07:50 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Peyğəmbərimizə beşinci gözəlləmə

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:22 02.04.2021

 

Ey yalvaclar tacının ən qiymətli gövhəri,

Sultanlara taç verən ağ günlər peyğəmbəri!

Yad da sənə möhtacdır, ümmətindən olan da,

Çörəyini yeyənlər nə qədərdir cahanda.

Adın ilə başlanır beytimin başlanğıcı,

O həm də qafiyətək söz sonunda baş tacı!

Bizim bu viran kəndə gəlincə bir işarət,

Sənin ruhun, Adəmin cismi qurdu imarət.

Əllərinlə bəzənmiş bu tazə mülkə əhsən,

İlk kərpici Adəmdir, son kərpici özünsən.

Həm Adəmsən, həm də Nuh, yox, onlardan ucasan,

Onların vurduqları düyünləri açansan...

 

Fəxrəddin Bəhram Şahın tərifi

 

Ey uca taleli şah, tacımızsan, ulusan!

Bu firuzə bağcanın sən qızılgül kolusan.

Sən - ümid qaynağı Xızr, sən - İskəndər güclü şah!

“Məcəsti”ni şərh edən bilginlərə qibləgah!

Xilqətin mehvəridir sultanımın qüdrəti,

Onun vəsfində enmiş göydən Məqsud ayəti.

Tək odur fələk taclı, Süleyman üzüklü şah,

Üfüqlərin güvənci - Məlik Fəxrəddin ancaq.

Davudluq iddiası eyləyərsə, haqqı var,

Onda müğənni səsi, Süleyman sorağı var.

Hümmətilə yüksəldi İshaq bayrağı aşkar,

Ona zidd çıxdı yalnız İsmaili zındıqlar.

Altı qütbə addımlar, yeddi qatda təxti var,

Doqquz göyə hökmdar, Bəhram - ulu tacidar!

O öz bəhramlığını açıb göstərsə bir an,

Bəhram Gurun nəsibi yalnız gor olar, inan.

Əzmilə, cürətilə şahların sərvəridir,

Bilik xəzinəsilə alimlər rəhbəridir.

Xəlqə cahan mülkünü bəxş eləyən bahadır,

Həm Ərmən hökmdarı, həm Rum padşahıdır.

Səltənətin şərəfi, xilafətin qəlbidir,

Rum elinin fatehi, Əbxazın qalibidir.

O, bütün kişilərdən aqil, ədalət əhli,

Hər bir çomərddən üstün, kərəm, səxavət əhli.

Dövlətinin ulduzu nur saçır fələklərə,

Sədəf kimi qapısı can verib neçə dürrə.

Balıqla, incilərlə dopdolu bir dənizdir,

Dərya kimi dalğalı, bulaq kimi təmizdir.

Eşsiz, nadir bir yaqut nur saçır kəmərində,

Ləl mərcan kəmərli Günəşin qənşərində.

Görün, mavi pəncərə nə söylər ucalıqdan,

Pəncəsiz qalacaqdır ona pəncə qaldıran.

Karvan zəngi fələyin qulağını partladar,

Qızğın nəfəsi Ayın şüşəsini parçalar.

Məsuddu, bəxtiyardı dünyaya göz açanda,

Daha gözəl olacaq aqibəti cahanda.

Səxavət qədəhinin saqisi, lütfkarı,

Onu sonsuz yaşatsın sonu olmayan Tanrı!

 

Rəiyyətin haqqını padşahın qoruması

 

Mərdliyin qalxanını alıb getmiş, ey qorxaq!

Divanəlik guşəsi yaraşır sənə ancaq.

Bir mülkə uydun ki, sən heç zaman bəqası yox,

Bir ömrə uydun ki, sən əzəldən vəfası yox.

Mey-məzə düşkünləri aldatdı, aldı səni,

Bu hoqqabaz fələklər məsxərə qıldı səni.

Sən Quranı, qılıncı bir kənara atmısan,

Şərəfini bir xılta, bir qədəhə satmısan.

Heç qoymursan əlindən güzgü ilə darağı,

Zülfünün dərdindəsən yosma dilbər sayağı,

Saçlarıyla quyudan su çıxardan Rabiə,

Nicat verdi köpəyə - yeddi mərddən birinə,

Sən, ey kişi adlanan, üzü qara, küt azğın!

Bir gör arvadlığıyla neylədi bir dul qadın.

Yenəmi kişilikdən dəm vuracaqsan, utan!

Az çərənlə, sən qat-qat aşağısan qadından.

Ağlın boynunda daim bahadırlıq yükü var,

Fəqət hansı bahadır ədalətə kəc baxar?!

Su təzələndi, fəqət sənin irmağında yox,

Xal şölə saçdı, fəqət sənin yanağında yox.

Göy deyilsən ki, xəlqi tufanla qorxudasan,

Qozbel çarxa bənzəmə, düşün, çəkin qayadan.

Təmiz cövhərdən özgə nəylə fəxr eyləyək biz?

Hanı saflıqdan savay mayəmiz, sərmayəmiz?

Zülmkarlıq dəhşətdir. Əbəs tökmə, ey cani,

Öz üzünün suyunu, özgəsinin qanını.

Ədl, hümmət sevənlər yığışdılar bir səhər,

Yüz müşküldən birini həll edə bilmədilər.

Tanrı ərənlərinin ədlindən qorx, adil ol,

Gecə fəryad oxları yağar başına bol-bol.

Kimdədir qeyrət, hümmət? Tanrı ərənlərində,

Sıxışdırma mərdləri, qüdrət var əllərində!

Bir neçə hind kahinin duası, lənətilə,

Sultan Mahmud düşdü, gör necə böyük əngələ.

Mərdlərin nəfəsində paklıq, saflıq gücü var,

Qəzəbləndirsən, qeyzi sənin başında çatlar.

Mələklərdən daha saf əqidə yolçuları,

Gözündə bağa qədər olmadılarmı barı?

O mərdlərin yolunu qılıncınla kəsmə sən,

Ürəyin parçalanar nalə xəncərlərindən!

Cahanın qəddarlığı onsuz da bəsdir bizə,

Yalnız haqqı qoruyan şahlar nəfəsdir bizə.

Bu dünyada kim tapar ən böyük səadəti?

O kəslər ki, qoruyar, gözləyər ədaləti!



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM