi minnətdarlıq etmişdim.

Prezident İlham Əliyev: Bəli, yadımdadır.

Mehriban Məmmədova: Amma bugünkü minnətdarlığımın səbəbi o qədər böyükdür ki, vallah, mən onu böyük cümlələr qursam belə ifadə edə bilməyəcəyəm. Mən bütün cəbrayıllılar, bütün xalqımız adından Sizə çox minnətdaram, cənab Prezident.

Siz bir neçə gün əvvəl Anadolu Agentliyinə müsahibə vermişdiniz. Keçmiş məcburi köçkünlərin çəkdikləri iztirabla bağlı çox incə bir məqamı o qədər səmimi, içdən ifadə etmişdiniz ki, bir vaxtlar məcburi köçkün olan insanların hər biri həmin gün duyğulanmışdı. Bu duyğu təbii ki, fərqli duyğu idi. Mən özüm balaca ikən oradan çıxmışdım. Amma uşağın yaddaşından heç nə çıxmır deyirlər. Mən unutmamışdım o anı. Amma uşaqlığımı da orada qoyub çıxmışdım. Mənim kimi minlərlə gənc. Amma bu gün sevinirik ki, bizim kimi gənclər Sizin sayənizdə gəncliklərini firavan yaşayırlar.

Cənab Prezident, çox təşəkkür edirik. Yaratdığınız bu yeni reallıqda, Cəbrayılın bir yaşında Sizi burada görmək çox xoşdur. Sizə bir daha minnətdarlığımızı ifadə edirik.

Prezident İlham Əliyev: Sağ ol, təşəkkür edirəm.

Mehriban Məmmədova: Siz sağ olun.

Kişi sakin: Bizim bayatılarımız əsrlərin daş yaddaşından süzülüb gəlir. Hesab edirəm ki, o bayatılardan birini bəlkə də 50 il, 100 il, 200 il bundan qabaq Sizə yazıb xalqımız. Nədir o bayatı?

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə igid olsa,

Heç verməz ordu bada.

Bax, bu, Sizə yazılıb.

Əməkdar artist Yaqut Abdullayeva mahnı ifa edir:

Əzizinəm aydın olsun,

Ay doğsun, aydın olsun.

Bu gün Cəbrayılın bir yaşıdır,

Görüm, bütün cəbrayıllıların gözləri aydın olsun.

Xanəndə, Əməkdar artist İlkin Əhmədov mahnı ifa edir:

Bu dağları aşmısınız Siz,

Zəfər yolunu açmısınız Siz.

Allaha şükürlər olsun, cənab Ali Baş Komandan kimi,

Qarabağda, Cəbrayılda Azərbaycan bayrağını asmısınız Siz.

Kişi sakin: Yaşasın, Azərbaycan Prezidenti!

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Mənim bir arzum da var ki, Sizinlə bir şəklim olsun, amma yan-yana.

Prezident İlham Əliyev: Olar.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev: Cənab Ali Baş Komandan, polkovnik Quliyev. Ulu Öndərin 9 oktyabr tarixli Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşəm.

Prezident İlham Əliyev: Milli Qəhrəman? Neçənci ildə?

Vahid Quliyev: 1994-cü il oktyabrın 9-da, 10-dan çox zirehli texnikanı məhv etdiyim üçün.

Prezident İlham Əliyev: Sağ ol.

Vahid Quliyev: Azərbaycan kişisinin qeyrətini özünə qaytardığınız üçün Sizə təşəkkür edirik.

Professor Fazil Abbasov: Möhtərəm Prezident. Mən Eksperimental Cərrahiyyə İnstitutunda ürək cərrahıyam. Bizim institutun açılışında oldunuz.

Prezident İlham Əliyev: Bəli, olmuşam.

Fazil Abbasov: 2011-ci ildə Siz o institutu təkrar açandan sonra biz orada çox böyük işlər görmüşük. Mən bir söz demək istəyirəm. Bütün dünyanın, bizə ağıl öyrətmək istəyən dövlətlərin hamısının indiki dövrdə problemi, bütün dünyanın problemi lider problemidir.

Prezident İlham Əliyev: Bəli.

Fazil Abbasov: Allaha şükür ki, dünyanın bu saat ən möhtəşəm liderlərinin ikisi türk dünyasına məxsusdur.

Prezident İlham Əliyev: Sağ olun.

Fazil Abbasov: Allah Sizi var etsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Din xadimi: Xoş gəlmisiniz, cənab Prezident. Xoşbəxtəm ki, Sizinlə Cocuq Mərcanlıda da görüşmüşdük.

Prezident İlham Əliyev: Bəli, indi burada da məscid tikəcəyik, İnşallah.

Din xadimi: Biz Cəbrayıl dindarları həmişə Sizi dəstəkləmişik və dəstəkləməkdə davam edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Digər sakin: Cənab Prezident, mən də Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Gəlin indi şəhərsalma komitəsinin rəhbəri bizə Cəbrayılın yeni görkəmi ilə bağlı təqdimat etsin.

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev: Cənab Prezident, ilk növbədə, Döyüş muzeyi və Memorial kompleks muzeyinin layihəsini təqdim etmək istəyirəm. İcazənizlə kiçik bir videoçarx nümayiş etdirək.

Videoçarx nümayiş etdirildi.

Anar Quliyev: Cənab Prezident, muzey kompleksi bu şəhərin ərazisidir və 3 fərqli məkanda müvafiq sərgilər təşkil olunacaq. Döyüş muzeyi şəhərin cənub hissəsində yaradılacaq.

Prezident İlham Əliyev: Giriş hissəsində?

Anar Quliyev: Bəli, şəhərin giriş hissəsində. Həm də həqiqətən Cəbrayılın bu hissəsində çox şiddətli tank döyüşləri gedib. Bildiyiniz kimi, oktyabrın 4-ü şəhər işğaldan azad olunandan sonra işğalçılar tərəfindən bir neçə dəfə cəhdlər olub. Ordumuzun düşmənə cavabına uyğun olaraq muzey yeraltı səngərlər formasında qurulacaq. Ekspozisiyada döyüş strategiyaları, rəqəmsal baxış imkanları olacaq. Eyni zamanda, küçədə, açıq səma altında 4,5 hektarlıq ərazidə tanklar nümayiş olunacaq. Digər planşetdə həmin muzeyin sahəsi və yeraltı hissədə real səngərlər imitasiya olunacaq. Aparılan döyüşlərin səhnələri və Zəfər muzeyi bu ərazidə təşkil olunacaq. İcazənizlə, şəhərin digər ərazisində bir az əvvəl göstərdiyim kimi, yuxarı hissədə artıq Cəbrayıl Memorial Kompleks Muzeyi təşkil olunacaq.

Prezident İlham Əliyev: Dağılmış evlərin bəziləri saxlanılıb?

Anar Quliyev: Bəli, dağılmış evlərin bir hissəsi saxlanılıb.

Prezident İlham Əliyev: Lazımdır ki, heç kim unutmasın.

Anar Quliyev: Təbii ki, Sizin tapşırığınıza əsasən bir hissəsi saxlanılacaq və müasir həyata inteqrasiya olunacaq. Bəzilərindən qalereya şəklində və digər funksiyalarla istifadə olunacaq. Muzeyin öz binası bu hissədə olacaq. Bu hissədə isə Bayraq meydanı və Xudafərin körpüsündən ilhamlanaraq Zəfər tağı abidəsi yaradılacaq. Növbəti slaydlarda muzeyin strukturu, sahəsi haqqında bir qədər daha ətraflı məlumat verilir - birinci mərtəbədə 450 kvadratmetr, növbəti mərtəbələrdə 200 kvadratmetr. Burada həm bütün Qarabağın tarixi faktlarla, arxiv materialları ilə təqdim olunacaq, həm də Cəbrayıl haqqında məlumat, ondan sonra işğal dövründə Cəbrayıl əhalisinin çəkdiyi əziyyət, didərgin düşdüyü dövrə dair məlumatlar təqdim olunacaq.

Prezident İlham Əliyev: Dağıntılarla bağlı bütün məlumatlar olmalıdır, videoformatda. Yəni, istənilən adam gəlib görə bilsin, çünki bu dağıntıların böyük hissəsi götürüləcək. Dərs alınacaq ki, insanlar unutmasın, gəlib görsün nə gündə idi. Bir hissə qalacaq, yəni, dağılmış evləri biz saxlayacağıq, amma mütləq İşğal muzeyində olmalıdır. İndiki maketi də ola bilər. Siz onu işləyin və dağılmış vəziyyətdə maket olsun ki, hər gələn görə bilsin.

Anar Quliyev: Biz, əslində, planlaşdırma işlərindən əvvəl skanlaşdırırıq. Üçüncü məkan şərti olaraq Zəfər pavilyonu adlandırılır. Eyni zamanda, 4 oktyabr adı da şərti olaraq qoyulub. Bu kiçik tikili əsgərlərimizin, ordumuzun ilk azad edərək yerləşdiyi məkan olub və sonrakı günlər ərzində məhz bu məkanda həm strategiya qurulurdu, həm də idarə olunurdu.

Prezident İlham Əliyev: Onu elə bil ki, təkrarlayır?

Anar Quliyev: Bəli, əsas bina olduğu kimi saxlanılacaq, amma bir qədər müasirləşdirilərək. Hazırda da həmin binanın görüntüsü bu şəkildədir və orada artıq məhz ordumuza həsr olunan ekspozisiya təqdim ediləcək, təbii ki, müasir virtual metodlardan istifadə olunaraq.

X X X

Dövlətimizin başçısı Cəbrayıl Memorial Kompleksinin təməlini qoydu.

X X X

Prezident İlham Əliyev: Xahiş edirəm, bu tarixi gündə - muzeyin təməlqoyma mərasimində siz də fəal iştirak edin.

Sakin: Cənab Prezident, İnşallah, evlər tikilir, şərait yaradılır. Mən istəyərdim ki, Cəbrayılın bütün kəndləri bərpa ediləndə bizim Çaxırlı kəndində qonağımız olasınız, ayağınızın altında qurbanlar kəsək.

Prezident İlham Əliyev: İnşallah, çox sağ olun.

Sakin: Hər şeyə görə çox təşəkkür edirik. Qarabağ qazisi kimi Sizdən xahiş edirəm.

Prezident İlham Əliyev: Mütləq gələcəyik. Burada kəndlər qurulacaq, şəhər qurulacaq. Cəbrayıl ən gözəl şəhərlərdən birinə çevriləcək mütləq.

Qadın sakin: Cəbrayıllılar Sizi çox istəyir. Hamı, bütün Azərbaycan Sizi çox istəyir. Siz Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdınız. Sizdən yoxdur. Siz ləyaqətimizi, həm də torpağımızı bütövləşdirdiniz.

Prezident İlham Əliyev: Çox sağ olun. Mənim üçün ən xoş günlər sizinlə görüşməkdir. Bu günlərdə sizin sevincinizi görəndə mən də sevinirəm.

Sakin: Hamımız üçün əzizsiniz. Çox sağ olun.

Əli Həsənov: 2003-cü ilin oktyabrında cəbrayıllılar Sizi elə möhtəşəmliklə qarşıladılar ki, ondan sonra seçkiqabağı o cür möhtəşəm tədbir olmayıb.

Prezident İlham Əliyev: Biləsuvarda?

Əli Həsənov: Bəli, Biləsuvarda. Özü də 10 gün, 15 gün idi ki, çadır şəhərciyinə köçmüşdülər.

Prezident İlham Əliyev: Bəli, təzə köçmüşdülər.

Əli Həsənov: Orada 12 min cəbrayıllı var idi. Amma cənab Prezident, bu günlərdə, bu 44 gündə ortaya hələ çox brendlər çıxacaq. Onun biri də bu 17 ildə milli ruhda yetişdirdiyiniz gənclərdir, hansı ki, müharibədə nəticəsini gördük. O mərdlik, cəsarət, milli, hərbi vətənpərvərlik həmişə deyiləcək. Yəni, bundan sonra o brendlər hələ çox olacaq.

Prezident İlham Əliyev: Müharibə onu göstərdi. Heç düşmən də gözləmirdi. Onlar da gözləmirdilər. Onlar da bilmirdilər ki, belə bir nəsil yetişib, ölümə gedir.

Oqtay Həziyev: Cənab Prezident, bir məsələni də Sizə deyim, mən bayaq dedim Şuşada yaşayıram. Ancaq bildiyiniz kimi, Şuşa şəhəri işğaldan azad olunanda ermənilər orada su xətlərini dağıtmışdılar.

Prezident İlham Əliyev: Bəli, dağıtmışdılar.

Oqtay Həziyev: O qəza-bərpa qrupuna mən rəhbərlik edirdim. Bir ildir mən o xidməti aparıram, yaşamaq deyəndə onu deyirəm.

Prezident İlham Əliyev: Çox yaxşı. Qısa müddət ərzində. Onlar deyəsən Zarıslı xəttini dağıtmışdılar. Bir də ki, o bulaqları bərpa edirik, onlar bütün bulaqları qurutmuşdular.

Oqtay Həziyev: Cəbrayılda da kəhrizi qurutmuşdular.

Prezident İlham Əliyev: Orada bir dənə də bulaqda su yox idi. Natəvan bulağı, ondan başqa 17 bulaq var, hamısını qurudublar.

Əli Həsənov: Faşistdirlər, başqa nə deyə bilərik. Dəfələrlə demisiniz ki, faşistdirlər.

Sakin: Cənab Prezident, axırıncı dəfə dediniz ki, onlar heç heyvan da deyillər.

Prezident İlham Əliyev: Vallah, elədir. Axı onu heç heyvan da etməz.

Sakin: Hamısını vəhşicəsinə dağıdıblar.

Anar Quliyev: Möhtərəm cənab Prezident, ilk növbədə, Cəbrayıl şəhərinə keçməmişdən əvvəl mən işğaldan azad edilmiş ərazilərlə bağlı aparılan işlərə qısaca toxunmaq istərdim. Sizin tapşırığınıza uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ümumi planı üzərində iş gedir, artıq bitmək üzrədir. Bu, regional inkişaf sxemində şərti olaraq əsas nəqliyyat vektorları, paytaxtdan gedən vektorlar göstərilib və işğaldan azad olunmuş ərazidə cənub inkişaf vektoru, sənaye, logistika, kənd təsərrüfatı bu istiqamətdə əsas sahələrdən biri olacaq. Mərkəzi hissədə daha çox mədəniyyət, turizm, təhsil sahələrini, Laçın, Şuşa şəhərlərini birləşdirən vektordur. Yuxarı hissədə isə Tərtər, Kəlbəcər, daha çox şimal inkişaf vektoru - turizm, yenə də kənd təsərrüfatı və sənaye.

Cəbrayıl rayonunun gələcəyi haqqında danışanda təbii ki, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı ən önəmli məsələdir və Siz də qeyd etdiyiniz kimi, nəqliyyat dəhlizinin böyük bir hissəsi Cəbrayılın ərazisindən keçir. Burada üç magistral - iki avtomobil yolu və bir dəmir yolu üzərində hazırda iş aparılır. Eyni zamanda, bu gün təməlini qoyduğunuz “Araz Vadisi İqtisadi Zonası” burada göstərilib. Biz hazırda Əlaqələndirmə Qərargahı çərçivəsində alternativ enerji resursları üzərində də işləyirik. Artıq bu hissələrdə 240 kilovat gücü təmin edə biləcək günəş enerjisi təsərrüfatının təşkili planlaşdırılır. Növbəti sxemdə iqtisadi dayanıqlıqla bağlı bir neçə məqam əksini tapıb. Cəbrayıl rayonu faydalı qazıntılarla da kifayət qədər zəngindir, burada göstərilib. Kavdar qumundan yataqlar və sair.

Sakin: Kavdar bizim kəndimizdir. Buradan 5 kilometr o tərəfədir.

Prezident İlham Əliyev: Burada qum karxanası var?

Anar Quliyev: Bəli, qum yataqları var, Kavdar qumu.

Sakin: Balaca kənddir, adı qalıb, kənd yoxdur.

Anar Quliyev: Həmin məkanda 5 milyon kubmetrdən artıq qum yataqları var. Bununla yanaşı, vulkan külü tikinti materiallarının istehsalı üçün faydalıdır - daş, gəc, əhəng və s. Eyni zamanda, təbii ki, böyük turizm potensialı var. Burada tarixi abidələr də əhəmiyyət kəsb edir. Əsas istiqamətlər isə faydalı qazıntıların çıxarılmasıdır.

Prezident İlham Əliyev: Kənd təsərrüfatı nəyin üstündə idi?

Sakinlər: Üzümçülük, taxılçılıq, heyvandarlıq, baramaçılıq.

Sakin: Baramaçılıqda ən böyük 10 rayonun içərisində idik, 300 tona yaxın barama istehsal olunurdu.

Prezident İlham Əliyev: 300 ton, Azərbaycanda indi 500 ton barama istehsal olunur.

Sakin: Bəli, Arazboyu kəndlərin hamısı barama istehsal edirdi. Tut ağacları var idi, indi biri də qalmayıb.

Prezident İlham Əliyev: Onun hamısını əkəcəyik. İndi yeni növ ağaclar var, yarpaqları da böyükdür.

Sakin: Biz onlardan qəsəbələrdə əkmişdik.

Anar Quliyev: Üzüm bağları əsasən cənub hissədə, Arazboyu yerləşir və iqtisadiyyatın bunun üzərində qurulması planlaşdırılıb. Qeyd olunduğu kimi, sonra taxılçılıq, heyvandarlıq.

Əli Həsənov: Cəbrayıl ərazisinin ən yaxşı dövrü, yaşayış tərzi üzümçülüklə bağlı olub.

Sakin: 64 min ton üzüm yığılırdı.

Prezident İlham Əliyev: Gəlir gətirib?

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Onda gərək biz üzüm bağlarını bərpa edək. Yerlər müəyyən olunub? Həmin yerlərdir?

Anar Quliyev: Biz harada ənənəvi bağlar olub, o yerləri bu xəritədə göstərmişik. Artıq növbəti müddət ərzində bu, tətbiq olunacaq. İndi isə icazənizlə şəhərin inkişaf sxemini təqdim etmək istərdim. Tünd rənglə şəhərin işğala qədər məskunlaşma ərazisi göstərilib – 335 hektar təşkil edirdi.

Prezident İlham Əliyev: 335 hektar?

Anar Quliyev: Bəli.

Prezident İlham Əliyev: Şuşadan bir qədər böyük.

Anar Quliyev: İnzibati sərhəd bir qədər böyük, amma məskunlaşma ərazisi 335 hektar idi. Yeni inkişaf etdiriləcək ərazilər sarı rənglə qeyd olunub.

Prezident İlham Əliyev: Bunlar kəndlərdir?

Anar Quliyev: Bəli, 3 kənd - Şahvələdli, Qurbancəfər və Xubyarlı kəndləri şəhərə o dövrdə də inteqrasiya olunmuş, birləşmiş kəndlərdir. Cənab Prezident, baş planın konseptual əsasları – deməli, bu məkan yaşayış yeri, məşğulluq üçün imkanlar və ictimai-sosial rifah üçündür.

Prezident İlham Əliyev: Şəhərin xəritəsində nəyin harada yerləşəcəyi ilə bağlı bölgü aparılıb?

Anar Quliyev: Bəli, sağ tərəfdə simvolik olaraq şəhərin iş, məşğulluq yerlərinin, yuxarı tərəfdə sənaye aqroparkının təşkili planlaşdırılır və rayonun ərazisində nisbətən kiçik bir azad sənaye zonası da olacaq. Burada şəhərin zonalaşdırılması təqdim olunur. Şəhərin mərkəzi bu bir nömrəli zonadır, yaşayış, inzibati və mədəniyyət binalarının əsasən yerləşdiyi ictimai işgüzar zonalar olacaqdır. Artıq mərkəzin qərbi 2 nömrəli zona, ondan sonra 3, 4, 5. Mərkəzdən kənara getdikcə yaşayış zonaları nisbətən seyrəkləşəcək, sıxlıq azalacaq. Bu gün Siz təməlini qoyduğunuz binalar.

Cənab Prezident, qeyd etdiyim aqropark şəhərin bu hissəsində yerləşəcək, 50 hektarlıq ərazi nəzərdə tutulur. Kiçik 20 hektarlıq sənaye zonası isə cənub hissədə.

Prezident İlham Əliyev: Burada kifayət qədər iş yerləri olacaq. Çünki 200 hektarlıq “Araz Vadisi Sənaye Parkına artıq təkliflər verilir. Biri də ki, şəhərin kənarında.

Anar Quliyev: Bəzi zonalar, məsələn, 17-ci zona perspektiv zona kimi saxlanılır, növbəti mərhələdə işlənəcək. Bəzi hissələr çox maraqlı, 9-cu, 10-cu zona kimi çox gözəl mənzərəyə malik olacaqdır. Çünki şəhərin relyefi elədir ki, təpələr üzərində yerləşir və yaşıllaşdırmaya böyük əhəmiyyət verilib. Yaşıl rəngdə gördüyümüz bütün ərazilər ümumilikdə 150-152 hektar təşkil edir. Bunların təxminən yarısı xüsusi meşə zolaqları salınacaq ərazilərdir. Amma şəhər boyu ilk baxışda parkın olmadığı təəssüratı yarana bilər. Amma biz bütün şəhəri park kimi düşünürük, çox geniş yaşıl zolaqlar salınacaq.

Prezident İlham Əliyev: İnanıram ki, çox yaxın gələcəkdə burada Türkiyə-Azərbaycan Dostluq Parkı da salınacaq. O harada yerləşəcək?

Anar Quliyev: Cənab Prezident, bu hissədədir, yuxarı hissədə. Həmin o Dostluq bulağı dördyoldadır və bu yolun üstündədir.

Əsas sosial obyektlərin yerləşəcəyi nöqtələr, məsələn, bu gün təməli qoyulan bina, məktəb buradadır. Cəmi üç məktəb olacaq, tünd göy rəngdə məktəblərin əhatə dairələri göstərilib. Elə yerləşmə nəzərdə tutulur ki, bütün hər kəs piyada rahat hərəkət edə bilsin.

Prezident İlham Əliyev: Sovet vaxtında da burada 3 məktəb var idi?

Sakin: Bəli, internatla bir yerdə 3 məktəb.

Anar Quliyev: Burada digər rənglərlə məktəbəqədər təhsil müəssisələri, açıq mavi rənglə daha çox sayda olacaq səhiyyə müəssisələri və sair göstərilir.

Bu üç əsas yol üzrə ictimai nəqliyyatın hərəkəti planlaşdırılır. Məşğulluq haqqında bir az daha detallı məlumat burada təqdim olunub. Aqropark, ümumiyyətlə, aqroparkın nümunələri verilib. Aqropark istehsal, emal, elmi-tədqiqat, avtoxidmət və ticarət üçün nəzərdə tutulub. Bunun çox böyük faydaları da var. Ölkə ərazisində artıq aqroparklar yaradılır.

Prezident İlham Əliyev: İlk növbədə, məşğulluq üçün gərək planlı şəkildə iş görək, camaat buraya qayıdandan sonra iş də olsun. Bir nəfər də işsiz olmamalıdır.

Anar Quliyev: Sənayeyə gəldikdə, düşünürük ki, tikinti materiallarının, qida məhsullarının, içkilərin istehsalı, toxuculuq, xalçaçılıq, metallurgiya, maşın avadanlıqlarının istehsalı və təmiri. Burada nəqliyyat sxemi təqdim olunub. Bayaq qeyd etdiyim kimi, bu yaşıl dəhlizlər boyu velosiped yolunun uzunluğu 18 kilometr təşkil edəcək. Piyada yolları üçün daha uzun məsafəli - 70 kilometrlik zolaq planlaşdırılır. Həm də yaşıl nəqliyyata çox böyük diqqət ayrılacaq.

Prezident: Elektriklə işləyən nəqliyyat.

Anar Quliyev: Bəli, elektriklə. Küçə, yol profilləri nümunələri göstərilib. Plan elə qurulub ki, hər bir hərəkət iştirakçısı - piyada da, avtomobil də, velosiped də bir-birinə maneə olmadan sərbəst hərəkət edə bilsin.

Prezident İlham Əliyev: Deməli, burada yaşıl nəqliyyatdan istifadə etməliyik.

Sakin: Mütləq.

Anar Quliyev: Ümumiyyətlə, Qarabağ ərazisində.

Prezident İlham Əliyev: Yaşıl məntəqələr, sonra avtobuslar.

Anar Quliyev: Bəli, elektromobillər, elektroavtobuslar. Ümumiyyətlə, Siz elan etdiyiniz kimi, bütün Qarabağ yaşıl enerji zonası olacaq.

Prezident İlham Əliyev: Bəli, yaşıl enerji zonası. Cəbrayıl və Zəngilan rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası tikiləcək. Özü də BP şirkətinin vəsaiti hesabına. Görün, maraq nə qədər böyükdür. Artıq təhlil aparılıb. Cəbrayıl, Zəngilan günəşli günlərin sayına görə ən qabaqdadır.

Anar Quliyev: Cənab Prezident, bu, təməli qoyduğumuz xəstəxanadır. Səhiyyə, sosial obyektlərdir, üstdəki üç şəkil xəstəxanadır. Rayon mərkəzi xəstəxanası 150 çarpayılıq olacaq. Aşağıdakı şəkillər təməli qoyulan ilk orta məktəbdir. Eyni zamanda, tarixi olan bir məktəbdir. Akademik Mehdi Mehdizadə adına məktəb əvvəllər də bu yerdə fəaliyyət göstərib. On bir hektarlıq ərazidə planlaşdırma işlərinə başlanılıb. Bu, təməli qoyulmuş ilk binanın yerləşdiyi məhəllənin görüntüsüdür. Binalar dörd, beşmərtəbəli, bəzi yerlərdə altımərtəbəli olacaq. Bacardığımız qədər çalışdıq ki, tarixi görkəmi qoruyaq, fərdi evlərdə, çoxmənzilli binalarda o eyvanları əsas götürək.

Cənab Prezident, şəhərin təməl daşını qoymağınızı xahiş etmək istəyirik.

Prezident İlham Əliyev: Bəli, birlikdə.

X X X

Dövlətimizin başçısı Cəbrayıl şəhərinin təməl daşını qoydu.

X X X

Qadın sakin: İcazə verin, biz də tökək.

Prezident İlham Əliyev: Tarixdə əbədi qalacaq.

Sakin: Cənab Prezidentin Valdaydakı görüşündə dediyi “Qarabağ Azərbaycandır və nida işarəsi”, mən ondan əmin oldum ki, Qarabağ azad ediləcək. Cənab Prezident, əsas odur ki, biz bu şanlı tarixi bir yerdə yaşadıq. Doğrudan da Siz də çalışdınız, xalq da. Biz doğrudan da sülhpərvər xalqıq, humanistik. Siz də bunu dəfələrlə demisiniz.

Siz onu da demişdiniz ki, mən nəyi nə zaman, harada edəcəyimi bilirəm.

Prezident İlham Əliyev: Onu bir il tez, bir il gec də etmək olmazdı.

Sakin: Bəli, Siz ən uyğun vaxtı seçib etdiniz.

Prezident İlham Əliyev: Amma bunun üçün gərək hər şey hazır olaydı. Hazırlamışdıq.

Sakin: Bəli, onu da hazırlamışdınız. Həqiqətən, cəbrayıllıların sevincinin həddi-hüdudu yoxdur, cənab Prezident. Allah Sizi qorusun. Bizə xoşbəxtliyi Siz bəxş etdiniz.

Prezident İlham Əliyev: Tarixi günlər yaşayırıq.

Yaqut Abdullayeva: Allah Sizə cansağlığı versin. Həmişə var olun, ailənizlə birlikdə xoşbəxt olun, Sizə cansağlığı arzulayıram. Allahım Sizi başımızın üstündən əskik etməsin. Ömürlük Prezidentimizsiniz. Başqa heç kəsi istəmirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Cəbrayıl ağsaqqalları artıq o qərarı qəbul edib. İnşallah olar, Allahın köməyi ilə.

X X X

Sonra xatirə şəkilləri çəkdirildi.

X X X

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Çox sağ olun, var olun. Cəbrayıllılar həmişə Sizinlədir, cənab Prezident.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video