03 Iyun 2012 12:06
831
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Məcbüri köçkünük. Ailəmiz 4 nəfərdən ibarətdir. Bilmək istəyirik ki, qaza və işığa ayrılan limit ay ərzində işlənməyibsə, növbəti aya keçir?

 

Təranə SƏBİYEVA,

Bakı şəhəri

 

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"nın 3-cü bəndinə görə, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra - istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və s. xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həmin rayon (şəhər) üzrə nümayəndələri  ilə birlikdə faktiki istehlakçıların (o cümlədən, pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, işğal olunmuş hər bir rayon (şəhər) üzrə ayrı-ayrılıqda, bu qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğ hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq komitəyə təqdim edilir.

Qaydanın 4-cü bəndinə əsasən, komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir.

Qaydanın 6-cı bəndində göstərildiyi kimi, kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 50 kvt.s nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdikləri müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 10 iyun tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə" qərarının 3-cü bəndi ilə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə qaydanın 6-cı bəndində "50" rəqəmi 2003-cü il yanvarın 1-dən "150" rəqəmi ilə əvəz edilmiş hesab olunmuşdur.

Beləliklə, məskunlaşmamış qaçqın və məcburi köçkünlərə kommunal xidmətləri üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsindən sonra adambaşına düşən istifadə edilə biləcək elektrik enerjisi, qaz və su sərfinin maksimum miqdarı, yəni, limit müəyyən edilmişdir. Kommunal xidmətlərə görə xərclər üzrə tələb olunan məbləğin hesablanması və ödənilməsi üçün müvafiq sənədləşmə işləri hər ay üzrə ayrıca aparılır (qaydanın 3 və 4-cü bəndləri). Bu halda, limit keçilməyibsə, istehlak olunmuş kommunal xidmətin dəyəri dövlət tərəfindən ödənilir. Burada məqsəd statusları baxımından dövlətin xüsusi müdafiəsinə ehtiyac duyan məskunlaşmamış qaçqın və məcburi köçkünlərin hüquqlarının daha yaxşı təmin olunmasıdır. Bu mənada dövlət yalnız istehlak olunmuş (limiti keçmədən) aylıq elektrik enerjisi, qaz, su sərfinin müvafiq təchizat şirkətlərinə ödənilməsini təmin edir. Başqa sözlə, ödəmə faktiki istehlak olunmuş kommunal xidmətlərinin dəyərinə görə həyata keçirilir. Bu baxımdan, ay ərzində kommunal xidməti limitinin istehlak olunmamış qalıq hissəsinin növbəti aya keçirilməsi mümkün deyildir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video