10 Avqust 2021 00:34
817
İDMAN
A- A+

Onlar da Azərbaycanın fəxri və qürurudur

 

Tokio Olimpiadasında başqa ölkələri təmsil edən azərbaycanlılar 2 gümüş və 1 bürünc medal qazandılar

 

Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya Oyunları başa çatmışdır. Aktivində 3 gümüş və 4 bürünc olan Azərbaycan medalların sayına görə 33-cü mövqedə qərarlaşmışdır.

Qeyd edək ki, Olimpiya Oyunlarında azərbaycanlılar təkcə milli komandamızın tərkibində çıxış etməmişlər. Onlar Türkiyə, Ukrayna, Fransa, Böyük Britaniya, Monqolustan kimi ölkələrin də idman şərəfini qorumuşlar.

Bunların arasında ən tanınmışı dünya və Avropa çempionu yüngül atlet Ramil Quliyevdir. Azərbaycan yüngül atletika məktəbinin yetirməsi 2008-ci ildə Pekin Olimpiadasında ölkəmizi təmsil etmiş, 2016-cı ildə Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarında isə artıq Türkiyə yığmasının tərkibində finala vəsiqə qazanaraq 8-ci yeri tutmuşdu. 2017-ci ildə Ramil 200 metr məsafəyə qaçışda dünya çempionu olmuş, növbəti il isə Avropa çempionatında qızıl medala yiyələnmişdir. Tokioda həmyerlimiz yarımfinala vəsiqə qazanmış, lakin ilk səkkizliyə düşə bilməmişdir.

Cessika və Cenifer Qədirova bacıları 93 ildən sonra gimnastikada Böyük Britaniya üçün Olimpiya medalı əldə etmişlər. Britaniya komandası Tokio-2020-də  debüt edən Qədirova bacıları sayəsində çoxnövçülükdə bürünc medal qazanmışdır. Bacılar çoxnövçülükdə fərdi finallara da vəsiqə əldə etmişlər. Nəticədə Cessika 10-cu, Cenifer isə 13-cü yeri tutub.

Qədirova bacıları 2004-cü il oktyabrın 3-dən Dublində anadan olmuşlar. 2001-ci ildə onların valideynləri Londona köçmüşdür. Hazırda idmançıların həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlıqları var.

Pərviz Nəsibov yunan-Roma güləşi ustasıdır. Tokio Olimpiadasında Ukraynanın idman şərəfini qoruyan Pərviz 1998-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. 6 yaşında ikən o, ailəsi ilə birlikdə Nikolayev şəhərinə köçmüşdür. Bu ilin mayında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda Pərviz Nəsibov digər azərbaycanlı güləşçi Rəsul Çunayevə qalib gələrək Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Tokioda Pərviz yalnız finalda məğlub olaraq Olimpiadanın gümüş medalını əldə etmişdir.

Digər Azərbaycan əsilli cüdoçu iranlı Səid Mollayi Tokio 2020-də 81 kiloqram çəki dərəcəsində finalda yaponiyalı idmançı Takanori Naqaseyə məğlub olaraq gümüş medal qazanmışdır. Xoy şəhərində anadan olmuş Səid 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında İran millisinin heyətində qızıl medala layiq görülmüşdü.

Olimpiadada Rusiyanı təmsil edən azərbaycanlı  boksçu Qabil Məmmədov 2019 və 2020-ci illərdə Rusiya çempionu olmuş, 2017-ci ildə Avropa çempionatının və 2019-cu ildə Minskdə II Avropa Oyunlarının gümüş medallarına layiq görülmüşdür. Tokio-2020-də Polşa və Mavriki boksçuları üzərində qələbə qazanan Qabil dörddəbir final görüşündə ABŞ boksçusu Keyşon Devisə uduzmuşdur.

2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının gümüş mükafatçısı, əslən Bərdədən olan boksçu Murad Əliyev isə Olimpiya Oyunlarında Fransanı təmsil edirdi. O, 6 yaşında ikən ailəsi ilə birlikdə Avropaya köçmüşdür. Tokioda Böyük Britaniya təmsilçisinə qarşı dörddəbir final döyüşündə Murad hakim ədalətsizliyi ilə üzləşmiş və ona məğlubiyyət verilmişdi.

Beləliklə, digər ölkələri təmsil edən azərbaycanlı idmançılar XXXII Yay Olimpiya Oyunlarında 2 gümüş və 1 bürünc qazanmışlar.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video