00:40 14 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Peyvəndlər bütün ölkələr üçün əlçatan olmalıdır

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:43 04.03.2021

 

Bəşəriyyətin kabusuna çevrilən koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların həyat və sağlamlığını qorumaq üçün tədbirlərin görülməsini zərurətə çevirdi. Dövlətimiz ilk gündən vətəndaşlarını qorumaq  məqsədilə zəruri və çevik addımlar atmağa başladı.

 Koronavirusun qeydə alındığı ilk vaxtdan Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq lazımi tədbirlər həyata keçirildi. Yeni xəstəxanalar tikildi, mövcud xəstəxanalar bərpa edilərək yenidən istifadəyə verildi. Səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz edildi, laboratoriyaların sayı artırıldı.

Dövlət tərəfindən pandemiya ilə mübarizə sahəsində həyata keçirilən təqdirəlayiq işlərdən biri də qlobal infeksiyaya qarşı vaksinasiya prosesinin tez bir zamanda start götürməsidir. Azərbaycan Cənubi Qafqazda peyvəndləməni keçirən birinci ölkə kimi prosesə yanvarın 18-də başlayıb. Avropadan bir ay sonra ölkəmizdə vaksinasiyanın aparılması işlərin düzgün, səmərəli qurulmasının təzahürüdür. Bu, ölkəmizin gücünün, vətəndaşın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunun göstəricisidir. Artıq Azərbaycanda risk qrupuna daxil olan səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, həkimlər, polislər vaksinasiya olunub. Fevralın 17-dən etibarən yaşı 50 və daha yuxarı olan şəxslərin vaksinasiyasına start verilib və proses uğurla davam etdirilir.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı 310 mini keçib.

Ölkəmiz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparır. Bu vaksinin 4 milyon dozasının alınması barədə müqavilə bağlanıb. Eyni zamanda Azərbaycan ötən il bütün ölkələr üçün effektli vaksin axtarışını sürətləndirmək, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılan COVAX platformasına ilk qoşulan 50 ölkədən biri olaraq “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıdır. Bundan əlavə, ölkəmizə “AstraZeneca” vaksininin göndərilməsi barədə ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalanıb. Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər ölkəmizə daxil olmayıb. Bunun da səbəbi “Sputnik” vaksininin hələlik Rusiyanın daxili ehtiyaclarını təmin etməsi və xarici ölkələrə çox məhdud miqdarda göndərilməsidir.

Hazırda yeni növ koronavirus infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 108-ə çatıb. Lakin burada diqqətçəkən xüsusi bir məqam var. O da COVAX platformasının bu layihəyə üzv ölkələri vaksinlərlə vaxtında təmin etməyə, vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməsinə dair öhdəliyini yerinə yetirə bilməməsidir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə koronavirus pandemiyasına qarşı dünya dövlətlərinin birgə mübarizəsinin və bu sahədə sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Bu mənada vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsünün pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponent olduğunu dilə gətirib.  Elə fevralın 26-da yerli və beynəlxalq mətbuat nümyəndələrinin iştirakı ilə dörd saatdan çox davam edən mətbuat konfransında da dövlət başçısı vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməməsinə diqqət çəkib.

Dövlət rəhbəri xatırladıb ki, ötən ilin dekabrında Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəkləyib. Həmin sessiyada Prezident İlham Əliyevin səsləndirdiyi tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi. Lakin hazırda görünən mənzərə odur ki, bununla bağlı hətta müttəfiqlər arasında belə ciddi problemlər yaranır. Bu vəziyyət bir daha göstərir ki, həmrəylik, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət müşahidə olunur: “Bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlçatan deyil. Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etmişik, - bu gün biz də vaksinsiz qalardıq. Biz “AstraZeneca” vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. “Sputnik” vaksinini də almamışıq. COVAX təşəbbüsü üzrə “Pfizer” və “Moderna” peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova sözügedən məsələ ilə bağlı mətbuata açıqlamasında deyib ki, COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hazırkı dövrədək əməl olunmayıb: “Bu günlərdə COVAX tərəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunub. Azərbaycan Respublikasının vaksin istehsal edən müxtəlif şirkətlərlə uğurlu əməkdaşlığı nəticəsində ölkəmizə Çin dövlətinin istehsalı olan “CoronaVac” vaksinlərinin gətirilməsi təmin edilib.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanı örnək dövlətlərdən biri kimi göstərir. Bu gün Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda, ölkəmizə qarşı bu münasibəti yanlış hesab edir, təsisatın məram və məqsədinə zidd olduğunu bildiririk.

COVAX-ın bütün üzv ölkələrlə əməkdaşlığının ədalətli şəkildə davam edəcəyinə, növbəti mərhələdə təxirə salınmadan başqa üzv ölkələrlə bərabər Azərbaycanın da peyvəndlə təmin olunacağına inanırıq”.

Hazırda COVID-19-un yeni mutasiya variantlarının meydana gəlməsi ilə peyvəndləmə prosesi daha da sürətlənməli, qısa zamanda peyvəndlər bütün ölkələr üçün əlçatan olmalıdır.

Azərbaycanda isə vətəndaşlar dövlət səviyyəsində həyata keçirilən tədbirlərə dəstək olaraq, o cümlədən vaksinasiyaya qoşularaq ölkəmizdə normal həyata qayıdışı sürətləndirməyə kömək edə bilərlər.

 

Xəyalə MURADLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM