11 Iyun 2014 12:06
623
Oxucu məktubları
A- A+

Ötən əsrdən gələn məktub

 

Azərbaycan  Respublikası Dövlət Arxivinin Quba Filialından redaksiyamıza 1931-ci ilə aid olan maraqlı bir arxiv sənədi daxil olub. Xaçmaz rayonu  Yasaboba  kəndindən "Azadlıq"  kolxozunun sədri  Ağa  Şıxvəliyevin birbaşa Stalinə - Sovet İttifaqının birinci simasına göndərdiyi bu şikayət ərizəsində zamanın sərtliyi, insanların vahimə içində yaşaması açıq hiss olunur. Uzun illər tərənnüm etdiyimiz sovet sistemində açar vəzifələrə oturan erməni millətçilərinin at oynatması, ölkədə əsrlər boyu dinc yaşayan bütün millətlərə eyni dərəcədə həqarətlə yanaşması, istədikləri kimi ağalıq etməsi bu məktubda aydın görünür. Onu da qeyd edək ki, Yasaboba kəndində ləzgilər yaşayır və bu kənd hal-hazırda Qusar rayonunun inzibati ərazisinə aiddir.  

"Azadlıq" kolxozunun sədri Ağa  Şıxvəliyev Stalinə əvvəl kəndləri haqqında məlumat verir ki, Yasabobada "Azadlıq" kolxozu 1929-cu ilin iyul ayında yaradılıb. 83 təsərrüfatı, 310 nəfər sakini var. Buğda, kənaf əkib becərməklə məşğuldurlar. Sonra kolxoz sədri əsas mövzuya keçir: "Kolxoza rayon mərkəzindən 15 günlük nəzarətçi qismində göndərilən Arutyunov adlı erməni vəzifəsini yerinə yetirmək əvəzinə hər gün kolxozun atlarından birini götürərək kənddən 9 kilometr  aralıdakı Xudat stansiyasına araq vurmağa gedir, geri də kefli qayıdır, heç kimi vecinə almadan kolxozçuların gözü qarşısında əyyaşlıq edir".

Əlbəttə, Arutyunov ancaq araq vurmaq, sərxoşluqla kifayətlənsəydi, Azərbaycanın ucqar kəndindən Kremlə şikayət edilməzdi. Başına 15 günlük şahlıq tacı qonan Arutyunov camaata qədim Roma quldarlarından betər divan tutur, kolxozçulara çəkinmədən deyir ki, "nə sizə, nə də heyvanlarınıza yazığım gəlir. Gündəlik 12 manat ezamiyyə pulumu alıram". Əslində, bu məsələ ilə də bağlı Stalini narahat etməmək olardı. Lakin kolxoz sədrinin rəhbərə müraciət etməsi üçün daha ciddi səbəb var idi. Arutyunovun bütün ləzgilərin milli hisslərini təhqir etməsindən sədr belə yazır: "Kəndçilərimizdən birinin toyunda yoldaş Arutyunov içib sərxoş oldu. İş o yerə çatdı ki, ağlını itirənədək vurandan sonra o, bir əlində mauzer, birində araq butulkası ilə bağırmağa başladı ki, bu gecə məndən başqa heç kim qadınlarla rəqs edə bilməz! Heç kimin buna haqqı yoxdur. Məndən başqa! O mauzeri başının üstündə silkələyərək atmağa başladı. Nəzarətçinin əndazədən çıxdığını görən kəndçilər məclisi tərk etmək məcburiyyətində qaldılar. Toy dağıldı. Səhəri gün kəndçilərdən bir qrup kolxoz idarəsinə gələrək kolxozun ilk partiya təşkilat katibi İsiyevə gecə toyda baş verən qalmaqal haqqında məlumat verdilər. İsiyev də, öz növbəsində, Arutyunovun qoçuluğu barədə Xaçmaz Rayon Partiya Komitəsinə müraciət edir və nəticədə özünü aparmağı bacarmayan nəzarətçi geri çağırılır".

30-cu illərin partiya nizam-intizamına uyğun məntiqlə fikirləşsək, belə qənaətə gəlmək olar ki, Arutyunov işdən də, partiyadan da qovulmalı və üstəlik həbs də olunmalıdır. Kolxoz sədri Şıxvəliyevi yandıran da hadisələrin əks məcrada inkişaf etməsi, Arutyunovun qohumlarının bir kəndin əhalisinə qisas zəminində divan tutması olur. Bu barədə kolxoz sədri Stalinə belə yazır: "Arutyunovun əməli tədqiq edilib geri çağırıldıqdan 10 gün sonra mən Xudat kooperasiyasının sədri Sarkisova kolxoz üzvləri üçün ərzaq və sair məhsulların buraxılması ilə bağlı müraciət etdim. Sarkisov mənə cavab verdi ki, mənim tanışımdan şikayət etdiyinizə görə Yasaboba kəndinin kolxozçularına mən heç bir mal buraxmayacağam. Məgər siz bilmirdinizmi ki, onu Yasaboba kəndinə mən göndərmişəm? Arutyunovla Sarkisov dostluq münasibətində olan köhnə tanışlar imiş. Sarkisov dedi ki, Arutyunov ermənidir, mənim ən yaxşı tanışımdır, siz ləzgilər isə hamınız bir-birinizin tayısınız! Mən Sarkisova  milli hisslərə toxunmamağı məsləhət gördüm və xahiş etdim ki, heç  olmasa, kolxozçulara paltar yumaq üçün sabun buraxsın, 2-3 aydır  ki, əyin-başlarını yumağa sabun tapmırlar. Arutyunov isə toyda etdiyi biabırçılığa görə cavab verməlidir. Siz isə 300 nəfərlik kəndin kolxozçularına vacib olan malları buraxmırsınız, bütün bir kənddən qisas almağa çalışırsınız. Mən dəfələrlə Sarkisova müraciət etsəm də, ondan kolxozçular üçün heç nə ala bilmədim və o, hər dəfə mənə Arutyunovdan edilən şikayəti xatırladır".

Kolxoz sədri Stalinə Sarkisovun bir kəndi 4 ay sabunsuz, neft lampası üçün şüşəsiz qoyduğunu, ləzgilərə qarşı milli zəmində ədavət apardığını bildirir və yazır: "Sarkisov kooperativdən ancaq ona hər gün boyun əyənlərə ərzaq buraxır. O, xalq kooperativinin qapılarını bir kəndin əhalisinin üzünə bağlayıb və milli zəmində ədavət aparır".

Maraqlısı odur ki, kolxoz sədri rayon partiya komitəsinə müraciət etmir, Azərbaycan bolşeviklərinin Mərkəzi Komitəsinə də yazmır. Bunun səbəbini anlamaq üçün 1926-1931-ci illərdə bu təşkilata rəhbərlik edən kommunistlərin siyahısına baxaq. Levon Mirzoyan, Nikolay Gikalo, Vladimir Polonski. Üç ildən artıq birinci katib vəzifəsində oturan Levonun qəyyumluğu ilə ermənilər Azərbaycanda ən yüksək vəzifələrə oturmuşdular. Ona görə də Şıxvəliyev Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinə yox, birbaşa Moskvaya müraciət edir. Çox güman ki, o, şikayətinin ermənilərin əlinə keçəcəyindən ehtiyatlanır. Bununla bağlı o, Stalinə məktubunun sonunda yazır: "Sizdən bir xahişim var ki, məktubumla bağlı tədqiqat Sizin göstərişinizlə aparılsın. Yoldaş Sarkisov bilsə ki, Sizə müraciət etmişəm, qorxuram ki, həbs olunacağam. Əgər mən əbəs yerə onun tərəfindən həbs olunsam, Sizə özümün və bütün günahsız insanların müdafiəçisi kimi təkrar müraciət edəcəyəm".

Əslində, bu məktub Azərbaycanda proletar libası altında cilvələnən həyasız erməni daşnaklarının riyakar mahiyyətini açır, onların ölkədə hansı gücə sahib olmasını göstərir. Zamanı geriyə, 1931-ci ilə doğru vərəqləyin. 1937-ci ilin repressiyalarına hələ 5-6 il var, 1918-1920-ci illərdəki erməni millətçilərinin törətdikləri qırğınlar arxada qalıb. İnqilabdan 10 il keçib, lakin bolşevik libasında cilvələnən erməni daşnaklarının özbaşınalığı səngimək bilmir. Sadəcə, bu özbaşınalıqlar zamana uyğun olaraq miqyasını və mahiyyətini dəyişir. 1918-ci ildə Quba qırğınlarında Amazasp əlində mauzerlə camaatı meydana yığıb deyirdi ki, "mən bura sovet hökumətini qurmağa tox, ölən ermənilərin qisasını almağa gəlmişəm". O deyirdi və qırğınları həyata keçirirdi. Yasaboba kəndində toyxanada mauzerlə qoçuluq edən Arutyunov da, çox güman ki, zaman ona imkan versəydi, uf demədən hamını güllələyərdi. 5-6 il ötəcək, 37-ci illərin repressiya mövsümü gələcək və onda Arutyunov, Sarkisov kimiləri yenidən qollarını çırmalayıb dinc və günahsız insanlara divan tutacaqlar. Qorbaçovun yenidənqurmasından ilhamlanan ermənilər Qarabağa girəcək, ərazimizin 20 faizini işğal edəcəklər. Bütün bunlar artıq baş verdi və biz dərk edirik ki, erməni millətçiləri faşist ambisiyalarında tarixin heç bir dönəmində kiriməyəcək, zamanın imkan verdiyi çərçivələrdə azğınlıqlarını davam etdirəcəklər.

Biz erməni millətçilərinin ölkəmizdə törətdikləri vəhşilikləri unutmalı deyilik, əksinə, onları soyuq təfəkkürün süzgəcindən keçirib vacib qənaətlərə gəlməliyik. Əgər unutsaq, başımıza daha böyük müsibətlər gələcək.

 

Xalqla əlaqə şöbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video