23:07 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyev yeni tarix yazır

ANA SƏHİFƏ / SİYASƏT
01:49 31.12.2020

 

“Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də, tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq.”

 

İlham ƏLİYEV

 

 Adətən, tarixi salnaməçilər, tarixçilər yazırlar!  

Təskirələrdə, salnamələrdə, müxtəlif tarixi əsərlərdə!

Dövlət başçıları da tarix yazırlar!

Amma yeni tarix yazmaq onların heç də hamısına nəsib olmur!

Çünki onlar tarixi iş otaqlarında yazmırlar, döyüş meydanlarında, real həyatda, əməlləri ilə, möhtəşəm qələbələri ilə yaradırlar!

Tarixçilərin və salnaməçilərin yazıb gələcək nəsillərə çatdırdıqları tarix isə əslində qalib dövlət başçıları və sərkərdələrin gördükləri işlər, yaratdıqları yeniliklər, həyata keçirdikləri dəyişikliklər olur!  

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun tarix yaradan rəhbəri, itirilmiş əraziləri geri qaytarmağı bacaran, ölkənin ərazi bütövlüyünü bərpa edən sərkərdə övladı var!

Bəli, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Azərbaycanın yeni tarixini, şərəf tarixini yazıb yaradır!

***

Tariximizin son beş əsrində İlham Əliyev Azərbaycanın ilk dövlət başçısıdır ki, işğal olunmuş əraziləri geri qaytardı!

Bunu bacardı, bunu etdi: güclü və arxalı düşməni diz çökdürərək məğlubiyyətini etiraf etdirdi!

Düşmən məhvdən qurtarmaq üçün kapitulyasiya sənədini imzaladı!

Beləliklə, iki əsr ərzində davam edən Qarabağ münaqişəsinə son qoyuldu!

Qarabağ əbədilik Azərbaycanın oldu!

Azərbaycanın ərazi bütövlüyü bərpa edildi!

İlham Əliyev Azərbaycan və dünya tarixinə qalib sərkərdə, itirilmiş əraziləri geri qaytaran dövlət rəhbəri kimi düşdü!

***

Torpaqlar qılıncın gücü ilə fəth olunur!

Ərazilər müharibə yolu ilə alınır və verilir!      

Vaxt var idi dövlətlər dünyanın bu başından o başına qədər əraziləri müharibə yolu ilə ələ keçirirdilər! 

Güclünün qabağına çıxan, ona bir söz deyən olmurdu!

Çünki belədə onlar da fateh sərkərdənin qılıncının gücünü öz üzərilərində hiss edə bilərdilər.

Müasir dünya isə bambaşqadır!

İndi işləməsə də, “beynəlxalq hüquq” adlı bir anlayış var.

Güclülər zəiflərin qulağını çəkmək istəyəndə ondan istifadə edirlər.

İndi beynəlxalq güclər var!

Beynəlxalq təşkilatlar, qurumlar mövcuddur.

Onların əlində dövlətləri ram etməyə, zəiflətməyə, sivil dünyadan təcrid etməyə xidmət edən “sanksiya” adlı alət var!

İndi dünyada “ictimai rəy” adlanan bir anlayış da var!

Onu isə dünyada tanınan müxtəlif KİV formalaşdırır.

İndi “sosial şəbəkə” adlı bir “meydan” da var!

Bu meydanda kim nə istəyir yazır, çəkib göstərir, həm də həqiqət ilə yalanı həmişə ayırmaq mümkün olmur!

Bütün bunları nəzərə almadan müharibə aparmaq, qalib gəlmək mümkün deyil!

Bütün bunlarsız yeni tarix yaratmaq da mümkünsüzdür!

İlham Əliyev Azərbaycana rəhbərliyə başlayanda artıq Ermənistan işğal etdiyi əraziləri “özününküləşdirməyə” başlamışdı:

* gecə-gündüz dayanmadan müdafiə qurğuları, atəş nöqtələri, istehkamlar qurur, bunkerlər tikirdi;

* özünün aldığı və ona bağışlanan silahları işğal ərazilərinə daşıyaraq torpaqları xoşluqla qaytarmayacağını nümayiş etdirirdi;

* bütün dünyaya car çəkərək ermənilərin “öz müqəddəratını təyin etmək” hüququndan dəm vurur, “Dağlıq Qarabağ Respublikası”nı müstəqil respublika kimi təqdim edirdi;

* ATƏT-in Minsk qrupu sülh danışıqlarının ağası idi və bu danışıqlar da acı bağırsaq kimi uzanırdı;

* erməni torpağı “danışıqlar yolu ilə” qaytarana oxşamırdı...

Heydər Əliyev siyasi kursunun davamçısı olduğuna görə, Azərbaycanın yeni rəhbərinin çiyninə çoxsaylı vəzifə yükü qoyulmuş, həm də çox böyük məsuliyyət düşmüşdü.

Görüləsi iş çox, imkanlar məhdud, dəstək verib kömək edənlərimiz isə yox dərəcəsində idi!

Ən əvvəl Ulu Öndərin başladığı işi davam etdirmək, uğurla sona çatdırmaq, xalqın ona bəslədiyi etimad və inamı doğrultmaq vacib idi!

Üstəlik, Ulu Öndər Heydər Əliyev ona Şuşanı işğaldan qurtarmaq barədə şəxsi vəsiyyətini də etmişdi...

Tarixi dəyişmək, yeni tarix yazmaq qaçılmaz idi...

Amma bunun üçün mümkün olmayanları mümkünə çevirmək, necə deyərlər, möcüzə yaratmaq tələb olunurdu!

Azərbaycan Prezidenti, Ali Baş Komandan olaraq İlham Əliyev bu möcüzəni yarada, müstəqil Azərbaycanın yeni tarixinin ilk səhifələrini yaza bildi!

***

“Sülh danışıqları”nı davam etdirməklə bərabər, müharibəyə hazırlıq da görülməliydi!

Bu yolda isə problemlər, maneə və əngəllər çox görünürdü:

* Beynəlxalq hüquq işləmirdi, onun əvəzində ikili standartlar hökm sürürdü.

* Beynəlxalq qurum və təşkilatlar, bir sıra aparıcı dövlətlər açıq-aşkar ermənilərin ədalətsiz mövqelərini müdafiə edirdilər.

* Transmilli layihələrin reallaşdırılmasında ermənipərəst qüvvələr maneələr yaradır, “ekoloji”, maliyyə problemləri törətməyə çalışırdılar.

* Hər dəfə Azərbaycan ordunu yeni silahlarla təchiz edəndə havadarları Ermənistana qiyməti milyard dollardan çox olan silah-sursat hədiyyə edir, tarazlaşdırma yaratmağa çalışırdılar.

Lakin İlham Əliyev nə məqsədindən döndü, nə geri çəkildi, nə də yoruldu!

Ən əvvəl, mövcud vəziyyəti dərindən təhlil etdi, dünyanın, Cənubi Qafqazın və Azərbaycanın inkişaf istiqamətlərini, baş verə biləcək siyasi, iqtisadi, qlobal dəyişiklikləri düzgün müəyyənləşdirdi, uzun bir dövr üçün atılacaq zəruri addımları dəqiqliyi ilə hesabladı, erməni məkrini zərərsizləşdirməyin, ölkəyə çoxsaylı dostlar qazandırmağın yollarını tapdı, daxili və xarici imkanları səfərbər etdi, əlverişli zamanın yetişməsini, bütün hazırlıqların məqamında başa çatmasını təmin etdi!

Görülən işlərin bir qismi aşkar, bəziləri isə məxfi qaydada aparılırdı.

Cənab İlham Əliyev “hücum diplomatiyası”na start verərək, beynəlxalq qurum və təşkilatlarda, ayrı-ayrı ölkələrdə ermənilərin şər-böhtan kampaniyasına qarşı mübarizəni gücləndirdi. Bu sahədə işin effektliyini artırmaq üçün Azərbaycan və Türkiyə diasporunun əlbir, əlaqəli fəaliyyəti təmin olundu.

Qonşularla, habelə dünyada xüsusi çəkisi olan dövlətlərlə qarşılıqlı maraqlara və hörmət prinsipinə əsaslanan əlaqələr yaradıldı, dost, dəstəkçi ölkələrin sayı artırıldı.

Bu məsələdə Prezident İlham Əliyevin şəxsi nüfuzunun və diplomatik məharətinin xüsusi əhəmiyyəti oldu. Belə ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclaslarına müəyyən dövrdə sədrlik etməsi, habelə İslam Əməkdaşlıq Təşkilatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın və bəşəriyyətin taleyüklü problemləri və onların uğurlu həlli ilə bağlı ciddi təşəbbüslər irəli sürərək təkliflər verməsi, əksər dövlətlərin maraqlarına uyğun problemlərin müzakirəyə çıxarılması və onların çözümü istiqamətində səmərəli addımlar atılması sayəsində Azərbaycana dost münasibəti bəsləyən, onun haqq işini müdafiə edən dövlətlərin sayı əhəmiyyətli dərəcədə çoxaldı.

İlham Əliyev uzaqgörənliyi Azərbaycan Ordusunun gücləndirilməsində, ən müasir texnologiyalara əsaslanan silahlarla təchiz edilməsində həlledici amilə çevrildi.

Ermənistan və onun dəstəkçiləri sülh danışıqları ilə, sadəcə, baş qatırdılar. Onlar “münaqişənin sülh yolu ilə həllindən başqa variant yoxdur” desələr də, əslində, Azərbaycanla yeni müharibəyə ciddi hazırlıqlar görürdülər. Çünki bilirdilər ki, nə Azərbaycan Prezidenti cənab İlham Əliyev, nə də Azərbaycan xalqı heç zaman işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, torpaqları azad etməyə çalışacaqlar! Odur ki, işğal ərazilərinin təbii relyefindən istifadə edərək betonlaşdırılmış müdafiə qurğuları, keçilməz səngərlər, bunkerlər, minalanmış sahələr yaradır, havadarlarının köməyi ilə möhkəm istehkam qurğuları tikirdilər.

Elə zənn edirdilər ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə ona ciddi tələfat yaşadacaq, tikdikləri qurğularda gizlənərək hücum edən hissələri geri oturdacaq, bir daha özlərinin “məğlubedilməz ordu”, “məğlubedilməz millət” imiclərini möhkəmləndirərək ərazilərimizi həmişəlik əllərində saxlayacaqlar.

Hətta bu xülya ilə “yeni Ermənistanın” təzə “xəritəsini” çap etdirərək geniş yayır, məktəblərdə yeni nəslə tədris edirdilər.

Bütün bunlardan cənab İlham Əliyevin xəbəri vardı!

Ali Baş Komandanımız bu xülyaları yaxşı bilir, daim nəzərə alırdı!

Ancaq düşməndən fərqli olaraq zəruri hazırlıq işlərini son dərəcə məxfiliklə aparırdı.

İlham Əliyevi aldatmaq istəyən Paşinyan son nəticədə özü aldanaraq axmaq vəziyyətinə düşdü!

Həm də bunu hərbi əməliyyatlar başlanandan bir neçə gün keçdikdən sonra anladı...

Belədə isə gec idi!

Çox gec!

***

Ali Baş Komandan İlham Əliyev müharibəyə təkcə hərb cəbhəsində deyil, diplomatiya və informasiya sahəsində də ciddi hazırlaşmışdı.

Hər şey gözlənildiyi kimi oldu:

* Ermənistan “qoymayın zavallı və qədim xalqı qırırlar, kilsələri dağıdıb bizi öz torpaqlarımızdan çıxarırlar”, - deyə şivən qoparmağa başladı!

* Bir sıra dövlətlərin başçıları, beynəlxalq qurum və təşkilatların rəhbərləri, tanınmış siyasilər hərbi əməliyyatların dayandırılması, sülh danışıqlarına başlanılması yönündə Azərbaycana xahişlər etməyə başlayaraq, təsir və təzyiq göstərməyə can atdılar!

* Erməni diasporu tərəfindən ələ alınmış beynəlxalq televiziya kanalları və informasiya agentlikləri Azərbaycana qarşı şər-böhtan kampaniyasına start verdilər!

Burda bir incə məqam da vardı!

Ermənistan və onun havadarları elə zənn edirdilər ki, hərbi əməliyyatlara başlayan Azərbaycan düşmən mövqelərinə elə ilk hücumlarında səngər, istehkam, mağara və tələlərə rast gələrək çıxılmaz vəziyyətə düşəcək, ciddi texnika və canlı qüvvə itkisinə məruz qalaraq geri oturdulacaq, müharibəni dayandırmaq üçün “vasitəçi” dövlətlərə, ATƏT-ə yalvar-yaxara başlayacaq.

Sən öz saydığını say...

Həqiqətən də, belə bir vəziyyət yarandı!

Amma əks cəbhədə!

Miskin və rəzil günə düşən Ermənistan oldu!

Diz çöküb yalvaran, ona-buna saysız telefon zəngləri ilə minnətçi düşən Ermənistanın baş naziri Paşinyan idi!

Ali Baş Komandan İlham Əliyev isə heç bir xahişə, minnətə, təsir və təzyiq cəhdinə baxmırdı!

Beynəlxalq qurum və təşkilatların rəhbərlərinə “Otuz ildə harada idiniz, niyə münaqişəni sülh yolu ilə həll etmirdiniz?” sualını verərək boğazlarını qurudurdu!

İlham Əliyevə hər cür təsir və təzyiq cəhdi irəlicədən uğursuzluğa məhkum idi.

Paşinyanın yeddi şərtini ayaq altına atan Ali Baş Komandan İlham Əliyev yalnız bircə şərt irəli sürürdü:

- Düşmən kapitulyasiya sənədinə imza atsın, torpaqlarımızdan dərhal rədd olub getmələri barədə konkret tarixlə qrafik göstərsin!

Hər şey Prezident İlham Əliyevin dediyi kimi oldu!

***

Müharibə dövrü fəaliyyətində cənab İlham Əliyev informasiya savaşında da qalib gələrək ermənilərə xidmət edən telekanallarda və informasiya agentliklərində ermənilərin özlərinin xəbis, faşist simalarını ifşa etdi, onların şər-böhtanlarını konkret faktlarla puça çıxardı, qərəzli mövqe sərgiləyən jurnalistləri qaçılmaz dəlil və faktlarla yerlərində oturtdu, obyektiv və ədalətli olmağa səslədi!

İlham Əliyev bu müharibənin dinlərarası savaş kimi təqdim edilməsinin də qarşısını aldı, Azərbaycan xalqının tolerant olduğunu, multikulturalizm ənənələrinə sadiqliyini sübut etdi, ölkəmizdə yaşayan bütün xalqların və millətlərin azərbaycançılıq ideyası ətrafında sıx birləşdiyini göstərdi.

İlham Əliyev “xiristianların məbədləri dağıdılır” erməni yalanının hiylədən başqa bir şey olmadığını söyləyərək bunun əksini, işğal zonasındakı Azərbaycana məxsus 67 məsciddən 63-nün dağıdıldığını ortaya qoydu!

İlham Əliyev həmçinin sübut etdi ki, “münaqişənin həlli yalnız sülh danışıqları ilə mümkündür” deyənlər, əslində, riyakarlıq edir, işğal faktını əbədiləşdirməyə, torpaqların Ermənistana qalmasına çalışırmışlar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin əsl yolu elə müharibəymiş!

Azərbaycan xalqının Vətən müharibəsi ədalətə, beynəlxalq hüququn öz yerini tutmasına, düşmənin özgə torpaqlarından qovulmasına şərait yaradan ən sürətli və təsirli vasitəymiş!

***

Azərbaycan xalqının qalibiyyət savaşına rəhbərlik edən cənab İlham Əliyev yeni bir tarix yaratdı.

Onun bu tarixi qələbəsini şanlı-şöhrətli edən bir neçə mühüm məqam da var:

* İlham Əliyev yalnız Azərbaycan torpaqlarını ələ keçirərək onu otuz il işğalda saxlayan Ermənistana yox, həm də dünyanın bir sıra aparıcı dövlətlərinin dövlət başçılarının qərar qəbul etmələrinə təsir göstərən, parlamentlərində “erməni məsələsinə” dair müzakirələr açdıran, qanundankənar layihələr qəbul etdirən, beynəlxalq qurumları və KİV-i ələ alaraq öz maraqlarına işləməyə sövq edən dünya erməniliyinə qalib gəldi!

* İlham Əliyev ermənilərin patoloji xəstəliyinə çevrilən “erməni soyqırımı” və “böyük Ermənistan dövləti” xülyasının daşıyıcılarına qalib gəldi!

* İlham Əliyev həm də “məğlubedilməz xalq” və “məğlubedilməz ordu” anlayışını məhv edərək onun gülünclüyünü göstərdi!

Əslində, İlham Əliyev özünə qədərki tarixi dəyişərək yeni tarixin təzə səhifəsini yazmağa başladı.

YENİ TARİXİN BAŞLANĞICI OLARAQ:

* Dünya hərb tarixində yenilik kimi qəbul edilən və hərbi əməliyyatların aparılmasında mühüm dəyişikliklərə səbəb olacaq yeni növ müharibə nümunəsini ortaya qoydu!

* Cənubi Qafqazda qüvvələr nisbətinin əsaslı şəkildə dəyişdiyini göstərdi!

* Müstəqil Azərbaycanın yeni tarixinin yeni xəritəsini cızdı, Naxçıvanla Azərbaycanı quru yolla birləşdirən çox mühüm strateji əhəmiyyətli dəhlizin açılmasını təmin etdi!

* Cənubi Qafqazda əməkdaşlığın yeni formatlarının yaranmasına və uğurlu fəaliyyətinə zəruri əsaslar yaratdı!

* Ermənistanın faşist, fitnəkar, vəhşi, dağıdıcı və murdar xislətini aşkar və ifşa edərək “məzlum millət” maskasını cırıb atdı!

* Ermənistanın Qarabağ siyasətini birdəfəlik məhv edərək tarixin “məğlublar arxivinə” göndərdi!

* Ermənistanın işğalçı, qocaya, qadına, uşağa aman verməyən, mülki obyektləri dağıdan və dinc əhalini hədəfə alan mənfur ordusunu darmadağın etdi!

* Cənubi Qafqazda sülhə və əməkdaşlığa yol açan yeni mühit və düzən formalaşdırdı!

* Ən nəhayət, İlham Əliyev COVID-19 pandemiyası səbəbindən bütün dünya üçün qorxulu, tənəzzül ili sayılan 2020-ci ili müstəqil Azərbaycanın yeni tarixinin başlanğıcı sayılan “Zəfər ili”nə çevirdi.

Eşq olsun yeni tariximizin müəllifi və yaradıcısı Müzəffər Ali Baş Komandan İlham Əliyevə!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM