08 Oktyabr 2011 06:10
434
İQTİSADİYYAT
A- A+

Pensiya və sosial müavinətlərin ödənişində yeniliklər zəruridir

 

Pensiya və sosial müavinətlərin əhaliyə vaxtında və rahat çatdırılması ilə bağlı Mərkəzi Bankda Dövlət Sosial Müdafiə Fondunun (DSMF), "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) və "Kapital Bank" ASC-nin nümayəndələrinin birgə görüşü keçirilib. Görüşdə pensiya və sosial müavinətlərin əhaliyə çatdırılması üzrə göstərilən bank xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və mövcud problemlər müzakirə olunub.

Görüşü giriş sözü ilə açan Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, pensiya sistemində aparılan islahatlar və ölkə başçısının pensiya və sosial müavinətlərin artırılması istiqamətində verdiyi tapşırıqlar Mərkəzi Bankın daim diqqət mərkəzindədir. Son dövrlər pensiyaların məbləğinin artırılması bankomatlarda nağd pul vəsaitinə, xüsusən kiçiknominallı əskinaslara tələbatı artırıb. Qeyd olunub ki, hazırda ölkədə pensiya və sosial müavinətlərin paylanılması DSMF tərəfindən seçilmiş iki müvəkkil bank tərəfindən həyata keçirilir. Pensiya və sosial müavinətlərin paylanmasını bütövlükdə Bakı və Sumqayıt şəhərləri üzrə ABB, regionlar üzrə isə həm ABB, həm də "Kapital Bank" həyata keçirir. 1 sentyabr 2011-ci il tarixinə olan məlumata görə, ABB-nin 622 (Bakı üzrə 354, regionlar üzrə 268) və "Kapital Bank"ın 416 (Bakı üzrə 108, regionlar üzrə 308) bankomatı əhaliyə xidmət göstərir. Hər iki müvəkkil bankın nümayəndələri ötən dövrlərdə pensiya və sosial müavinətlərin paylanılmasında çatışmazlıqların aradan qaldırılması, həmçinin bankomatların nağd pulla daha operativ təmin edilməsi üçün Mərkəzi Bankın dəstəyi ilə ölkə üzrə ayrı-ayrı ərazilərdə xəzinə qovşaqlarının yaradıldığını bildiriblər. Eyni zamanda, bankomatlarda dayanıqlı rabitənin təmin edilməsi üçün stasionar rabitə kanalları tədricən GSM rabitə kanalları ilə əvəz edilir ki, bunun da nəticəsində yeni bankomatların quraşdırılması (xüsusən ucqar yerlərdə) imkanı yaranıb.

Müzakirələrdə pensiya və sosial müavinətlərin əhaliyə çatdırılması zamanı müasir texnologiyalardan - "SMS məlumatlandırma" xidmətindən istifadə olunması təklif olunub. Aparılan müşahidələr onu göstərir ki, bir çox hallarda bankomatlar qarşısında uzun növbələrin yaranmasına səbəb pensiyaçıların pensiya və sosial müavinətlərin verilməsi ərəfəsində bankomatlarda balanslarının yoxlanılması ilə əlaqədardır. Qeyd olunub ki, bu xidmətin tətbiqi sayəsində pensiyaçıların pensiya və sosial müavinətlərin ödəniş kartı vasitəsilə  vəsaitin köçürülməsi barədə məlumatlandırılması mümkündür.

Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirib ki, Mərkəzi Bank fəaliyyətini "dövriyyədə təmiz pul" siyasəti üzərində qurub və həm iqtisadiyyatı, həm də pensiyaçıları təmin etməyə kifayət qədər nağd pul ehtiyatına malikdir.

Görüşün yekununda pensiya və sosial müavinətlərin əhaliyə çatdırılmasında daha keyfiyyətli xidmətin göstərilməsi məqsədilə Mərkəzi Bank tərəfindən müxbir banklara pensiyaçıların hər iki müvəkkil bankın bankomat şəbəkəsindən əlavə haqq ödəmədən istifadə etməsi imkanının yaradılması üçün müvafiq qiymətləndirmələrin aparılması, həmçinin pensiya və sosial müavinətlərin paylanılmasına cəlb edilmiş bankomatların nağd pulla, o cümlədən bir manatlıq əskinaslarla təmin edilməsi üçün zəruri addımların atılması tapşırılıb. DSMF-yə tövsiyə olunub ki, pensiya və sosial müavinətlərin paylanması zamanı bankomatlar qarşısında növbələrin yaranmaması üçün pensiyaçılar arasında "SMS məlumatlandırma" xidmətinin geniş tətbiq edilməsi və eyni zamanda, pensiyaların paylanmasının rayon və şəhərlər üzrə sürüşkən qrafiklə verilməsi imkanı yaradılsın. Eyni zamanda bildirilib ki, pensiyaçılara göstərilən bank xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə azad rəqabət mühitinin yaradılması məqsədilə pensiya, təqaüd və digər sosial ödənişlərin paylanması prosesinə cəlb olunmuş müvəkkil təşkilatların sayı artırılmalı, pensiyaçılara bu təşkilatlar arasında sərbəst seçim etmək imkanı verilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video