00:15 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pandemiya ilə ən effektiv mübarizə üsulu vaksinasiyadır

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:39 11.02.2021

 

Hazırda dünya pandemiya ilə mübarizənin ən təsirli yolu olan vaksinasiya mərhələsindədir.

Artıq iki aydan çoxdur ki, yeni növ koronavirusa qarşı əksər ölkələrdə sürətli peyvəndləmə işi aparılır. Mütəxəssislər vaksinasiyanın qlobal bəlaya qarşı daha effektiv olması üçün bütün ölkələrdə onun tətbiqinin vacibliyini önə çəkirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Tarik Jasareviç deyib ki, təmsil etdiyi qurum pandemiyanın ilk günlərindən vaksinlərin hər kəsə əlçatan olması üçün bir mexanizm yaratmağa çalışır: “Çünki inanırıq ki, vaksinlərin əlçatan olması pandemiyaya nəzarəti ələ almaq üçün ən doğru tədbirdir. Bu, eyni zamanda iqtisadiyyatların ən qısa vaxtda bərpası yoludur.

Hər hansı bir ölkədə virusa yoluxma riski yüksək olan insanların, səhiyyə işçilərinin, yaşlıların peyvəndlənməsinə mane olduqca yoluxma bitməyəcək”.

O bildirib ki, buna görə də ÜST və onun tərəfdaşları COVAX müəssisəsini işə salıb və həmin müəssisənin qarşıdakı həftələr və ya bir neçə ay ərzində vaksin ala bilməyən ölkələri peyvəndlə təmin etməyə başlayacağına ümid edir.

Dünya ölkələri ilə yanaşı, Azərbaycanda da vaksinasiyaya başlanılıb. Yanvarın 18-dən start verilən prosesə ilk olaraq səhiyyə işçiləri cəlb edilib. Bildirək ki, ölkəmizdə  vaksinasiya dövlət hesabına və könüllülük prinsipi əsasında aparılır və Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.

Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi start götürüb. Bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytı vasitəsi və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən hər bir vətəndaşa SMS məlumat göndəriləcək. Poliklinikaya müraciət zamanı isə həmin şəxslər qeydiyyatdan keçirilərək onlara məntəqəyə gəlməli olduğu gün və dəqiq vaxt bildiriləcək.

Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir. İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildiriləcək.

Xatırladaq ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial cəhətdən və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır. Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, “DOST” mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.

Tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri olanlar, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddir.

Məlumat üçün bildirək ki, bu ayın 8-də Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycanda kliniki tədqiqatların aparılması üçün icazə verib. Bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması planlaşdırılır.

Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyinin və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.

Ölkəmizdə pandemiyaya qarşı əldə olunan müsbət tendensiya sərt karantin rejiminin tədricən yumşaldılmasına da şərait yaradıb. Xüsusilə təhsil sahəsində əyani tədrisin bərpası ilə bağlı bir çox açılımlar həyata keçirilib. Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyətinə mərhələli şəkildə başlanılıb. İri şəhərlərdə tədris həftədə 3 dəfə, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa edilib.

Fevralın 8-dən isə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla ölkənin digər şəhər və rayonlarında ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla həyata keçirilir. Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki  məsafəni  gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla keçirilir. Uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçirilir.

15 fevral tarixindən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla bərpa ediləcək.

Eyni zamanda bu ayın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları fəaliyyətini davam etdirəcəklər. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, artıq paytaxtda uşaq bağçalarının açılışına hazırlıq işləri sona çatıb. Qurumun Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb.

Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.

Onu da qeyd edək ki, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə məcburidir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM