08 Avqust 2018 05:08
1040
Qəbullar
A- A+

Prezident İlham Əliyev Bəhreyn Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Ebrahim Yusuf Al-Abdulla fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ebrahim Yusuf Al-Abdulla etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Ebrahim Yusuf Al-Abdullanın səfirlik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif qurumlarının rəhbərləri ilə görüşəcəyinə və bu görüşlərin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Ebrahim Yusuf Al-Abdulla Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, Bəhreyn Krallığında Azərbaycan xalqının Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər əldə etdiyi uğurlar böyük maraqla izlənilir.

Səfir Ebrahim Yusuf Al-Abdulla ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu bildirdi, eyni zamanda, mədəni əlaqələrin inkişafının da önəmli olduğunu qeyd etdi.

Azərbaycan ilə Bəhreyn arasında bir çox oxşar məqamların olduğunu bildirən səfir vurğuladı ki, hər iki ölkə öz müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsi, eyni zamanda, sivilizasiyalararası dialoqun təşviqi, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bütün dünyada səylər göstərir.

Ebrahim Yusuf Al-Abdulla qeyd etdi ki, Azərbaycan Prezidenti və Bəhreyn Kralının əlaqələrimizin inkişafı ilə bağlı göstərdiyi siyasi iradə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaradır və beynəlxalq ictimaiyyətin bizim ölkələrimizə böyük etimadı var.

Səfir onu da bildirdi ki, Azərbaycan postsovet məkanında, Bəhreyn isə Yaxın Şərqdə aparıcı maliyyə mərkəzlərindən biridir və bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

Dövlətimizin başçısı siyasi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini müxtəlif məsələlər, o cümlədən ölkələrimizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü məsələlərində dəstəklədiyini, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda həmrəylik göstərdiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyini və bunun İslam Əməkdaşlıq Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, keçən il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunduğunu və böyük müvəffəqiyyətlə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycan müsəlman ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. İqtisadi-ticari əlaqələrin, qarşılıqlı ixracatın genişlənməsinin vacibliyinə toxunan dövlətimizin başçısı turizm sahəsində də böyük potensialın olduğunu və Bəhreyndən Azərbaycana gələn turistlərin sayının durmadan artdığını qeyd etdi.

Dövlətimizin başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Bəhreynin Kralına çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video