01 Iyun 2013 05:06
458
PARLAMENT
A- A+

Parlament 2013-cü il yaz sessiyasını başa vurdu

 

Mayın 31-də Milli Məclisin 2013-cü il yaz sessiyasının sonuncu plenar iclası keçirildi. İlk olaraq "F.S.Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında" məsələ müzakirəyə təqdim edildi. Milli Məclisin Sədri Oqtay Əsədovin bu barədə məlumatından sonra məsələ səsə qoyuldu və təsdiq edildi. Çıxış edən Fərhad Abdullayev ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Eyni zamanda, onu dəstəklədiklərinə görə deputatlara minnətdarlıq edən Fərhad Abdullayev dedi ki, yaxın günlərdə Konstitusiya Məhkəməsinin yaranmasının 15 ili tamam olacaq: "Bu dövr ərzində  Konstitusiya Məhkəməsi ölkə qanunvericiliyinin və hüququn inkişafına, eləcə də hüquq mədəniyyətinin yüksəldilməsinə öz töhfələrini verib. Bundan sonra da öz fəaliyyətimizdə Azərbaycan Konstitusiyasının dəyərlərinin qorunmasını rəhbər tutacağıq". Fərhad Abdullayev daha sonra öz fəaliyyətində qanunların aliliyini qoruyacağına, məhkəməyə daxil olan məsələlərə qərəzsiz və ədalətli baxılacağına and içdi.

Sonra "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirəyə çıxarıldı. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi İqtisadi siyasət komitəsinin iclasında ətraflı müzakirə edilmiş, çox dəyərli fikirlər səsləndirilmişdir. Ziyad Səmədzadə bildirdi ki, 2012-ci il Azərbaycan dövləti və xalqı üçün yaddaqalan dövr olmuşdur. Dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, 2012-ci ildə Azərbaycan yüksək inkişaf nümayiş etdirmiş, iqtisadi göstəricilərini xeyli yaxşılaşdırmış, ölkənin maliyyə imkanları daha da güclənmişdir. Bütün bunlar maliyyə sabitliyinin təmin edilməsinə, büdcə gəlirlərinin vaxtında səfərbər olunmasına və onların təyinatı üzrə xərclənməsinə imkan vermişdir.  2012-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri, məqsəd və vəzifələri uğurla icra olunmuşdur. Azərbaycan hökuməti dövlət büdcəsinin icrasını müvəffəqiyyətlə yerinə yetirmişdir.

Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov 2012-ci il dövlət və icmal büdcələrinin əsas göstəriciləri barədə məlumat verdi. Hesabata əsasən, 2012-ci ildə dövlət büdcəsinin gəlirləri 17 milyard 38 milyon manat proqnoza qarşı 17 milyard 281,5 milyon manat icra olunmuşdur. Bu da proqnozun 101,4 faiz yerinə yetirilməsi deməkdir. Ümumi daxili məhsulda (ÜDM) dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 32 faiz təşkil etmişdir ki, bu da 2011-ci illə müqayisədə 1,9 faiz çoxdur.

2012-ci il dövlət büdcəsinin xərcləri 17 milyard 672 milyon manat proqnoza qarşı 17 milyard 416,5 milyon manat və ya 98,6 faiz icra edilmişdir. Bu, 2011-ci illə müqayisədə 2 milyard 19 milyon manat çoxdur. ÜDM-də dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 32,3 faiz təşkil etmişdir. Strukturuna görə 2012-ci il dövlət büdcəsi xərclərinin 9 milyard 278,2 milyon manatı və ya 53,3 faizi cari xərclərə yönəlmişdir ki, bu da 2011-ci illə müqayisədə 2 milyard 162,8 milyon manat və ya 30,4 faiz çoxdur.

Əsaslı xərclərə dövlət büdcəsi xərclərinin 7 milyard 925,9 milyon manatı və yaxud 45,5 faizi yönəldilmişdir. Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə 212,4 milyon manat vəsait yönəldilmişdir.

Hesabat ilində iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 27,2 faizi və ya 4 milyard 740,1 milyon manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu, 2011-ci illə müqayisədə 400 milyon manat və ya 9,2 faiz çoxdur.

2012-ci ildə cari və əsaslı xərclər də nəzərə alınmaqla dövlət büdcəsindən müdafiə xərclərinə 2 milyard 898,5 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2011-ci illə müqayisədə 235,1 milyon manat və 8,8 faiz çoxdur.

2012-ci ilin dövlət büdcəsində 134,9 milyon manat məbləğində büdcə kəsiri olmuşdur. Dövlət büdcəsinin kəsiri ÜDM-in 0,3 faizi həcmində olmuşdur ki, bu da proqnozla nəzərdə tutulduğundan 1,1 faiz azdır.

Hesabata əsasən, 2012-ci il icmal büdcənin gəlirləri 21 milyard 846,6 milyon manat proqnoza qarşı 22 milyard 338,4 milyon manat və ya 102,3 faiz icra olunmuşdur. Hesabat dövründə icmal büdcənin xərcləri 20 milyard 908,8 milyon manat proqnoza qarşı 20 milyard 72,7 milyon manat icra olunmuşdur. Bu, 2011-ci illə müqayisədə 14,4 faiz çoxdur.

İclasda Hesablama Palatasının "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla bağlı rəyi də dinlənildi. Hesablama Palatasının sədri Heydər Əsədov dövlət büdcəsinin icrası ilə bağlı rəyi diqqətə çatdırdıqdan sonra "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq təsdiq edildi.

Daha sonra "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" müqavilənin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında" Müqavilənin təsdiq edilməsi barədə və   "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında" Müqavilənin təsdiq edilməsi barədə qanun layihələri təsdiq olundu.

Deputatlar "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və  "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihələrinə müsbət münasibət bildirdilər. Qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvləri ilə bağlı məsələləri özündə ehtiva edir.

İclasda "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və  "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihələri müzakirəyə təqdim edildi. Bildirildi ki, bu qanunlara təklif olunan dəyişikliklər daşınmaz əmlakların ünvan reyestri ilə bağlı, o cümlədən avtomobil yolları barədə məlumatların ünvan reyestrinə daxil edilməsinə dair məsələləri əhatə edir. Qısa müzakirələrdən sonra qanun layihələri təsdiq olundu.

Sonra iclasda "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında",  "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri qısa müzakirələrdən sonra təsdiq olundu.

İclasda "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" başqa bir qanun layihəsi də müzakirə edildi və təsdiq olundu. Bu dəyişikliklərə əsasən, ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə inzibati cəzalar həm sərtləşdirilir, həm də yeni cəzalar müəyyənləşdirilir. Dəyişikliklərə əsasən, it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə,  ev heyvanlarının satılması, bağışlanması və nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına, baytarlıq xidməti ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsinə, it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına, ev heyvanlarının baytarlıq uçotuna alınmadan saxlanılmasına və digər bu kimi hallara görə 200 manat miqdarında cərimə nəzərdə tutulur.

Bu xətaların il ərzində təkrar törədilməsinə görə 300 manat, bu xətalar nəticəsində zərərçəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsinə və maddi zərər vurulmasına görə 1000 manat miqdarında cərimə nəzərdə tutulur.

İclasda "Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi də qısa müzakirədən sonra təsdiq olundu.

Milli Məclisin iclasında son olaraq "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliyə əsasən, Məcəlləyə 38-7-ci maddənin əlavə edilməsi təklif olunurdu. Bu maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir. Qanun layihəsi təsdiq olundu.

Milli Məclisin Sədri Oqtay Əsədov Milli Məclisin 2013-cü il yaz sessiyasını bağlı elan etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

 

Rəşad CƏFƏRLİ,

Foto F.BAĞIROVUNDUR,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video