21 Iyul 2019 01:01
1599
CƏMİYYƏT
A- A+

OXUCUNUN VƏ İZLƏYİCİNİN “SENSASİYA XƏSTƏLİYİ”


BİR DƏ ÖZÜMÜZƏ QOYDUĞUMUZ AD


Belə bir mənzərəni göz önünə gətirək:

Gözəl bir tamaşa gedir, salon da ağzınacan doludur...

Yaxud hamının sevdiyi müğənninin konsertinin şirin yeridir...

Və ya tanınmış şairlər bir-birinin ardınca gözəl şeirlər oxuyurlar...

Bu dəmdə arxa cərgədən hündür səs eşidilir:

- Ayə, qoyma, vur!

Salonun reaksiyası necə olacaq?

Şübhəsiz, hamı çönüb arxaya baxacaq, kimin kimi vurduğunu öyrənmək istəyəcək, diqqətlər səhnədən - gözəl tamaşadan, əsrarəngiz musiqi nömrəsindən, qəlbləri oxşayan poeziya nümunələrindən yayınacaq!

Yenidən nəzər və diqqətin səhnəyə yönəlm

əsi isə müəyyən vaxt aparacaq!

Buna insanların təbii reaksiyası demək olarmı?

Amma baxır hansı insanların!

İndi isə əksini düşünək:

İki, yaxud bir neçə adam qabaq-qənşər vuruşaraq bir-birini söyür, yerə yıxıb yumruqlayır, ayağından tutub sürüyür...

Onları ayırmaq üçün kimsə mahnı oxuyur, gözəl şeir söyləyir və ya aşıq saz çala-çala aralarına girir...

Reaksiya nə olacaq?

Dalaşanlardan, yaxud buna ləzzətlə baxanlardan kimsə gözəl musiqiyə, şeirə, aşığın çalıb-oxumasına baxacaqmı, dalaşanlar və söyüşənlər "işlərini” yarımçıq saxlayacaqlarmı?

Bu da təbii haldır.

Amma hamımız belə edirik: "pisləri” yaxşılardan ani də olsa üstün tuturuq!

Niyə?!

İnsan dünyaya adsız gəlir!

Sonradan valideynləri ona ad qoyurlar: bəzən asanlıqla, hərdən mübahisə edərək...

Dədə Qorqudun dövründə isə anadan doğulan oğlanlar böyüyüb bir igidlik edənəcən adsız qalırdılar.

Elə ki bir sücaət göstərərdilər, Dədə Qorqud qopuzunu çalaraq onun əməlinə uyğun ad seçib qoyardı.

İndi isə adı nə valideyn qoyur, nə də Dədə Qorqud.

Söhbət "jurnalist” adından gedir!

Kiməsə "mühəndis” demək üçün o insan ali məktəb bitirib Dövlət İmtahan Komissiyasının qərarı əsasında diplom almalıdır.

Həkim, iqtisadçı, baytar, aqronom və s. olmaq üçün də müvafiq təhsil alıb diploma yiyələnməlisən!

(Bircə "müəllim” istisnadır. Çünki bəzən diplomu, hətta ali təhsili olmayanlara da hörmət mənasında "müəllim” deyirik).

Yeganə istisna "jurnalist” adınadır!

İndi hərə özünə jurnalist adı verir: təhsilsiz, diplomsuz və qərarsız!

Hansısa bir qəzet redaksiyasında, saytda özü kimisinin biri onu işə götürüb "müxbir”, "şöbə müdiri”, "redaktor” və s. vəzifəyə təyin edərək vəsiqə verirsə, həmin şəxs çönüb olur "jurnalist”!

Üstəlik, başqaları da ona jurnalist deyirlər!

Nəinki deyirlər, hətta jurnalistə aid bütün imtiyazlardan (o cümlədən "toxunulmazlıq”) istifadəyə başlayırlar!

Bəzi beynəlxalq qurum və təşkilatlar jurnalistə "toxunulmasını” azad sözə qəsd kimi qiymətləndirirlər.

Hətta cinayət törətmiş "jurnalistə” cəza veriləndə "hüquq müdafiəçiləri” bunu onun "tənqidi yazılarına görə” iqtidar tərəfindən "qurulan tələ” və ya "haqq-hesab çürütmə” kimi qələmə verərək müdafiə edirlər!

Odur ki, "5-ci kolon”un üzvləri əvvəlcə bu sayaq özlərinə "jurnalist” adı verəndən sonra "fəaliyyətə” başlayırlar!

"Jurnalist” adı almağın asanlığı, onun cəzadan yaxa qurtarmasının və müdafiəsinin (beynəlxalq təşkilatlar tərəfindən) təmini anti-Azərbaycançı şəbəkə üzvlərinin sayının artmasında bir stimula çevrilib!

Bəli, hər kəsin özünə "jurnalist” adı verməsinə və bununla "sığortalanmasına” göz yumuldu, indi isə altını da çəkməkdəyik!

Bu gün bir paraları sosial şəbəkəyə israrla "sosial media”, "ictimai jurnalistika”, "yeni dövrün mətbuatı” adını yapışdırmağa çalışır!

Heç bir qanunla nizamlanmayan sosial şəbəkəyə!

Jurnalistlərin peşə davranışı qaydalarını tanımayan sosial şəbəkəyə!

Milli-mənəvi dəyərlərlə hesablaşmayan sosial şəbəkəyə!

Sözün məsuliyyətindən xəbərsiz sosial şəbəkəyə!

İnsanın şərəf və ləyaqətinə qiymət verməyən sosial şəbəkəyə!

Necə bilirsiniz, indi sosial şəbəkəyə də "jurnalistika”, "mətbuat” statusu verək, sonra əlində əsir-yesir qalaq?!

***

Sovet dövründə fabrik və zavodlarda "təhlükəsizlik texnikası üzrə mühəndis” adlı bir ştat vardı. Qadın, kişi - kim olsaydı, həmin vəzifəyə təyin edərdilər.

Nə iş gördüyü bəlli deyildi!

Guya müəssisə əməkdaşlarının və gələn qonaqların sexlərdə "istehsalat travması” almasına mane olacaqdı...

Gördüyü iş isə "şunu götür, şunu qoy” idi!

İndi ucdantutma hər idarə, müəssisə, təşkilat, nazirlik, komitə, nə bilim, daha haralardasa yaradılan "mətbuat xidmətləri” də həmin funksiyanı daşıyır.

Hətta ildə-ayda bir dəfə mətbuata çıxmayan qurumlarda da bu ştatlar var!

Hətta xidmətin rəhbəri və bir neçə sayda işçilər də olur!

Yüksək maaş alırlar... (Deməli, yüksək pensiyaları da olacaq)

Bəzən "dövlət qulluqçusu” sayılırlar... (İmtiyaz sahibi olurlar)

Nadir hallarda jurnalist ixtisasına yiyələnmiş olurlar (Özləri və başqaları onları "jurnalist” adlandırırlar).

Əsas vəzifələri isə çalışdıqları qurum haqqında KİV-də tənqidi yazıların getməsinin qarşısını almaqdan ibarətdir!

Bir çoxu ilə telefon əlaqəsi yaratmaq, gərək olan informasiyanı operativ şəkildə əldə etmək müşkül, bəlkə də mümkün olmayan məsələdir!

Rəhbərliyin göstərişi və icazəsi olmadan kimsəyə bircə fakt belə deyə bilməzlər!

Daha bunun harası "mətbuata xidmət” oldu?!

Daha bunun harası mətbuat və söz azadlığına xidmət oldu?!

Daha bunun harası KİV-lə "operativ, açıq və səmimi” əlaqə qurulması oldu?!

Hələ bu harasıdır...

Hər nazirlik və komitənin özünün mətbu orqanları - qəzet və jurnalları var!

Özləri özlərini (xüsusən rəhbərliyin "səmərəli” fəaliyyətini) tərifləyib, özləri də oxuyurlar!

Öz elan və reklamlarını (qapalı, gizli və heç kəsin xəbəri olmadan) özləri verib, özləri də qazanırlar!

Ona görə də "böyük mətbuata” çıxmaqda həvəsli deyillər!

Ona görə də gizli tenderlər keçirə bilirlər!

Ona görə də ölkədə qəzetlər üçün səmərəli "reklam bazarı” formalaşdırmaq olmur!

Ona görə də reklamsız qalan qəzetlərin vəziyyəti get-gedə pisləşir, maddi durumları ağırlaşır, bu səbəbdən həqiqi jurnalistlərin yaşayışı çətinləşir!

Daha jurnalistika "prestij” peşə sayılmır!

Daha savadlı, dünyagörüşlü və istedadlı insanlar jurnalistikaya gəlmirlər!

Odur ki, jurnalistikada peşəkarlıq səviyyəsi sürətlə aşağı düşür!

Odur ki, jurnalistikadan "qəzet reketləri”nin, dələduzların kökünü kəsmək mümkün olmur!

Onlardır at oynadan!

Onlardır müxtəlif vasitələrlə pul qazanan!

Nə dövləti maraq və milli mənafe tanıyırlar, nə də vətənpərvərlik duyğusuna və mənəviyyata malikdirlər!

Belələrinin yazdığı şər və böhtan, söyüş və təhqir, amalları isə qulaq kəsməkdir!

Dolanışığın çətin olduğu sahəyə daha abırlı və ağıllı adamlar gəlmirlər!

***

"Söz azadlığı”nın "söz azğınlığı”na çevrilməsi, "reket” qəzet və saytların sərbəst fəaliyyət göstərməsi, "5-ci kolon” üzvlərindən "söyüş müxalifəti”nin yaranması, sosial şəbəkədə söz meydanına girənlərin milli dəyərlərə və mənəviyyata laqeyd yanaşması artıq yeni tip "izləyici və oxucu” təbəqəsinin yaranmasına səbəb olmuşdur!

Təəssüf ki, oxucu və izləyicilərin bir qismi ucuz "sensasiya xəstəliyi”nə yoluxmuşdur!

Belələri ağıllı yazı, doğru informasiya, maarifləndirici material axtarmırlar!

Yalançı sensasiya, kiminsə kimsənisə söyməsi, mənəvi dəyərlərə sığmayan hadisə, yanaşma və ifadələrin üstünlük təşkil etdiyi materiallar onların zövqünə daha çox uyğundur!

Bir vaxtlar mətbuatın "aşına doğradığı” indi "qaşığına” çıxır...

Artıq media bu tip oxucu və izləyicilərin korlanmış zövqünə köklənməyə məcburdur!

Milli mətbuatımızın ənənə və prinsiplərindən kənara sapan jurnalist, qəzet və saytların (sosial şəbəkədə isə ümumiyyətlə heç bir ənənə olmayıb, indi formalaşır - ancaq necə?) sayı durmadan artmaqdadır!

Daha mətbuatın tərbiyəvi rolu və əhəmiyyəti yoxdur!

Daha mətbuatda mənəviyyatsızlığa, milli maraqların pozulması hallarına oxucuların ictimai müqaviməti görünmür!

Amma Azərbaycan milli mətbuatını yaradanlar, onun ənənə və prinsiplərini formalaşdıranlar hər şeyi milli maraqların qorunmasına, insanlarda müasir dünyagörüşü və vətənpərvərlik hisslərinin formalaşdırılmasına, maarifləndirməyə, bilik və mədəni səviyyənin yüksəldilməsinə hesablamışdılar...

Kökünə bağlı mətbu orqanların sayı get-gedə azalır...

Naşıların, məkrli niyyətlilərin, qərəzlilərin üstünlük təşkil etdiyi KİV isə çoxalır...

Bunu həm də sürətli və qaçılmaz edən belələrinə müxtəlif mənbələrdən verilən maliyyə dəstəkləridir!

***

Azərbaycan milli mətbuatı 144 ildir yol gəlir...

Bu yolda başı çox bəlalar çəkib: pulsuzluqdan açılıb bağlandığı da, ikiqat senzuraya ("QLAVLİT” və partiya nəzarəti) məruz qaldığı da, yad ideologiyaya xidmət etdiyi də, xalqın təkcə sevincli yox, kədərli və faciəli anlarından yazdığı da çox olub!

Amma həqiqəti olduğu kimi söyləməyə çalışıb!

Xalqın halına yanıb, dərdini çəkib!

Yaxşını da, yamanı da tarixə çevirməyi bacarıb!

Ədəbli və tərbiyəli davranıb!

Niyyəti xeyirxahlıq, məramı xoş, məqsədi nəcib olub!

Zaman-zaman buraxdığı səhvləri də düzəltməyi bacarıb!

Şair demiş:

Babalarımız qaçaq oldu, mərd oldu!

qoçaq oldu, mərd oldu!

kasıb oldu, mərd oldu!

Bu namərdlər hardan çıxdı,

Bax, bu mənə dərd oldu!

Yaxşı, qəzetləri də yavaş-yavaş sıradan çıxaraq!

Sonra da arxivlərin küncünə basaq ki, yavaş-yavaş saralsınlar!

Daha sonra onların yerini verək elektron mediaya və sosial şəbəkəyə!

Kim nə itirəcək!

Qəzetçilər çönüb olacaqlar "saytçı”!

Jurnalistikanın informasiya və müsahibə janrından başqa qalan janrları gedəcək öz işinin dalınca!

Jurnalist peşəkarlığı isə heç kəsə gərək olmayacaq!

AMMA VACİB BİR MƏQAMI UNUTMAYAQ:

Qəzet təkcə informasiya və maarifçilik üçün deyil!

Qəzet həm də dövlətin siyasi xəttini və milli maraqları daim qoruyan, saxlayan sütundur!

Qəzet mətbuatın ənənələrinə, prinsip və janrlarına sadiq qalan vasitədir!

Qəzet söyüşdən və təhqirdən uzaq duran mənəvi dəyərdir!

Onun boşalan yerini nə tutacaq, sosial şəbəkə?!

Güman etmirik ki, sosial şəbəkənin meydanını genişləndirmək müsbət nəticə verər!

Dövlətlərin informasiya təhlükəsizliyinə təhdidlər törədən, nə qanunlara, nə mənəvi normalara, nə də heç bir davranış qaydalarına məhəl qoymayan, insanın şərəf və ləyaqətini daim ucuz tutan, mənəvi dəyərlərə arxa çevirən "sərhədsiz və məsləksiz söz meydanı” artıq bir çox ölkələrin ciddi narahatlığına və narazılığına səbəb olub.

Əlbəttə, onun belə ərköyün, idarəolunmaz, sərbəst şəkildə şər, böhtan, yalan söyləmə, insanları kütləvi itaətsizliyə, dövlətin maraqlarını tapdalamağa çağırmaq imkanında olması kimlərəsə sərf edir və belə qalmasında maraqlıdılar!

Lakin hər dövlətin milli maraqlarının mövcudluğunu da unuda bilmərik!

Məhz bunu rəhbər tutan bir çox ölkələr artıq sosial şəbəkələrə "filtr” (süzgənc) qoymağa başlayıblar!

Bəs biz niyə belə etməyək:

Öz vətəndaşının mənafe və ləyaqətini qorumaq üçün!

İzləyici və oxucuları "sensasiya xəstəliyi”ndən sağaltmaq üçün!

Anti-Azərbaycançı şəbəkənin mənfur niyyətlərinin qarşısına sədd çəkmək üçün!

Ən nəhayət, azad, qərəzsiz, obyektiv və ədəbli sözü müdafiə edərək hüquqlarını qorumaq üçün!

Bəlkə bu barədə düşünək?!

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video