16 Fevral 2013 02:02
437
PARLAMENT
A- A+

Parlamentdə bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabat dinlənildi

 

Fevralın 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər. Xüsusilə Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda etdiyi çıxışa diqqəti çəkən deputatlar ölkə başçısının məmurların fəaliyyəti ilə bağlı tənqidi fikirlərini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, məmurlar öz səlahiyyətlərini məsuliyyətlə yerinə yetirməli, vətəndaşlara layiqli xidmət göstərməlidirlər.

İclasda ilk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov diqqətə çatdırdı. Bildirdi ki, özünüidarəetmə ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş bir sıra dövlət proqramlarında nəzərdə tutulmuş, Milli Məclis tərəfindən yerli özünüidarəetməni tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilmişdir.

Yerli özünüidarəetmə ilə bağlı həyata keçirilən bu və digər tədbirlər, ildən-ilə dövlət tərəfindən ayrılan maliyyə vəsaitlərinin Milli Məclisin təşəbbüsü ilə artırılması bələdiyyələrin işini daha da yaxşılaşdırmış, onların yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırmışdır. Bir çox bələdiyyələr qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək ərazilərində abadlaşdırma və quruculuq işlərində fəal iştirak etmişlər.

Görülmüş tədbirlər nəticəsində bələdiyyə idarəçiliyinin səmərəliyi xeyli artmışdır. Bu, özünü bələdiyyələrdən daxil olan şikayətlərin azalmasında, bələdiyyə aktlarının sayının artmasında daha qabarıq göstərir. Belə ki, 2012-ci ildə nazirliyə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1587 müraciət (ötən illə müqayisədə 31 faiz az) daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" fərmanına uyğun olaraq, 8 müraciət araşdırılması üçün dərhal Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Eləcə də 2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52370 bələdiyyə aktı (ötən illə müqayisədə 64 faiz çox) daxil olmuşdur. Ekspertiza üçün təqdim olunmuş hər bir bələdiyyə aktına baxılaraq onların normativ hüquqi aktlara uyğunluğu öyrənilmişdir. Onlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilərək dəyişdirilməsi və ya ləğv edilməsi haqqında bələdiyyələrə təklif göndərilmişdir. Həmin təkliflərin çoxu bələdiyyələr tərəfindən təmin edilmişdir. Bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 5 iddia qaldırılmış, onlardan 4-ü təmin edilmiş, 1-i isə baxılmaqdadır.

Vilayət Zahirovun sözlərinə görə, bələdiyyələrə göndərilmiş təklif və tövsiyələrin vaxtında icra olunması və nəzərə alınması bələdiyyələrin işinə müsbət təsir göstərmiş, nəticə etibarilə məhkəmələrdə qaldırılan iddiaların sayı azalmış, 2012-ci ildə əvvəlki ilə nisbətən bələdiyyə mülkiyyətinə qaytarılan əmlakın miqdarı 2 dəfə artıq olmuşdur. Belə ki, il ərzində 8937,76 hektar torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınmışdır.

Bir sıra bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi də narahatlıq yaradır. Belə ki, mövcud 1718 bələdiyyədən yalnız 1128-nə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd verilmiş, yerquruluşu işləri isə indiyədək yalnız 1454 bələdiyyənin torpaqlarında aparılmışdır. Bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət edilmişdir.

Vilayət Zahirov onu da bildirdi ki, daşınmaz əmlakın inventar dəyərinin müəyyən edilməsi inzibati xərclərin artmasına səbəb olduğundan bələdiyyələr fiziki şəxslərin əmlak vergisinin yığılmasında çətinliklərlə üzləşirlər. Buna görə də fiziki şəxslərin əmlak vergisinin hesablanması ilə bağlı qanunvericilikdə sadələşdirilmiş prosedur qaydalarının müəyyən edilməsi məqsədəuyğun olardı.

Müzakirələr zamanı deputatlar bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Deputat Əli Məsimli 2020-ci ilə qədər olan dövrdə bələdiyyələrin inkişaf istiqamətləri ilə bağlı dövlət proqramının hazırlanmasını məqsədəuyğun saydı. Onun sözlərinə görə, bir sıra dövlət sifarişləri də bələdiyyələrə verilməlidir. Ə.Məsimlinin təkliflərindən biri də böyük şəhərlərdə bələdiyyənin yaradılması ilə bağlı oldu.

Deputat Tahir Rzayev bütün problemlərin bələdiyyələrin üzərinə qoyulması ilə razılaşmadığını vurğuladı. Onun sözlərinə görə, bələdiyyələrə verilən səlahiyyətləri də inkar etmək olmaz və yaxşı fəaliyyət göstərən bələdiyyələrin işi təbliğ olunmalıdır. 

Deputat Siyavuş Novruzov bildirdi ki, Azərbaycan qanunvericiliyi ilə bələdiyyələrə kifayət qədər səlahiyyətlər verilib və bəzən ölkəmizin bu məsələdə Türkiyə və digər ölkələrlə müqayisə olunması düzgün  deyil. Çünki Azərbaycan prezident üsul-idarəsinin olduğu ölkədir. Yerlərdə Prezidentin səlahiyyətli nümayəndəsi də var. S.Novruzov bələdiyyələrin çoxlu sayda üzvünə ehtiyacın olmadığını da diqqətə çatdırdı. Qeyd etdi ki, kənddə 1, rayonlarda isə 3 nəfər bələdiyyə üzvü kifayətdir.

Deputat Cavanşir Feyziyev dedi ki, bir sıra bələdiyyələrin torpaq üzərində mülkiyyət sənədinin olmaması və yer quruluşu işlərinin aparılmaması onların torpaq üzərində düzgün sərəncam verə bilməsində və sənədləşmə işi aparmasında çətinlik yaradır. C.Feyziyevin sözlərinə görə, bələdiyyələrin mövcud olduğu dövrdəki fəaliyyətinə əsaslanmaqla onların statusu və səlahiyyətlərində dəqiqləşdirmələr aparılmasına ehtiyac var. Belə ki, bələdiyyələrlə yerli icra orqanları arasında səlahiyyət və vəzifələrin dəqiq çərçivəsinin müəyyənləşdirilməsi onların fəaliyyətinə daha çox aydınlıq gətirə bilər.

Deputat Zahid Oruc isə bələdiyyə sədrinin yerli əhali tərəfindən seçilməsini təklif etdi. Deputatlardan Fazil Mustafa, Elmira Axundova, Astan Şahverdiyev, Azər Badamov, Fərəc Quliyev, Aqil Abbas da müzakirəyə çıxarılan məsələ ilə bağlı fikirlərini bildirdilər.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov səslənən fikirlərə münasibət bildirdikdən sonra məruzə qəbul olundu.

Milli Məclisin günün ikinci yarısında keçirilən iclasında bir sıra mühüm qanun layihələri müzakirə edildi. Öncə İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Komitə sədri bildirdi ki, Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əlaqələr qurur və bu əlaqələr yüksək səviyyədə davam etdirilir. Gündəliyə daxil olan bu layihənin təsdiq olunması çox vacibdir. Deputatlar sənədə müsbət rəy bildirdilər.

Sonra "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik barədə layihə müzakirəyə çıxarıldı. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bununla bağlı məlumat verdi. Onun sözlərinə görə, dəyişiklik dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri ilə bağlıdır. Əlavədə bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatın verilməsi üçün 50 manat rüsum ödəniləcək. Sənəd səsə qoyularaq qəbul edildi. İclasda həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə redaktə xarakterli əlavə olundu.

İclasda "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinin birgə müzakirəsi aparıldı. Bütün dəyişikliklərlə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verdi. Deputat diqqətə çatdırdı ki, hər 4 qanun layihəsində məzmunca eyni dəyişikliklər nəzərdə tutulub. "Qrant haqqında" edilən dəyişikliyə görə, "Dini etiqad azadlığı haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlarda nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna ianələr və qrantlarla bağlı yeni maddə əlavə olunur. Həmin maddədə qeyd edilir ki, ianə - qeyri-hökumət təşkilatının qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona bu qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımdır. Qeyri-hökumət təşkilatı qəbul etdiyi və ya vəd edilən ianə əvəzində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Qeyri-hökumət təşkilatına ianə verən şəxs verdiyi və verəcəyi ianə əvəzində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yola maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən, başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər.

"Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliyə gəlincə, deputat bildirdi ki, buna əsasən, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə əvəzində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. Sənəddə o da qeyd edilir ki, "ianə" dedikdə dini qurumun qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardım başa düşülür.

Bu dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilir. Çingiz Qənizadənin sözlərinə görə, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə ediləcək. Bu cərimə "Dini etiqad azadlığı haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlarda nəzərdə tutulan ianələrə və dövlət hakimiyyəti orqanlarının yardımlarına şamil edilmir. İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimələnəcək. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinə nağd şəkildə verilməsinə görə fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə ediləcək. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək miqdarda cərimələnəcək. Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatlarına nağd şəkildə verilən və həmin təşkilatlar tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.

Qanun layihələri barədə ətraflı məlumat verən Çingiz Qənizadə onu da dedi ki, qanun layihələrində ilk dəfə ianə məfhumu açıqlanacaq. Bu qanun layihələri hazırlanarkən bir sıra ölkələrin, o cümlədən İngiltərə, ABŞ və Rusiyanın təcrübəsi öyrənilib.  Çingiz Qənizadə nəzərə çatdırıb ki, Mərkəzi Bank dekabr ayında maliyyə-monitorinq xidmətinin daxili qaydalarında dəyişiklik edərək belə vəsaitlərə nəzarət etməyə başlayıb.

Müzakirələr zamanı çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa bildirdilər ki, bu dəyişikliklər qeydiyyatdan keçə bilməyən QHT-lər üçün problem yaradacaq. Ona görə də qeydiyyat məsələsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilməlidir. Çıxış edən digər deputatlar Fərəc Quliyev, Azay Quliyev, Leyla Abdullayeva, Sədaqət Vəliyeva, Əli Hüseynli, Tahir Rzayev dəyişiklikləri müsbət qiymətləndirərək qeyd etdilər ki, bu, QHT-lərin daha şəffaf fəaliyyət göstərməsinə istiqamətlənib. Müzakirələrdən sonra 3 qanun layihəsi və bir məcəlləyə dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.  

Sonra gündəlikdəki sonuncu məsələ - "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. Sənədlə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. 3 fəsil 16 maddədən ibarət olan qanun layihəsi uşaqların sağlamlığının qorunmasını, onların  düzgün dispanserizasiyasını nəzərdə tutur. Komitə sədrinin sözlərinə görə, ölkə əhalisinin gələcək sağlamlığının qorunması üçün bu qanun layihəsinin qəbul olunması olduqca vacibdir.

Müzakirələr zamanı çıxış edən deputatlar- Fazil Mustafa, Elmira Axundova, Leyla Abdullayeva, Əhliman Əmiraslanov, Sevinc Fətəliyeva, Məlahət İbrahimqızı, Gövhər Baxşəliyeva, Hikmət Atayev bu qanun layihəsini olduqca vacib bir sənəd hesab etdilər. Eyni zamanda bildirildi ki, sənəddə uşaqların icbari dispanserizasiyasının dövlət tərəfindən ödənişsiz həyata keçirildiyi barədə məlumat qeyd edilməlidir. Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə bildirdi ki, Azərbaycanda bu gün də uşaqların dispanserizasiyası aparılır, lakin indi söhbət icbari dispanserizasiyadan gedir: "Ancaq qanun layihəsində yazılıb ki, uşaqların dispanserizasiyası üçün valideynlərin razılığı olmalıdır. Bu məqam oradan çıxarılmalıdır".

Spiker Oqtay Əsədov isə diqqətə çatdırdı ki, səhiyyə sahəsində qanunlar pillə-pillə qəbul edilir və icbari tibbi sığorta ilə bağlı qanunvericilik də bu sıradadır.

Qanun layihəsi səsə qoyularaq ilk oxunuşda qəbul edildi və bununla da Milli Məclisin iclası başa çatdı.

 

Rəşad CƏFƏRLİ,

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video