20 Sentyabr 2011 12:09
500
Təhsil
A- A+

Pirat kitablar satışdadır

 

Nəşriyyat, poliqrafiya işinin yüksək tələblər səviyyəsində keyfiyyətlə qurulması təkcə oxucuların deyil, naşirlərin də maraq dairəsinə daxildir. Çünki tərəflərdən biri istehsalçı, digəri isə istehlakçıdır. Keçmiş Sovetlər birliyi dövründə nəşriyyat  məsələləri dövlət himayəsində olduğundan kitabların  saxta yolla nəşri mümkün deyildi və ictimai nəzarətlə kifayətlənmək mümkün olurdu. Lakin  dövlət müstəqilliyinin bərpasından sonra adıçəkilən sahə də problemlər yaşamalı oldu. Saxta yolla qazanc əldə etməyə çalışan "işbazlar",   yeni-yeni "naşirlər" meydana çıxdılar.

"Təhsil"  Nəşriyyat-Poliqrafiya Birliyində  keçirilən  "dəyirmi masa"da da məhz  son  illər kitab nəşri və satışı ilə bağlı yaranmış vəziyyət, problemlər və onlardan çıxış yolları müzakirə edildi. Tədbirin təşkilatçısı "Yayım" Assosiasiyasının sədri, "Yeni nəşrlər" kataloq-jurnalının baş redaktoru Yaşar Zeynalov bildirdi ki, son illər  oxucular tərəfindən kitaba maraq artdığı kimi,  buna paralel olaraq "işbazlar"ın da tamahları çoxalmışdır: "Müəlliflərin hüquqları bir çox hallarda kobudcasına pozulur. Məşhur müəlliflərin kitabları və bir də  dərsliklər piratların tamahının qurbanına çevrilir. Onlar  nəşriyyatların və müəlliflərin xəbəri olmadan həmin kitabların üzünü köçürüb satmaqla külli miqdarda qazanc əldə edir, dövlət büdcəsinə  vergi ödəməkdən yayınırlar".

"Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov çıxışında məsələnin  digər tərəfini işıqlandırdı. Onun sözlərinə görə, vaxtilə mövcud kitab satışı ilə məşğul olan dükanlar "yoxa çıxandan",  yaxud profilini dəyişdiyindən, piratlıq baş alıb gedir. O bildirdi: "Vaxtilə Bakı  şəhəri və ətraf ərazilərdə 180-dən artıq kitab dükanı mövcud olmuşdur. Təəssüf ki, bu gün nəinki regionlarda, hətta paytaxt və onun ətrafında  kitab satışı ilə məşğul olan dükan tapmaq çətindir. Daha acınacaqlısı  isə dərsliklərin saxta yolla  çapı   və satışıdır. Poliqrafiya üsul və vasitələrindən, həmçinin texnoloji proseslərdən xəbərsiz "naşirlər"in adi bir surətçoxaldan və ya üzköçürən aparatla çap etdiyi dərsliklərin uşaqların gələcəyini təhlükə altında qoyduqlarını sanki dərk etmirlər. Belələrinə qarşı mübarizə aparmaq ilk növbədə naşirlərin, poliqrafçıların borcudur".

Müəllif Hüquqları Agentliyinin  təmsilçisi Xudayət Həsənlinin fikrincə, gizli yolla çap olunmuş saxta kitabların titul səhifəsində qrif yoxdursa, demək, həmin məhsulun keyfiyyəti olmadığı kimi, kəmiyyəti də gizlədilir. O, bunun  sözün əsl mənasında cinayət tərkibli əməl sayıldığını bildirdi.

Naşirlərin qənaətincə, müəlliflərlə nəşriyyatların arasında müqavilə bağlanmalıdır. Bazar iqtisadiyyatı dövründə istehsal müəssisələri təmərküzləşmə prosesini  keçir.  Nəşriyyatlar da bu prosesdən kənarda qala bilməz. Mini mətbəələr poliqrafiya istehsalat birlikləri ilə prosesə qoşulsalar, özlərinin "kitab evi"ni də yaradarlar ki, bu da piratlığın qarşısının alınmasında mühüm rol oynayar.

"Çıraq" nəşriyyatının müdiri Əliağa Cəfərov, "Ərgünəş"in rəhbəri Oqtay Əliyev və digər naşirlər məsələnin mahiyyətinin ciddiliyini diqqətə  çatdırmaqla yanaşı, həmkarlarının əksəriyyətinin tədbirə qatılmadıqlarından təəssüfləndiklərini gizlətmədilər. O da xüsusi olaraq vurğulandı ki, 26 addan çox kitabın saxta yolla çap olunaraq  yayılması piratlığa qarşı mübarizənin zəifliyindən xəbər verir. Ona görə də tədbirdə kitab piratlığının qarşısının alınmasında hüquq-mühafizə  və prokurorluq  orqanlarına müraciət qəbul edilməsi  vacib sayıldı.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video