01:09 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Peyvəndlərin effektiv olduğu təsdiqini tapır

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:31 16.04.2021

 

Hazırda dünyanın əksər ölkələrində koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Tibb alimlərinin də vaksinasiya ilə bağlı yekdilliklə gəldiyi nəticə odur ki, yalnız peyvənd sayəsində əldə olunan kütləvi immunitet insanları bu təhlükəli virusdan qoruya bilər.

COVID-ə qarşı hazırlanan peyvəndlər barədə aparılan araşdırmaların nəticələri müsbət çıxıb. Artıq ABŞ-da könüllülərin iştirakı ilə “Oxford-AstraZeneca” peyvəndinin sınaqdan keçirilməsinin çoxdan gözlənilən nəticələri təsdiqlənib. Peyvəndin sınaqlarında əsasən ABŞ-da və eləcə də Çili və Peruda 32 mindən çox könüllü iştirak edib. “AstraZeneca” peyvəndi simptomatik COVID xəstəliyini dayandırmaqda 79 faiz və insanların ağır xəstələnməsinin qarşısını almaqda 100 faiz effektiv olduğunu göstərib. Eyni zamanda bu peyvəndin tromboza səbəb olması aşkar edilməyib.  “AstraZeneca” ilə bağlı hərtərəfli araşdırma aparmış Avropa Dərman Agentliyi (EMA) insanların bu peyvəndin təhlükəsizliyinə və faydasına əmin ola biləcəklərini bildirib.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev  bildirib ki, “AstraZeneca” peyvəndinin həm virusa qarşı, həm də virusdan sağaldıqdan bir müddət sonra tətbiqi zamanı müsbət təsirləri ilə bağlı aparılan elmi tədqiqatlara nəzər saldıqda bir daha onun yüksək effektivliyinin şahidi oluruq: “Bu tədqiqatların nəticələrinə əsasən müəyyən olunub ki, virusa yoluxub sağalan, amma aylarla onları incidən, yüngül və qalıcı simptomlardan əziyyət çəkən insanlara da bu peyvəndlər çox müsbət təsir göstərir”.

Azərbaycanlı alim onu da vurğulayıb ki, sözügedən tədqiqatlar “AstraZeneca” peyvəndi ilə aparılsa da eyni nəticələr fərqli tədqiqatlarda “Biontech/Pfizer” peyvəndi ilə də aparılıb ki, bu da bir daha peyvəndlərin müstəsna rolundan xəbər verir.

Peyvəndlərin insan həyatı üçün bu qədər həyati əhəmiyyət kəsb etməsinə baxmayaraq, bir çox ölkə üçün əhalinin koronavirusa qarşı peyvəndlənmədə istifadə olunan vaksinlərin tədarükü hələ də əlçatmaz olaraq qalır. Bu, vaksinlərin dövlətlər arasında qeyri-bərabərlik prinsipi ilə bölüşdürülməsinin nəticəsidir. 

Xatırladaq ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olaraq bu sahədə mühüm işlərə imza atıb. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, mayında Qoşulmama Hərəkatının Zirvə toplantıları, dekabrında isə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bu il martın 23-də Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə qəbul edilib.

Azərbaycan dövləti qısa zamanda ölkəmizə vaksin gətirilməsini təmin edib və artıq yanvar ayının 18-dən etibarən əhalinin peyvəndlənməsinə başlanılıb.

Respublikamızın bütün bölgələrində uğurla həyata keçirilən vaksinasiya prosesi və əhalinin peyvəndlənmədə həvəslə iştirakı bu sayı hər ötən gün sürətlə artırır.

Görünən odur ki, əhalinin böyük bir hissəsini vaksinasiya edərək virusun yayılma dinamikasını və yoluxan şəxslərin ağırlaşmalarını minimuma endirmək məqsədi tez bir zamanda tam reallaşacaq.

Amma elə bu həssas məqamda arxayınlaşmamalı və virusa qarşı daha diqqətli olmalıyıq. Mütəxəssislər də dəfələrlə xəbərdarlıq edirlər ki, peyvənd vurdurmuş şəxslər də maskadan istifadə etməli, sosial məsafə saxlamalı, gigiyena qaydalarını unutmamalıdırlar. Çünki peyvənd olunan şəxs xəstə ilə təmasda olacaqsa, virusa yoluxması mümkündür.

Peyvənd olunmamış şəxslər də mütləq pandemiya şərtlərinə əməl etməlidirlər. Kütləvi yerlərdən uzaq durmalı, gizlin keçirilən yas, toy, nişan, ad günü kimi məclislərə qatılmamalı, sosial məsuliyyət nümayiş etdirərək bu kimi tədbirlər barədə aidiyyəti qurumlara xəbər verməlidirlər. Hazırda bütün müsəlman dünyasında olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan günləri yaşanır. Amma pandemiyanın tələblərinə uyğun olaraq bütün sahələrdə olduğu kimi, dini inanclarımızla bağlı adət və ənənələrimizin icrasında da müəyyən dəyişikliklər etməyə məcburuq. Sağlamlığımız naminə kütləvi iftar mərasimləri təşkil etməməli, eyni zamanda belə məclislərə də qatılmamalıyıq.

Əminik ki, müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən xalqımız öz həmrəyliyi sayəsində hazırkı pandemiya çətinliyini də geridə qoyacaq və dini ayinlərini də tezliklə əvvəlki qaydada icra edəcək.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM