14 Noyabr 2012 12:11
463
Oxucu məktubları
A- A+

Peşəkarların nəcibliyi

 

Hörmətli redaksiya!

Bəzən həyat düşündüyümüz və arzuladığımız qədər asan olmur. Qəfildən elə problemlərlə rastlaşırsan ki, onların həllində çətinlik çəkirsən. Bu ilin əvvəlindən həyat yoldaşım Bəşir Şərifli gözlənilmədən xəstələndi, səhhətində ciddi problemlər yarandı.

Müxtəlif həkimlərə, özəl klinikalara müraciət edirdik. Yoldaşım müayinələrdən keçir, analizləri verir, müalicələr alırdı. Həftələr ayları əvəz edirdi. Onun səhhəti ara-sıra bir qədər yaxşılaşır, sonra yenə ağırlaşırdı. Təbii ki, bu müalicələrin əksəriyyəti pullu idi. Xərclərimiz artsa da, həyat yoldaşımın səhhəti tədricən əldən gedirdi.

Bir müddət yoldaşım Mərkəzi Neftçilər xəstəxanasında yatdı, dəqiq diaqnoz onda qoyuldu ki, böyrəkləri imtina edib. Peşəkar müalicə aparıldı, Səhiyyə Nazirliyinə müraciət etdik, sağ olsunlar ki, yubanmadan  pulsuz dializ almaq üçün Bəşiri qeydiyyata aldılar və biz haradasa həftədə 600 manata yaxın pul ödəməkdən azad olduq. Ümid edirdik ki, xəstəmizin səhhəti yaxşılaşacaq, onu yenə sağlam və gümrah görəcəyik. Bu minvalla bir qədər müalicə aldı. Həkimlər peşəkar olsalar da, görünür, ağırlaşmalar ciddi olduğundan onun böyrəkləri işə düşmədi. Suda boğulan saman çöpündən yapışar, deyiblər, İrandakı həkimlərin yaxşı sorağına ümid bağlayıb sərhədi adladıq. Bir neçə gün qaldıq, yenə müayinələrdən keçdik, müalicə kursu yazdılar, dərmanları alıb Azərbaycana qayıtdıq. İran həkimlərini, İran dərmanlarını ağızdolusu tərifləyənlər çoxdu, lakin o müalicə kursunu bir qədər apardıqdan sonra yoldaşımın ayaqları şişdi, gətirdiyimiz dərmanlardan imtina etmək məcburiyyətində qaldıq. Həyat yoldaşımı yenidən az-çox güvəndiyimiz Mərkəzi Neftçilər xəstəxanasına gətirdik. Bura gələndə artıq heç nəyə ümidimiz qalmamışdı. İnam da içimizdə qırılmışdı. Reallıqlar qarşısında aciz idik, artıq həkimlərə də güvənə bilmirdik.  Bütün ailəmiz gərginlik içində idi. Hamımızın əsəbləri yay kimi gərilmişdi. Oğlum özünə yer tapa bilmir, qızım isə ağlayıb özünü öldürürdü. Əvvəllər uşaqları sakitləşdirə bilsəm də, sonralar ürək-dirək verməyə də heyim qalmadı. Deyiləsi bütün sözlər deyildiyindən iynə ucu qədər ümid verən söz belə tapa bilmirdim.

Adamın əli hər yerdən üzüləndə göydən yapışır. Neftçilər xəstəxanasına gələndə həkimlərdən çox Tanrıya ümid bəsləyirdik. Ona görə ki, bu klinikada həkimlər bizə Bəşirin sağlamlığının böhran həddinə çatdığını bildirdilər, çalışıb əlimizdən gələni edəcəyik dedilər. Vəziyyətin həqiqətən kritik olmasını biz də başa düşürdük. Onu itirə bilərdik. Həyat yoldaşımın klinikada yatdığı iki həftə ərzində mən peşəkar həkimlərin onun həyatı uğrunda necə fədakarcasına mübarizə apardıqlarının şahidi oldum. Hər dəqiqənin, hər saatın öz hökmü var idi və həkimlərdən Elnur Fərəcov, Elnarə Məmmədova Bəşiri böhran vəziyyətindən çıxaranadək bir an onun çarpayısından aralanmadılar. Yoldaşım yaxşılaşanda isə bizimlə birlikdə hamı sevinirdi. Bizim ailənin yaddaşında bu həkimlər ölümü məğlub edib xəstənin başı üstündən qova bilən qalib qəhrəmanlar kimi qaldılar! Bütün ailəmiz onların biliyi, peşəkarlığı, təcrübəsi və alicənablığı qarşısında baş əyir! 

Bir neçə dəfə Mərkəzi Neftçilər xəstəxanasının baş direktoru Leyla xanım Seyidbəylinin qəbulunda olduq. Bizi mehribanlıqla, qayğılarımıza şərik bir insan kimi qarşıladı, səmimi söhbət etdi. Sonradan öyrəndik ki, Leyla xanım ən ağır xəstələri şəxsən özü nəzarətdə saxlayır.

Mən "həkim" sözünün arxasında hansı böyük mənanın gizləndiyini dərk etdim, peşəkarların necə işlədiyini gördüm, yoldaşımı həyata qaytarmaq üçün keçirilən konsiliumların, məsləhətləşmələrin şahidi oldum. Neftçilər xəstəxanası Bəşiri bizə yenidən qaytardı. Lakin onun uzun müddət xəstə olması, başqa klinikalara, müalicələrə çıxan xərclərimiz o qədər çox olmuşdu ki, sonuncu müalicənin dəyərini tam ödəmək imkanımız xaricində idi. Yenə xəstəxananın baş direktoruna müraciət etdik, problemi danışdıq. Leyla xanım məni minnətə gələn xəstə sahibi kimi yox, qayğılı vətəndaş kimi qəbul etdi, diqqətlə dinlədi. Ödəməli olduğumuz məbləği hesabladı, bir neçə dəfə Səhiyyə Nazirliyi ilə danışdı və razılıq aldıqdan sonra imkanımız çatan çərçivədə müalicə haqqını ödəməyə şərait yaratdı.

Bir ana kimi bütün ailəmiz adından peşəkar həkimlərə fədakar xidmətlərinə görə dərin minnətdarlığımı bildirirəm.

 

Zümrüd BƏŞİROVA,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video