22:55 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib  YENİLƏNİB
ANA SƏHİFƏ / QƏBULLAR
15:18 24.08.2021

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva təyinatı ilə bağlı məktubu Prezident İlham Əliyevə təqdim edərək dedi:

-BMT-nin Azərbaycan Respublikasına rezident əlaqələndirici vəzifəsinə təyin olunmağımla bağlı məktubu Sizə təqdim etməkdən məmnunluq hissi keçirirəm. Dayanaqlı İnkişaf Məqsədlərini inkişaf etdirməkdə və onlara nail olmaqda Azərbaycana dəstək vermək üçün burada olmaq və BMT sisteminə rəhbərlik etmək mənim üçün şərəfdir.

Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Sizi görməyə şadam. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram. Bildiyiniz kimi, Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi. İki illik sədrlik dövründə biz mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürdük və beynəlxalq birliyin gündəliyində duran vacib qlobal məsələlərə toxunduq. İndi isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq və BMT baş katibinin təşəbbüslərinə dəstək oluruq, xüsusilə COVID ilə mübarizə sahəsində. Bildiyiniz kimi, ötən ilin sonunda Qoşulmama Hərəkatının sədri kimi bizim təşəbbüsümüzlə koronavirusa həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir və bu da bu xəstəliyə qarşı bizim qlobal mübarizəyə bir töhfəmiz idi. Həmçinin milli qisimdə 30-dan çox ölkəyə yardım göstərmişik. Maliyyə, humanitar yardımı göstərmişik, biz dəstəyə ehtiyacı olan ölkələrlə peyvəndləri paylaşmışdıq. Bu, bizim beynəlxalq birliyin məsul üzvü kimi gündəliyimizi nümayiş etdirir.

İmkanlarımız və potensialımız daxilində biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq. BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və sizin də yəqin bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki, düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik.

İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik. Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir.

BMT-nin digər təsisatları ilə daimi təmasdayıq. Bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik.

X X X

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva dedi:

-Sağ olun, cənab Prezident. BMT ilə Azərbaycan arasında dostluğun artıq 29 yaşı var. Gələn il, biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edəcəyik. Eyni zamanda, BMT-nin Bakıda nümayəndəliyinin açılmasının da 30 illiyi olacaq. Bir halda, qeyd olunacaq və nəzərdən keçiriləcək tarixlər çoxdur, hesab edirəm ki, son 18 ay görünməmiş hadisələrlə yadda qaldı. COVID-19 qlobal böhrana çevrildi və bir çox dövlətlər mübarizə aparırdılar. Mən COVID-19-a qarşı çox qətiyyətli milli cavab tədbirlərinin görülməsində Sizin və hökumətinizin göstərdiyi səyləri alqışlamaq istəyirəm. Bununla belə, Siz də qeyd etdiniz ki, bu dövrdə biz çoxtərəfliliyə, ümumi məsuliyyətə daha güclü sadiqliyimizi nümayiş etdirməli olduq. Biz, ilk olaraq, COVID-19-a qarşı cavab tədbirlərinin müzakirəsinə həsr olunmuş Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, sonra isə, BMT-nin Baş Assambleyasında xüsusi sessiyanın təşkil olunması üçün göstərdiyiniz səylərə görə minnətdarıq.

Azərbaycanda peyvənd işlərinə gəldikdə, ölkəniz regionda perspektivli mövqelərdən birini tutur. BMT son 18 ay ərzində gördüyü işlərə sadiq qalaraq, öz yardımını bundan sonra da göstərməyə hazırdır. Biz 4 milyona yaxın ilk təcili əşyalardan ibarət dəstləri paylamışıq. Hökumət ilə səhiyyə işçilərinin birgə təlimlərinə sərmayələr yatırmışıq. Həmin təlimlərdən 3 mindən artıq işçi keçmişdir. COVID-19-nun qarşısının alınmasına yönəlmiş ictimai kampaniya 1 milyondan artıq insanı əhatə etmişdir. Sizin də qeyd etdiyiniz kimi bu, son 18 ay ərzində Azərbaycan xalqının üzləşdiyi yeganə çətinlik olmamışdır. Ümid edirik ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olunmasında, əmin-amanlığa və əməkdaşlığa aparan yeni eraya təkan olacaq. BMT tərəfindən dekabr ayında Qarabağ bölgəsində tələbatların qiymətləndirilməsində hökumətə dəstək olmuşuq. Biz əvvəlki təmas xətti boyu 6 rayonda minaların təmizlənməsi üçün ANAMA-ya yardım məqsədilə dərhal 1 milyon dollar topladıq. Biz minaların təmizlənməsi işində milli mütəxəssislərə dəstəyi davam etdirəcəyik, çünki anlayırıq ki, bu, prioritetdir. Eyni zamanda, BMT Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlar ilə fond yaradaraq, əlaqələndirmə işini aparır ki, ANAMA üçün təlimlər davam etsin və minaların təmizlənməsi prosesi ən yüksək standartlara uyğun aparılsın. Biz məcburi köçkünlərin həmin bölgəyə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün göstərilən səylərin dəstəklənməsinə tam sadiq qalırıq. İrəliyə doğru addım ataraq, martın 1-də biz BMT ilə Azərbaycan arasında əməkdaşlığa dair yeni Çərçivə sənədini, yeni paktı imzalamışıq. Növbəti beş il ərzində qarşımızda çox böyük vəzifələr qoymuşuq. Əslində, biz inklüziv artıma dəstək vermək və gənclərlə iş aparmağı arzulayırıq ki, onların əmək bazarlarına aid bacarıqları formalaşsın. Biz, həmçinin daha yaşıl iqtisadiyyatın qurulmasında və səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində hökumətin təşəbbüslərinə dəstək vermək istərdik.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM