18 Sentyabr 2021 00:24
769
PARLAMENT
A- A+

Parlamentdə məişət və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi təklif edilib 

 

Sentyabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında ilk iclasını keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilən iclasda gündəlik barədə komitənin sədri Hicran Hüseynova məlumat verib.

H.Hüseynova əvvəlcə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyası ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin hesabat dövründə keçirilən 13 iclasında 21 məsələyə baxılıb. Həmçinin  komitədə  “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” və “Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzularında üç dinləmə keçirilib.

Bundan başqa, sessiya ərzində komitə sədri və üzvləri təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə onlayn qaydada görüşlər keçiriblər,  müzakirələr aparıblar, regionda baş verən hadisələr barədə reallıqları, ölkəmizin haqlı mövqeyini  dünya ictimaiyyətinə çatdırıblar.

Hesabat dövründə komitəyə vətəndaşlardan 351 müraciət daxil olub. Həmin müraciətlərdə vətəndaşların qaldırdığı məsələlərlə bağlı 153 məktub hazırlanaraq aidiyyəti qurumlara göndərilib və digər müvafiq tədbirlər görülüb.

İclasda, həmçinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin payız sessiyasının işlər planı müzakirə edilib. H.Hüseynova qarşıdakı sessiyanın iş planının deputatların təklifləri üçün açıq olduğunu bildirib. 

Müzakirəyə çıxarılan digər məsələ - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib. Qeyd edilib ki, artıq qanunvericilik aktlarında təqaüdlə müavinətlər birləşdirildiyi və təqaüd artırıldığına görə, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatına alındığı üçün qanunlara bu dəyişikliklər təklif edilib.

Müzakirə olunan məsələlərlə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Tamam Cəfərova, Pərvin Kərimzadə, Ramin Məmmədov, Sevil Mikayılova, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Könül Nurullayeva və Nigar Arpadarai çıxış ediblər.

Deputatlar komitənin ötən sessiyadakı işi və payız sessiyasının iş planı barədə fikirlərini bildiriblər. Diqqətə çatdırılıb ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda çıxış ediblər.

Komitə üzvləri payız sessiyasının işlər planına ailə məsələləri, qadın və uşaq hüquqları ilə bağlı dinləmələrin salınması, həmçinin ailə dəyərlərinin qorunmasının, qadınların məşğulluğunun təmin olunması, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi, bu sahədə cəzaların sərtləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər. 

Sonda müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

İclasda deputat Rauf Əliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video