12:17 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Payız xəstəliklərindən necə qorunmalı?
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:09 29.09.2012

 

İqlim dəyişiklikləri orqanizmin immun qabiliyyətinin zəifləməsinə, müəyyən xəstəliklərin baş qaldırmasına səbəb olur. Soyuqlama, hərarətin artması, qrip, öskürək, halsızlıq, depressiya halları artır. Ürək-damar və mədə-bağırsaq sisteminin fəaliyyətində gərginliklər yaşanılır. Soyuqlar düşəndə bütün maddələr sıxıldığı kimi, insan bədənində də qan damarları daralır, xroniki xəstəliklər baş qaldırır. Ona görə də ilin bu fəslində bədən üçün profilaktik tədbirlərin aparılması vacibdir.

Nə etməli? Müasir səhiyyə adətən konkret xəstəliklərin üstündə dayansa da, bu mövzuya bir qədər fərqli - ailə prizmasından yanaşmaq daha düzgün olardı. Payız bütün ailənin həyatında vacib bir sınaq dövrüdür və ailənin hər bir üzvü xəstələnməmək üçün qidasında, istirahətində, həyat tərzində müəyyən dəyişikliklər etməli, sağlam və gümrah yaşamaq üçün ciddi çalışmalıdır. Şərq mentalitetinə görə, bu yük böyüklərin üstünə düşür. Ata və ya ana bazarlıq edəndə qida rasionunun müxtəlifliyinə və çeşidin genişliyinə fikir verməlidir. Qida həm təhlükəsiz, həm də vitamin və minerallarla zəngin olmalıdır. Zülallı ərzaqlar (ət, balıq, yumurta), kərə və bitki yağları, süd məhsulları, tərəvəz və meyvələrin geniş çeşidi üzü payıza zəifləyən insan orqanizmi üçün bütün vitaminlərlə zəngindir. 

Gecələr tədricən uzandığından işıqlı saatların sayı azalır. İnsan üçün isə payızda işıqla "qidalanmaq" zəruridir. Buna görə imkan olduqca təmiz havada çox olmaq zəruridir. Ən azı bir saatlıq gəzinti, çimərkən bir neçə dəfə ardıcıl isti-soyuq su ilə yaxalanmaq orqanizmin möhkəmlənməsində ciddi rol oynayır.

Payızda hormonların bədəndə istehsalı zəifləyir. Daim yatmaq istəyi, aclıq və gücdən düşmə qalxanabənzər vəzinin xəstələnməsi deməkdir. Buna görə feyxoa, dəniz kələmi, balıq piyi, dəniz yosunları, yodlaşdırılmış duzdan istifadə  etmək məsləhətdir. Mədə xorası və qastrit kimi xroniki xəstəliklər oyandıqda isə pəhrizi gözləmək, mineral su içmək lazımdır. 20 gün hər səhər acqarına yarım stəkan kartof şirəsi və ya 10 damcı hidrogen turşusunun (perekis-vodorod) bir stəkan qaynadılmış su ilə qarışdırılıb yeməkdən bir saat əvvəl və yeməkdən 3 saat sonra 10 gün içilməsi qastrit kimi xəstəliklərin kəskinləşməsinin qarşısını alır.

Havanın və atmosfer təzyiqinin kəskin dəyişməsi ürək-damar sisteminin fəaliyyətində problemlər yaradır. Artan stenokardiya tutmaları, təzyiqin oynaması, işemik xəstəliklərin kəskinləşməsi və ürək xəstələrində oksigen çatışmazlığı vaxtında tədbir görülməsə, daha ağır nəticələrə səbəb ola bilər. Ən yaxşı müalicə, yuxarıda qeyd etdiyimiz kimi, hər gün açıq havada yorulmamaq şərti ilə səhhətiniz imkan verən həddədək - bir saata yaxın gəzməkdir. Həmçinin bərabər miqdarda ceviz, qara üzüm, limon və balı qarışdırıb yeməkdən əvvəl qəbul etmək, yemişanı dəmləyib içmək məsləhətdir.

Soyuq külək, yağışlar, ayaqqabıların su buraxması prostatit, sistit, uretrit kimi mövsümi xəstəlikləri də oyadır. Ona görə də ilin bu fəslində hisə verilən kolbasalardan, duzlu və istiotlu  qidalardan imtina edin. Ümumiyyətlə, ailənin qida rasionunda meyvələrin geniş çeşidinə üstünlük verilməlidir. Müxtəlif meyvələrdən evdə hazırlanan təzə şirələr, mineral sular, tərəvəz salatları, süd məhsulları ailənin menyusunda çoxluq təşkil etməlidir.  

Əksər xəstəliklər orqanizmdə müəyyən maddələrin, vitaminlərin çatışmazlığından yaranır. Ailə payız xəstəliklərinə kompleks yanaşmalıdır. Vitamin dedikdə isə aptekdə satılan vitaminlər yox, təbiətdə, müxtəlif meyvə və tərəvəzlərin, ərzaq məhsullarının tərkibində insan sağlamlığı üçün zəruri olan kimyəvi elementlər nəzərdə tutulmalıdır. Əgər ailənin qida rasionu düzgün tərtib olunarsa, hamının immun qabiliyyəti güclü olacaq və heç kim xəstələnməyəcək. Bunun üçün həkimlə məsləhətləşməyiniz də xeyrinizədir.

Vitaminlər bədənin immun qabiliyyətini gücləndirir, mövsümi xəstəliklərin qarşısını ala bilir. Bütün meyvə və tərəvəzləri kifayət qədər çox qəbul etməyə çalışın. Çobanyastığı vitamin anbarı sayılır. Onu aptekdən ala bilərsiniz. Dəmləyin və gündə iki dəfə için. Çobanyastığı çiçəyi vitamin ehtiyatları ilə zəngindir. İmmun qabiliyyətini gücləndirən vasitələrdən biri də zəli ilə müalicədir.

Natural qidalarla müalicənin tərəfdarları belə hesab edirlər ki, cücərdilmiş buğdanın və müxtəlif bitki toxumlarının qida kimi qəbul edilməsi orqanizmin ümumi gümrahlığına səbəb olur, tonusu qaldırır, ürək-damar, əsəb, nəfəs və mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirir. Belə cücərtilərdən tərtib olunmuş diyet artıq çəkidən xilas olmağa, orqanizmi gəncləşdirməyə, dişləri və damaqları möhkəmləndirməyə kömək edir. Mütəxəssislər belə izah edirlər ki, toxumlar cücərməyə başladıqda onlarda güclü həyat enerjisi baş qaldırır. Bioloji aktiv maddə, vitamin, mikroelementlərlə zənginləşən cücərtilər ən bahalı ərzaq növlərini əvəz edə bilir.

Cəmi bir neçə gün cücərdildikdən sonra toxumların vitamin tərkibi dəyişir, infarktla mübarizədə aparıcı qüvvə kimi vacib olan vitaminlərlə zənginləşir. Onların tərkibində qırmızı qan kürəcikləri üçün vacib olan dəmir S vitamini ilə birlikdə xəstəni qanazlığından xilas edir. Cücərtilərdəki kalium orqanizmin turşu-qələvi balansını qoruyur, əzələlərin əpriməsinin qarşısını alır, onlara elastiklik verir, ürək əzələsini gücləndirməklə infarktdan əvvəlki və sonrakı xəstələrin səhhətinə müsbət təsir edir.

Cücərtilərin tərkibindəki xrom və litium diabetin profilaktikası, əsəb yorğunluğu və depressiyalarda vacibdir. Bəzi tədqiqatçılar belə qənaətə gəlirlər ki, gündə cəmi bir xörək qaşığı cücərdilmiş buğda yemək bədxassəli şişlərin və infarktın başvermə ehtimalını ciddi surətdə azalda bilir.

Xəstəliklərə yoluxmamaq üçün əllərinizi tez-tez və çöldən evə qayıdanda mütləq yuyun, ətin suyunda hazırlanmış bulyonla nahar edin, səhər yeməyində isə çalışın bütün ailə kəsmik yesin.

Payızda insan stressə və depressiyaya düşür. Ailə mühitini, ailə nikbinliyini yüksək ruhda saxlamağa, səmimiyyəti və mehribanlığı artırmağa can atmaq lazımdır. Ailədə bayram əhval-ruhiyyəsi yaratmaq üçün çiçək terapiyası faydalıdır. Müxtəlif bitki və güllərin görüntüsünün, ətrinin əhval-ruhiyyəyə təsiri tibbdə yenilik deyil. Çalışın mənzilin interyerinə payızın təmtərağını büruzə verən çalarları əlavə edəsiniz. Rənglərdən narıncı, açıq yaşıl və payızın qızılı çalarlarına üstünlük verin. Narıncı rəng stressi aradan qaldırır, açıq yaşıl isə orqanizmin müqavimətini gücləndirir.

Payız xəstəliklərinə qalib gəlmək üçün ruhun tənzimlənməsi, nikbinlik vacibdir. İnsan özünü müsbət emosiyalara kökləyəndə (buna autotreninq, özünühipnoz da deyilir) xəstəliklər bir qədər geri çəkilir. Qorxu və narahatlıq hissi keçirməyin ki, xəstələnəcəksiniz. Nikbin olun, gülümsəyin, ailədə ünsiyyətdən və bir-birinizə mehriban münasibətdən zövq alın. Ailənin hər bir üzvünün sağlamlığı ailədəki mühitdən çox asılıdır.

 

Hazırladı:

Bahadur İMANQULİYEV,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM