06 Mart 2019 19:41
1797
Səfərlər
A- A+

Prezident İlham Əliyev Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub


Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.

AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib.

Qeyd edək ki, fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib.

Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.

Dövlətimizin başçısı Ağsuda zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış oldu. Prezident İlham Əliyev Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxdı, ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət etdi.

Burada fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır.

Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.

Sonra dövlətimizin başçısı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış oldu. Məlumat verildi ki, dağılmış evin yerində tikilən yeni ev 3 otaqdan ibarət olacaq. Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq.

Prezident İlham Əliyev Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi.

Daha sonra Prezident İlham Əliyev rayon sakinləri ilə görüşdü, onlarla söhbət etdi. Dövlətimizin başçısı Ağsu sakinlərinin ərizələrini qəbul etdi. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışıldı, dövlətimizin başçısı sakinləri narahat edən məsələləri dinlədi. Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video