13:14 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev “Bilik Günü”ndə Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib
ANA SƏHİFƏ / TƏDBIRLƏR
11:09 15.09.2014

Sentyabrın 15-də - “Bilik Günü”ndə Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəb üçün yeni inşa edilən binanın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirək” ideyası artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Son illərdə dövlətimizin başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən təhsil islahatları uğurla davam etdirilir.
Müasir dünyada təhsil hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.
Son illərdə dövlətimizin başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Təhsil ocaqlarının kompyuter texnologiyaları ilə təchiz olunması ilə bağlı sərəncam və tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı hökumət müvafiq proqram qəbul edib.
Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verib. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.
Məktəbin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb. Məktəbin bütün dəhlizlərində dövlət rəmzləri, müxtəlif fənlərə dair məlumatlar olan lövhələr asılıb.
Qeyd edildi ki, 1961-ci ildə Şağan qəsəbəsində inşa olunan məktəb mövcud tələblərə cavab vermirdi. Məktəbin maddi-texniki bazasının yarıtmaz vəziyyətdə olması, digər tərəfdən şagird sıxlığı yeni təhsil ocağının inşasını gündəmə gətirmişdi. Belə ki, köhnə məktəb binası 520 yerlik olsa da, burada 800-dən çox uşaq oxuyurdu və dərslər iki növbədə aparılırdı. 2011-ci ilin avqustunda dövlətimizin başçısı Şağan qəsəbəsində olarkən məktəbin vəziyyəti ilə tanış oldu və burada yeni binanın inşası ilə bağlı göstəriş verdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə görülən işlərlə bağlı məlumat verərkən bildirdi ki, qısa vaxtda müasir tikinti standartlarına uyğun inşa olunan məktəb indi 1560 şagird yerlikdir. Yeni tədris ilindən məktəb bir növbəli olacaq. 65 sinif otağının hamısı zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz olunub. Məktəbdə 4 informatika kabineti, fənn laboratoriyaları yaradılıb. Fizika, kimya və biologiya laboratoriyalarının hamısı müasir tədris vasitələri ilə təmin edilib. Uşaqlar üçün hər cür şəraiti olan yeməkxana və müxtəlif tədbirlərin keçirilməsinə imkan verən akt zalı qurulub. Bundan əlavə, şagirdlərin fiziki sağlamlığının qorunması üçün hər cür ləvazimatlarla təchiz olunan idman zalı da yaradılıb.
Bu il 145 uşaq yeni məktəbdə birinci sinfə gedir. Onu da deyək ki, builki tədris ilində Azərbaycanda 139 mindən çox uşaq birinci sinfə gedir. Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. 2014-2015-ci tədris ilində 1692 gənc müəllim də ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayır. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq “Müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.
Bu il də ölkə üzrə onlarla məktəb yenidən inşa olunub və ya təmir edilib. 124 nömrəli məktəbin yerləşdiyi ərazidə də xeyli abadlıq işləri görülüb, uşaqlar üçün müasir futbol meydançası qurulub.
Sonra Prezident İlham Əliyev məktəbin kollektivi və Şağan qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Əziz uşaqlar, müəllimlər, əziz dostlar.
Bu gün yeni dərs ili başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Siz uşaqlar yeni dərs ilinə bu gözəl məktəbdə başlayacaqsınız.
Bu, çox gözəl, əlamətdar hadisədir. Bu gözəl məktəb göz oxşayır, çox rahatdır, genişdir və burada oxumaq üçün bütün şərait, imkanlar var. Yadımdadır, iki il bundan əvvəl burada olarkən əvvəlki məktəblə tanış olmuşdum. Gördüm ki, artıq bu məktəbin gələcəyi yoxdur. Çünki bərbad vəziyyətdə idi, uzun illər idi ki, təmirsiz qalmışdı və yeni məktəbin tikintisi ilə bağlı qərar verildi. Bu məktəb əvvəlki məktəbdən üç dəfə böyükdür. Burada 1500-dən artıq uşaq oxuyacaq. Rahat, geniş otaqlar, dəhlizlər. Müəllimlər üçün gözəl şərait yaradılıbdır. Əminəm ki, burada nəticələr də yaxşı olacaq, yüksək olacaq. Çünki son illərdə ölkə üzrə tikilən gözəl məktəblərdə təhsilin keyfiyyəti də artır.
Yeni dərs ili ərəfəsində mən Bakıda 20-dən çox məktəbdə olmuşam. Təmir, tikinti işləri ilə özüm şəxsən tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan bütün məktəblər ən yüksək səviyyədədir. Bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir edilib və tikilibdir. Hər il bu proses uğurla gedir. Son on il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib. Ümumiyyətlə isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki təmirə ehtiyacı olan məktəblər var, o cümlədən Bakıda. Ancaq onların sayı getdikcə azalır. Xəzər rayonunda isə cəmi bir məktəb təmirsizdir. O məktəbin də təmiri nəzərdə tutulur və gələn dərs ilinədək Xəzər rayonunda bir dənə də təmirsiz məktəb olmayacaqdır.
Bu, çox önəmli məsələdir. Çünki uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə dərs deməlidirlər. Müəllimlərin də iş şəraiti yaxşı olmalıdır. Belə məktəblərin tikintisi əlbəttə ki, dövlətimizin gücünü göstərir. Bu gün inkişafda olan Azərbaycan təhsil sahəsinə çox böyük diqqət ayırır. Dövlət siyasəti aparılır. İlk növbədə, təhsil sisteminin maddi-texniki bazası möhkəm olmalıdır. Belə gözəl məktəblər inanmıram ki, hansısa başqa bir ölkədə tikilsin. Xüsusilə indiki zamanda ki, bəzi ölkələrdə böhran yaşanır, iqtisadi çətinliklər var.
Azərbaycanda isə sosial sferaya, təhsil sahəsinə diqqət daim yüksək səviyyədədir. Bizim əsas istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Bu islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də olacaqdır. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir.
Bu gün bizim gözəl ölkəmizdə - sürətlə inkişaf edən ölkədə hər bir vətəndaş üçün bütün imkanlar var. Çünki ölkəmizin dinamik inkişafı, yeni iş yerlərinin, yeni istehsalat sahələrinin açılması əlbəttə ki, hər kəs üçün imkan yaradır. O insanlar ki, böyük biliklərə malikdirlər, onlar həyatda öz layiqli yerini tuta bilərlər. Ona görə, yaxşı oxumaq həm ölkənin gələcəyinə verilən töhfədir, eyni zamanda, hər bir insan üçün önəmlidir. Yaxşı bilikli insan həyatda yaxşı iş də tapa, yaxşı dolanışıq da qura bilər, həm də öz ölkəsinə, xalqına daha da böyük xidmət göstərmiş olar.
Ona görə uşaqlar da bunu dərk etməli və bilməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir. Müəllimlər isə əlbəttə ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər. Uşaqlar, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Bizim gənclərimiz müstəqillik illərində formalaşır. Müstəqilliyin üstünlüklərini hər bir insan görür. Ancaq müstəqil olan zaman Azərbaycan xalqı, dövlətimiz sürətlə inkişaf edir. Müstəqillik bizim ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir.
Əlbəttə ki, ölkəmizin uğurlu gələcəyi cəmiyyətin intellektual potensialından asılıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, məhz o ölkələrdə ki təhsilə, elmə, texniki tərəqqiyə diqqət verilir, o ölkələr inkişaf edir.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanın zəngin təbii resursları, artıq şaxələndirilmiş iqtisadiyyatı, düşünülmüş dövlət siyasəti var. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial sahəyə çox böyük diqqət göstərilir.
Əlbəttə, Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bizim güclü iqtisadiyyatımız, güclü siyasi iradəmiz və bu gün dövlətimizin inkişafında öz rolunu oynayan gözəl gənclərimiz var. Bizim gənclərimiz, dediyim kimi, vətənpərvər olmalıdırlar və milli ruhda tərbiyə almalıdırlar.
Bu gün dünyada qloballaşma prosesi gedir. Bunun həm mənfi, həm müsbət tərəfi vardır. Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü artıq bir tərbiyə üsuludur. Çünki burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə də öz həyatında bu prinsipləri rəhbər tutacaq.
Bir daha demək istəyirəm ki, son on il ərzində 2900 məktəbin tikintisi, təmiri tarixi hadisədir. Bu məktəblərin əksəriyyəti 1930-cu, 1940-cı, 1950-ci, 1970-ci illərdə tikilib. Onların bir çoxu artıq bərbad, qəzalı vəziyyətdə idi. Əfsuslar olsun ki, hələ də bölgələrimizdə qəzalı vəziyyətdə məktəblər var. Amma onların sayı kəskin şəkildə aşağı düşür. Dövlətin gördüyü işlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, o cümlədən Bakı və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri başa çatmalıdır. Amma hesab edirəm ki, artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaqdır.
Sizi bu məktəbin tikilməsi, açılışı və yeni dərs ilinin başlanması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
Sağ olun.

X X X
Şağan qəsəbəsinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edən Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül SƏLİMOV dedi:
- Möhtərəm cənab Prezidentimiz.
Hörmətli Mehriban xanım.
Sizi bütün rayonumuzun sakinləri və məxsusən də kəndimizin sakinləri adından salamlayır və Sizə dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, Sizin indi işlətdiyiniz söz artıq məktəbin girəcəyində sitat kimi yazılıb. Belə yazılıb: “Mən istəyirəm ki, insanlarımız yaxşı yaşasın. Mən istəyirəm ki, şagirdlərimiz yaxşı məktəbdə oxusun. Mən istəyirəm ki, müəllimlərimiz yaxşı məktəbdə dərs desin”.
Hörmətli Prezidentimiz, mən bir elm adamı, təhsillə məşğul olan bir adam kimi hiss edirəm ki, ölkəmizin prioritet istiqaməti təhsilin inkişafına yönəlib. Bax, bu möhtəşəm bina bunun əyani təsdiqidir. Bir neçə gün bundan qabaq, cənab Prezident, buraya xarici ölkələrdən bir neçə turist gəlmişdi. Bakının hər yerindən, ətraf qəsəbələrindən buraya gəlirlər, bu məktəbə baxırlar. Turistlərin buraya gəlməsi bizi müəyyən mənada təəccübləndirdi və həm də sevindirdi. Sual verdilər bizə, bu məktəb sizindir? Bəli, sözün əsl mənasında, belə möhtəşəmlik, bayaq Siz də qeyd etdiniz ki, xaricdə də az-az olur. Ona görə, cənab Prezident, Şağan qəsəbəsinin, rayonumuzun bütün sakinləri adından Sizə bir daha “Çox sağ olun!” deyirik. Mehriban xanım, Sizə “Çox sağ olun!” deyirik.
Prezident İlham ƏLİYEV: Sağ olun. Şağan qəsəbəsində vaxtilə Olimpiya Kompleksi tikilmişdi. İndi məktəb tikilib.
İndi həm qəsəbə sakinləri, rayon sakinləri, həm xarici qonaqlar da gəlib görürlər ki, Bakının qəsəbəsində belə möhtəşəm məktəb tikilib. Həm Bakının mərkəzində, həm qəsəbələrdə, eyni zamanda, ölkəmizin digər şəhər və rayonlarında da belə məktəblər tikilir. Ona görə, heç bir fərq qoyulmur ki, böyük şəhərdə gözəl məktəb tikilməlidir, qəsəbədə, yaxud da ki, kənddə başqa cür. Yox! Hər yerdə şərait belə olmalıdır. Bundan yüksək səviyyə ola bilməz və yoxdur. İndi bəlkə də heç bir başqa ölkədə belə təşəbbüslər irəli sürülmür. Ancaq bizim bu gənc uşaqlarımız belə gözəl məktəbdə oxumalıdırlar, müəllimlər də yaxşı şəraitdə işləməlidirlər və yaxşı nəticə olmalıdır.
Xəzər rayonunun da inkişafı gedir. Mehriban xanım da artıq neçə ildir ki, rayonun deputatı kimi fəal işləyir.
Təvəkkül SƏLİMOV: Çox sağ olsun.
SAKİNLƏR: Sağ olun, çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM