06 Fevral 2021 01:00
1079
İQTİSADİYYAT
A- A+

Pandemiya dövründə Azərbaycanda neft-qaz hasilatı və ixracı dayanmamışdır

 

Əsas layihələr uğurla icra olunmuşdur

 

COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, ölkəmizdə neft və qazın hasilatı, eləcə də ixracı ahəngdar davam edir.

BP də Azərbaycanda əməliyyatçılıq etdiyi layihələrdə fəaliyyətini vəziyyətə uyğunlaşdırmaqla fasiləsiz iş aparır. Şirkətin 2020-ci ilin yekunları ilə bağlı məlumatında bu barədə ətraflı bəhs olunur.

“Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2050-ci ilin əvvəlinədək uzadılması layihəsi çərçivəsində görülən işlərdə ilboyu boşdayanma olmamışdır. “Azəri Mərkəzi Şərqi” adlanan həmin layihənin müfəssəl mühəndis-layihələndirmə işləri ilin sonunda əsasən bitmişdir. Dördüncü rübdə layihəyə aid daha 10 iri avadanlıq yükü Bakıya çatdırılmışdır. “Azəri Mərkəzi Şərqi” platformasının tikintisi qrafikə uyğun gedir.

2020-ci ildə AÇG-dən hasilat dayanmamışdır. “Çıraq” platformasından gündə orta hesabla 34 min 900, “Mərkəzi Azəri”dən 113 min 200, “Qərbi Azəri”dən 118 min 900, “Şərqi Azəri”dən 64 min 200, “Dərinsulu Günəşli”dən 95 min 400 və “Qərbi Çıraq”dan 50 min 400, bu qurğuların hamısından birlikdə 477 min barel neft hasil edilmişdir. AÇG-dən illik hasilat təxminən 175 milyon barel, yəni 23,6 milyon ton olmuşdur.

İl ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulmuşdur.

Keçən il Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin əməliyyat xərclərinə təqribən 111 milyon dollar, əsaslı xərclərinə isə təqribən 29 milyon dollar vəsait sərf olunmuşdur.

Xatırladaq ki, 1768 kilometr uzunluğunda olan bu kəmər 2006-cı ilin iyun ayında istismara veriləndən bəri ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql etmişdir. Bu neft həcmləri Ceyhanda 4659 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Ötən il BTC vasitəsilə 27,8 milyon tondan artıq (təqribən 211 milyon barel) xam neft və kondensat ixrac olunmuşdur. Kəmərin gətirdiyi karbohidrogenlər Ceyhanda 278 tankerə vurulmuşdur.

Hazırda BTC əsasən Xəzərin Azərbaycan səktorundan hasil olunan AÇG neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.

İl ərzində “Şahdəniz” yatağından da hasilat dayanmamışdır və Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-ə), Türkiyə (BOTAŞ-a) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılmışdır.

Dekabrın 31-də “Şahdəniz”dən ilk dəfə olaraq Avropaya yeni “Cənub qaz dəhlizi” vasitəsilə kommersiya qaz nəqli başlanmışdır. Beləliklə, “Şahdəniz” Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı mənbəyinə çevrilmişdir.

2020-ci ildə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları birlikdə yataqdan təqribən 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil etmişlər. Mövcud “Şahdəniz” qurğularının qaz hasilatı gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

“Şahdəniz”də qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olunana qədər davam edəcək.

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) 2020-ci il ərzində gündəlik orta ötürücülük gücü 33,8 milyon kubmetr olmuşdur. Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilmişdir, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Genişləndirilmiş CQBK isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlamışdır.

Hazırda BP-nin əməliyyatçılığı ilə Xəzərin Azərbaycan sektorunda bir sıra geoloji kəşfiyyat işləri də aparılır. “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun qazılmasına 2020-ci ilin yanvarında start verilmişdir. Quyunun qazma işləri artıq 5305 metr dərinliyə çatmışdır və hazırda davam edir.

D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış üçölçülü seysmik tədqiqat proqramı 2020-ci il mart ayının 14-də yekunlaşmışdır. Seysmik məlumatların ilkin mərhələsinin emalı prosesi iyun ayında, tam həcminin emalı isə üçüncü rübdə sona çatdırılmışdır.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə HPBS ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində aparılan işlər tamamlandıqdan sonra başlamaq nəzərdə tutulur.

BP eləcə də öz işçi heyəti haqqında məlumat verib. 2020-ci ilin sonunda şirkətdə işləyən Azərbaycan vətəndaşlarının sayı 2442 nəfər olub. Buraya müddətli müqavilə əsasında çalışan işçilər də daxildir. 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardır.

BP və tərəfdaşları mühüm sosial investisiya layihələri də həyata keçirirlər. Bu layihələrə təhsil proqramları, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə kömək, mədəni irs və idmanın inkişafına dəstək və s. daxildir.

2020-ci ildə BP və onun əməliyyatçı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,2 milyon dollar xərcləmişlər. Bu da şirkətin öz ohdəliklərinə sadiq qaldığını, Azərbaycanla hələ uzun illər birlikdə çalışmaq məqsədini, eləcə də, ümumiyyətlə, ölkəmizin mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı yaratdığını bir daha təsdiqləyir.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video