21 Oktyabr 2012 12:10
932
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Vətəndaşın daimi istifadəsində olan torpaq sahəsi icra orqanları tərəfindən hər hansı obyektin inşası üçün götürülərsə, kompensasiya necə ödənilir?

 

Şəhriyar İsayev,

Gəncə şəhəri

 

- Vətəndaşın daimi istifadəsində olan torpaq sahəsi dövlət ehtiyacları (yəni, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi) üçün geri alınırsa, onda vətəndaşın həmin torpaq sahəsi üzərində istifadə hüququna xitam veriləcəkdir (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 10-cu abzası). Bu halda sizə ədalətli kompensasiya ödənilməlidir ("Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun 54.1-cü maddəsi). İstifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması ilə bağlı yaranan münasibətlər (torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər) "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahəsi üzərində daimi istifadə hüququna xitam verilməsinin digər əsasları, 75-ci maddəsində isə xitam vermə qaydası təsbit edilmişdir. Əgər vətəndaş hüququna müdaxiləni əsaslı hesab etməsə, onda məhkəməyə müraciət edə bilər.

 

Üç ay mənzilimdə deyil, bağ evində yaşamışam. Bu müddətdə mənzildə sudan istifadə edilməyib. Mənzilimdə isə su sayğacı yoxdur. Suya görə ödəməni adambaşına su istehlakı normasına əsasən ödəyirəm. Bu günlərdə mənə həmin üç ay üçün sudan istifadə haqqının ödənilməsi barədə bildiriş gəlib. Həmin pulu ödəməliyəm?

 

Xumar HeybƏtova,

Bakı şəhəri

 

- "Su təchizatı və tullantı suları haqqında" qanunun 5-ci maddəsinin III hissəsinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 30-cu maddəsinin I hissəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ""Azərsu" Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə" 2007-ci il 6 yanvar tarixli 04 nömrəli qərarının IV bəndi ilə sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5,0 m3 müəyyən edilmişdir. "Su təchizatı və tullantı suları haqqında" qanunun 61-ci maddəsinin I hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

Beləliklə, qeyd etdiyiniz məsələ sizinlə su təchizatı müəssisəsi arasında bağlanmış müqavilədə öz əksini tapmalı idi, sualınızdan belə bir müqavilənin bağlanması, habelə əgər bağlanmışsa, müqaviləyə bu cür şərtin daxil edilib-edilməməsi aydın olmur. Ona görə də konkret və birmənalı cavab vermək mümkün deyil.

Lakin burada önəmli olan müqavilə tərəflərinin maraqlarının balanslaşdırılmış şəkildə nəzərə alınmasıdır. Əgər bu müddət ərzində mənzildə yaşamamısınızsa, onda bu barədə əvvəlcədən su təchizatı müəssisəsinə yazılı müraciət (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) etməyiniz daha yaxşı olardı. Bu halda, su təchizatı müəssisəsi "Su təchizatı və tullantı suları haqqında" qanunun 26-cı maddəsinin I hissəsinə əsasən, suyun təchizatını dayandıra bilərdi. Bu məlumat vermə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipinə uyğun hərəkət olardı. İndiki şərtlərdə "Azərsu" ASC-yə müraciət etsəniz belə, sizdən 3 ay ərzində sudan ümumiyyətlə istifadə etməməyinizi sübuta yetirməyiniz tələb olunacaqdır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video