07 Iyun 2013 04:06
407
PARLAMENT
A- A+

Parlament nümayəndə heyəti Belçika Krallığında səfərdədir

 

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Belçika Krallığının paytaxtı Brüsseldə rəsmi səfərdədir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Rövşən Rzayev, Fuad Muradov, Sahibə Qafarova, Asim Mollazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Brüsselə rəsmi səfər Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşarla görüşlə başladı. Görüşdə əsas mövzu parlamentlərarası əlaqələrin müzakirəsi oldu. Filip Blanşar parlamentlərarası münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Dostluq qrupunun rəhbəri ölkəmizə səfəri zamanı Azərbaycanın yüksək iqtisadi inkişafından heyrətləndiyini söylədi. O qeyd etdi ki, Azərbaycanda mövcud olan dini tolerantlıq bu gün Avropa dövlətləri üçün də nümunə ola bilər. Komitə sədrinin fikrincə, Azərbaycan həqiqətləri, ölkəmizin nail olduğu yüksək inkişaf dinamikası barədə Avropada hələ də obyektiv təsəvvür yoxdur. Bu məqsədlə Filip Blanşar ölkə parlamentində dinləmələr təşkil etdiyini diqqətə çatdırdı.

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan-Belçika əlaqələrinin sürətlə inkişaf etdiyini vurğuladı. Qeyd edildi ki, digər sahələrdə olduğu kimi, parlamentlər səviyyəsində də münasibətlərimiz  uğurla davam etdirilir. Spiker dedi ki, Azərbaycan regionda iqtisadi və siyasi cəhətdən lider dövlətdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Milli Məclisin Sədri problemin həllinə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin icra olunmamasını vurğulayaraq söylədi ki, bu münaqişə regionda həyata keçirilən iqtisadi layihələr üçün arzuolunmazdır. Ancaq bütün maneələrə baxmayaraq, Azərbaycanın inkişafı göz önündədir. Qürurverici faktdır ki, bu gün ölkəmiz beynəlxalq səviyyəli forumlara ev sahibliyi edir.

Daha sonra Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Parlamenti Nümayəndələr Palatasının Sədri Andre Flao ilə görüşdü. Görüşdə Milli Məclisin Sədri qeyd etdi ki, bu gün Azərbaycan müstəqil siyasət aparır və ölkəmiz üçün Avropaya inteqrasiya prioritet sahələrdəndir. Azərbaycan-Belçika əlaqələrinin genişlənməsindən söz açan spiker dövlətlərimiz arasında imzalanmış sənədlərin ratifikasiya olunmasının vacibliyini vurğuladı. Söhbətdə Azərbaycanın nəhəng enerji layihələrinin reallaşdırılmasında və Avropanın enerji təminatındakı mühüm rolundan danışıldı.

Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açan Oqtay Əsədov məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun bu illər ərzində real nəticə əldə etmədiyini diqqətə çatdırdı. Bildirildi ki, ölkəmiz  münaqişənin sülh yolu ilə həllinə inamını hələ itirməyib və bu yöndə səylərini davam etdirir. Lakin buna baxmayaraq, BMT TŞ, AŞ PA, ATƏT PA tərəfindən qəbul edilən sənədlər hələ də icra olunmayıb. Münaqişənin həllinə dair qəbul edilən sənədlərin reallaşması üçün səylər artırılmalıdır.

Görüşdə Belçika Krallığının regionlarının nazirləri də iştirak edirdilər.

Səfər çərçivəsində Belçika Senatının Sədri xanım Sabina de Betkinlə keçirilən görüşdə Azərbaycan parlamentinin sədri Oqtay Əsədov qarşılıqlı əlaqələrin inkişafından, parlamentlərarası əməkdaşlığın genişləndirilməsindən söz açdı. Bildirildi ki, Avropaya inteqrasiya yolu tutmuş Azərbaycan bu istiqamətdə  mühüm addımlar atmışdır.

Səfər zamanı Milli Məclisin Sədri Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brokla görüşdü. Komitə sədri bu yaxınlarda Azərbaycana etdiyi səfəri məmnunluqla xatırladı.

Milli Məclisin Sədri Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul etdiyi bir sıra qərarları xatırlayaraq qeyd etdi ki, ətraflı araşdırmalar aparılmadan qəbul edilən bu sənədlər ölkə ictimaiyyətinin haqlı narazılığına  səbəb olur. Bu kimi məsələlərin ilkin olaraq Avronest PA-da müzakirəsi və yalnız bundan sonra hər hansı bir qərarın verilməsi, zənnimizcə, daha ədalətli olardı.

Avropa Parlamentinin komitə sədri  bildirdi ki, Azərbaycandan fərqli olaraq digər dövlətlərlə bağlı qurumda daha sərt qərarlar qəbul olunur. Görüşdə qeyd olundu ki, Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlıq uğurla inkişaf edir və müsbət nəticələr əldə olunub. Hər iki tərəf əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Bu baxımdan "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində həyata keçirilən tədbirlər olduqca önəmlidir.

Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri - millət vəkilləri Çingiz Əsədullayev, Sahibə Qafarova, Rövşən Rzayev və Fuad Muradov  Belçika Krallığının Flaman və Volonya regionlarının parlament rəhbərləri ilə də görüşlər keçirdilər.

Deputatlarımız Azərbaycana böyük maraq göstərən belçikalı həmkarlarına ölkəmizdə gedən sürətli iqtisadi inkişaf, eləcə də siyasi proseslər barədə ətraflı məlumat verdilər. Bildirdilər ki, bu gün Azərbaycan tolerantlıq nümunəsi kimi dünyaya örnək  ola bilər. Ölkədə gender siyasəti uğurla həyata keçirilir.

Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan deputatlar Ermənistanın münaqişənin həllinə dair tutduğu qeyri-konstruktiv mövqeyini qarşı tərəfin diqqətinə çatdırdılar.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video