16 Aprel 2020 02:10
1860
Səhiyyə
A- A+

Pandemiya ilə mübarizə həkimlərin peşə, ölkə əhalisinin isə vətəndaşlıq borcudur


Koronavirusa qarşı xüsusi müalicə vasitəsi və ya vaksinin (peyvəndin) hələ ki, olmaması heç də faciə hesab olunmamalıdır. Mütəxəssislərin fikrincə, bu virusa yoluxmuş əksər insanlar özləri sağalır. Bir şərtlə ki, onlar vaxt itirmədən həkimə müraciət etməlidirlər. Bununla yanaşı, koronavirus yoluxmasının qarşısını almağa kömək etmək üçün ümumi soyuqdan qorunmalı, qabaqlayıcı tədbirlərə riayət olunmalıdır.

Bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar sadəcə daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın sanitar, dezinfeksiya qaydalarına riayət etməsi olduqca vacibdir.


Bolluca istirahət, çoxlu maye qəbul etməli


Bakı Dəmiryol Xəstəxanasının Ümumi cərrahiyyə şöbəsinin müdiri Ramil Nadirovla söhbətimiz də günün ən aktual mövzusu və dünyanın bir nömrəli problemi olan koronavirusla bağlıdır. Həkim virusun insan orqanizminə hansı şəraitdə daxil olması, orada törətdikləri, xüsusən ağciyərləri necə sıradan çıxarması barədə söz açaraq öncə bildirdi ki, koronavirus yoluxması zamanı və simptomları yüngülləşdirmək üçün soyuqdəyməyə qarşı edilən müalicəni unutmaq olmaz. Yəni yaxşı istirahət, çoxlu maye qəbul etməli, dehidrasiyadan yayınmalıyıq.

Bu gün tüğyan edən koronavirus bir sıra digər xəstəliklərə oxşadığı üçün bəzən insanlar onu dəyişik salırlar. Buna görə də onların qarşılıqlı təhlilini aparmaq olduqca vacibdir: "Bununla bağlı bəzi məsələləri diqqətə çatdırmaq istərdim. Hazırda koronavirus pandemiyası dünyanı əsarət altına alıb. Bunun zərərlərini yaşamayan dünya ölkələri demək olar ki, azdır. Pandemiya bir və bir neçə ölkəni hansısa bir infeksion xəstəliyin bürüməsi anlamını verir. İnfeksion xəstəliklərin yaranması üçün isə müəyyən səbəblər olur. Onlardan biri törədicinin orqanizmə giriş qapısıdır. Bu göz, burun və ağız boşluğumuz. Törədicinin virulentliyi də lazımdır. Yəni virulentlik dedikdə, bakteriya və ya virusların xəstəliktörətmə qabiliyyəti nəzərdə tutulur. Virulentlik qabiliyyəti nə qədər yüksəkdirsə, xəstəliktörətmə ehtimalı da bir o qədər artıq olur. Düşmüş bakteriya və ya virusa qarşı orqanizmin immun sisteminin cavabından asılı olaraq, xəstəliyin yaranma dərəcəsi də müxtəlifdir: bir insan xəstəliyi ağır, digəri isə daha yüngül keçirə bilər. Bu, orqanizmin immun qabiliyyətinin - immun sisteminin gücü ilə əlaqəlidir”.


Viruslar bir gen daşıyıcılarıdır


Həkim qeyd edir ki, viruslar canlı orqanizm deyil. Onlar bir gen daşıyıcılarıdır. Yəni bunlar natamam canlılar kimi nəzərdə tutulur. Bu gen daşıyıcıları da RNT tərkibli viruslar ailəsindəndir. Həmin virusların orqanizmə düşməsi mümkün olmazsa, onda o, inkişaf edə bilməz. Hüceyrə daxilinə keçməsi üçün də xüsusi reseptorlar lazımdır. Çünki onlar həmin reseptorlar vasitəsilə hüceyrə daxilinə keçirlər. Virus hüceyrə daxilinə keçdikdən sonra artıq xəstəliyin əlamətləri özünü göstərməyə başlayır. Buna qədər o, xəstəlik törədə bilməz. Bəs virus hüceyrə daxilinə keçdikdən sonra nələr baş verir? Bunu həkimin dilindən eşidək: "Bu zaman virus öz genetik kodunu hüceyrənin daxilinə ötürür. Bilirik ki, hüceyrə daxilində daim zülallar sintez olunur. Bu zaman həmin kod müxtəlif sintez olunmuş zülalların müxtəlif dəyişilmiş variantlarını əmələ gətirmiş olur. Bundan sonra orqanizmdə hazır olan zülallar yad toxumalar kimi qəbul edilir. Onlar hüceyrə membranının kənarına çıxarılır və təqdim olunur immun sistemə. Bu zaman həmin prosesə qarşı orqanizmin daxilində olan killerlər var, hansı ki, onlar bizim immun sistemimizin kökünü təşkil edir, eyni zamanda, orqanizmimizi xarici təsirlərdən qoruyan vasitələrdir. Onlar həmin membranın üzərinə çıxarılmış zülalları məhv edirlər və bu proses hüceyrə membranının üzərində gedir. Beləliklə, hüceyrə membranı zədələnir və həmin hüceyrə də ölür. Bununla da iltihabi proses başlayır. "Evdə qal” çağırışı bu prosesi yaşamamaq üçündür. Bu, çox vacibdir”.


Orqanizmimizi qoruyan əsas immun sistemidir


Digər tərəfdən, risk faktorları olan amillərə də nəzər salmaq yerinə düşərdi. Bura, ilk növbədə, yaş, köklüklə yanaşı, şəkərli diabet, onkoloji, eləcə də hər hansı xroniki xəstəliklər daxildir: "Bayaq qeyd etdik ki, orqanizmimizi qoruyan əsasən immun sistemimizdir. Bu gün şəkərli diabet, yaxud hər hansı digər xroniki iltihabdan əziyyət çəkən insanların immun sistemi nə haldadır! Orqanizmimiz bir ahəng formasında çalışır. Bu ahəng pozulduqda orqanizmin müqaviməti qırılır, həmin xəstəlik qarşısında aciz qalır.

Bu gün risk faktorundan biri də artıq çəki hesab edilir. Köklükdən əziyyət çəkən insanların ağciyərlərinin yükünün hansı çəkidə olmasını təsəvvür etmək o qədər də çətin deyil. Belə xəstələrin ağciyərləri oksigenlə təmin olunmaqda həddən artıq əziyyət çəkir. Həmin insanlar hətta normal halda qısa məsafəni yüngülcə qaçarlarsa, onların təngnəfəs olması faktdır. Belə insanlarda, iraq olsun, ağciyərlərdə baş vermiş zədələnmə gələcəkdə xroniki çatışmazlığa gətirib çıxara bilər”.

Bunları deməkdə həkimin məqsədi odur ki, insanların bu kimi problemləri varsa, özünü və evindəki xəstələrini, eləcə də qonşularını, yaxın-uzaq qohumlarını, istəklilərini düşünsün. "Evdə qal” kampaniyası ümumxalq hərəkatına çevrilməli, ona əməl etmək isə hər kəsin borcu olmalıdır. Bu, ilk növbədə, özümüzün, sonra isə ətrafımızdakıların sağlamlığı üçün zəruridir: "Nəhayət, çalışdığım səhiyyə müəssisəsinə gəlincə, qeyd edim ki, Bakı Dəmiryol Xəstəxanasının tibb personalı karantin rejimini nəzərə alaraq evdə laborator xidmətlərin, tibbi müayinələrin göstərilməsini vacib hesab edir. Eyni zamanda, təcili cərrahiyyə əməliyyatı zərurəti yaranarsa, xidmət başındayıq. Ölkəmizin vətəndaşlarına bolluca səbir, təmkin arzulayır və inanıram ki, biz birlikdə qalib olmağı, bu pandemiya üzərində qələbəni təsdiqləyəcəyik!”

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video